hacklink Adalet.az | ATALAR VƏ O?ULLAR Adalet.az | ATALAR VƏ O?ULLAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ATALAR VƏ O?ULLAR

26861    |   2007-02-03 05:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Evində, ailəsində oğlan uşağını böyüdüb tərbiyə edənlər bilirlər - oğlanlar bir az yekələn kimi yadlaşırlar, öz aləmləri, öz çevrələri olur. Evə mehmanxanaya gələn kimi gəlirlər.Sən də gecənin bir aləmində oturub gözləyirsən, bir gözün pəncərədə, bir əlin telefonda":: "Oğul, harda qaldın?" Aşağı-yuxarı hər kəsdə belədir. Oğlan uşaqları məktəbdə də tənbəl olurlar. Amma qəribədir, cəmiyyətdə bütün önəmli nöqtələri kişilər tutur.
   
   Biz ailədə iki bacı olmuşuq. Qardaşım olmadığından, atamın da fiziki imkanları xəstəliyi səbəbindən məhdud olduğundan evdə, ailədə bir məhrumiyyət hər zaman hiss olunub. Sonradan mənim oğlanlarım, bacımın oğlu dünyaya gələndə bunu taleyin töhfəsi kimi qəbul elədim. Mənim içimdə kişi anlayışına böyük bir hörmət var. İndi oğlanlar belə ipə-sapa yatmaz, şuluq, belə müstəqil böyüyüblər - bu gündəlik həyatımda çətinliklər gətirsə də düşünürəm ki, ümumiyyətlə, millətin içində cinsiyyət ayrımı yapmadan bir kişi anlayışı olmalıdır. Heç kimin mənliyini, şəxsiyyətini sındırmaq lazım deyil. Lakey, nökər psixologiyası hansı topluma səadət gətirib ki? Bəşəriyyətin inkişaf qanunauyğunluğu var. Tarix öz axarında cövlan edir.Bundan heç hara qaça bilməyəcəyik. Ya Afrika cəngəlliklərində yaşayan primitiv xalqların səviyyəsinə düşməliyik, ya da... Əsas məsələ də həmin bu "ya da"nı necə həll edəcəyimizdən asılıdır.
   
   Oğlanlar böyüyüb. Mütaliəyə həvəsli olmayıblar. Mən də çalışırdım ki, bu boşluğu nəyləsə doldurum - özüm onlara kitab oxuyurdum, nağıllar yazılmış vallar alıb gətirirdim, qulaq asırdılar.Bir az böyüyəndən sonra qulaq asmağa da həvəsləri olmadı. Həyətdə "Dava-dava" oyunu varkən Robinzon Kruzonun tənha adadakı sərgüzəştləri, ya da Kardinal Montanellinin oğlu Arturla münasibətləri onlara cəlbedici görünmürdü. Yadımdadır ki, böyük oğlum mənə elə belə də dedi. Dedi ki, hansısa bir keşiş öz doğma oğlunu danırsa, ona atalıq eləyə bilmirsə, mən niyə onların problemləri ilə beynimi doldurmalıyam? Mən istədim ona izah edim ki, məsələ onların bir-birini danmağında deyildi, məsələ onların arasında dayanan və bütövlükdə cəmiyyətdəki yalanda idi. İstədim... Amma qulaq asmadı, qaçdı getdi. Bununla da bizim aramızdakı ədəbi mübahisələr bitdi. Amma insanlar arasında danmaq xəstəliyi bitməyib, sağalamayıb - ataları, oğulları, tarixi...
   
   Oğlanların həyətdə "Dava-dava" oynadığı vaxt indi şərti olaraq Qarabağ müharibəsi adı verdiyimiz savaşın qızğın çağları idi. Sonrası məlum, uşaqlar böyüdülər. Anlamasalar da gələcəkdə kişi olacaq bu oğlanlar özlərinin ilk şüuraltı sınıqlıqlarını yaşadılar.
   
   İndi 24-25 yaşındakı gənclik nə oktyabryat, nə pioner, nə də komsomol olub. Boşluq və bu boşluqda xaotik çırpıntılar. Ona görə də biri dinə qapılır, biri narkotiklərə uyur, biri missionerlərin təsirinə düşür, biri siyasi təşkilatlara meyl eləyir. Bu onların günahı deyil, bizim günahımızdır. Etiraf edək ki, onların içindəki təbəddülatlara çarə ola bilmədik. Enerjilərini harasa yönəldə bilmədik.
   
   Bizim formalaşdığımız dövlətin yaxşı-pis ideologiyası qurulmuşdu. Komsomol da gəncliyin qüvvəsini ya tikintiyə, ya sənətə, ya elmə yönəldə bilirdi. Təşkilatlanırdılar - öz qəzetləri, jurnalları, bunlar unudulmayıb,hər kəsin yadındadır (Yaddaş məsələsinə yenə qayıdacam).
   
   Bəzən bayram günlərində, şənbə-bazarda bacımın 11 yaşlı oğlu Yılmaz bizə gəlir. Oturub söhbətləşirik, çox dərrakəli, zəkalı uşaqdır. Onunla danışmaq mənə zövq verir. Yaşadığı çoxmərtəbəli evin həyəti balacadır. Uşaqların qol-qanad açıb enerjilərini sərf etməyə şərait yoxdur.Əvvəllər biz də həmin binada yaşayırdıq və balkona çıxanda öz nəzəriyyələri ilə dünyanı alt-üst eləmiş bir filosofun heykəlini salamlayırdıq - Karl Marksın. İndi həmin yerdə benzindoldurma məntəqəsinin işıqları alışıb yanır. Və orda Marksın "İzafi dəyər" nəzəriyyəsini həyata tətbiq edirlər.
   
   Yılmaz xasiyyətdə mənə oxşayır - adamayovuşmaz, öz içində yaşayan və fikirlərini gizlədə bilməyən. Bir sözlə, bizimki tutur. Oxuduğu kitablardan, baxdığı filmlərdən, ordan-burdan danışırıq. Adətən bayram, ya da matəm günlərində televizorda Azərbaycan filmlərini göstərirlər, oturub birlikdə baxırıq. Belə günlərin birində hansısa kanalda "Yeddi oğul istərəm" filmi gedir. Yılmaz məndən "komsomol", "proletariat", "inqilab" sözlərinin nə anlama gəldiyini soruşur. Mən də 11 yaşlı uşağın anlaya biləcəyi dildə bu neo - arxaizmləri çalışıram izah eləməyə. Öz məntiqiylə beynində nəyisə tutuşdurur"::
   
   - Qavroş da inqilabçıydı?
   
   (Bu yaxınlarda "Səfillər" romanından bəzi hissələri oxuyub, amma bu keçid məni heyrətləndirir)
   
   - Qavroş uşaq idi.
   
   - Bilirəm, bəs onda niyə onu öldürdülər?
   
   - Küçə döyüşündə təsadüfən güllə dəydi, yoxsa Qavroşu heç kim öldürməzdi.
   
   - Onlar niyə döyüşürdülər?
   
   - Yılmaz, sən kinoya bax, sonra danışarıq.
   
   Hər halda uşağın başını kino ilə qarışdırmaq mənim üçün çıxış yolu oldu. O kinoya baxa-baxa mən də fikirləşdim. İndi mən bu uşağa nə deyim? Balkondan Marksı salamladığımız vaxtlar olsaydı, mən ona çox rahatlıqla hər şeyi izah eləyə bilərdim. Necə danışım? Deyim ki, inqilablar tarixin lokomotivləridir, qəliz olacaq. Kəmiyyət dəyişikliklərinin sıçrayışla keyfiyyət dəyişikliklərinə keçididir deyim, yenə anlaşılmayacaq. Köhnə vaxtlar olsaydı nə vardı? Danışardım Niderland burjua inqilabından, Böyük Fransa İnqilabından, Sosialist inqilabından, Fevral Burjua inqilabından. Uşağa nəsə başa salardım. Heç bilmirəm də onların tarix kitablarında bu barədə nəsə yazılıb ya yox. Hər halda bəşəriyyətin keçdiyi yol haqqında bir məlumatları olmalıdır. Gör ha, söz vaxtına çəkərmiş. Bu il Rusiyada Fevral Burjua inqilabının 90 illiyini qeyd edəcəklər. Noyabr ayında isə vaxtilə bizim də təntənələrində iştirak etdiyimiz Böyük Oktyabr Sosialist İnqilabının 90 illiyidir. İndi məlum olur ki, o vaxt Lenin bu inqilabımı deyim, çevrilişimi deyim xarici ölkələrdən aldığı maliyyə ilə edibmiş. Deməli, Sorosun sələfləri varmış, amma Marks xəbərdar eləmişdi ki,ayrıca götürülmüş bir ölkədə Sosialist inqilabının qələbəsi mümkün deyil. Lenin əhəmiyyət vermədi - topdağıtmaz bir sistem qurdu. 70 il sonra Sorosun qohumları yığışdı bir yerə, yenə pul qoydular, topsuz-filansız dağıtdılar onun hökumətini.
   
   Dağılmağına dağıldı, amma indiyə qədər insanların içində o quruluşa bir özləm qalıb. Hər halda öz adına uyğun cəhətləri çox idi - sosial təmayüllü quruluş idi. İlk vaxtları qanlı-qadalı olsa da 50-ci illərdən sonra insanların həyatında rifah nəzərə çarpırdı. Ev tikirdilər, uşaqlarını oxudurdular, ildə bir dəfə istirahətə gedirdilər. Özü də bunu sadə təbəqə - fəhlə-kəndli və ziyalı təbəqəsi də edə bilirdi. Partiya elitası isə çalışırdı ki, müəyyən normalardan kənara çıxmasın. İnsanların hər hansı bir çərçivədə azadlıqları vardı. Ağalıq sistemi ləğv olunmuşdu. Düzdür, axmaq şeyləri də çox idi. Heç kimin müstəqil düşüncəsini qəbul etmək istəmirdilər. Bütün xalq eyni düşünməli, eyni ideya ətrafında əl çalmalıydı. Tarixə münasibətlərini tez-tez dəyişirdilər, bu gün sevilən padşah sabah düşmən elan olunurdu, atalar oğulları, oğullar ataları danırdı. Amma insanlar o quruluşun yamandan çox yaxşısını xatırlayırlar, unutmayıblar. Dərman ala bilməyəndə xatırlayırlar, işıq yanmayanda xatırlayırlar. Uşaqlarını məktəbə göndərə bilməyəndə xatırlayırlar. Hətta unutmaq istəsələr belə mümkün olmayacaq, televizor qoymayacaq, kino qoymayacaq...
   
   Lenin kinoya təbliğatın ən güclü vasitəsi kimi böyük qiymət verirdi və onun inkişafına çalışırdı. Təsəvvür edin ki, o vaxt bir tərəfdən keçmişi xatırlayan adamları tuturdularsa, Sibirə göndərirdilərsə, güllələyirdilərsə, bir tərəfdən də yetişən yeni nəsil üçün təbliğat maşını işləyirdi. Filmlər çəkilirdi, ədəbiyyat yazılırdı, plakatlar sifariş olunurdu. Hər hansı bir nəhəng tikintiyə başlayanda onun mahnılarından tutmuş rəsm sərgilərinə qədər hər şey hazır olurdu. Buna ideoloji dəstək deyirdilər. Cavanları komsomol putyovkası ilə basırdılar insan ayağı dəyməyən yerlərə işləməyə. Amma cəhənnəm əzabını sənətin köməyi ilə çox romantik çalarlarda göstərirdilər. Yəni iclaslardakı əl çalmaqla bərabər sənətin şüurlara təsirindən gözəl istifadə olunurdu. Bu sənət nümunələrinin üstündə neçə-neçə bəstəkar, rəssam, yazıçı, aktyor nəsli yetişdi. Və bu əsərlər böyük sənətkarlıqla yaradıldığından bu gün həmin filmlərə də, kitablara da eyni həvəslə yanaşırıq. İkinci Dünya Müharibəsinin qızğın çağlarında Stalin xalqın ruhunu diri saxlamaq üçün filmlərin çəkilişinə böyük vəsait ayırırdı. Hərbi zavodlarla birgə kinostudiyanı da Daşkəndə köçürürdü. Mərkəzləşmiş, vahid, qüdrətli Rusiya ideyasını şüurlara yeritmək üçün "İvan Qroznı" filmini çəkdirirdi. Özü də film Sergey Eyzenşteynə tapşırılırdı. Fikir verin - Eyzenşteyn o vaxt dünya kinosunda qəbul olunmuş bir isim idi. Sibiri qaldırmaq üçün ən güclü alimləri ora sürgünə göndərirdi və bu gün Sibir Akademiyası Moskva Elmlər Akademiyasından heç də geri qalmır. Yəni hər hansı bir zülmün də ideoloji əsası var idi. Və bu gün ruslar Stalinin xidmətlərini inkar edəndə, dananda adama gülünc gəlir. İçində hərəsi başqa səviyyədə , başqa dində, dildə, başqa mədəniyyətdə olan kiçik xalqlar yaşayan bir imperiyanı qoruyub saxlamaq üçün hər vasitədən istifadə olunmalıydı. Ən əsası isə beyinləri öz ideyalarına kökləmişdilər. Lenin haqqında filmləri ən gözəl rejissorlar çəkirdi. Lenin obrazını oynayan aktyorları Mərkəzi Komitədə təsdiq edirdilər. Lenin haqqında əsərlər ən nüfuzlu yazıçılara tapşırılırdı (Bir haşiyə çıxmaq istəyirəm. 60-70 il sonra bizim bugünki tariximizi araşdıran birisi o vaxt ölkənin birinci şəxsi haqqında çəkilmiş filmlərin müəllifi ilə maraqlananda baxıb görəcək ki, bu müəllifin əvvəl çəkdiyi filmlər hansılardı":: "Xaş s muzıkoy", "Merzavets", "Fransız", "Hər şey yaxşılığa doğru", "Bəyin oğurlanması" və sairə və sairə. Görəcək ki, hamısı komediya-fars janrıdı, nə fikirləşəcək?). Bunlar uzaq tarix deyil, unudulmayıb. O vaxtın filmlərindəki idilliya yalan da olsa insanlara qəlb rahatlığı gətirirdi. Yalana da ideoloji dəstək lazımdı.
   
   Yaxşı, deyək ki, biz Sovet dövründə formalaşmış insanlarıq, necə deyərlər, "sosializm qalıqlarıyıq". Axı yeni dövrün ortaya qoyacağı sənət də yox kimidir. Hər bayramda, matəm günlərində baxdığımız filmlərin hamısı o dövrdə çəkilib. Yaxşı çəkilib, sənətkarlıqla çəkilib, az qala əzbər bilsək də yenə baxırıq. O filmlərdəki səhnələr də, ifadələr də zərbi-məsələ çevrilib. Bizimlə bərabər yeni böyüyən nəsil də "Koroğlu", "Nəsimi", "Onun böyük ürəyi", "Qanun naminə", "Uşaqlığın son gecəsi", "Sevinc buxtası", "Qatır Məmməd", "Ulduzlar sönmür", "Yeddi oğul istərəm", "Böyük dayaq" (siyahını nə qədər istəsən uzatmaq olar) filmlərinə baxır. (Bilmirəm niyə göstərmirlər, "26-lar" filminə çox həvəslə baxardım, sətiraltı ifadələrlə o qədər sözlər deyilib ki, orda. Elə bircə "musurman çorax istəmir" sözü nəyə desən dəyər. Ermənilərə görədisə, hər yerdə yuxarı başdadılar, filmin nə günahı var?) Sevdiyimiz qəhrəmanlar kimdir? Nə iş görür? Xalq içindən çıxmış sadə insanlar, bəylərlə, xanlarla, hakim dairələrlə vuruşur, xalq hakimiyyəti qururlar. Və yaxud da partkom xalqın malını talayan ziyanlı ünsürlərlə mübarizə aparır. Bolşeviklər, kommunistlər, komsomollar, partkomlar, Sovet milisi - hamısı parlaq obrazlardır, ürəklərə yol tapıb. Bunun müqabilində bu günün təbliğatını ortaya qoya bilirikmi? Müstəqil dövlət ideyasını dəstəkləyə bilirikmi? Deyək ki, bu günümüz çox qarışıqdır, kimin kim olduğunu etiraf eləmək istəmirik. Tarix ki var! Mərkəzləşmiş dövlət ideyası da var - Atabəylər dövləti var, Şah İsmayıl var, Nadir şah var, Ağaməhəmməd şah var, Səttarxan var, Xiyabani var, Pişəvəri var. Axtarsaq çoxdur. Elə ideoloji filmlər çəkmək olar ki. Heç nəyi danmadan, heç nəyi gizlətmədən. Qarabağı qoyaq bir tərəfə, Qarabağ nəticədir , səbəblər ordadır- tarixdə. Ataların da səhvini demək lazımdır. Onların da böyük günahları var. Nadir şah Gəncə bəylərbəyinə qəzəblənib Borçalını İrakliyə bağışlamasaydı bu gün Gürcüstanda əzab içində yaşayan türklərin dərdi bizə bəla olmazdı. Bir padşaha tabe olmayan balaca padşahlar olmasaydı vətən ikiyə bölünməzdi. Bunları qabartmaq lazımdır, xanlıq ideyasını yox. Ətrafımızda gör nə qədər xanlar cücərir? Çox qorxuludu, güclənib yenə ölkəni parçalamaq iddiasına düşəcəklər. Mən Nadiri taxtda görməmişəm. Amma nə qədər "tarix-nadirlər" oxumuşam. Tarixdən böyük ibrət məktəbi yoxdur. Qloballaşan, hər dəqiqə dəyişən dünyada baş saxlamaq lazımdır. İraq müstəqilliyini 1958-ci ildə elan etmişdi, bu gün belə dövlət mövcud deyil. Dünyanın siyasi xəritələri dəyişir, qardaşım. Dövlət olmasa, onun yuxarı dairələri də olmayacaq. Təntənəli qəbullar, himnlər,təmtəraqlar olmayacaq.
   
   Bir neçə il bundan əvvəl dövlət televiziyası uğurlu bir layihə həyata keçirmişdi - "Fatehlərin divanı". Bəlkə bu gün də belə filmlər sifariş vermək lazımdır. Nə qədər rejissor boş-bekar oturub. Özü də belə filmləri "Nizami"ni çəkib onu rüsvayçı hala salan rusbaşlıya yox, milli adamlara tapşırmaq lazımdır. İclaslarda əl çalmaq, ura qışqırmaq və onun dalınca da oxuyub-oynamaq yarışlarını efirə verib, SMS dilənməklə dövləti dəstəkləmək olmayacaq. Özü də bu yarışmalarda baxırsan ki, 13-14 yaşında qızcığazlar bütün əzalarını titrədə-titrədə bığıburma kişilərin qabağında ərəb rəqsi oynayırlar. Deyək ki, bunların valideyni azıb, ağlını itirib, dövlət də atadı axı. Övladlarına sahib çıxa bilər. İctimaiyyətin əsəbləri niyə belə daşa dönüb? Bir yazıçını fikirlərinə görə həbsxanaya salırıqsa, cəmiyyətdə polemika başlayırsa, dindarlar hay-küy qaldırırlarsa belə məsələlərdə niyə heç kimin tükü tərpənmir? Sizə aidiyyatı yoxdur? Yazıçı qorxuludur, yoxsa bu? Mən heç bilmirdim ki,bizim məmləkətdə qəzet oxuyanların sayı televizora baxanlardan çoxdur, bərəkallah. Demək bizə şou lazımdır, hansı pərdə altında olur-olsun, dindarlığımız da bura qədərdir. Bir vaxt atalarımızı dandıq, indi də övladlarımızdan imtina edirik. Aqibətimiz Kardinal Montanelli kimi olmayacaqmı?
   
   Ümumiyyətl, biz uşaqlarımızın dediyinə də qulaq asırıqmı? Onları eşidə bilirikmi? Bir ailənin içində övlad bizim fikirlərimizlə razı olmayanda onları öldürmürük ki, evdən qovmuruq ki? Qəzetlərdə yazılarını oxuyuram, çox istedadlı gənclik yetişir. Bəzən ağ eləyirlər, bütün sərhədləri aşırlar. Çoxunun içində üsyan əhvalı var, yalanı qəbul eləmirlər. Bəlkə yaxşıdır? Yaxşıdır ki, bizdən fərqli düşünürlər, qəliblərə sığmırlar, çərçivədə yaşamaq istəmirlər, "bəli", "baş üstə" demək istəmirlər. Səhvdirsə başa salaq, düzdürsə razılaşaq. İnkişaf ancaq belə olacaq. Onları özümüzdən təcrid etməklə bir qılafın içində xoşbəxt olduğumuzu düşünürüksə, demək problem bizdədir. Oxuyub-oynamaq yarışları gəncliyin problemlərini həll eləmir. Dünya çox kiçilib, başqa yanaşma lazımdır. İclaslar da lazımdır, ayrı dərdləri də həll etmək lazımdır...
   
   Allah Yılmazdan razı olsun. Nə qədər tarix yadıma düşdü. Universitet illərində bizə zorla oxutdurulmuş Marks, Lenin yadıma düşdü. Yaxşı ki, o vaxt bunları oxumuşam. Nə deyiblər, düz deyiblər. Heykəlləri söküb-dağıtmaqla deyil, ideyalar yaşayır. Sorosun qohumu olanda nə olar, bu gün Marks ən populyar filosoflardan biridir. "Ayrıca götürülmüş bir ölkədə sosializmin qələbəsi mümkün deyil" demişdi. Doğru fikirdir. "Hər köhnə cəmiyyət yeni cəmiyyətə hamilə olanda zorakılıq onun mamaçası olur" demişdi. Bu da gözəl fikirdir. Bəlkə biz Sovet düşüncəsiylə tərbiyələnmişdik, ona görə bu bizə belə yaxındır? Bəlkə o vaxt təbliğat maşını bizi o tərəfə meylləndirib?
   
   Mən öz düşüncələrimlə əlləşirkən bir də baxıram ki, "Yeddi oğul istərəm" filmi bitdi. Yılmaz filmə həvəslə baxırdı. Təbii, 11 yaşlı oğlan uşağı atışmalı kinoya maraq göstərəcək. Soruşuram"::
   
   - Yaxşı kino idi?
   
   - Hə.
   
   - Kim xoşuna gəldi?
   
   - Komsomol Bəxtiyar.
   
   - !!!!!!!!!!!!!!!!!!


İmza:?rad? TUNCAY

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-09


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK