ANA SƏHİFƏ / YAZARLAR

Oxuyun, söyün, dağılışın! - Eminquey yazır

100734    |   2020-02-28 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir bu olmamışdı, bu da oldu.

İki il əvvəl elə məhz fevral ayında yazdığım bir status xeyli insanın, xüsusilə də dindar kəsimin etirazına, müzakirəsinə səbəb oldu.

Yazmışdım ki, "Quranın bir vərəqini cırmışam, oturub gözləyirəm ki, ya meymuna çevriləcəm, ya da ev başıma uçacaq”.

Söydülər, məzələndilər, qırıldadılar.

Facebook-dakı mesaj bölməmdə (elə etmişəm ki, dostluqdan olmayanların mesajları filtr bölməsinə düşür) filtr bölməsini hələ də açmıram. Bilirəm ki, çoxusu söyüşdür.

Saytlar mənim sayəmdə özlərinə İP qazandılar. (çoxları elə bildi ki, guya gündəmə gəlmək üçün edirəm)

Hətta kanalarımızdan birində yayımlanan dini verilişin mövzusu da oldum.

Qohumlarımdan bir neçəsi məndən üz çevirdi.

Anamın göz yaşlarını zülmlə dayandırdım. Ona oğlunun səhv heç bir şey etmədiyini izah etdim.

Təkcə anama deyil, elə məni söyənlərə də iki uzun açıqlama ilə fikrimin nəyə əsaslandığını ətraflı izah etdim.

Həmin gün nə qədər əsəb keçirdiyimi, necə hala düşdüyümü yaxınlarım çox yaxşı bilir.

Və əslində ən çox təəssüfləndiyim şey müşahidələrimin nəticəsi oldu.

2006-dan bəri insanlar irəliləməyiblər.

2006-da sonradan yalan olduğu aşkara çıxan "bir qız Quranı cırdı, meymuna döndü" başlıqlı fotolara inananları deyirəm. O fotolar ki, əslində bir heykəltaraşın əl işlər idi.

Hələ də elə bilirlər ki, insan həqiqətən də Quranın hansısa vərəqini səhvən, ya da bilərəkdən cırsa, meymuna dönə bilər.

Bu dilisöyüşlü, dar dünyagörüşlü insanlar üçün çox kədərlənsəm də, bir yandan da özüm üçün sevindim.

Dəstək verənlər də az deyildi.

Məsələn, hamının əks reaksiya gözlədiyi hörmət etdiyim Hacı Şahin Həsənli bir mesajla mənim yazdığım status anladığını, əslində xürafata, cahilliyə qarşı çıxdığımı başa düşdüyünü və təqdir etdiyini bildirdi.

Arada cəmiyyəti təftiş etmək lazımdır.

Necə ki analarımız düyü arıtlayanda gözdən qaçanları tapmaq üçün arabir sinini silkələyib düyünü alt-üst edirlər…

Bununla bitmədi…

Bu iki il ərzində bəzi instagram səhifələri bir neçə dəfə (baxmayaraq ki, bu statusun gündəm olmağından artıq 6 ay keçmişdi) bu statusu gündəmə çevirib, məni söydürüb özlərinə İP qazanmaq istədilər.

Bitdimi?

Yox…

Hər dəfə mən mənfi məqamları tənqid etdikcə zombi kimi üstümə töküldülər.

İrandakı durumla bağlı fikirlərimi yazdım, söydülər.

Camaatı ağacına, daşına, qəbrinə dolayan pirləri və bu pirlərdən qucaq-qucaq pul yeyənləri tənqid etdim, söydülər.

Fanatizmə qarşı çıxdım, insanı bütə çevirməyin dedim, söydülər.

Şeirlərimdə Musadan, Məhəmməddən, İsadan, Allahdan danışdım, susdular.

Məhərrəm ayında məscidə getdim, gördüklərimi təsvir etdim, İmam Hüseynin şəhidliyini tərif etdim, susdular.

Dəfələrlə Allahla bağlı düşüncələrimin dərinliyinə endim, inandığımı yazdım, susdular.

Axı mən haqsızlıqlara imza atan birini din adamının, bir din ölkəsinin tərəfini necə tuta bilərəm?

Axı mən yazı-pozu adamıyam, sözü ünvana çatdırmağın min üsulunu bilirəm. 

O zaman mən niyə bütün həqiqətləri məhəllə söhbətlərində can qoyan Maqanın dediyi kimi çılpaq deməliyəm?

Yaxud Maqa kimi mən də söyüşlərinizə söyüşlə cavab verməliyəm?

Əsla... İndiyə kimi heç bir adama söyüşlə cavab vermədim.

Və nəhayət fevralın 16-sı kitabımın təqdimatını keçirtdim. O kitabımın ki, adı Günəbaxandı. Günəşi gözləyənlərin kitabıdı. O kitab ki, onu bu sözlərlə açıram:

"Bir adam düşdü quyuya. Ona gah Yusif dedilər, gah da Məlikməmməd. Hər kəs bir cür çağırdı onu. Gah dedilər, Allahın mələkləri quyuda onunla söhbət edirmiş. Gah da dedilər ki, divlərin canını almağa düşübmüş. Onların dedikləri cəmi bir dəfə üst-üstə düşdü. İkisini də qardaşları atmışdı quyuya. Mən nə Məlikməmmədəm, nə də Yusif. Mən "Qu"yudan "Ey" deyə çağırıb səsləyənəm. Amma quyuda deyiləm. Yer üzündəyəm, Yer mənim quyumdu. Mən Günəşi gözləyə-gözləyə Günəbaxana çevrilmişəm. O Günəşdə hamıdan bir zərrə var. O həm təkdi, həm də tək deyil. O həm doğulub, həm də doğulmayıb. O həm doğur, həm də doğmur – əbədi qürubdadı. Kəsiblər Günəşin önünü. Amma... bir gün mütləq çəkiləcəklər Günəşin önündən, mütləq çəkiləcəklər...”

Bu kitabın təqdimatına Hacı Şahin Həsənli də gəldi. Açılışda sözü elə birinci ona verdik. O da çox gözəl çıxış etdi. 12 kitabımı aldı. Dəstəyini yenə əsirgəmədi.

Və təqdimatın fotoları yayılanda yaxamdan düşməyən dilisöyüşlü, dar dünyagörüşlü dindar kəsim bu dəfə təkcə mənim yox, Şahin bəyin də üstünə şığıdılar.

"Hacı Şahin niyə o təqdimata gəlib?”.

"Kafirə dəstək duran Hacıdan nə gözləyirsiniz?”.

Və sairətən və ilaxıratan.

İş o yerə çatdı ki, bir nəfər mesaj yazıb məni ölümlə də hədələdi.

Heç olmasa, öldürəcəyin adama xəbər etmə də, zalımın balası. Qoy qaçmağa, gizlənməyə fürsəti olmasın.

Lap tutaq ki, məni öldürdün, bəs, sözü öldürə biləcəksən?

Söz ölmür, başına dönüm, ölmür…

Mən sözəm, söz!

Ey söyüş maşını ilə xuliqanlıq edənlər, Həzrəti Əli nə deyib?

Deyib ki, qəlb nə ilə dolsa, dodaqlardan da o tökülər.

Müzəffər Sarısözəni tanımazsınız. Onun bir Hatay türküsü var. Deyir ki:

Bu qarşıdakı dağda qar var,

duman yox.

Mənim sevdiyimdə din var,

iman yox.

Bu qarşıdakı dağda titrəyər budaqlar,

qədər-qismət beləymiş,

neyləsin ellər?!

Bu türkünün yaradıcısı Müzəffər Sarısözənin babaları din alimləri idi. Dinini sevən, dindarı bol olan bu ölkədə "din var, iman yox” demək asandımı?

Bax eynən, Müzəffər Sarısözənin diliylə desəm, mən adamları sevirəm, nifrət etmirəm, mənim sevdiyim adamlarda din var, iman yox.

Bir əlavə də mən edim – insan yoxdu, insan…



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK