ANA SƏHİFƏ / YAZARLAR

Türkmənistan kosmosa köçür, türkmənlər xaricə - Mehman CAVADOĞLU yazır

52681    |   2020-02-28 09:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkmənlərin Arxadağ təxəllüslü başçısı Qurbanqulu Berdımühəmmədov yeni nəhəng bir layihənin icrasına başlayıb. Onun bu il ölkənin müstəqilliyə qovuşmasının 30 illiyl ilə bağlı Aşqabadda 300 metrlik monument ucaldılmasıyla bağlı qərarının yaxın hədəfi hələlik Eyfel qülləsinin vətəni Fransaya çatmaq olsa da, müstəqillik dönəmində ölkədə aparılan monument siyasəti göstərir ki, bu xəmir xeyli su aparacaq.

Qonşu və qardaş ölkədə monumentbazlığın əsasını indiki ölkəbaşının sələfi Saparmurad Türkmənbaşı Niyazov qoymuşdu. Söhbət bir vaxtlar müstəqil ölkənin bəzəyi sayılan, ölçüləriylə qibtə doğurmasa da, məzmunuyla bütün türkmənləri heyran qoyan, gecə-gündüz dur demədən fırlanan arkadan gedir. Təpəsində Türkmənbaşının qızıla çəkilmiş 12 metrlik heykəli quraşdırılmış, zahirən günəşlə. əslindəsə Yer Kürəsiylə baş-başa verərək sutkada öz oxu ətrafında bir dəfə dövrə vuran bu arka artıq on ildən çoxdur fırlanmasa da, parıltısı hələ uzun illər görənlərin gözlərini qamaşdıracaq. Onun gecələr daha gur bərq vuran qızılı şölələri təkcə Türkmənistanı nura boyamır, türkmənlərin qaranlıq yoluna işıq salmırdı, həm də pəncərələrin şüşələrindən, bacaların deşiklərindən, damların, barıların çatlarından içəri dolaraq onların evlərini və özlərini himayə edir, məzlumları ciddi nəzarət altına alaraq daxili bədxahların şər-şəbədəsindən, xarici düşmənlərin xata-balasından qoruyurdu.

Düzdür, Türkmənbaşının yerinə gələn Arxadağ sələfinə sadiq xələf olmadı, ona asi çıxdı. Amma o da segisini türkmənlərdən əsirgəmədi, müqəddəs kurallara toxunmadı, fərdin taleyini özünə, toplumun gələcəyini daxili və xarici qara qüvvələrə etibar etmədi. Hakimiyyətə gəlib möhkəmlənəndən, özünə arxayın olandan sonra, sadəcə, abidənin yerini, adını və təyinatını dəyişdi. Təpəsindəki qızılı suyuna çəkilmiş heykəli tarixin zibilliyinə tulladı, ölkənin neytral dövlət olması şərəfinə ucaldılmış mürəkkəb kompazisiyalı arkanı sadələşdirərək onu müstəqilliyin 20 illiyinə həsr olunmuş monumentə çevirdi, yerini dəyişərək təxəllüsünə uyğun olaraq Köpədağa söykədi. Boyunusa toxunmadı, hətta onu daha 20 metr uzadıb 95 metrə çatdırdı.

Zaman xüsusilə Türkmənistanda daha sürətlə irəlilədiyi üçün indi həmin abidə də günün tələblərinə cavab vermir. Əgər müstəqilliyin yaşı, nə az, nə çox, düz on il artaraq 30-a çatıbsa, deməli, abidə də böyüməlidir. Yoxsa, bunun nəyi müstəqillik oldu ki?! Arxadağ da elə millətin bu ehtiyacını nəzərə alaraq 2020-ci ildə Aşqabadda 300 metrlik yeni bir müstəqillik monumenti ucaltmağa qərar verib. Bu qərar həm də qardaş ölkənin gələcək inkişaf perspektivlərinin anonsu kimi qiymətlidir. Deməli, bundan sonra müstəqillik abidələrinin boyu da yaşı kimi yuvarlaqlaşacaq. 40 illiyə 400, 50 illiyə 500 metrlik monument və s. Bu minvalla 50 illikdə Moskvanın Ostankino qülləsiylə, 80 illikdə isə Dubaydakı Xəlifə Bürcüylə yarışmaq imkanı yaranacaq. Əgər bundan sonra dünyada yeni bir hündür bina tikilməsə, 90 illikdə marşurut artıq açıq fəzaya çıxaraq kosmasa doğru istiqamət götürəcək.

Ancaq bu yolda qarşıya bir neçə mühüm əngəl çıxa bilər ki, bunları nəzərdən qaçırmamaq lazımdır. Birincisi, zaman problemidir. Arxadağ nə qədər ki, özünə Bibliya peyğəmbərlərinin təxəllüsünü götürməyib, onun əsrlər boyu yaşaması sual altındadır. Odur ki, varis məsələsinə diqqətlə yanaşmalı, Türkmənbaşının səhvini təkrarlamamalıdır. Üstəlik, varislər də daim sədaqətli varis tapmaq prinsipinə əməl etməlidirlər.

Bu sahədə işlər hələlik yaxşı gedir. Artıq ekspertlər onun oğlu Sərdarı öz yerinə hazırlamaq üçün konkret addımlar atdığını söyləyirlər. Ötən il Arxadağın bir müddət televiziya ekranlarında görünmədiyini, yəqin, çoxları xatırlayır. Təxminən bir ay o, türkmənləri özünün at çapmaq, maşın sürmək, güllə atmaq kimi şoularından feyziyab olmaqdan, şirin nəğmələrindən həzz almaqdan məhrum eləmişdi. Təbii ki, xalq nə qədər itaətkar olsa da əvəzolunmaz liderləri gözləri önündən itəndə ağzını dinc saxlaya bilmir, dedi-qodunun biri bir qəpik olur.

Təzədən ekranlarda peyda olandan sonra attığı addımlar da göstərdi ki, ölkəbaşı əslində sağ-salamat və sapsağlam imiş, müəmmalı qeybə çəkilməkdə məqsəd xalqın və məmurların sayıqlığını və sədaqətini sınağa çəkməkmiş. Qayıdan kimi sınaqdan çıxmayanların çarmıxa çəkilməsi prosesi başladı. Əvvəlcə Daxili işlər nazirini işdən çıxardı və damladı. Sonra başqalarını. Bu günlərdəsə Milli təhlükəsizlik naziri vəzifəsindən azad olunub, indi hamı səbirsizliklə onun damlanacağı günü gözləyir. Bütün bu hoqqalar yeni varisin işini asanlaşdırmaq üçün strateji postları daha üzüyola və sözəbaxan kadrlarla möhkəmləndirmək məqsədilə törədilir. Ola bilsin ki, bu cür sınaqlar və yerdəyişmələr ən iddiasız kadrlar tapılana kimi hələ uzun müddət davam eləsin.

Avtoritar ölkələrdə yeni varisin təqdimatının da möhtəşəm və gözqamaşdırıcı olması yazılmamış qanunların siyahısındadır. İndi Sərdarın təşəbbüsü və rəhbərliyiylə ölkədə 1,5 milyardlıq yeni şəhər salınır. Çox güman ki, bu şəhər də qlamur tikililərlə, monumentlərlə, başı göyləri dələn qala və bürclərlə zəngin olacaq. Ümumiyyətlə, səmərəsiz, bir az göz qamaşdıran, bir az vahimə yaradan tikintilərə aşırı məhəbbət bütün avtoritar rejimlərə xas olan sevdadır. Bu onlara yalnız büdcə vəsaitlərini talamaq üçün yox, həm də güc və qüdrət nümayişi üçün lazımdır. Rusiya kimi, Çin kimi ölkələrdə bu cür layihələrə ona görə rast gəlinmir ki, onların öz güclərini nümayiş etdirmək üçün başqa resursları var.

İkinci əngəl daha qəlizdir. Kosmos yalnız göy cisimlərinin yox, həm də yaradanın qərar tutduğu bir məkan olduğundan onunla həssas davranmaq lazımdır ki, qəzəbə tuş gəlməyəsən. Yoxsa, öz adlarını şöhrətə mindirməkdən ötrü məşhur Babil qülləsini tikənlərin taleyini yaşamalı olarsan.

İlahi qəzəb üçünsə səbəblər çoxdur. Bir vaxtlar bu ölkədə şörəyin, qazın və başqa zəruri malların guya havayı olması barədə dolaşan əfsanələrə rəğmən iqtisadi durum gündən-günə pisləşir və artıq dözülməz mərhələyə qədəm qoyub. Məsələn, insanlar dövlət mağazalarından lazımi ərzaq məhsullarını almaq üçün səhər saat 6-dan mağazaların qarşısında, daha doğrusu, arxasında növbəyə dururlar. Məhz arxasında, çünki dükanlarda ərzaq qurtarana kimi davam eləyən bu növbələr o qədər uzun olur ki, üst-başlarından cır-cındır tökülən adamların küçə və prospektlərin qlamur mənzərəsinə xələl gətirməmələri üçün mağazaların qarşısında növbə tutmaq qadağan olunub.

Un, yağ, qənd, yumurta və bir çox digər zəruri ərzaq məhsulları talonla və məhdud normada verilir. Özü də hər ailə yalnız iki adda ərzaq məhsulu ala bilər. Hər bir ailə üzvünə görə ayda 5 kilo un almaq olar. Üstəlik, son vaxtlar 8 yaşa kimi olan ailə üzvüləri siyahıdan çıxarılıb. Bəzi vilayətlərdə hər adambaşına nəzərdə tutulan çörək norması ikidən birə endirilib. Əgər kimsə ölkənin bir şəhərindən və ya rayonundan digərinə gedibsə, bu məhsulları almaq üçün bir neçə idarədən lazımi arayışlar toplamalıdır.

Təbii qaz ehtiyatlarına görə dünya üçüncüsü olan ölkədə əksər evlərdə və mənzillərdə camaat qışı çör-çöp yandırmaqla birtəhər yola verir.

Pambıq yığımı mövsümü zahiri təmtərağına görə Sovet dövrünün atəşfəşanlığını da kölgədə qoyub. Keçən il planın yarısı qədər məhsul yığılmasa da onun öhdəliklərlə birlikdə artıqlamasıyla yerinə yetirilməsi barədə gurultulu raportlar ölkəni başına götürmüşdü. Bu kampaniya vaxtı keçmiş ənənələrə sədaqətlə əməl olunur. İnsanlar küçələrdən tutulub maşınlara basılaraq pambıq yığımağa aparılır, sərnişin nəqliyat daxil olmaqla bütün nəqliyyat infrastrukturu bu prosesə cəlb olunur. Məhz buna görə ABŞ başda olmaqla bir çox Qərb ölkələrinin onlarla firması Türkmənistandan pambıq almağı dayandırıb.

Mövsümün sonundasa qabaqcılları mükafatlandırma mərasimi keçirilir. Onlar öz pullarına təzə və müasir bir televizor alıb gətirir, sonra da həmin televizor hədiyyə kimi özlərinə təqdim olunur. Təzəsini almağa gücləri çatmayanlara isə evlərindəki köhnə televizoru təzə qutularda qablaşdırıb gətirmək tapşırılır. Mükafat kimi daha çox televizorun seçilməsi də təsadüfi deyil. Gecə-gündüz Arxadağın rəngarəng şoularını göstərdiyinə görə televizor bu ölkədə ən strateji məişət avadanlığı sayılır.

Bir sözlə, indi bu ölkədə təkcə alabaşlar və axaltəkələr adam kimi yaşayır. Arxadağ türkmənlərin, onlar da Arxadağın arxası olduğu üçün türkmənlər ona, o da Türkmənistanın qüruru olan bu cinslərə dayaqdır, onların rahatlığı və firavanlığı üçün heç nəyi əsirgəmir, bir-birindən gözəl fermalar, zavodlar inşa etdirir.

Bütün bu çətinliklərin məntiqi nəticəsi olaraq miqrasiya geniş vüsət alıb. Nə qədər qanuni və bürokratik maneələr yradılsa da, 40 yaşdan aşağı insanların ölkədən getməsinə rəsmi qadağa qoyulsa da, kimi qaçaq, kimi də rüşvət verməklə başını götürüb qaçır. Üçüncü əngəlsə budur. Bəs, cavanlar çıxıb getsə monument ucaltma meydanlarında kimlər işləyəcək? Qocaların bu ağır və şərəfli işləri görməyə taqətləri çatacaqmı?

M. Cavadoğlu

İndi bu ölkədə təkcə alabaşlar və axaltəkələr adam kimi yaşayır. Arxadağ türkmənlərin, onlar da Arxadağın arxası olduğu üçün türkmənlər ona, o da Türkmənistanın qüruru olan bu cinslərə dayaqdır, onların rahatlığı və firavanlığı üçün heç nəyi əsirgəmir.




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2020-07-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Çili diktatoru Pinoçet bir gün görünüşünü tanınmaz halda dəyişərək kinoteatra gedir. Heç kim onu tanımır. Işıqlar sönür,film başlayır. Filmin bir səhnəsində Pinoçetin bir görüntüsü ekrana gəlir. Kinoteatrdakı hər kəs ayağa qalxıb alqışlayır və Pinoçetin lehinə şüarlar səsləndirir. Bu hal Pinoçetin çox xoşuna gəlir. Yanındakı adam Pinoçetə doğru əyilərək deyir:

-Dostum, kinoteatr mülki polislə doludur. Bu şərəfsiz üçün özünü asdırmağa dəyməz. Ayağa qalx, sən də alqışla.




digər lətifələr
ARXİV
FACEBOOK