ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: YAXŞI Kİ MƏNİ VURDULAR, SƏNİ VURSAYDILAR ELƏ BİLƏCƏKDİLƏR MƏN VURDUM

(Elməddin Sərdarın ad gününə)

53180    |   2020-02-17 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ savaşı ilə bağlı yüzlərlə məqalə yazmışam və bir neçə də bədii əsər: «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Qiyamət gecəsi», «Qar üstündə qan çiçəyi». Amma müharibənin faciəsini, ağrı-acısını, dəhşətini bu əsərlərdə istədiyim kimi göstərə bilməmişdim. Bu dəhşət də, bu ağrı-acı da, bu faciə də içimdə yığılıb qalmışdı, məni rahat yaşamağa qoymurdu. Şəhidlərimizə, şəhid analarına, qazilərimizə bir yazıçı kimi borcumu istədiyim kimi qaytara bilmirdim.

Bir mövzu məni almışdı qoynuna. Ha çalışırdım istədiyim kimi alınmırdı. Hətta gecələr yazacağım əsərdəki qəhrəmanlar yuxuma girir, səhər isə bəzən bütün günü onlar haqqında fikirləşirdim.

Hardan başlamaq?.. Allahverdi Bağırovdanmı, Fred Asifdənmi, Eldar Bağırovdanmı, Əliyar Əliyevdənmi, Vəzir Orucovdanmı, Şuşalı Ramizdənmi, Laçınlı Arif Paşadanmı?! Əlimə qələm alırdım, gözümün qabağına nəşini maşına qaldırmağa gücüm çatmayan Zakir Fəxrinin qardaşı Kamil gəlirdi, Rey gəlirdi. Reyin qucağında can verən Sənan (Hacı Əkbər Rüstəmovun oğlu) gəlirdi. Gözlərim dolurdu. Başlarındakı yaşıl lentə «Ya Əli», «Ya Hüseyn» yazılmış, özlərini tank altına atan, hələ qız görməmiş yeniyetmələr gəlirdi. Göz yaşlarım yazmağa qoymurdu.


Hardan başlayım, kimdən başlayım?.. Əlindəki pulemyota avtomat deyən, «məllim, əlimdə bu avtomat öləcəm»- deyib bir həftə sonra şəhid olan Şelli Xosrovdanmı?! Özünü tankın altına atan Hindarxlı Etibar İsmayılovdanmı, Fred Asifin qardaşı, özü avtomatdan bir az buxunlu olan Səxavətdənmi, yoxsa Ədalətdənmi?! Və ya bu gün ad günü olan, savaş başlayanda 17 yaşı olan Elməddin Sərdardanmı? Bu igidlərin adı saymaqla bitməz. Əsərin üzərində xırda-para işləyirdim, özü də hər yerdə cizgilərini cızırdım: təyyarələrdə də, getdiyim yerlərdə çörək yediyim vaxtlarda da, bəzən qəzetlərin kənarındakı ağ yerlərə yazırdım, bəzən salfetka kağızına. Elə olurdu fikir beynimə gəlirdi, kağız tapmırdım, siqareti boşaldıb, onun qutusuna yazırdım. Stolun bir gözü kağız parçaları ilə dolu idi. Bu əsər beynimdə düz 14-15 il fırlandı.

Nəhayət, bir gün Elməddin Sərdarla şəhid olmuş uşaqlarla, yeniyetmələrlə bağlı dərdləşirdik. Çox qəribə bir hadisə danışdı.

Elməddin uşaqlıqdan bir yerdə böyüdüyü əsgər dostu ilə dalaşır. Komandir onları aralaşdırır. Amma onlar hamının içində and içirlər ki, ilk fürsətdə bir-birlərini öldürəcəklər. Əsgəran tərəfdə döyüşlərdə bir yerdə vuruşurlar. Bu vaxt Elməddinin öldürəcəyinə söyüş qoyduğu uşağa güllə dəyir, ağır yaralanır. Elməddin onu döyüş xəttindən çıxarmağa çalışır. Can verən uşaq isə deyir:

- Nə yaxşı güllə mənə dəydi, sənə dəysəydi elə biləcəkdilər ki, mən vurdum.

Və həmin igid də Elməddinin qucağında Tanrıya qovuşdu.

Bu dəhşətli səhnə gözümün qabağına gəldi. Bir müddət nə qədər elədim həmin səhnə gözümün qabağından getmədi.


Və bu, mənim «Dolu» romanım üçün bir açar oldu. Çox qısa müddətdə romanı yazıb tamamlaya bildim: 15 ildi mənim yazmaq istəyib, yaza bilmədiyim «Dolu» romanım belə yarandı.

Mənim romanımdakı Pələng obrazı Elməddin Sərdardı. O yaşayır, amma mən bir yazıçı namərdliyi edib əsərdə onu öldürdüm. Elməddin hamı kimi bir gün öləcək. Amma əsərdəki Pələng heç vaxt ölməyəcək.

Bu gün Elməddinin ad günüdü. Və Elməddin tezliklə başlayacaq Qarabağ müharibəsində, əlil olmasına baxmayaraq, yenə əlində silah öndə vuruşacaq və inşallah, azad olmuş Şuşada şəhid olacaq. Mən bunu bütün qazilərimizə və özümə də arzulayıram.

Şəhidlər ölmür, Tanrının dərgahına qovuşurlar!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK