ANA SƏHİFƏ / YAZARLAR

İnsanlar niyə edam cəzası istəyirlər? - Eminquey yazır

26782    |   2020-01-14 16:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son dövrlər cəmiyyətdə edam cəzası tələb edənlər baş qaldırıb

Bəs yaxşı, edam cəzasına tələbat hardan doğur?

Bu gün ölkədə baş verən bir sıra qətllər, zorlanmalar gündəmi zəbt edib. Ölkə balaca, sayımız az. Burdan danışdığın az keçməmiş lap "Yuxu” filmindəki kimi gedib Səddamın qulağına çatır. Saytlar üçün əla oxunuş mənbəyi olan bu cür xəbərlərin çəkisi o qədər yüksəkdir və o qədər canımıza işləyib ki, ölkədə zorlanma, qətl baş verməyəndə birtəhər oluruq, özümüzü pis hiss edirik.

Elina hadisəsi və onun nəticələrini yadımıza salaq. Günlərlə sosial şəbəkələrdə hamının bir nəfər kimi "Elina üçün susma” deyib bağırdığı, aksiyalar təşkil etdiyi və yüngül cəzayla ətəyini itin ağzından qaçıran direktor.

Və üstündən az keçmiş yeni bir hadisə. Bu dəfə də 10 yaşlı Nərminin zorlanıb yandırılması. Yenə insanlar bir nəfər kimi Elinaya verdiyi təpkini nümayiş etdirir. Bu qətllə bağlı hər şey yazılıb demək olar ki. Ona görə ətraflı yazmayacam. Baxmayaraq ki, saytlar "qatil” kimi qələmə verir və hələ İlkin Süleymanovun qatil olduğu sübut olunmayıb, yenə də motivi hələ ki qaranlıq qalan bir qətl.

Psixologiyamıza yeridilən Xoşqədəm ideologiyası bizi o qədər aciz duruma salıb ki, artıq dövlət orqanlarını unutmuşuq. Bu təkcə Xoşqədəmin günahı deyil, həm də dövlət orqanlarının səhlənkarlığının bəhrəsidir.

Bütün bunları üst-üstə yığıb od vuranda yerdə kül olub qalan "edam” cəzası olur. Artıq hər şeydən əli üzülən insanlar bir vaxtlar ləğv olunmasına sevindiyi edam cəzasının yenidən bərba edilməsi üçün çağırışlar edir. Hətta ölkənin ən tanınmış aparıcılarından biri Xoşqədəm xanım bunu birbaşa televiziyadan həyata keçirir.

Edam cəzası bizə təkcə bütün bu səbəblərdənmi zühur oldu?

Bəlkə ən yaxın qonşumuzdan keçib bu xəstəlik?

Heç kimə sirr deyil ki, edam cəzası elə qonşu ölkə olan İranda bu gün də tətbiq olunur. Və İranın bizim cəmiyyətdə böyük təsiri var. Şiəçiliyin bizə öyrətdiyi "vasitəçi”lik nədir?

Allahdan birbaşa yox, onun sevimli hesab olunan bəndələri vasitəsilə yardım diləmək.

İmamlar, pirlər, ağalar...

İnsan Allahdan dilədiklərinin cavabını almayanda üz tutur vasitəçi ilə istəyinə nail olmağa. Necə ki, biz sevdiyimizə sevgimizi birbaşa deyə bilməyib "aradüzəldən” axtarırırıq. Bu gün dövlət orqanlarının səhlənkarlığı bizi həmin vasitəçilərə möhtac qoyub. Bizim indiki ağamız, pirimiz Xoşqədəmlər, Zaurlar, Elgizlərdir. Yalnız onların sevimli xətrinə görə işlərimiz həll oluna bilər. Əgər onlar da bacarmasa, edam cəzası.

Gəlin əvvəla ona diqqət yetirək ki, Azərbaycanda ölüm hökmü 1998-ci il fevralın 10-da ləğv edilib. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, lakin cəzaları icra olunmamış 128 nəfərə həyatları bağışlanıb. Buna qədər Azərbaycanda yalnız ağır, xüsusilə ağır cinayətlərdə məhkum olunan şəxslərə ölüm hökmü elan edilib.

Azərbaycanda ölüm hökmü Bayıl həbsxanasında, indi "ölüm kamerası" adlanan otaqda yerinə yetirilirdi. Cəza yalnız bir üsulla – güllələnmə ilə icra olunurdu. Vaxtı ilə həbsxanada çalışmış insanların sözlərinə görə, ölüm cəzası almış məhkumlar "ölüm kamerası"na gözübağlı gətirilirmiş. Burada məhkumun əziyyətsiz ölməsi üçün ürəyinə bir atəş açılırmış.

Bayıl həbsxanasında çalışan şəxslərin dediklərinə görə, uzun illər burada erməni millətindən olan şəxslər cəlladlıq edib. Erməni cəlladlar məhkumları xüsusi amansızlıq və əzabla öldürürmüşlər. Yeni dövrdə məlum olub ki, ötən əsrin 30-50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü – suda boğma da tətbiq edilirmiş.

Edam cəzası nədir?


Bu cəzanı müdafiə edənlər hesab edir ki, edam cəzası cinayətlərin sayının azalmasında rol oynayacaq. El diliylə desək, "görk olacaq”. Əleyhinə olanlar üçünsə qəddarlıqdır, qeyri-insani cəza üsuludur. Edam cəzasına dar ağacında asma, baş kəsmə, güllələnmə, elektrik üsulu, dərmanla yatırtma kimi bir çox üsullar aiddir. Demək olar ki, insanlıq tarixi qədər qədim olan bu cəzalandırma üsulu bu gün bir çox dövlət tərəfindən həyata keçirilir. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə 2015-ci ildə son 26 ildə edam cəzası ən yüksək həddə tətbiq edilib.

Bu cəza növü hansı ölkələrdə tətbiq olunur?

Demokratik ölkələr kimi qəbul olunan Avropa və Latın Amerikası dövlətləri ölüm hökmünü ləğv edib. Amma ABŞ, Qvatemala və Karibhövzəsində bu yanlış cəzalandırma üsulu hələ də tətbiq olunur. Eyni şəkildə Asiya və Afrikadakı bəzi demokratik ölkələrdə də ölüm hökmü hələ də qüvvədədir.

Dünyada edam cəzasının ən çox həyata keçirildiyi ölkələrə baxdıqda isə bir neçəsi istisna olmaqla demək olar ki, hamısının anti-demokratik qəbul edilən, ya da tam demokratik olmayan ölkələr olduğu gözə çarpır.

Demokratik olmayan ölkələrdə ölüm hökmü olduqca geniş yayılıb. Nümunə verməli olsaq, 2014-cü ildə dünyada 1.652 edam cəzası icra edilib. Bunlardan 1.000-dən çoxu kommunist Çin tərəfindən həyata keçirilib. 500 məhkum isə İran, İraq, Səudiyyə Ərəbistanı, Misir, Sudan, Yəmən və Şimali Koreya ərazisində edam edilib. Edam cəzası daha çox Cənubi Asiya və Şərqi Afrikada tətbiq olunur kimi görünsə də, əslində ABŞ da bu məsələdə böyük istisnadır.

1882-1920-ci illər arasında ABŞ-da 4.742 nəfər məhkəməsiz asıldı, yaxud da linc edildi. Bu insanların 3.345-i isə vətəndaş müharibəsindən sonra zorakılıq hərəkətlərində asılan, yandırılan, çarmıxa çəkilən və ya döyülərək öldürülən zənci amerikalılardır.

Bütün bunlar statistikadır. Və statistikadan məlumdur ki, edam cəzası tətbiq olunan ölkələrdə cinayətlərin sayı azalmayıb.

Edam, məqsədi ədaləti təmin etmək olan bir məhkəmə üçün verilən ən çətin qərarlardan biridir. Çünki təqsirləndirilənin edamının tələb olunduğu məhkəmə prosesləri də çox vaxt çaşdırıcı və istiqamətverici olur. İbtidai istintaq texnologiyaları tədricən dəyişir. Belə ki, Federal Təhlükəsizlik Bürosu 2000-ci ildən əvvəlki 3.000 cinayət işini yenidən araşdırmış və onlardan 90%-də nəticələrin xətalı olduğunu müəyyən etmişdir.

Yəni edam cəzası heç də həmişə özünü doğrultmur.

Xüsusən də ədalətsizlik olan ölkələrdə daha ciddi fəsad törədə bilər edam cəzası.

Bütün statistik göstəricilər bunu deyir ki, edam cəzası tətbiq olunan ölkələrdə ağır cinayətlərin sayı azalmır.

Bəs niyə insanlar edam cəzasını istəyir?

Məncə, bu yenə də bizim "görk olsun” məsələsinə gəlib dayanır.

Son dövrlər arvadını xəyanət üstündə tutan, sonra çəkib sosial şəbəkələrdə yaymağın da alt qatında "görk olsun” amili dayanır. Ammm "görk olsun”la xəyanətlərin, cinayətlərin sayı azalırmı?

Bu haqda yaxşı düşünün...



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-06-03
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK