hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Türk qambiti Adalet.az | Türk qambiti Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Türk qambiti

6138    |   2020-01-14 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qanun” nəşriyyatı rus yazşçısı Boris Akuninin "Türk qambiti” romanını Mehman Cavadoğlunun tərcüməsində nəşr edib. Erast Fandorinin macəraları seriyasından tarixi detektiv mövzusunda yazılmış əsərdə hadisələr 1877-78 –ci il Rusiya-Türkiyə müharibəsi dövründə cərəyan edir. Adalet.az həmin əsərdən bəzi maraqlı parçaları diqqətinizə çatdırır.


Birinci fəsil

Qabaqcıl qadın çətin vəziyyətə düşür

"Revyu parizen” (Paris)

14(2) iyul 1877 - ci il.

"Artıq ikinci həftədir ki, Dunaydakı rus ordu düşərgəsində olan müxbirimiz xəbər verir ki, dünən imperator Aleksandr özünün 1 iyul (Avropa təqvimiylə 13 iyul) tarixli fərmanıyla Dunay çayını uğurla keçərək Osmanlı dövlətinin sərhədlərinə soxulmuş öz qalib ordusuna təşəkkür edib. Əlahəzrətin imzaladığı ali fərmanda deyilir ki, düşmən büsbütün əzişdirilib və uzağı iki həftəyə Konstantinopoldakl müqəddəs Sofiya məbədindən provoslav xaçı asılacaq. Başıpozuqların – öz qaniçən təbiətləri və vəhşi davranışlarıyla məşhur olan bu yarımquldur və yarımpartizanların uçan dəstələrinin rus kommunikasiyarını ara-sıra həşərat kimi gəmirməklərini nəzərə almasaq hücum edən ordu, demək olar ki, heç bir müqavimətlə üzləşmir”.

Mübarək Avqustin deyir ki, qadın cılız və etibarsız məxluqdur. Qadınlara nifrət eləyən bu cahil haqlıdır, min dəfə haqlıdır. Ən azı Varvara Suvorova adlı bir zata münasibətdə.

Şən, çılğın bir macəra kimi başladı, gör nəylə qurtardı. Səfeh qız, sənə bu da azdır. Anası oturub-durub deyədi ki, Varya gec-tez öz başına bəla açacaq. Açdı da.

Qızın öz müdrikliyi və div səbriylə seçilən atasısa növbəti odlu- alovlu nitqlərinin birində onun ömür yolunu üç mərhələyə bölmüşdü: yubkalı şeytancığaz; tanrı cəzası; kəmağıl nihilist. Varya indiyədək bu təriflə qürur duyduğunu və qazandıqlarıyla kifayətlənmək fikrində olmadığını söyləsə də, təkəbbürü və özünə hədsiz inamı onunla çox qəddarcasına məzələndi.

Axı, niyə o bu meyxanada, ya da burda deyilən kimi yavaxanada dayanmağa razı oldu? Arabaçı, murdar oğru Mitko mızıldadı: "Hələ bir atları sulayaq, hələ bir atları sulayaq”. Aman allah indi bəs neyləyək...

Darya qaranlıq, bulaşıq otağın küncündəki kor-kobud taxta stolun arxasında oturaraq qorxudan tir-tir əsirdi. O yalnız bir dəfə, altı yaşında olarkən nənəsinin sevimli fincanını sındırdıqdan sonra divanın altına girib öz labüd cəzasını gözləyərkən belə qəmli, ümidsiz qorxu hissi keçirmişdi.

Dua etsəydi necə də yaxşı olardı. Ancaq qabaqcıl, aparıcı qadınlar dua etmirlər. Vəziyyət isə olduqca çıxılmazdır.

Deməli, belə. Yolun Peterburq – Bukareşt hissəsini çox tez və rahat başa vurdular. İki əla vaqon və on silah-sursat platforması qoşulmuş sürət qatarı Varyanı üç günə Rumıniyanın paytaxtına çatdırdı. Döyüş meydanına gedən zabitlər və hərbi məmurlar heç kimi əlindən öpməyə belə yaxın buraxmayan qonur gözlü, qısa saçlı, papiros çəkən xanımın üstündə az qala bir-birlərini öldürürdülər. Hər dayanacaqda Varyaya qucaq-qucaq gül dəstələri və çiyələk dolu səbətlər verirdilər. Gül dəstələri yöndəmsiz olduğu üçün qız onları dərhal pəncərədən tullayırdı. Bədəni qıpqırmızı səpdiyinə görəsə tezliklə çiyələkdən də imtina etmək lazım gəldi. Kavalerlərin hamısı ağıl və düşüncə sarıdan əsl infuzori[1] olsalar da, səfər çox şən və maraqlı keçirdi. Düzdür, Lamartini oxuyan, hətta Şopenhauer haqqında da eşitmiş bir kornet[2] başqalarına baxanda onunla daha incə rəftar eləsə də, daha çox lütfükarlıq göstərsə də, Varya nişanlısının yanına getdiyini yoldaşcasına ona izah edəndən sonra o özünü intizamlı aparmağa başladı. Belə baxanda o qədər də pis deyildi, hətta Lermantova oxşayırdı. Nəsə, allah işin avand eləsin , özü bilər, allahı bilər.

Səyahətin ikinci mərhələsi çox rahat keçdi. Bukaşetdən Turna-Mequrelə dilicans gedirdi. Çox silkələnsələr, xeyli toz-torpaq udsalar da, əvəzində yolun kələyini də kəsdilər. İndi mənzil başına lap az qalıb. Deyilənə görə Dunay ordusunun əsas mənzil-qərərgahı çayın o biri sahilində, Çareviçdədir.

Artıq Peterburqda tərtib edilmiş Planın (Varya özü bunu məhz böyük həriflə Plan adlandırmışdı) ən vacib və məsuliyyətli hissəsini başa vurmaq qalıb. O dünən axşam qaranlıq çökəndə Zimnitsadan bir az yuxarıdan qayıqla Dunayın o biri üzünə üzdü. İki həftə bundan əvvəl general Draqomirovun qəhrəman 14-cü diviziyası da rəqibin möhkəm müdafiə səddini qəfil həmləylə məhz həmin yerdən yarıb keçmişdi. Türk əraziləri, döyüş zonası burdan başladığı üçün bu çox təhlükəliydi, hər an ələ keçmək olardı. Yol-iriz kazak patrullarıyla doluydu, bir balaca sayıqlığnı itirsən bütün zəhmətin hədər gedəcək, dəhal tutub geriyə - Bukareştə qaytaracaqlar. Ancaq Varya diribaş və fərasətli qız idi, bunu əvvəlcədən ölçüb-biçmiş, lazımi tədbir görmüşdü.

Dunayın cənub sahilində yerləşən bolqar kəndində karvansaray olması lap yerinə düşdü. Sonrası bir az da yaxşı gəldi: karvansarayın sahibu rusca başa düşürdü. O vur-tut beş manatın müqabilində Varyaya etibarlı bir bələdçi qoşmağa boyun oldu. Varya şalvar kimi enli tuman, köynək, çəkmə, qolsuz gödəkçə və əndrabadi bir yun papaq aldı, əyin-başını büsbütün dəyişərək bir göz qırpımındaca nərmə-nazik Avropa xanımından arıq bolqar yeniyetməsinə çevrildi. Belə birisi heç bir post-patrul məntəqəsində şübhə oyatmazdı. Çareviçə şimaldan yox, cənubdan girmək üçün qəsddən dolanbac yolla getməyi qərara aldı. Petya Yablokov, Varin... orda, baş ordu qərərgahındaydı. Əslində heç onun kim olduğu da dəqiq bəlli deyildi. Nişanlımı? Yoldaşmı? Ərmi? Belə deyək: keçmiş ər və gələcək adaxlı. Həm də təbii ki, yoldaş.

Hələ hava işıqlanmamış cırıltılı, kələ-kötür, yöndəmsiz karuçayla (rumın arabası) yola düşdülər.

Ara vermədən tənbəki çeynəyən və saqqız kimi dartılıb uzanan qəhvəyi bəlğəmlə yola tüpürən ( hər dəfə də Varyanin əti ürpəşirdi) boz bığlı bələdçi Mitka əvvəl-əvvəl nəsə ekzotik bir balkan mahnısı oxusa da sonra susdu və dərin fikrə getdi – indi məlum oldu ki, nə barədə.

Öldürə də bilər, deyə Varya diksinərək fikirləşdi. Ya da daha pis bir şey. Özü də çox asanlıqla – bu soxasoxda kim bunu araşdıracaq ki?! Belələri haqqında düşünməliydilər, nədi onlar, başıpozuqlar.

Ancaq qətlsiz də elə çox pis oldu. Xain Mitka yol yoldaşını daha çox yavaxanaya oxşayan meyxanaya apardı, stolun arxasında oturtdu, özüsə indi qayıdacağına işarə edərək qapıya tərəf döndü. Bu çirkli, qaranlıq və üfunət dolu mağarada qalmaq istəməyən Varya onun arxsınca şığıdı. Ancaq Mitka dedi ki, mütləq çölə çlxmalıdır, çünki fizioloji ehtiyaclarını ödəmək lazımdır. Varyanın onun dediklərini başa düşmədiyini görüb, əl-qoluyla izah edəndən sonra qız məyus halda öz yerinə qayıtdı.

Fizioloji ehtiyacların ödənilməsi həddindən artıq uzun çəkdi. Varya bir az dadsız və duzlu pendir yedi, bir-iki qurtum turşumuş çaxır içdi, sonrasa meyxananın əcaib müştərilərinin onun personasına göstərdikləri aşırı diqqətə dözməyib həyətə çıxdı.

Çıxdı və yerindəcə donub qaldı.

Karuçanın izi-tozu da yox idi. Ordasa bütün şey-şüyləri yığılmış çamadan. Çamadan da dərman qutusu. Dərman qutusundasa kətan tiftiklə bintin arasında pasport və bütün pullar.

Varya yola tərəf qaçmaq istədi, amma bu zaman meyxananın qırmızı köynəkli, tünd qırmızı burunlu, üzündə yekə bir ziyil olan sahibi özünü çölə ataraq acıqlı-acıqlı qışqırdı və əliylə işarə etdi ki, əvvəlcə hesabı ödə, sonra get. Varya meyxanaçıdan qorxduğu üçün geri qayıtdı. Hesabı ödəməyə bir qara qəpik də yox idi. Sakitcə bir küncdə əyləşib baş verənləri bir macəra kimi yanaşmaq istədi. Alınmadı.

Meyxanada bir nəfər də qadın yox idi. Üst-başlarından kir-pas tökülən, qıy-qışqırıqları qulaq batıran kəndçilər heç də rus mujiklərinə bənzəmirdilər. Onlar keflənməyincə özlərini sakit aparır, alçaqdan danışır, bunlarsa bərkdən anqırır, qırmızı çaxırı bardaq-bardaq hörtdədir, ağız-ağıza verib elə hey vəhşi kimi (Varyaya belə gəlirdi) qaqqıldaşırdılar. Arxadakı uzun bir stolun arxasında oturanlar zər atır, hər atışdan sonra qışqır-bağır salır, hay-həşir qopardırdılar. Bir kərə lap bərkdən söyüşdülər, saxsı küpəni it-qusdu sərxoş olan balaca birisinin başına çırpdılar. Uzun müddət stolun altına yıxılıb ağnasa da , dadına bir kimsə çatmadı.

Meyxananın sahibi başıyla Varyaya işarə edərək ağzı sulana-sulana nəsə dedi, qonşu stolun arxasında oturanlar ona tərəf çevrilərək bədxahcasına qaqqıldaşdılar. Varya büzüşərək kepkasını gözünün üstünə çəkdi. Ondan başqa heç kim meyxanada kepkayla oturmamışdı. Ancaq kepkanı çıxartmaq olmazdı, saçları dərhal üzünə dağılardı. Düzdür, saçları uzun deyildi, Varya müasir bir qadın kimi onları qısa kəsdirmişdi. Ancaq kepkasını çıxartsa zəif cinsin nümayəndəsi olması dərhal sezilər. "Zəif cins” – kişilərin uydurduğu çox iyrənc bənzətmədir. Amma, əfsus ki, həqiqətdir.

İndi hər tərəfdən hamı gözlərini Varyaya zilləmişdi. Təkcə aşıq-aşıq oynayanların Vayalıq halları yox idi. Bir stol o yandasa, bufetin qarşısındakı qoltuqaltının ağzındakı masanın arxasında burnunu çaxır küpəsinə soxan bir qarasevda oturmuşdu. Onun yalnız qırxılmış qara saçları və bir də boz rəngə çalan kicgahları görünürdü.

Varyanı vahimə bürümüşdü. "Qorxma, özünü ələ al” – deyə o öz-özünə dedi. Sən böyük, güclü qadınsan, naz-qəmzəli xanım deyilsən. Demək lazımdır ki, rus qızıyam, cəbhəyə nişanlımın yanına gedirəm. Biz Bolqarstanın xilaskarıyıq, burda hamı bizi görməkdən məmnundur. Bolqarca danışmaq asandır, sadəcə, hər ifadənin axırına bir "ta” əlavə etmək lazımdır. Rus ordusu (russkaya armiyata), gəlin (nevestata). Rus əsgərinin gəlini nevestatası. Nəsə bu cür şeylər.

O, pencərəyə tərəf çevrildi. Nə bilmək olar, bəlkə Mitka gəlib çıxdı?

Bəlkə atlara su verməyə gedib və indi də geri qayıdır? Ancaq toz-torpaqlı küçədə nə Mitko, nə də karuça gözə dəyirdi, ancaq əvəzində Varya əvvəllər diqqət yetirmədiyi bir şey gördü. Evlərin üstündən çox da hündür olmayan, üstü qopub tökülmüş bir minarə boylanır. Yəni, doğrudanmı bu bir müsəlman kəndidir. Axı, hamı bilir ki, bolqarlar xristiandır, provaslavdır. Hələ bunlar şərab da içirlər, müsəlmanlarasa, Quran bunu qadağan edir. Əgər xristian kəndidirsə, bəs bu minarə nədir? Yox, müsəlman kəndidirsə onda onlar kimin tərəfindədirlər – bizimkilərin, yoxsa türklərin? Çətin ki, bizimkilərin tərəfində olsunlar? Belə çıxır ki, ordudan (armiyatadan) kömək yoxdur.

Aman allah, bəs mən neyləyim?

Varenka Suvorova on dörd yaşındaykən ilahiyyat dərsində onun beyninə əvvəllər heç kimin yatıb yuxusuna da girməyən çox sadə və təkzibolunmaz bir fikir gəlir. Allahın əvvəl Adəmi, sonra Həvvanı yaratmağı əslində kişilərin üstünlüyünə yox, qadınların mükəmməlliyinə dəlalət eləyən amildir. Kişi insanın sınaq örnəyi, qadınsa düzəlişlər edilərək təkmilləşdirilmiş son variantıdır. Axı, gün kimi aydın bir şeydir! Ancaq nədənsə əsl həyat, onun ən maraqlı tərəfi kişilərə məxsusdur. Qadınlarsa elə hey doğur və əllərində iynə-sap nəsə tikirlər, doğur və tikirlər. Bu ədalətsizliyin yalnız bir səbəbi var: kişilərin güclü olmağı. Ona görə də güclü olmaq lazımdır.

Bundan sonr Varenka qərara gəldi ki, daha başqa cür yaşayacaq. Budur, artıq Amerika ştatlarında Meri Ceykobi adlı ilk qadın həkim, Antuanetta Blekvell adlı ilk qadın keşiş var, Rusiydasa cəhalət, avamlıq və evdarlıq. Eybi yox, bir az da vaxt verin.

Gimnaziyanı qurtandan sonra Amerika Ştatları sayaq müstəqillik uğrunda qalibiyyət müharibəsi apararaq (atası, vəkil Suvorovun damarı böş çıxdı) mamaçalıq kursuna qəbul olundu və bununlada "Allah cəzası”ndan qurtulub "kəmağıl nihilist”ə çevrildi.

Kursda işləri düz gətirmədi. İnsan övladının yaranışı prosesində bir çox şeylər ona qeyri-adi və inanılmaz görünsə də, məsələnin nəzəri hissəsiylə bağlı bir çətinliyi olmadı, hər şeyi asanlıqla mənimsədi. Ancaq həqiqi doğuşda iştirak eləməyə başlayanda bərk sarsıntı keçirdi. Doğan qadının dəhşətli ağrılardan qopan ah-naləsinə və paramparça olmuş qanlı bətndən çıxan yastı körpə başının qorxunc görünüşündən huşunu itirib yıxılan Varyanın bundan sonra teleqraf kursuna getməkdən başqa çarəsi qalmadı. İlk rus teleqrafçı qadınlardan biri olmaq əvvəl-əvvəl çox yaxşı və cəlbediciydi – onun haqqında hətta "Peterburqskie vedomostii”də də yazmışdılar (28 noyabr 1975-ci il sayı, "Çoxdan lazım idi” məqaləsi), ancaq bir müddətdən sonra bu iş ona dəhşətli dərəcədə cansıxıcı və perspektivsiz göründü.

Bundan sonra Varya boş-boş gəzib dolanmaq yox, kəndli uşaqlarına dərs demək üçün Tambovdakı mülklərinə yollandı. Bu iş valideynlərinin də ürəyincə oldu. Elə orda da təzə, şam yonqarının ətri gələn məktəbdə Peterburqlu tələbə Petya Yablokovla tanış oldu. Petya hesabdan, coğrafiyadan, təbiət elmlərinin əsaslarından, Varya isə bütün digər fənlərdən dərs deyirdi. Kəndlilər məktəbin onlara nə maddi, nə də hər hansı başqa bir xeyir gətirməyəcəyini çox tez anladılar və uşaqları dərsə buraxmadılar ( avaralanmaq yox, işləmək lazımdır). Ancaq bu müddət ərzində Varyayla Petyanın beynində azad, müasir, qarşılıqlı hörmətə və vəzifələrin optimal bölgüsünə əsaslanan sonrakı həyatın planı qurulmuşdu.

Valideyinlərdən alçaldıcı asılılığa son qoyuldu. Vıborskidə mənzil kirayələdilər. İçində siçanlar oynasa da, hər halda üç otağı var idi. Vera Pavlovnayla Lopuxov[3] kimi hərə öz ərazisində yaşayırdı. Üçüncü otaqsa oturub söhbətləşmək və qonaq qəbul eləməkdən ötrüydü. Onları ər-arvad adlandırsalar da, yalnız və yalnız dost kimi yaşayırdılar: axşamlar kitab oxuyur, çay içir və qonaq otağında söhbətləşir və bir-birlərinə "gecən xeyrə qalsın” deyib öz otaqlarına gedirdilər. Bu cür canı-dildən, dava -şavasız, demək olar ki, bir il yaşadılar. Petya universitetə gedir və dərs deyir, stenoqrafistliyi öyrənmiş Varyasa ayda yüz manat pul qazanırdı. Məhkəmə iclaslarının protokolunu, Varşavanın fatehi olmuş ağlını itirmiş generalın xatirələrini yazırdı. Sonra dostlarının zəmanətiylə Böyük Yazıçının (adını yazmayaq, çünki bu işin axırı pus qurtardı) romanının cteneqramını yazmaq şərəfinə nail oldu. Varya Böyük Yazıçıya iltifat göstərərək ondan pul almadı, çünki oxuduğundan çox xoşbəxt və məmnun olmuşdu. Ancaq bu ağıl dəryası qızın hərəkətini yanlış başa düşdü. O çox qocaydı, altı onilliyi geridə qoymuşdu, böyük ailənin yükünü çəkməkdən tamam üzülmüşdü, üstəlik də olduqca eybəcər idi. Ancaq elə bəlağətli və inandırıcı danışır ki, mübahisə etmək mümkün deyildi: həqiqətən də məsumluq çox gülünc bir mövhumatdır, burjua mənəviyyatı iyrəncdir, insan təbiətində utancverici heç bir şey yoxdur. Varya onu dinləyir, sonra da vəzifə borcu kimi saatlarla Petruşayla nə etmək barədə məsləhətləşirdi. Petruşa ismət və riyakarlığın qadına vurulan qandal olmasıyla razılaşdı, ancaq Böyük Yazıçıyla fizioloji münasibətlərə girməyi qətiyyən məsləhət görmədi. Coşub özündən çıxaraq sübut etdi ki, keçmiş xidmətləri olmasına baxmayaraq o heç də böyük-zad deyil, öncül insanlar onu mühafizəkar hesab edirlər. Artıq yuxarıda deyilən kimi bu işin axırı pis qurtardı. Böyük Yazıçı bir dəfə olduqca təsirli bir səhnəni (Varya bunu göz yaşları içində yazırdı) diqtə edərkən qəfil sözünə ara verib bərkdən tövşüdü, fınxırdı və kobudcasına bu xurmayı saçlı stenoqrafçının çiyinlərindən yapışıb onu divana sürüdü. Bir müddət onun anlaşılmaz pıçıltılarına, paltarlarının düymələrində və qarmaqlarında dolaşıb qalmış barmaqlarının təmasına dözən qız birdən aydın şəkildə başa düşdü ki, hətta başa düşmədi, hiss elədi ki, bütün bunlar düz deyil və belə bir şey heç cür baş verə bilməz. O, Böyük Yazıçını geri itələdi, qaçıb aradan çıxdı və bir daha geri qayıtmadı.

Bu əhvalat Petyaya pis təsir elədi. Mart ayı idi, yaz erkən gəlmiş, Nevadan genişlik və yumşalıb paralanmış buz qoxusu gəlirdi. Və Petya ultimatum verdi: artıq belə davam edə bilməz, onlar bir-birlərindən ötrü yaranıblar, münasibətləri zamanın sınağındın çıxıb. Hər ikisi canlı insandır, təbiətin qanunlarını pozmaq olmaz. Əlbəttə, o, kəbinsiz-zadsız da cismani sevgiylə razılaşardı, ancaq qanun-qaydayla evlənmək daha yaxşıdır, adamın canı bir çox əngəllərdən xilas olar. Birdən söhbətin axarın dəyişdi və bundan sonra ancaq bir məsələ müzakirə mövsusu oldu: hansı nikahla yaşamalı – vətəndaş, yoxsa kilsə? Mübahisə aprelə qədər uzandı, apreldəsə slavyan qardaşların azad edilməsi uğrunda çoxdan gözlənilən müharibə başladı. Və Pyotr Yablokov da intizamlı bir insan kimi könüllü olaraq cıbhəyə yollandı. Yola düşmək ərəfəsində Varya ona iki şey boyun oldu: tezliklə ona konkret cavab verəcək və onlar mütləq bir yerdə vuruşacaqlar. Sonuncuya özü bir çarə qılacaq.

Və qıldı. Dərhal olmasa da, hər halda düşünüb bir şey tapdı. Müvəqqəti hərbi qospitala və ya səyyar xəstəxanaya şəfqət bacısı düzəlmək alınmadı – yarımçıq mamaçalıq kursunu nəzərə almadılar. Döyüşən orduya qadın stenoqrafçılar götürülmürdü. Varya büsbütün ümidsizliyə qapıldığı vaxt Rumıniyadan məktub gəldi: Petya yastıpəncə olduğu üçün piyada qoşununa buraxılmadığından şikayətlənirdi. Onu baş komandirin, böyük knyaz Nikolay Nikolayeviçin qərargahında saxlayıblar. Çünki könüllü Yablokov riyaziyyatçıydı, ordudasa tam şifrəçi qıtlığı hökm sürürdü.

Hə, deməli, ordunun baş mənzilində bir işə girmək, dar ayaqda arxa cəbhənin qarmaqarışıqlığında it-bat olmaq o qədər də çətin deyildi. Və Varya yubanmadan birinci iki mərhələsi olduqca yaxşı, üçüncü mərhələsisə fəlakətlə bitən Plan qurdu.

Artıq işin sonu yaxınlaşırdı. Meyxananın əynindəki qırmızı köynəklə cəlladın edam kötüyünə oxşayan qırmızıburun sahibi dodağının altında nəsə donquldandı, əlini boz dəsmala silərək səndələyə-səndələyə Varyaya tərəf getdi. Qızın ağzı qurudu, ürəyi azacıq bulandı. Bəlkə, özümü lal-karlığa vurum?

Üzü o yana oturmuş qarasevda yavaş-yavaş ayağa durdu, Varyanın stoluna yaxınlaşıb onunla üzbəüz oturdu. Qız qarşısında solğun, donuq, mavi gözlü, nazik bığlı, ağarmış gicgahlarına rəğmən çox cavan, demək olar ki, uşaq sifətli bir adam gördü. Onun qəribə, digər kəndlilərdən tam fərqli üzü var idi. Hərçənd, gödəkçəsi bir az təzə, köynəyi təmiz olsa da, elə onlar kimi geyinmişdi.

Mavi gözlü oğlan stola tərəf gələn meyxana sahibinə heç gözünün ucuyla da baxmadı, sadəcə saymazyana halda əlini yellədi və qorxulu cəllad dərhal piştaxtanın arxasına doğru geri çəkildi. Ancaq bununla Varyanın həyəcanı keçmədi. Əksinə, ən dəhşətlisi elə indicə başlayacaq.

O, alnını qırışdıraraq özünü yad bir nitqə qulaq asmağa hazırladı. Yaxşısı danışmamaqdlr, başını bulasa, ora-bura yellətsə kifayətdir. Ancaq bolqarlarda tərsinədir: başını bulamaq "yox”, yellətmək "hə” deməkdir.

Fəqət, mavigözlü heç nə soruşmadı. Kefsiz halda içini çəkdi və təmiz rus dilində dedi:

-Eh, mademuazel, nişanlını evdə oturub gözləmək daha yaxşıydı. Bu sizinçün Mayn Ridin romanları deyil. Hər şey çox pis qurtara bilər.

İkinci fəsil

Çoxlu maraqlı kişilər peyda olurlar

"Russkiy invalid” (Sankt-Peterburq),

2(14) iyul 1877-ci il.

"...Portayla Serbiya arasında sülh bağlandıqdan sonra cəsur general Çernyayevin başçılığı altında könüllü xidmət göstərən bir çox slavyan patriotları, rus torpağının igid pəhləvanları Xilaskar Çarın çağırışıyla öz həyatlarını riskə qoyaraq vəhşi dağlardan, sıx, qaranlıq meşələrdən keçib pravoslav qoşunlarıyla birləşmək və öz müqəddəs əsgər şücaətlərini çoxdan gözlənilən qələbəylə başa çatdırmaq üçün bolqar torpaqlarına can atırlar”.

Deyilən sözlərin mahiyyəti Varyaya dərhal çatmadı. O əvvəlcə qeyri-ixtiyari başını buladı, sonra yellədi və yalnız bundan sonra key kimi ağzını ayırdı.

-Təəcüblənməyin, – deyə qəribə kəndli darıxdırıcı bir səslə dilləndi. – Sizin q-qız olmağınız dərhal görünür. Bax, hörüyünüz şapkanın altından çıxıb. Bu bir. (Varya onu ələ verən xain saçlarını oğrun-oğrun yığmağa başladı). Rus olmağınız da aydın görünür: dik burun, böyük ruslara xas yanaqlar, xurmayı saçlar, ən ə-əsasısa dərinizi gün vurub qaraltmayıb. Bu iki. O ki qaldı adaxlı söhbətinə, hər şey aydındır. Gizli s-soxulursuuz, guya ki, xüsusi bir maraq-zad var. Siz yaşda qızın döyüşən orduda hansı xüsusi marağı ola bilər? Yalnız romantik. Bu üç. İ-indisə dörd: Sizi bura gətirib sonra yox olan o bığlı bələdçiniz idi? Pullarınız da, əlbəttə ki, şey-şüylərin içindəydi. Səfehlikdir. Adam bütün vacib şeylərini üstündə gəzdirər. Sizin adınız nədir?

-Suvorova Varya. Varvara Andreyevna, - deyə Varya qorxa-qorxa pıçıldadı.- Siz kimsiniz? Hardansınız?

-Erast Petroviç Fandorin. Serb könüllüsü. T-türk əsirliyindən qayıdıram.

-Allaha şükür, Varya elə bildi ki, onu qara basır. Serb könüllüsü! Türk əsirliyi! O, hörmət və ehtiramla oğlanın ağarmış gicgahlarına baxdı, hələ üstəlik, barmağıyla kobudcasına həmin yeri göstərib soruşdu:

-Sizə orda belə ağır işgəncə veriblər? Mən türk əsirliyi barədə oxumuşam. Görünür, kəkələmək də onunla bağlıdır.

Erast Petroviç Fandorin qaşqabağını salladı və candərdi dilləndi:

-Məni heç kimi incitməyib. Səhərdən axşama kimi kofe veriblər, mənmlə yalnız fransızca söhbət ediblər. Vidin kaymakamının qonağı kimi yaşamışam.

-Kimin? – başa düşmədim.

-Vidin Rumıniya sərhəddində şəhərdir. Kaymakam da qubernator deməkdir. K-kəkələməyə gəlincə, bu çoxdan aldığım kontuziyaya görədir.

-Qaçmısınız, eləmi? – deyə qız həsədlə dedi. – Döyüşmək üçün cəbhəyə gedirsiniz?

-Yox, bəs deyincə döyüşmüşəm.

Bu sözlər Varyanın xoşuna gəlməyə bilərdi. Odur ki, könüllü hər ehtimala qarşı öz fikirlərini davam etdirməyi lazım bildi:

-Varya Andreyevna, müharibə dəhşətli dərəcədə murdar bir şeydir. Orda haqlı-haqsız y-yoxdur. Yaxşı, ya pissə hər iki tərəfdə var. Ancaq yaxşıları, adətən, birinci öldürürlər.

-Onda bəs niyə könüllü olaraq Serbiyaya getdiniz? – deyə qız tələsik soruşdu. –Axı sizi heç kim buna məcbur eləmirdi.

-Öz xudbin maraqlarım ucbatından. Xəstəydim, müalicə olunmaq istəyirdim.

-Məgər müharibədə adamı müalicə edirlər?

-Hə. Başqasının ağrıları öz ağrılarını yüngülləşdirməyə kömək edir. Mən Çernyayevin ordusu darmadağın edilməyə iki həftə qalmış cəbhəyə gəldim. Sonrasa bəs deyincə dağda-daşda dolaşdım, xeyli atışdım. Allaha şükür ki, atdığım g-güllələr heç kimə dəymədi.

"Ya özünü gözə soxur, ya da sadəcə abırsızın biridir” - deyə Varya acı-acı fikirləşdi və əsəbi halda dedi:

-Eləsə, davanın axırına kimi oturardın öz məqamında. Niyə qaçırdın?

-Mən qaçmamışam.Yusif paşa özü məni buraxdı.

-Bəs, Bolqarıstana niyə gəldiniz?

-İşim var, - deyə Fandorin qısa cavab verdi. – Siz indi hara gedirsiniz?

-Çareviçə, baş komandanın qərərgahına. Bəs siz?

-Belaya. Deyilənə görə əlahəzrətin düşərgəsi ordadır. – Könüllü susdu, narazı halda nazik qaşlarını oynatdı və nəfəsini dərdi. - Ancaq baş komandanın yanına da gedə bilərəm.

-Doğrudan? – Varya sevindi. – Oy, gəl birlikdə gedək, hə? Heç bilmirəm ki, sizinlə rastlaşmasaydım neyləyərdim.

-B-boş şeydir. Meyxana sahibinə deyərdin ki, səni yaxınlıqdakı rus bölmələrinin birinə aparsın, vəssalam.

-Deyərdin ki? Bu yavaxananın sahibinə? – deyə Varya qorxa-qorxa soruşdu.

-Bura yavaxana deyil, meyxanadır.

-Olsun, meyxana. Kənd, deyəsən, müsəlman kəndidir, axı?

-Hə, müsəlman kəndidir.

-Onda onlar məni türklərə təhvil verərdilər.

-Varvara Andreyevna, xətrinizə dəyməsin, siz türk üçün cüzi də olsa maraq kəsb etmirsiniz. Ancaq adaxlınız sizdən ötrü ona mütləq yaxşı bir mükafat verərdi.

-Yox, yaxşısı budur, mən sizinlə gedim, - deyə Varya yalvardlı. –xahiş edirəm!

-Mənim vur-tut bir yabım var, o da çox arıqdır. Beləsinə iki nəfər minə bilməz. P-pul da cəmi üç q-quruşdur. Çaxıra və pendirə ancaq çatar... Bir dənə də at, heç olmasa eşşək lazımdır. Busa ən azı yüz quruş edir.

Varyanın təzə tanışı susdu və nəsə mızıldanaraq, zər atanlara tərəf baxdı. Yenidən ağır nəfəs aldı.

-Siz burda oturun, mən indi gəlirəm.

O yavaş-yavaş oyunçulara yaxınlaşdı, təxminən beş dəqiqə stolun yanında dayandı. Sonra nəsə dedi (Varya eşitmədi), o saat hamısı birdən zər atmağı saxlaylb ona tərəf çevrildi. Fandorin Varyanı göstərdi və qız üzünə dikilmiş baxışların altında oturduğu yerdə qurdalanmağa başladı. Sonra hamısı səs-səsə verib açıq-aşkar ədəbsiz, Varya üçünsə təhqiramiz şəkildə qaqqıldaşmağa başladı. Ancaq Fandorin xanımın şərəf və ləyaqətini qorumaq barədə heç düşünmədi də. Bunun əvəzinə hansısa kök və bığlı birisinin əllərini sıxıb oturacağa əyləşdi. Ordakılar sıxlaşıb Fandorinə yer verdi, stolun ətrafna bir yığın adam toplaşdı.

Deməli, könüllü oyuna girib. Ancaq hansı pulla? Üç quruşla? Bir at udmaq üçün uzun müddət oynamaq lazım gələcək. Varya tanımadığı bir adama inandığı üçün çox narahat oldu. Qəribə görünüşü, qəribə danışığı, qəribə davranışı olan birisi... Digər tərəfdən baxanda qınamalı da deyil. Məgər onun başqa seçim imkanı var idi?

Stolun ətrafında dövrə vurmuş ağzıayrıqlar qışqırışdılar – zəri kök oyunçu atırdı. Sonra yumşaq taqqıltı eşidildi və qulaq batıran nəriltidən divarlar titrədi.

-Ş-şeşqoşa, - Fandorin sakitcə dedi və ayağa durdu. – Marqareto[4] hardadır?

Kök oyunçu da yerindən qalxdı, könüllünün qollarından yapışdı, ümidsiz halda gözlərini dombaldaraq tez-tez nəsə söylədi.

O elə hey təkrar-təkrar deyirdi:

-Oşte vetnaj, oşte vetnaj![5]

Fandorin ona qulaq asdı və qəti şəkildə başını buladı, ancaq onun nəzakətlə başını üstən aşağı-yuxarı bulaması nəyə görəsə uduzan adamın xoşuna gəlmədi. O əvvəlkindən daha bərk anqıraraq əl-qolunu oynatdı. Fandorin daha qətiyyətlə başını buladı və bu zaman Varyanın yadına düşdü ki, baş bulamaq bolqarca "yox” deməkdir.

Belədə bəxtsiz oyunçu sözdən işə keçməyi qərara aldı – əlini geri qarıyaraq qolaylandı və ağzıayrıqların hərəsi bir kənara tullandı, ancaq Erast Petroviç yerindən tərpənmədi, sadəcə sağ əli sanki təsadüfən cibinə girdi. Onun bu jesti, demək olar, gözə çarpmasa da kök adama sehrli təsir göstərdi. O dərhal bürüşdü, hıçqırdı və dodağının altında acı-acı nəsə donquldadı. Bu dəfə Fandorin başını yellədi və onların yanında dayanmış meyxana sahibinin üstünə bir cüt dəmir pul atıb Varyanın üzünə belə baxmadan qapıya tərəf getdi. Ancaq Varyaya dəvət lazım deyildi – özü cəld yerindən qalxaraq xilaskarını yanladı.

-Qıraqdan ikinci, deyə Erast Petroviç artırmada dayanaraq dalğın halda gözlərini qıydı.

Varya onun baxdığı istiqamətə boylanaraq axurda cərgəylə bağlanmış və xarta-xart ot yeyən at, eşşək və qatırları gördü.

-Bax, bu da sənin b-buçefalın[6], - deyə könüllü boz eşşəyi göstərib dedi. –Çirkindi, amma əvəzində çox hündürdən yıxılmayacaqsan.

-Siz onu udmusuz, nədir? – Varya soruşdu. Fandorin boz madyanın çatısını aça-aça dinməcə başını tərpətdi.

O, yol yoldaşının taxta yəhərin üstündə oturmasına kömək edərək, cəld öz yabısının üstünə tullandı və onlar kəndin günorta günəşinin şüaları altında bərq vuran küçəsiylə yola düzəldilər.

-Çareviç çox uzaqdadır? – deyə özünün qulağı xovlu nəqliyyat vasitəsinin addımlarının hərəkətinə uyğun olaraq silkələnən Varya soruşdu.

-Əgər a-azmasaq, gecə çatarıq – atlı yuxarıdan əzəmətlə dilləndi. "Əsirlikdə təmiz türkləşib” –deyə Varya əsəbi şəkildə düşündü. Atın belinə qadını mindirə bilərdi də. Tipik kişi narsisizmidir. Tovuzquşu! Yaşılbaş! Təki bozbaş ördəyin qarşısında şellənsin. Allah bilir, kimə oxşayır, hələ bir Qəmli Obrazlı Zadəganın[7] yanında Sanço Pansu oyunu da oynayır.

-Cibinizdəki nədir? – deyə Varya bayaqkı davanı xatırladı – Tapança, hə?

Fandorin təəccübləndi.

-Hansı cibimdə? Ah, c-cibimdə. Təəssüf ki, yox.

-Birdən o qorxmsaydı?

-Qorxmayan adamla heç vaxt oturub oynamzdım.

-Necə oldu ki, elə bir dəfə atmaqla eşşək uddun? –deyə Varya maraqlandı. – Doğrudanmı, həmin adam üç quruşa qarşı eşşəyi qoydu?

-Əlbəttə, yox.

-Bəs siz nə qoymuşdunuz?

-Sizi? –deyə Fandorin saktcə dedi. -Eşşəyə qarşı qız – bu çox əlverişli stavkaydı. Varvara Andreyevna, hər halda ü-üzrlü sayın, başqa çıxış yolu yox idi.

-Bağışlamaq?! – Varya yəhərin üstündə necə yırğalandısa, az qala yolunu dəyişəcəkdi. – Birdən uduzaydınız?!

-Varvara Andreyevna, mənim çox qəribə bir xasiyyətim var. Qumar oyunlarından z-zəndi-zəhləm gedir, ancaq birdən oynamaq lazım gələndə mütləq uduram. Les caprices de la f-fortune[8]. Mən azadlığımı da Vidin paşasından nərddə udmuşam.

Varya bu qeyri-ciddi sözlərin qarşısında nə deyəcəyini bilmədi və qəti qərara gəldi ki, çox bərk incisin. Ona görə də bundan sonra kəlmə də kəsmədilər.

Əsl işgəncə aləti olan taxta yəhər Varyanı təmiz əldən salsa da, o, ağırlıq mərkəzini tez-tez dəyişməklə buna birtəhər tab gətirirdi.

-Ağrıdır? – deyə Fandorin soruşdu. – İstəyirsən gödəkçəmi at altına?

Varya cavab vermədi. Birincisi bunu çox da abırlı təklif saymadığına, ikincisisə də prinsipə görə.

Yol o qədər də hündür olmayan ormanlı təpələri bir xeyli dolandıqdan sonra düzənliyə çıxdı. Bütün bu müddət ərzində yolçuların bir kimsəylə qarşılaşmamaları narahatlıq doğurmağa başladı. Varya bir neçə dəfə altdan-altdan Fandorinə çəpəki nəzər salsa da, bu malbaş təmkinini tam qoruyub saxlayır və söhbət eləməyə heç bir cəhd göstərmirdi.

Bəs, Çareviçdə bu geyim-kecimdə peyda olanda necə görünəcək?! Tutalım, Petya üçün fərqi yoxdur, istəyirsən lap əynində həsir torba olsun, bilən deyil. Ancaq ora xeyli nüfuzlu insanların olduğu qərargahdı, axı. Bu cür süleysin günündə görünmək... Varya şapkasını çıxartdı, əlini saçlarına çəkdi və təmiz dilxor oldu. Başının tükü onsuz da fərli deyildi. Adına sarışın deyilən tutqun, siçan rənginə çalan saçları son maskaraddan sonra pırtlaşıb yaprıxaraq lap baxımsız hala düşmüşdü. Axırıncı dəfə səfərə çıxdığı üçüncü gündə Bukareştdə yuyulub. Yox, yaxşısı budur şapkasını başına qoysun. Şalvarı gülünc, təhqiramiz pantolonlar və alt ətəklərlə mübarizə aparan ingilis sufrajistlərinin geyindiyi məşhur "blumer”ləri xatırladırdı. Əgər "Hərəmxanadan oğurluq”dakı[9] kimi enli bir qırmızı kəmər də belini tutsaydı (keçən payız Petyayla Marinkada baxmışdılar) çox gözəl olardı.

Qəflətən Varvara Andreyevnanın düşüncələri çox kobud şəkildə kəsildi. Könüllü aşağı əyilərək eşşəyin noxtasından yapışdı, sarsaq heyvan necə qəfil dayandısa, Varya qz qala palazqulaq başın ütündən uçub yerə düşəcəkdi.

-Nədi, dəli olmusan?!

-Nədi, nə deyil, bilmirəm, tez ağzını yum və dinmə, - deyə Fandorin düz qabağa tərəf harasa boylanaraq çox ciddi tərzdə dedi.

Varya başını yuxarı qaldıran kimi qarşıda toz-dumana bürünmüş təxminən iyirmi nəfərlik atlı dəstəsinin pərakəndə şəkildə onlara tərəf gəldiyini gördü. Tüklü papaqların, patrondaş, qoşqu və silahların üstündə parıldayan ulduzcuqlar görünürdü. Süvarilərdən biri qabaqda gedirdi. Varya onun papağına dolanmış yaşıl parçaya nəzər saldı.

-Bunlar kimdir, başıpozuqlardı? – deyə Varya səsi əsə-əsə bərkdən soruşdu. – İndi bəs neyləyək? Təmiz batdıq? Onlar bizi öldürəcəklər?

-Əgər dilinizi saxlasanız, çətin ki, - deyə Fandorin sözlərinə o qədər də əmin olmadan dedi. –Sizin qəfil danışmağınız heç yerinə düşmədi.

O artıq kəkələmirdi, busa Varyanı lap özündən çıxardırdı.

Erast Petroviç yenidən eşşəyin noxtasından tutaraq yolun kənarına çəkildi və Varyanın şapkasını düz onun gözünün üstünə çəkərək pıçıldadı:

-Ayağının altına bax, cınqırınızı da çıxartmayın.

Ancaq qız özünü saxlaya bilmədi – altdan-altdan artıq iki ildir ki, qəzetlərin yazdığı məşhur başkəsənlərə nəzər saldı.

Qabaqda gedənin (yəqin ki, bəydir) qırmızı saqqalı, cırıq və çirkli beşmeti, amma gümüş silahı var idi. O heç gözünün ucuyla da olsa, bu fağır kəndlilərə tərəf baxmadan onların yanından ötüb keçdi. Ancaq quldurları başqa cür davrandı. Bir neçə atlı bir-biriylə nə barədəsə boğuq səslə danışa-danışa Varyayla Fandorinin yanında dayandı. Başıpozuqların bədən quruluşu eləydi ki, Varvara Alekseyevna gözlərini yummaq istədi – bu sir-sifətdə insanın mövcudluğu onun heç ağlına da gəlməzdi. Qəflətən bu idbar sir-sifətlərin arasında üzü adam üzünə oxşayan bir sifət gördü. Bir gözü qançır olub şişmiş, solub-saralmış bu adam tam nisgil tökülən qəhvəyi rəngli ikinci gözüylə düz ona tərəf baxırdı.

Quldurların arasında atın üstündə dalı qabağa, tərsinə oturdulmuş, əynində toz –torpağa bulaşmış cırıq mundir olan bir rus zabiti də var idi. Onun əlləri burulub arxasına bağlanmış, boğazından nə üçünsə boş qılınc qını asılmış, ağzının qırağısa laxtalanmış qanla örtülmüşdü. Varya qışqırmamaq üçün dodaqlarını dişlədi, əsirin baxışlarından oxunan ümidsiz durumuna ürəyi tab gətirmədiyinə görə gözlərini aşağı dikdi. Ancaq süvarilərdən birinin yəhərinin oxuna keçirilmiş sarı saçlı, uzun bığlı bir insan kəlləsini görəndə qurumuş boğazından çıxan qışqırtının, daha doğrusu, isterik hıçqırtının qarşısın ala bilmədi. Fandorin dirsəyiylə Varyanı möhkəm sıxıb türkcə qısa şəkildə nəsə dedi – qız "Yusuf paşa” və "kay-makam” kəlmələrini başa düşdü, - ancaq bu, quldurlara heç bir təsir göstərmədi. Şiş saqqallı, yekə, əyri bığlı birisi Fandorinin atının üst dodağını qaldıraraq onun uzun, çürük dişlərini çöldə qoydu. Etinasız halda tüpürdü və ətrafındakıların gülüşünə səbəb olan nəsə dedi. Sonra yabını qamçıladı, at hürkmüş halda kənara tullandı və dərhal düzənsiz halda yortmağa başladı. Varya təhlükənin hələ də tam sovuşmadığından qorxuya düşərək ayaqqabısının dabanıyla eşşəyin şişkin belini döyəcləyərək yabının arxasınca tələsdi. Ətrafdakı hər şey qızın gözünə ala-bula görünür, gözləri əzabla yumulmuş , ağzının qırağında qan laxtalanmış dəhşətli insan kəlləsi ona rahatlıq vermirdi. Beynində "başkəsənlər baş kəsən adamlardır” kimi mənasız və sərsəm fikirlər dolaşırdı.

-Lütfən, özünü ələ al, - deyə Fandorin astadan dilləndi. – Onlar qayıda bilərlər.

-Elə bil ağzı fal imiş. Heç bir dəqiqə keçməmiş. Arxadan at ayaqlarının tappıltısı eşidildi.

Erast Petroviç geriyə boylandı və pıçıltıyla dedi:

-Heç yerə dönmə, i-irəli.

Ancaq Varya geriyə baxmaqdan özünü saxlaya bilmədi. Kaş bunu etməyəydi. Başıpozuqlardan iki yüz addım aralanmışdılar ki, yəhərinin oxuna kəsilmiş adam başı keçirilmiş atlı arxaya çevrilib onlara tərəf çapdı. Dəhşətli qənimət yəhərin üstündə sanki öz-özünə atdanıb düşürdü.

Varya ümidsiz halda yol-yoldaşına baxdı. Osa sanki həmişəki soyuqqanlılığını itirmişdi – başını yuxarı qaldırıb əsəbi halda yekə mis mehtərədən su içirdi.

Lənətə gəlmiş ulaq nazlana-nazlana ayağının birini götürüb o birini qoyur, heç cür addımlarını yeyinlətmək istəmirdi. Bir dəqiqə keçər-keçməz süvari silahsız yolçulara çatıb öz qızmış kəhər atını onların qarşısında şahə qaldırdı. Atlı aşağı əyilərək Varyanın şapkasını başından çıxartdı və qızın sarışın saçları üz-gözünə dağılan kimi vəhşi bir qəhqəhə çəkdi.

-Qoqo! – deyə o, dişlərini ağardaraq qışqırdı. Qəmgin halda özünü toplayan Erast Petroviç sol əliylə süvarinin tüklü papağını başından dartıb çıxarddı və ağır mehtərəni onun qırxıq ənginə ilişdirdi. Mehtərə loqquldadı, ətrafa ətürpədici-nəm bir səs yayıldı və başıpozuq tozun içinə aşdı.

-Qoy, eşşək cəhənnəm olsun! Əlini ver. Tez yəhərin üstünə. Var gücünlə çap. Geriyə baxma, - deyə Fandorin yenə də kəkələmədən kəlmələri tez-tez və aydın şəkildə bir-birinin ardınca düzərək dedi.

O, dili-ağzı qurumuş Varyaya kəhər atın belinə minməyə kömək etdi, yəhərin altından tüfəngi dartıb çıxartdı və yolçular dördnala çapmağa başladılar.

Quldurun atı dərhal yerindən götürülüb irəli şığıyan kimi Varya yıxılacağından qorxaraq boynunu çiyinlərinə qısdı. Qulaqları guruldayırdı, birdən sol ayağı həddindən artıq uzun üzəngidən çıxdı, arxadan atəş səsləri qopdu. Qızın sağ baldırına nəsə ağır bir şey toxunurdu. Varya ani olaraq aşağı nəzər saldı, atılıb-düşən xallı başı görüb boğuq bir səslə qışqırdı və... əlini yüyəndən buraxdı. Bax, bunu heç vəchlə eləmək olmazdı.

O bir göz qırpımında yəhərdən qopdu, havada qövs cızıb nəsə xışıldayan yaşıl, yumşaq bir şeyin – yol qırağındakı kol topasının üstünə çökdü.

Huşunu itirib bayılmaq üçün əsl fürsət idi, amma nəsə alınmadı. Sıyrılmış yanaqlarından tutub otun üstündə oturmuş Varyanın ətrafında sınmış qol-budaqlar yellənirdi.

Görək, bu vaxt yolda nə baş verirdi. Fandorin ələngəsi çıxmış budlarını qabağa tullaya-tullaya gücü çatan qədər yortan bədbəxt yabını tüfəngin qundağıyla kötəkləyib şil-şüt edirdi. Qulaqları batmış Varyanın oturduğu kolun yanına çatmağa bir şey qalmamışdı, ancaq on nəfərlik təqibçi dəstəsi təxminən yüz addım arxadan atəş aça-aça onun dalınca cumurdu. Boz madyan qəfil yerişini itirdi, fağır-fağır başını yelləyərək yanpörtü səndələdi, elə yanpörtü də ahəstə-ahəstə yerə yumbalandı və bu zaman altında qalan atlının ayaqlarını əzdi. Varya dərindən ah çəkdi. Fandorin güc-bəla atın altından çıxıb ayağa durdu. Varyaya baxdı, tüfəngi sinəsinə sıxıb başıpozuqlara tərəf tuşladı.

Atəş açmağa tələsmədi, ancaq hədəfi necə lazımdır nişan almışdı. Onun bu duruşu o qədər zəhmliydi ki, quldurlardan heç kim özünü birinci olaraq güllənin altına atmaq istəmirdi. Yoldan çıxıb çəmənliyə dağılan dəstə üzvləri qaçan cütlüyü qövsvari əhatəyə aldılr. Atəş səsləri kəsildiyi üçün Varya fikirləşdi ki, yəqin onları sağ tutmaq istəyirlər.

Fandorin tüfəngin lüləsini gah bu, gah digər atlının üstünə tuşlaya-tuşlaya yolla geri çəkilirdi. Məsafə xeyli qısaldı. Könüllü kolun yanına çathaçatda Varya qışqırdı:

-Nə durmusan, atəş aç!

Erast Petroviç ona tərəf baxmadan dedi:

-Bu partizanın tüfəngi dolu deyil.

Varya sol tərəfə baxdı (başıpozuqlar ordaydı), sağa boylandı (orda da papaqlı süvarilər gözə dəyirdi), arxaya çevrildi və... seyrək kolluğun arasından nəsə maraqlı bir mənzərə gördü.

Çəmənlikdə dördnala çapan bir dəstə atlı gəlirdi: zil qara rəngli cantaraq bir ayqırın üstündə dirsəklərini jokeysayaq şişirtmiş, başına enli Amerika şlyapası qoymuş birisi qabaqda gedir, daha doğrusu, uçurdu; çiyinləri qızılı rəngli ağ mundir geyinmiş başqa bir nəfər yorğa atla onun arxasınca çapırdı; sonra löhrəm yerişli atlarla onlara çatmağa tələsən bir dəstə Kuban kazakı gəlir, lap arxadasa başqalarından xeyli geri qalmış, başına təpəsi dik panama qoymuş, əyninə redinqot geyinmiş hansısa mənasız bir zat yəhərin üstündə atdanıb-düşürdü.

Varya tilsimlənmiş halda bu qəribə süvarilərə baxır, kazaklarsa fit çalır, qıy-qışqırıq qopardırdılar. Başıpozuqlar ulaşa-ulaşa bir yerə toplaşdı – başda sarısaqqal bəy olmaqla digər dəstə üzvüləri onların köməyinə tələsirdilər. Bu əcaib məxluqlar artıq Varyayla Fandorini təmiz unutmuşdular.

Qırğın başladı, nə başladı. Varya təhlükəni tam unudaraq var-gəl edirdi – çox dəhşətli və gözəl bir tamaşaydı.

Ancaq döyüşün başlamağıyla qutarmağı bir oldu. Amerika şlyapası qoymuş süvari (o indi lap yaxındaydı və Varya onun qaralmış sifətinə, a-la Louis -Napoleon[10] sayaq saqqalına və qızılı bığlarına göz gəzdirdi) yüyəni dartan kimi at yerə mıxlandı və əlində bilinmədi hardan götürdüyü tapança peyda oldu. Tapança "dak!” "dak!” – deyə iki qatı tüstü püskürdü və cırıq beşmet geyinmiş bəy sərxoş adamlar kimi yəhərin belində yırğalanıb yerə aşdı. Başıpozuqlardan biri onu götürüb atının cidovundan aşırdı və bütün qaragüruh döyüşə girmədən meydandan uzaqlaşmağa başladı.

Sehrli atıcı da, ağappaq mundir geyinmiş süvari də (onun çiyinlərində qırmızı general paqonları bərq vururdu), mızraqlarıyla tüklərini pırpızlaşdırmış kazaklar da sırayla Varyanın və yorğun-yorğun öz bivec tüfənginə söykənmiş Fandorinin yanından ötüb keçdilər.

-Orda əsir düşmüş zabit var! – deyə könüllü onların ardınca qışqırdı.

Bu vaxt dəstənin sonuncu mülki zatı tələsmədən onların yanına çatdı və dayandı – hiss olunurdu ki, heç də qovhaqov həvəskarı deyil.

Eynəyin üstündən bir cüt yumru və aydın göz xilas olanlara zilləndi.

-Çetesiz? – deyə mülki qatı ingilis ləhcəsində soruşdu.

-Yox, ser, - deyə Fandorin Varyanın başa düşmədiyi dildə daha bir neçə söz əlavə elədi. O, gimnaziyada oxuyarkən fransız və alman dillərini öyrənmişdi.

-Qız səbirsiz halda könüllünün qolundan dartmağa başlayanda o, suçlu kimi izahat verdi:

-D-deyirəm ki, biz çete deyilik, ruslarıq, özümüzünkülərin yanına gedirik.

-Çete nədir?

-Bolqar üsyançıları.

-O-o, siz xanımsız? – ingilisin ətli, xoş sifətində təəccüb işartıları peyda oldu. – Necə gözəl maskarad! Mən bilmirdim ki, ruslar qadınlardan espinaj kimi istifadə edir. Siz qəhrəmansınız, medam. Sizin adınız nədir? Bu mənim oxucularım üçün çox maraqlı olacaq.

Mülki yol çantasından qeyd dəftərçəsini çıxardı və Varya yalnız indi onun qolunda üstünə "müxbir” yazılmış 48 nömrəli sarğını gördü.

-Mən Varvara Andreyevna Suvorovayam və heç bir "espinaj”-filanda iştirak eləmirəm. Mənim nişanlşm qərargahdadır, - deyə o qürurla dilləndi. Busa mənim yol yoldaşımdır, serb könüllüsü Erast Petroviç Fandorin.

Müxbir pərt halda təpəsi dik panamasını çıxardı və fransız dilinə keçdi:

-Üzr istəyirəm, mademuazel. Şeymas Maklaflin, Londonun "Deyli post” qəzetinin əməkdaşı.

-Türklərin Bolqarstandakı vəhşiliyi haqqında yazan həmin ingilis? – deyə Varya şapkasını çıxardaraq saçlarını birtəhər qaydaya sala-sala soruşdu.

-İrlandiyalı,- Maklaflin ciddi şəkildə düzəliş verdi. – Bu heç də eyni şey deyil.

-Bəs onlar kimdir? – Varya başıyla toz dumanı qopmuş və atəş səsləri gələn tərəfə işarə elədi. –Panamalı kimiydi?

-O, tayı-bərabəri olmayan kovboy musyo d`Evredir, əla yazar, fransız oxucularının sevimlisi və "Revyu parizyen” qəzetinin tuz kozırı.

-"Revyu parizyen”?

-Bəli, bəli, bu, Parisdə çıxan gündəlik qəzetdir. Əlli min tirajı var ki, bu da Fransa üçün xeyli çoxdur, - deyə müxbir saymazyana izahat verdi. Mənim "Deyli post”umsa hər gün hardasa iki yüz qırx min satılır.

Varya saçlarının daha nizamlı hala gəlməsi üçün başını yırğaldı və qoluyla üzünün tozunu silməyə başladı.

-Ah, sudar, siz lap vaxtında özünüzü çatdırdınız. Sizi bura fəhminizin özü gətirdi.

-Bizi bura Mişel dartıb gətirdi, – deyə Britaniyalı çiyinlərini çəkdi. – O, lap bekar idi. Qərargahda oturub qalmışdı və işsizlikdən başına hava gəlirdi. Bu gün səhər başıpozuqlar rusların arxasında xeyli dəcəllik elədilər və Mişel şəxsən özü onları təqib etməyə girişdi. Mənimlə d`Eeversə onun yanında bolonok[11] kimi bir şeyik, o hara, biz də ora. Birincisi, biz köhnə dostlarıq. Hələ Türküstan vaxtından, ikincisisə Mişel orda mütləq öz məqaləsi üçün yaxşı süjet tapacaq... Budur, onlar qayıdırlar, ancaq rusların sözü olmasın, əlləri ətəklərindən uzun.

-Niyə "ancaq”? – Varya soruşdu.

Müxbir etinasızcasına gülümsündü və susdu. Onun əvəzinə indiyədək, demək olar, söhbətə qoşulmayan Fandorin cavab verdi:

-Mademuazel, görmürsünüz ki, b-başıpozuqların atları sağlam, onları izləyənlərinkisə əldən düşüb.

Absolutely so[12],- deyə Maklaflin başını yellədi.

Varya tərs-tərs onlara baxdı: bunlara bax hələ, qadını axmaq yerinə qoymaq üçün gör necə əlbir olublar. Ancaq Fandorin dərhal günahını yudu – nə qədər qəribə də olsa, cibindən təmiz dəsmal çıxardıb Varyanın yanaqlarına qoydu. Ah, sifətindəki cırıqları təmiz unudubmuş!

Müxbir təqibçilərin əli ətəyindən uzun qayıtdığını söyləməkdə səhv eləmişdi. Onlar hər halda əsir zabiti geri qaytarmağa nail olmuşdular və Varya bu mənzərəyə fərəhlə tamaşa edirdi. İki kazak qara mundirli cansız bir vücudun əllərindən və ayaqlarından tutub gətirirdilər. Allah eləməmiş, yoxsa ölüb?

Bu dəfə qabaqda Britaniyalının Mişel adlandırdığı modabaz gedirdi. O şən, mavi gözlü və qeyri-adi saqqalı olan (qalın tüklü saqqalını ortadan səliqəylə qanad kimi yanlara daramışdı) gənc bir general idi.

-Əldən çıxdılar, əclaflar! – deyə o, uzaqdan qışqırdı və ardınca Varyanın bir o qədər də anlamadığı ifadə işlətdi.

-Theres a lady here[13], - deyə Maklaflin barmağıyla onu hədələdi və panamasını çıxardıb çəhrayı keçəlini sildi.

General qamətini düzəldib Varyaya baxdı və dərhal dilxor oldu ki, bu da başa düşülən idi: yaprıxmış saçlar, sir-sifətindəki sıyrıntılar, yöndəmsiz əyin-baş.

-Əlahəzrət imperatorun məiyyəti general-mayor ikinci Sobolev, -deyə Mişel özünü təqdim elədi və sual dolu nəzərlərini Fandorinə dikdi.

Generalın bu etinasızlığından pəjmürdə olan Varya dikbaşcasına soruşdu:

-İkinci? Bəs, birinci kimdir?

Sobolyov təəccüblə soruşdu:

-Necə yəni kim? Mənim dədəm, general-leytenant Dmitri İvanoviç Sobolyov, Qafqaz kazak diviziyasının komandiri. Məgər eşitməmisiniz?

-Yox. Nə onun, nə də sizin haqqınzda. – deyə Varya onun ağzından vurdu və yalan danışdı, çünki ikinci Sobolyovu, Türküstan qəhrəmanı, Xivə və Maxramın fatehini bütün Rusiya tanıyırdı.

General haqqında hərə bir cür danışırdı. Kimi onu tayı-bərabəri olmayan qorxmaz igid, mərd bir sərkərdə, gələcəyin Suvorovu və Bonapartı sayır, kimi də xudbin və ədabaz deyə yamanlayırdı. Qəzetlər Sobolovun təkbaşına tekinlərin bütöv bir ordusunu necə geri oturtmağından, yeddi yerdən yaralansa da döyüş meydanını tərk etməməsindən, kiçik bir dəstəylə kimsəsiz səhranı keçib dəhşətli Əbdurrahman bəyin on dəfə üstün qoşununu darmadağın eləməyindən yazırdılar. Ancaq Varyanın tanışlarından kimsə ona başqa səpgili əhvalatlar danışmış, hansısa girovları güllələməsindən, oğurlanmış Kokand xəzinəsi barədə gəzən söz-söhbətlərdən bəhs eləmişdi.

Yaraşıqlı generalın aydın gölərinə tamaşa edən Varya başa düşdü ki, yeddi yara və Əbdürrəhman bəy haqqında deyilənlər tam həqiqətdir, girovlar və xanın xəzinəsi barədəki söz-söhbətlərsə gözü götürməyən bədxahların uydurduğu cəfəngiyyatdır.

Həm də axı, Sobolyov yenidən Varyanın sifətinə baxdı və hətta deyəsən, bu dəfə orda nəsə maraqlı bir şey tapdı.

-Xanım, sizi bura, bu qan gölünün ortasına hansı ruzgar gətirdi? Özü də belə bir kostyumda! Məni maraq bürüyüb.

Varya özünü təqdim etdi və Cobolyovun onu satmayacağına və Bukareştdə konvoy altında geri göndərməyəcəyinə daxilən, fəhmən əmin olduğu üçün öz macərasını bitdə-bitdə açıb tökdü.

-Varvara Andreyevna, sizin nişanlınıza qibtə edirəm, - deyə general baxışlrıyla Varyanı oxşayaraq dedi. – Siz qeyri-adi qızsınız. Ancaq icazə verin öz yoldaşlarımı sizə təqdim edim. Məncə, mister Maklaflinlə siz artıq tanış olmusunuz, busa mənim yavərim Sergey Bereşaqindir, bəli, elə həmin rəssam Bereşaqinin qardaşı. (Kazak çərkəzi geyinmiş xoşsifət gənc utana-utana Varyaya təzim etdi.) Yeri gəlmişkən, elə özü də əla çəkir. Dunayda kəşfiyyat vaxtı türklərin mövqeyini elə təsvir eləmişdi ki, iki göz istəyirdi tamaşa eləsin. Bəs dEvre hanı? Ey, Evre, bura gəl, mən səni qeyri-adi bir xanıma təqdim eləyəcəm.

Varya maraqla ən dalda gələn fransıza baxdı. Fransız (qolunda "müxbir N32” yazılmış sarğı var idi) çox yaraşıqlıydı, heç də Sobolyovdan pis deyildi: nazik, azacıq donqar burnu, açıq burma bığları, sarışın sivri saqqalı, ağıllı, tutqun gözləri, ancaq çox hirsli baxışları var idi.

Bu yaramazlar türk ordusuna ləkədir! – deyə jurnalist əsəbi halda fransıca qışqırdı. – Yalnız dinc adamların başını kəsməkdə mahirdirlər, kiçik bir döyüş başlayan kimi başlarını kol-kosun içinə soxub gizlənirlər. Kərim paşanın yerində olsaydım hamısını tərksilah edib boğazından asardım!

-Sakitləşin, igid şevalye, burda xanım var, deyə Maklaflin istehzayla onun sözünü kəsdi. – Sizin bəxtiniz gətirdi, onun qarşısına romantik bir qəhrəman kimi çıxdınız, möhkəm olun. Görün bir o sizə necə baxır?!

Varya pörtdü və qəzəblə irlanda baxdı, ancaq Maklaflin, sadəcə, xoş bir qəhqəhə çəkdi. D`Evresə özünü əsl fransız kimi apardı – tez qadının yanına qaçıb təzim elədi.

-Şarl d`Evre sizin qulluğunuzdadır, mademuazel.

-Varvara Suvorova, - deyə o nəvazişlə dedi. – Sizinlə tanış olmağıma şadam. Cənablar, hamınız sağ olun. Lap vaxtında özünüzü yetirdiniz.

-İcazənizlə, sizin adınızı soruşum – deyə d`Evre maraqla Fandorinə baxdı.

-Erast Fandorin, - deyə könüllü cavab verdi, ancaq bu vaxt fransıza yox, Sobolyova baxdı. – Serbiyada döyüşmüşəm, indisə vacib bir məlumatla b-baş qərərgaha gedirəm.

General Fandorini başdan-ayağa süzdü. Ehtiramla maraqlandı:

-Deyəsən, çox üzüldünüz? Serbiyada nə işlə məşğul idiniz?

Erast Petroviç bir az tərəddüd edərək dedi:

-Xarici işlər nazirliyinin işçisiydim. Titulyar müşavir.

Bu lap gözlənilməz oldu. Diplomat? Açığı, nə gizlədək, yeni vəziyyətdən doğan təəssürratlar qaradinməz yol yoldaşının Varyaya göstərdiyi təsiri xeyli zəiflətmişdi, ancaq indi qızın ona marağı yenidən artmağa başladı. Könüllü cəbhəyə gedən diplomat – razılaşın ki, beləsinə hər an rast gəlmək olmur. Yox, müəyyən mənada hər üçü , Fandorin də, Sobolyov da, d`Evre də çox yaxşıdır.

-O nə məlumatdı, elə? – deyə Sobolyov qaşlarını çatdı. Fandorin tərəddüd elədi, açıq hiss olunurdu ki, cavab vermək istəmir.

-Bəsdir, Madrid sarayının sirlərini[14] qorumağın başını burax getsin – deyə general onun üstünə qışqırdı. – Bu ən azı öz xilaskarınıza qarşı nəzakətsizlikdir.

Könüllü hər halda səsini yavaşıtsa da, müxbirlər qulaqlarını şəklədi.

-C-cənab general, mən Vidindən gəlirəm. Osman paşa üç gün əvvəl öz korpusuyla P-plevnaya doğru yürüşə çıxdı.

-Osman nədir? Plevna nədir?

-Osman Nuru paşa türk ordusunun ən yaxşı sərkərdəsidir, serblərin fatehidir. Cəmi 45 yaşı var, artıq m-muşirdir, yəni feldmarşal. Onun əsgərləri Dunayda gördüyünüz quldurların tayı deyil. Plevnasa burdan qərbə doğru o-otuz verst aralıda yerləşən balaca bir şəhərdir. Paşanı qabaqlayıb strateji cəhətdən çox vacib olan bu m-məntəqəni tutmaq lazımdır. O, Sofiyaya gedən yolu bağlayır.

Sobolyov ovuclarıyla dizilərini döyəclədi, atısa ayaqlarının birini götürüb birini qoymağa başladı.

-Eh, heç olmasa mənə bir polk versəydilər! Ancaq Fandorin, mən iş başında deyiləm. Sizə qərərgaha, baş komandanın yanına getmək lazımdır. Mənsə bu yerlərin quruluşunu öyrənib qurtarmalıyam, sizə Çarevnaya qədər konvoy ayırıram. Varvara Andreyevna, axşam bizə qonaq gəlməyinizi təvəqqe edirəm. Çadırda müxbirlərlə birlikdə vaxtımız şən keçər.

-Məmuniyyətlə, - Varya dedi və qorxa-qorxa kənara, otun üstünə uzadılmış əsir zabitə tərəf baxdı. İki kazak onun yanında çöməlib nəsə edirdi.

-O, zabit ölüdür, hə? – Varya pıçıltıyla soruşdu.

-Dəf kimidir, - deyə general cavab verdi. – Bəxti gətirdi iblisin, hələ yüz il də yaşayacaq. Biz başıpozuqların dalınca düşəndə onlar gülləni bunun başına sıxıb götürüldülər. Güllə də məlumdur ki, axmaq şeydir. Başına sürtünüb keçib, sadəcə, dərisini qopardıb. Noldu, qardaşlar, kapitanın başını bağladınız? – deyə kazaklara səsləndi.

Kazaklar zabitin qollarından yapışıb ayağa qaldırdılar. O, səndələsə də ayaq üstə duruş gətirdi, kömək etmək istəyənləri dirsəyiylə geri itələdi. Sanki ayaqlarının qopub düşəcəyindən sürünə-sürünə bir neçə bir neçə addım atdı və farağat dayanıb xırıldadı:

Ba... baş qərərgah kapitanı Yeremey Perepelkin, əlahəzrət. Zimnitsadan qulluq yerinə, Qərb dəstəsinin qərərgahına gedirəm. General-leytenant Kridnerin operativ şöbəsinə təyin olunmuşam. Yolda düşmənin qeyri-nizami süvari dəstəsinin hücumuna məruz qalaraq əsir düşdüm. Müqəssirəm... Heç cür gözləməzdim ki, bizim arxamızda... Hətta tapança da götürməmişdim, ancaq qılınc.

Artıq Varya nın əzabkeşə daha yaxşı baxmaq imkanı var idi. Boyu balacaydı, damarları çıxmışdı, dağınıq şabalıdı saçları, dar, demək olar ki, dodaqsız ağzı, sərt, qonur gözləri var idi. Daha dəqiqi, gözünün biri, çünki ikinci gözü yenə də görünmürdü. Ancaq kapitanın baxışlarında artıq nə ölüm sıxıntısı, nə də ümidsizlik hiss olunurdu.

-Şükür ki, sağsınız, - deyə Sobolyov səmimiyyətlə dedi. – Ancaq zabit tapançasız olmaz, hətta qərərgah zabiti də. Bu, şlyapasız küçəyə çıxan qadına bənzəyir – hamı onu gəzəyən sayır. – O, şaqqanaq çəkdi, ancaq Varyanın acıqlı baxışlarını görüb udqundu. – Pardon, mademuazel.

Zirək bir uryadnik generala yaxınlaşıb barmağını harasa uzatdı.

-Əlahəzrət, deyəsən, Semyonovdur!

Varya geri döndü və tutuldu: quldurların bayaq Varyanın uğursuz şəkildə çapdığı kəhər at kolluğun yanında dayanmışdı. At heç nə olmayıbmış kimi ot çeynəyir, böyründəsə yenə də həmin o, ürəkbulandırıcı asılqan yellənirdi.

Sobolyov yerə tullandı, ata yaxınlaşaraq şübhəli halda gözlərini qıydı və dəhşətli şarı əlində o yan-bu yana fırlatdı.

-Məgər bu Semyonovdur, - deyə şəkk etdi. – Yalan deyirsən, Neçitaylo. Semyonovun sifəti təmiz başqa cürdür.

-Hə, əlbəttə, Mixail Dmitriç, - deyə uryadnık qızışdı. – Budur, qulağı da cırıqdır, buna da baxın. O, ölmüş başın bənövşəyi dodaqlarını araladı. – Qabaq dişi də yoxdur. Dəqiq Semyonovdur!

-Olsun, - deyə general fikirli-fikirli başını yellədi. – Onu çox pis incidiblər, pis hala salıblar. Varvara Andreyevna, bu ikinci bölükdən olan kazakdır. Bu gün səhər onu Davud bəyin məshətiləri oğurlamışdılar, - deyə Varyaya tərəf dönərək dedi.

Ancaq Varya eşitmədi – yer-göy sanki baş-ayaq düşüb yerlərini dəyişdi, dEvreylə Fandorin halsızlaşmış xanımı tutmağa özlərini güclə yetirdilər.



[1] Yalnız mikroskopla görünən birhüceyrəli orqanizm (tərcüməçi)

[2] Çar süvari ordusunda aşağı zabit rütbəsi (tərc.)

[3] Çernışevskinin "Nə etməli” romanının personajları (tərc.)

[4] Eşşək (bolqarca.)

[5] Bir dəfə də, bir dəfə də (bolq.)

[6] Buçefal Makedoniyalı İsgəndərin atını adıdır. Burda yumorla işlədilir. (tərc.)

[7] Don Kixota işarədir (tərc.)

[8] Taleyin şıltaqlığı. (fransızca)

[9] V.A Mosartın dram-operası (tərc.)

[10] Lui-Napollyon kimi (fr.) Söhbət 1852-1870 – ci illərdə Fransa imperatoru olmuş III Napolyondan gedir (tərc.)

[11] Ev iti (tərc.)

[12] Tamamilə düzdür.(ing.)

[13] Burda xanım var (ing.)

[14] Alman yazıçısı Georq Bornun "İzabella və Madrid sarayının sirləri” romanı 1870- ci ildə rus dilinə tərcümə edildikdən sonra Rusiyada məşhulaşmış ironik deyimdir.



İmza:

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

Azərbaycan Sənaye Korporasiyasında 20 Yanvar şəhidləri anıldı

MSK ekspert qrupunun üzvlərinə seminarlar keçir

Deputatlığa namizəd Rauf Arifoğlu seçiciləri ilə görüşüb

Sahil Babayev: Bu ay pensiyalar artırılacaq

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edilib

BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

MSK DSK-nın qərarını ləğv edib

AQTA sədri : Agentlik daha sərt inzibati tədbirlərə əl atacaq

MSK bu namizədləri qeydə almadı

Çətin həyat şəraitində yaşayan uşaqlara günərzi xidmətləri göstərilir

MSK nəzdində fəaliyyət göstərən mətbuat qrupunun tərkibində dəyişiklik edilib

SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK