adalet.az header logo
  • Bakı 7°C
05 Dekabr 2019 18:00
22392
SİYASƏT
A- A+

NATO-nun yubiley sammiti

NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının qurumun 70 illiyi ilə bağlı dünən Londonda öz işinə başlayan sammitinin gərgin atmosferdə keçəcəyi əvvəlcədən məlum idi. Hələ görüş ərəfəsində liderlərin bir-birlərinin və bütövlükdə hərbi blokun ünvanına yağdırdıqları ittihamlardan, müttəfiqlik münasibətləri bir yana, heç adi siyasi davranış qaydalarına sığmayan təhqiramiz ifadələrdən də bəlliydi ki, yubiley sammitində bayram ab-havasından əsər-əlamət olmayacaq.

Bəzi regional və dekorasiya xarakterli hərbi ittifaqları nəzərə almasaq, artıq dünyanın yeganə hərbi blokuna və bir nömrəli güc mərkəzinə çevrilmiş bir təşkilatın içindəki bu cür münasibətlərin səbəbləri haqqında çox danışmaq olar, ancaq ən əsas səbəb bizcə Varşava Paktının (oxu: SSRİ-nin) dağılması ucbatından onun meydanda tək qalaraq get-gedə rəqabət qabiliyyətini itirməsiylə bağlıdır. Çünki təbiətdə olduğu kimi cəmiyyətdə də sağ qalmağın, inkişaf etməyin, güclü olmağın ən başlıca şərti rəqabətdir. Təsadüfi deyil ki, təyinatından və mahiyyətindən asılı olmayaraq istənilən quruma yönəlik kənar təhdidlər səngiyər-səngiməz iç didişmələr meydan sulamağa başlayır.

Şimali Atlantika blokunun ilk baş katibi olmuş ingilis generalı İsmey Qastinq vaxtilə rəhbərlik etdiyi alyansın yaranma səbəbini çox lakonik və poetik formada ifadə eləmişdi: "NATO-nu yaratmaqda məqsəd rusları qıraqda, amerikalıları içəridə, almanlarısa altda saxlamaqdır”.

Poetika öz yerində, ancaq NATO-nun Avropanı Sovet təhlükəsindən qorumaq üçün yaradılmış bir hərbi qurum olduğu heç kimə sirr deyil. Zaman-zaman onun əsas vəzifələrini müəyyənləşdirən formullar müxtəlif fomalarda ifadə edilsə də, mahiyyətcə eyni olaraq qalıb. Məsələn, 2010-cu ildə bu formul təhlükəsizliyin təminatının əməkdaşlıq yoluyla qorunması konsepsiyası səviyyəsinədək yumşaldılmış, ondan beş il sonra əsas təhlükə mənbəyi kimi göstərilən "SSRİ-nin təcavüzü” kəlməsi "Rusiyanın qəfil hücumu” ifadəsiylə əvəzlənmiş, daha bir il sonrasa Rusiya bütövlükdə NATO üçün əsas təhlükə mənbəyi sayılaraq onun qarşısını almaq qurumun əsas missiyası elan edilmişdi. Yəni, təxminən soyuq müharibə dövründəki ritorikaya qayıdılmışdı.

Bu formullar Putinin məşhur "Münhen nitqi”nin ruhuna uyğun olaraq bu cür tez-tez dəyişdirilib cilalansa da, onların heç biri situasiyanı İsmey Qastinqin yuxarıdakı klassik tərifindən dəqiq ifadə eləmək gücündə olmayıb. Rusiyanın NATO-nun içinə girmək ehtimalının yeni əsrin əvvəllərindən başlayaraq ölü doğulmuş bir ideya kimi birdəfəlik tarixin arxivinə gömülməsindən sonra məlum oldu ki, Mockva elə daimi olaraq bu qurumdan qıraqda qalacaq. Amerikaya gəlincə, onun bundan sonra da öz vəsaiti hesabına Avropanın cangüdəni missiyasını yerinə yetirməyə həvəsli olmaması barədə Trampdan ard-arda gələn giley-güzar dolu açıqlamalarının alyansın yüksək çinli məmurları və ABŞ-da adına dərin dövlət deyilən bir nəsnə tərəfindən sərt təpkiylə qarşılanması isə göstərdi ki, NATO durduqca rəsmi Vaşinqton da daim onun içində oturub qalasıdır. Dəyişən tək şey Almaniyanın altdan üstə çıxmasıdır. Onun təzədən öz yerinə qayıtması bu ölkədə gündən-günə boy atan radikal sağçıların hökumət başına gəlməsi, özü də hansı havayla gəlməsindən asılı olacaq.

Hazırkı mərhələdə qurum üzvləri arasındakı konkret fikir ayrılıqları ilk növbədə Fransa prezidentinin Rusiyaya qarşı sərgilədiyi fərqli münasibətdən qaynaqlanır. Onun "indi NATO üçün əsas təhlükə Rusiya və Çin yox, beynəlxalq terrorizmdir” açıqlaması hərbi partnyorlarını əməlli-başlı qıcıqlandırıb. Bu azmış kimi NATO-nu beyin ölümü keçirmiş meyitə bənzətməsi də aranı lap qarışdırıb. Türkiyə prezidenti R.T. Ərdoğanın həmkarına cavab olaraq söylədiyi "NATO yox, Makron özü beyin iflici keçirib” sözləri əks tərəfdə təhqir kimi dəyərləndirildiyi üçün iki ölkə arasında əsl diplomatik qalmaqal yaranıb. Fransa prezidentinin bu ifadəsi Trampın da xoşuna gəlməyib və məsələyə təxminən Ərdoğanın ritorikasına uyğun şəkildə münasibət bildirib. Makronun alyansa hörmət etməməkdə günahlandıran, onun beyin iflici bənzətməsini "murdar” adlandıran ABŞ lideri daha sonra sözünə davam edərək "Mən Fransanın NATO-dan çıxmasını təsəvvür edirəm. Mən onun (Makronun) üzünə baxıb görürəm ki, onun müdafiə olunmağa ehtiyacı var”- deyə sarkazmından da qalmayıb.



Makronun qeyri-etik açıqlamasına sərt münasibət sərgiləyən Trampın özü də zaman-zaman təşkilat haqqında xoşagəlməz ifadələr işlətməkdə xəsislik etməsə də daha fransız həmkarı kimi ağını çıxartmayıb. Hələ bir müddət əvvəl müttəfiqlərini alyansın büdcəsinə az pul ödəməkdə və Amerikaya yük olmaqda günahlandıran prezident öz "tvit”ini bu sualla tamamlamışdı: "Ünumiyyətlə, bu NATO ABŞ-a lazımdırmı?” Məhz bu ritorik sual Avropa ölkələrinin canına vəlvələ salmış və başa düşmüşdülər ki, artıq bundan sonra okeanın o tayındakı partnyorları heç də əbədi olaraq onların nazıyla oynamaq fikrində deyil.

Son dövrlərdə NATO ilə əsas fikir ayrılıqları yaşayan ölkələrdən biri də Türkiyədir. Ərdoğan haqlı olaraq terrola mübarizədə öz müttəfiqini qoyub terrorçuları müdafiə edən bir qurumu öhdəliklərinə əməl etməməkə günahlandıraraq Türkiyənin bunu cavabsız qoymayacağını, alyansın Polşanı və Baltik ölkələrini müdafiə etmək planına qarşı çıxacağını bildirir.

Yeri gəlmişkən: İndi Türkiyəni müttəfiqlərdən incik salan PKK terror təşkilatını vaxtilə Türkiy dövlətini parçalamaq naminə elə Moskva yaratmış və silahlandırmışdı. Onda müttəfiqləri, xüsusilə ABŞ rəsmi Anqaranın yanındaydı və PKK-nı da terror təşkilatı kimi tanımışdı. İndi nə oldu? Nədən həmin təşkilatın uzantısı olan PYD-YPG birdən-birə milli-azadlıq hərəkatının mücahidlərinə çevrildilər? Daha SSRİ yoxdur deyə onun tör-töküntülərinə sahiblənib onlardan öz müttəfiqinə qarşı istifadə eləməyi hansı siyasi əxlaqın adına yazmaq mümkündür? SSRİ yoxdursa, onu dirçəltmək istəyən və bu niyyətiylə Qərbin NATO genişlənəndən sonra əmələ gəlmiş yeni tərəfdarlarının yuxusuna haram qatan Putin var. Ərdoğan nədən bu kartdan istifadə etməsin?!

Rəsmi Anqaranın NATO ilə problemləri təkcə müttəfiqlərinin terrorla mübarizədə onu tək qoymasından qaynaqlanmır, Türkiyənin Rusiya ilə strateji əkəkdaşlıq səviyyəsinə qədər dərinləşən münasibətləri, konkret desək, Moskvadan S-400 hava hücumundan müdafiə sistemləri alması da ABŞ-ın və bütövlükdə NATO-nun sərt təpkiləriylə qarşılanıb. Halbuki, elə Trampın özünün də etiraf etdiyi kimi onu bu addımı atmağa öz müttəfiqinə "Patriot” sistemlərini satmayan ABŞ-ın özü vadar etmişdi.

90-cı illərin ortalarından başlayaraq kommunizm rejimindən azad olmuş ölkələrin NATO-ya qoşulması məsələsi gündəmə gələndə bu təkcə Rusiyada yox, Qərbin özündə də müəyyən etirazlarla qarşılanmışdı. ABŞ-la Rusiya arasında, sadə dildə desək, SSRİ-nin dağıdılmasıyla bağlı gedən danışıqlarda heç vaxt belə addımlar atılmayacağı barədə öhdəliklər götürülsə də SSRİ-nin birdəfəlik olaraq siyasi səhnədən silindiyi eyforiyasını yaşayan Qərb siyasi dairələri sonradan sözlərinin üstündə durmadılar və alyansı düz Rusiyanın burnunun ucuna kimi uzatmaq xətti yeritdilər.

Ötən əsrin 40-cı illərində ABŞ-ın Rusiyada səfiri işləmiş Con Kennan adında bir diplomatı olub. Onun adı tarixə dünyanın ən uzun teleqramının müəllifi kimi düşüb. 1946-cı ildə Moskvadan Vaşinqtona göndərilənhəmin "ən uzun teleqramda” müharibədən sonra Stalinin yeritdiyi siyasətin əsas cizgiləri və mahiyyəti çox dəqiq və konkret tezislərlə əks olunmuşdu. Yəni, Rusiyanı yaxşı tanıyan, onun daxili siyasi mətbəxinə və adamlarının psixologiyasına dərindən bələd olan birisi olub. 90-cı illərin sonlarında həmin Con Kennan NATO-nun şərqə doğru genişləndirilməsinə qarşı çıxmış və bunu "soyuq müharibədən sonra Amerika siyasətinin ən dəhşətli səhvi” adlandırmışdı. Kennanın fikrinə görə bu addım Rusiyada millətçiliyi alovlandıracaq və Qərbə qarşı qatı düşmənçilik ovqatı yaradacaq. Necə demişdi, elə də oldu. Məhz cəmiyyətdəki bu ovqat Rusiyanı Qorbaçov-Yeltsin kursundan antiqərb istiqamətinə yönləndirmək yolunda Putinin ən böyük silahına çevrildi və o heç bir sosial- iqtisadi problemi həll olunmayan toplumu patriotik hisslərin sehrinə salıb onun mütləq dəstəyini qazanaraq ölkəni yenidən köhnə məcrasına doğru sürükləmək kursu götürdü.

İndi Rusiyadan gözlənilən bu potensial təhlükə onun keçmiş, NATO-nunsa hazırkı müttəfiqlərinin bir nömrəli başağrısına çevrilb. Hazırda qərbin siyasi kuluarlarda "ikinci NATO” adlandırılan bu ölkələrin bir çoxu Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyillər ki, bu da alyansdakı fikir ayrılıqlarını xeyli dərinləşdirir.

Düzdür, istənilən halda keçmişi olduğu kimi yenidən dirçəltmək və geri qaytarmaq mümkün iş deyil. Putinin bütün canfəşanlıqlara rəğmən Rusiyadan yeni bir SSRİ düzəldəcəyi ehtimalı sıfıra yaxın olsa da, əvəzində onu yolayrıcında aldatmış Qərbə əməlli-başlı problemlər yaradacağı, qayğılarını çoxaldacağı, ən azından müttəfiqlərinin maraqlarını qorumaq yolunda onu kalan xərcə salacağı heç kimdə şübhə doğurmur. Nə qədər zəngin olmasına baxmayaraq "qəpik də puldur” stereotipinin hökm sürdüyü ölkələr üçünsə bu heç də zəif şapalaq deyil.

M. Məmmədov