hacklink Adalet.az | QƏFƏS - İlqar Rəsul yazır Adalet.az | QƏFƏS - İlqar Rəsul yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

QƏFƏS - İlqar Rəsul yazır

Peşəkarlıq da incəsənət kimidir. Heç vaxt ölmür. Amma nəyəsə çevrilə bilir. Təəssüf ki, bəzən həm də pis nəyəsə...

14161    |   2019-11-30 10:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

GİRİŞ


Filmlərdə də az görməmisiniz: Biri düşmənini məğlub edir, ailəsini–uşağını qətl edir, özünü də qəfəsə salıb, arabada gəzdirir. Şəhərbəşəhər, kəndbəkənd, meydan-meydan, küçə-küçə gəzdirir, hamıya nümayiş etdirir (arada qabağına sudan-çörəkdən də atır ki, ölməsin, şou davam etməlidi axı). Niyə? Təkcə qürrələnmək, özününkülərə - baxın, bizimlə baş-başa gələnin axırı belə olur - deyərək onları ürəkləndirmək üçünmü? Yox, əlbəttə, təkcə bununçün yox, həm də qəfəsdəkini alçaltmaq, əzələsi ilə yanaşı ruhunu, şüurunu, düşüncəsini zədələmək, ləyaqətini qırıb zamanla qula çevirmək və onun camaatının gözünü qırmaq, alçaltmaq, "tərbiyələndirmək”, - baxın, siz busunuz, bundan artıq olmamısınız, olmayacaqsınız da! - mesajı vermək üçün.

Əlbəttə, bu cür davranış keçmişdə (orta əsrlərdə) olub. İndi düşməni qəfəsdə gəzdirmək ənənəsi, demək olar ki, yoxdu. Var əslində. Amma qəfəs o qəfəsdən deyil...


I FƏSİL


Bu günlərdə Azərbaycanlı jurnalistlər Ermənistana, ordan da Qarabağa getdilər (Mən bu səfəri çox da gözümçıxdıya salmaq fikrində deyiləm. Bilirəm ki, dövlətin məsuliyyəti onu idarə edənlərin üzərindədir. Əgər dövlət belə bir addıma rəvac verirsə, demək səbəbi var. Yəni rəsmilər bilirlər ki, bu səfər hansı zərurətdən doğub, nəyə lazımdı. Xatırlasaq, bir dəfə də belə bir zərurət yaranmışdı, ziyalılar getdilər, gəldilər, amma heç nə dəyişmədi. Hətta ondan sonra məşhur aprel döyüşlərində Azərbaycan tərəfi Emənistana konkret mesaj verdi ki, dünyanın "barışıq”, "xalq diplomatiyası” – filan oyununa ümid etmə, baş-başa qalan kimi dizini yerə gətirib, varlığına peşman edəcəm səni). Etiraf etməsə də, dünya da, erməni də, yaxşı bilir ki, Qarabağ Azərbaycan torpağıdı. Bizsə dünyadan da, ermənidən də fərqli olaraq onu da bilirik ki, Qarabağ sonsuzadək Azərbaycanın olaraq qalacaq. Hələ ki, deyilsə, siyasətdən başı çıxan savadlı adamlar səbəbini bilirlər. Hələlik bu torpaqlar işğal altındadı. Əslində bu olan şeydi. Dünya tarixində belə hallar çox olub. Fransa, İtaliya, Almaniya kimi ölkələrin, Paris, Roma, Berlin kimi şəhərlərin də işğalda qaldığı olub. Və bu şəhərlərdə də işğalçılar az rəqs etməyiblər. Amma heç kim, öz ölkəsinin və ya şəhərinin işğalda əbədi qalmasını istəməyib, bununla barışmayıb. İstəsə, barışsa, onda anormal davranış olardı. Təbii ki, biz də istəmirik torpaqlarımız işğalda qalsın. Bununla barışmırıq və dövlətimiz həlledici-azadlıq müharibəsinə ardıcıl hazırlıq görməkdədir. Mən tam əminəm ki, bu işğala gec-tez son qoyulacaq, o bayraq o dağlara qayıdacaq. Mütləq qayıdacaq! Qarabağ bizim taleyimizi həll edən məsələdi və bir toplum olaraq bunun məsuliyyətini hamımız yaxşı dərk edirik. Amma bu azdı. Biz – yəni hər birimiz fərdi qayda da öz məsuliyyətimizi dərk etməliyik. Bütün ictimai-siyasi addımlarımızda-bunun Qarabağ məsələsinə hansı təsiri ola bilər-düşüncəsi bizi tərk etməməlidir (lap elə iqtidarı və müxalifəti söyən "təəssübkeşləri”, Avropada kilsəyə girən "bloger”i də).

Bəs biz bir fərd olaraq nə edirik? Bu strategiyaya əməl edirikmi? Hamımız yox deyəsən. Birini mən deyəcəm, digərlərini də hərə özlüyündə düşünüb tapar.

Sirr deyil ki, bəzilərimiz jurnalist olaraq Ermənistana və Qarabağa getməyə həvəs göstərir, zaman-zaman bunu etiraf edənlər də var. Yəni bu həvəs özünü dəfələrlə büruzə verib. Yeni bir şey deyil əslində. Amma məncə xeyirli bir şey də deyil. İndiyədək gedən də olub, arzusu ürəyində qalan da var hələ ki. Söhbətin gedişindən də göründüyü kimi, mövzu gedənlərdi. İstər gerçək, istər də xəyalən. Mən bilmirəm, bu dəfə Qarabağa gedənlərin belə bir yolçuluğa həvəsi olub ya yox. Buna görə də onları çox asıb-kəsməyin tərəfində deyiləm. Amma qınamaqdan da imtina etməzdim. Hər halda çox istərdim ki, onlar bu səfəri zərurətdən, yəni istəmədən etmiş olsunlar. Məmləkət naminə yəni. Dövlətin yenə də hansısa beynəlxalq oyunu iflas etdirməsi üçün.

Amma əslində bir Azərbaycanlının (dövlət rəsmiləri, diplomatlar, idmançılar(?) istisna olmaqla) Ermənistana və ordan da Qarabağa getməsi nə deməkdir?

Faktiki olaraq bu o deməkdir ki, adam gedir, əvvəl onun pasportuna Ermənistan vizası vurulur (erməni möhürü yəni), sonra da tanımadığımız "Dağlıq Qarabağ Respublikası”nın vizası (separatçı erməni möhürü yəni). Pasportunu möhürləyirlər, əvvəl Ermənistanı, sonra da Qarabağı gəzdirirlər. Bax, bayaq haqqında danışdığım qəfəs var a, həmin o pasportdakı möhürdü. Sadəcə adam onun içində yox, qəfəs adamın içində olur bu halda. Cibində yəni. Dedim axı, dövrümüzdə də qəfəs var, amma keçmişdəki dəmir barmaqlıqlı, təkərli qəfəs deyil...

Beləcə adamı salırlar mürəkkəbi qurumamış qəfəsə, şəhərbəşəhər, kəndbəkənd gəzdirirlər, dediyim kimi, bununla camaatlarına - baxın, torpaqlarını alıb özlərini qovmuşuq, indi də ağıllarını alıb gəzdirməyə gətirmişik, narahat olmayın, ürəkli olun, bunlardan savaşan olmaz-mesajını verirlər...

"Turistin” səngərdən bu yanda qalan camaatına da deyirlər... Nə isə.

Gedənlər ən yaxşı halda getməklərinə peşman olurlar və qayıdanda heç nə yazmırlar, ən axmaq halda qayıdıb qələmləri ilə düşməni məhv edəcəklərini düşünürlər, ən rəzil halda da heç nə olmayıbmış ki, qayıdıb duyğusal yazılar yazır, şəkillər paylaşırlar...

Özləri bir yana, bu addımları ilə cəmiyyətin şüurunu da zədələyirlər. Cahillikdən, biganəlikdən, unutqanlıqdan düşmənə loyallaşanların sayını bir az da artırırlar...


II FƏSİL


Amma səfərin fəsadları bununla bitmir. Antarktida deyil ki, (deyəsən mən ora getmək arzusundan hələ də imtina etməmişəm) yalnız gedən sətəlcəm olub qayıtsın, ya da qayıtmasın. Vətəndi, həm də itirilmiş Vətən, zorlanmış, yandırılmış yurd. Biri gedər duyğulanar, biri gedənə havalanar, biri də heç nə olmamış kimi, yaranmış fürsətdən bəhrələnib "xəyal dünyası”na baş vuraraq onsuz da nevroz cəmiyyəti bir az da dəli etməklə "kayf” tutar.

Deməli nə baş verir? Bir qrup jurnalist gedir Qarabağa, (qəfəsdə) gəzib qayıdır. Hamı onların kimliyi barədə düşünür, kimisi maraq, kimisi əsəblə onların səfər barədə nə yazacaqlarını gözləyir. Elə bu anda ölkənin oturuşmuş bir qəzetində təcrübəli və istedadlı bir müxbirin yazısı dərc olunur. Jurnalistin Qarabağa səfərini əks etdirən duyğusal yazı. O qədər duyğusal ki, bayaqdan səfərə gedənlərə görə cilov gəmirənlərin də bir qismi bilməyərəkdən qoşulur Millətin, Məmləkətin taleyinə biganələrə, başlayır vaysınmağa. Biri yazır "dondum”, biri yazır "yarıdan sonra oxuya bilmədim”, biri yazır "göz yaşlarımı saxlaya bilmədim”, "şaxsey-vaxsey” –filan...

Nəticədə nə baş verir?

O baş verir ki, bunu məhz belə bir həssas məqamda dərc edən qəzet (kimsə deməsin bilmədən etmişik) öz missiyasını uğurla yerinə yetirir, istədiyi effekti də alır: fikir məqsəddən yayındı və s.

Sonra nə baş verir?

Canı qəlpə olan Məmləkət sevdalısı bir Qazi, götürür öz saytında həmin yazını təkrar tirajlayır. Qarabağın ən xaraba qoyulmuş şəhərinin yenə Məmləkət sevdalısı olan yazıçısı həmin yazını sosial şəbəkədə dəstəkləyir, yazıya qarşı iradları istehza ilə qarşıladığını bəyan edir, və s...

Daha sonra nə baş verir?

O baş verir ki, bu ikinci və üçüncü "dalğanın” sayəsində duyğulananların sayı bir az da artır. Dərman içən kim, düşdüyü duruma nifrət edən kim və s...

Vəziyyətin bu yerinə qədər sosial şəbəkədə cəmi bircə nəfər gerçəyə yaxınlaşa bilir. Yenə Məmləkət sevdalısı, yenə Qarabağ Qazisi olan bir jurnalist çıxır deyir ki, adam öz yazısı ilə camaatı çaşdırdı.

Bütün bunların fonunda ortaya yeni bir məlumat ötürülür: ay camaat, ağlınız olsun, həmin müxbir gerçəkdən Qarabağa getməyib. Sadəcə xəyalən ora səfər edib, bunu yazıb. Sual çıxır ortaya: xeyir ola? İndi, bu vurhavurda niyə? Məqsəd nədi?

Təcrübəsizlikdəndi, yox (adam təzə deyil bu işdə), istedadsızlıqdandı, yox (yazıdan görünür), bəlkə vəziyyəti düzgün qiymətləndirmək baxımından qeyri-peşəkarlıq? Ola bilər. Amma bəs yazını dərc edən qəzet? Axı o bütün zamanları yetərincə dəyərləndirə bilən təcrübənin məhsuludu. Bəs nə? Bu sualın cavabını oxucunun öhdəsinə buraxıram.

Və suala cavab axtaranlara tam əminliklə deyirəm ki, nə qəzet, nə də müxbir mətndə yazının xəyal məhsulu olduğunu oxucuya duyduracaq heç bir ipucu verməyib. Niyə? Bəlkə ona görə ki, görək kim özü başa düşəcək? Qarabağa gedənlərin kimliyi tam dəqiqləşmədiyi indiki həssas məqamda? Yox day, daha nələr.

Lap tutaq ki, bu mətnin yazılması və dərci təsadüfdü. Amma bunu sübut etmək də, yazının düşünülmüş şəkildə cəmiyyətə ötürülməsini sübut etmək qədər çətindir. Əksinə, ikincini təsdiqləyən izah daha çoxdu, nəinki birincini...


III FƏSİL


Amma yazı yaxşı yazıdı. Axırında söyüş gizlənsə də. Yeri gəlmişkən, söyüş barədə. Əgər düşməndən qisas almaq yerinə onu uzaqdan söyməyə başlamısansa, torpağından sonra ağlını da uduzursan demək. Ardınca bir az "məhvedici şeir”, bir az "ağladıcı mahnı” vərdişi yaranır və vəssalam, bitdin. Qalır bircə düşmənin arada guya humanistlik göstərərək səni aparıb doğma yurdunda gəzdirməklə təfəkkürünü dəyişməsi, yaddaşını silməsi. Gedirsən, gəzirsən, əvvəl ağlayırsan, ürəyində - sizin hamınızın "o söz, o məsələ”- deyirsən. Növbəti səfərində səni küçənizin başından qaytarmadığı, evinizə getməyə qoyduğu üçün daha söymürsən. Ürəyində bir təşəkkür qığılcımı da yaranır. Daha növbəti dəfə yayda Qarabağda on gün qalmaq üçün sənə yenə pulsuz şərait yaradılır. Yeməyin-içməyin havayı yəni. Sən artıq kefdəsən. Qocalırsan deyə, bir gün - eybi yox, day bizdən keçdi, biz bacarmadıq, öləndə məni burda basdırsınlar barı, gerisini uşaqlar həll edər-düşünürsən. Sonra da, heç nə, belə səfərlərin birində ölürsən, orda basdırırlar. Pulsuz qəbir daşı - filan.

Sonra oğlun evlənir, bal ayına Qarabağa dəvət alır. Pulsuz istirahət - filan. Bir gün o tərəf zəng edib oğlundan uşağın növbəti yaşını Qarabağda keçirmək istəyib-istəmədiyini soruşur. Əlbəttə istərdim –deyir oğlun - lap xəcalət verirsiniz. Qarabağa çatan kimi, ermənilər aparırlar nəvəni babasının qəbrinin üstünə, oğlun elə oradaca təsirlənir, - oteldə yox, ata evimdə qalmaq istərdim bu 5-10 günü - deyir. Dərhal razılıq verilir. Bir razılıq da oğlun ərməğan edir erməniyə – Allah sizdən razı olsun - deyibən. Gedir qalır evində (orada yaşayan erməni 10 günlük qonşuda qalır, böyük Ermənistan naminə). Duyğular çağlayır, ürəklər açılır, mehribanlıq-filan. Nəhayət qayıtmağa 3-4 gün qalmış, adam ermənilərin bu insanpərvərliyindən lap hayıl-mayıl olur, tut arağının gətirdiyi şəfqətli göz yaşları ilə - ara , Vartancan, xahiş edirəm, məni qırma, yox demə, gəl oğlumun kirvəsi ol-deyib hönkürür. Erməni də qayıdır ki, ara filankəs (hər hansı ad yazmayım ki, ad yeyəsi inciməsin) siz müsəlmanlar bizə çox zülm eləmisiniz vaxtında, amma biz ermənilər kinli deyilik, olan olub, qabağa baxmaq lazımdı, mən razı, gətir uşağı, ta ləngitməyək, kəsək. Kəsirlər, yemək-içmək. Sənin oğlun ağlayıb ermənini qucaqlayır...

10 il sonra Dağlıq Qarabağda yaşayan etnik azərbaycanlının hamısının kirvəsi ermənilər olur və....

Beləcə sayəndə Qarabağda həyat davam edir, amma ta bizim üçün yox, həm də bizim üçün...


EPİLOQ


Əgər bizdə mətbuat ölübsə, bu o demək deyil ki, bütün peşəkarlar da ölüb yaxud pis nəyəsə çevriliblər, yox, elə deyil. Millət, Məmləkət adına, anında ortaya çıxıb hər hansı naqis hərəkəti iflas etdirəcək jurnalistlər yetərincədir ölkədə. Sadəcə bir qismi şəraitə uyğunlaşıb kef edir, bir qismi çörəkpulu dərdindən bu sahədə işləməkdə davam edir, bir qismi peşəsindən imtina edib kənara çəkilib. Kənara çəkilənlər əsasən sarı mətbuatda işləmək istəməyənlərdi. Nədi "sarı mətbuat”? Yox, ənənəvi sarı mətbuat deyil. O başqa şeydi. Ondan betərdi dediyim. İzah edirəm: "3 rayon qaytarılırmı?”, "Lavrov Paşinyana nə dedi?” "Qarabağ verilirmi?” və s. bu kimi başlıqlarla yazı verən bütün saytlar, qəzetlər sarı mətbuatdı əslində. Çünki ən müqəddəs mövzuda belə ümdə vəzifə reytinq axtarışıdı. Bilirəm, kimsə deyəcək, bütün dünyada belədi. Razıyam. Dünyada mətbuat da, jurnalistika da artıq xeyli vaxtdır bu qaydada fəaliyyət göstərir. Ona görə də o yolu tutmaq təbiidir. Yoxsa ayaqlaşa bilməzsən, geri qalarsan, iflas edərsən. Niyə, çünki biz də dünyanın bir parçasıyıq. Amma bizim bu dünyanın heç hiss etmədiyi, ağrımadığı ayrıca dərdimiz də var. O dərdin bir adı Qarabağdı (Cənub və s adları da var). Axı biz mətbuatın indiki inkişaf şərtləri basqısında belə bir mövzuda istisna hal tətbiq edə bilərdik. Hamısında yox, hələlik yalnız birində. Ən yaralı yerimiz olan məsələdə. Qarabağ adlı dərddən sağalmaq üçün yəni. Sonra yenə istisnasız qoşulardıq dünyaya. Sonra da kim hara istəyir gedər, kim nədən istəyir yazar, xəyal qurmaq da ziyan eləməz...




İmza:

Oqtay Gülalıyevin durumunda irəliləyiş müşahidə olunur

Prezident İlham Əliyev "20 Yanvar faciəsinin 30-cu ildönümü haqqında" sərəncam imzalayıb

Cənub Qaz Dəhlizi ilə bağlı Dövlət Komissiyasının tərkibi dəyişdirilib

Xaçmazda avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb

Axtarışda olan 4699 nəfər saxlanıl­ıb

DSX - Xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 15 nəfər müəyyən edilib

Prezident Həştərxanın qubernatorunu qəbul edib

Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib

ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb

ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsinin heç bir hüquqi əsası yoxdur

Ermənistanın qeyri-konstruktiv yanaşması QDİƏT üzvərinin narazılığına səbəb olub

Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib

SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK