Təqribən 10-12 gün bundan öncə nəşriyyatın binasında yerləşən poçtdan iş telefonuma zəng gəldi. Dəvət etdilər və düşüb bir bağlama götürdüm. Üzərində göndərilmə ünvanına baxdım. Barat Vüsalın adını görəndə həqiqətən sevindim. Özüm də iki məqama görə sevindim. Birincisi, dostumun yadında qaldığıma, unulmadığıma, ikincisi isə Baratın yeni kitabını bir oxucu olaraq mənə də hədiyyə etməsinə görə. Elə poçtun özündə qalın zərfin içərisindən çıxardığım kitabın üz qabığındakı şəkil məni öz təsir dairəsinə saldı. Və mən özümü unudub 6-cı mərtəbəyə liftlə yox, piyada qalxdım. Sonradan bu məqamı xatırlayanda bunun təsadüfi olmadığını, hətta hardasa kitabın adının bir magik təsirə malik olduğunu düşündüm. Çünki kitabın adında bir "piyada” sözü var idi. Adı dəqiq yazsam, kitab belə adlanır:
- PİYADA ATLI!
Bəli, qəribə bir ifadədi bu... Piyada və atlı... Buraya və bağlayıcısını bilərəkdən yazdım. Çünki atlının piyada olması düşünən adam üçün çox mənalar ifadə edir. Hətta mənim bildiyimə görə, belə bir deyim də var: savaddan, danışıq qabiliyyətindən və s. kasad olanlara bəzən "piyada” deyirlər. Məsələn, deyirlər ki, filankəs ədəbiyyatdan piyadadır... Artıq bu, çox mətləbləri ifadə etmiş olur. Bax, bu anlamdan piyada-atlı artıq mənim söylədiyim öncəki fikri ötüb keçir. Yəni artıq burada piyadalıqdan yox, bütün mənalarda atlı olmaqdan, hazırlıqlı olmaqdan söhbət gedir. Bax, şeirlərini özü qədər, özünü də şeirləri qədər sevdiyim (burda bir sirr də açım ki, həyatımda Qazax bölgəsindən Nüsrət Kəsəmənli qədər ikinci bir kimsəni həm şair, həm də insan kimi sevməyən bir Qarabağlı olaraq – Ə.M.) Barat Vüsalı da indi həmin sevginin bərabərində görürəm. Elə bil ki, o sevgi Nüsrətdən sonra öz ünvanını bir az da genişləndirdi, bir az da böyütdü. Və bundan da təbii ki, şəxsən mən çox məmnunam!
Bəli, oxuyuram Baratın kitabını. Özü də 10-12 gündür yazı masamın üzərindəki bu kitabı açıb cəmi bircə şeir oxuyuram. İstəmirəm birnəfəsə oxuyub başa çıxım. İstəyirəm hər gün Baratın söz dünyasıyla, ruh aləmiylə təmasda olum. Axı, o, hamıya, eləcə də mənə deyir ki:
Ölüm diləmə ölümə,
Tabedi Allah əmrinə!
Düşsəm o ümman əlinə,
Bu sahildə ölməyəcəm,
Bir şeir de, ölməyəcəm!
Mən bu şeiri kitabı ilk açanda oxumuşam və ondan sonra da həmin təsirdən çıxa bilmirəm. Hətta öz-özümə mızıldanıram ki, mən öləndə də kimsə başımın üstündə dayanıb bir şeirimi desə mütləq Tanrı mənə möhlət verəcək. Sizə gülməli gələ bilər, amma inanın ki, bu bir həqiqətdir. İçimə, varlığıma hopmuş həqiqət. O həqiqət də bundan ibarətdir ki, şairlər Tanrı dərgahında da yaşayır. Deməli, Barat Vüsal bu yaşamın poetik şəkildə bizim hər birimizə mesaj edibdi. Onu duyan, duymayan hər bir oxucuya başa salmağa çalışıb ki, o bir şair olaraq əbədiyaşarlıq qazanıb.
Qəribədir ki, növbəti dəfə kitaba əl uzadanda qarşılaşdığım şeirin bəndi məni əvvəlki fikrimdə yanılmadığıma bir daha inandırdı. Belə ki, "Söz davası” şeirində yazır ki:
Heyi kəsilməyib, heyi çoxdur ki,
Heyi kəsilibdir balam, adamın.
Axı bu dünyada nəyi yoxdu ki,
Bir iki kəlməsi olan adamın!
Zənnimcə, bax elə bu əbədiyaşarlığa verilən buraxılış vəsiqəsi, həm də o haqqa basılan möhürdü. Mən təqdim etdiyim bəndi oxuyandan sonra şeirin əvvəlinə qayıtdım:
Hər gün Füzuli tək dağa gedirəm,
O köhnə dərdimin – o qəmin üstə.
Hər gün sözlər ilə dava edirəm,
Bir iki kəlməlik sözümün üstə!
Bu şeiri bütünlüklə oxudum və buradan Barat Vüsala demək istəyirəm ki, bir şair olaraq, bir ruh adamı olaraq Sən - sözün üstündə əsmək, sözü içində əkib-göyərtmək yükünü dizibərk, qolu qüvvətli, ruhu göy üzündən süzülən, gün işığından da hərarətli biçimdə olan qardaşımız – bizə, oxucularına az qala beçə balı kimi yedizdirirsən. Buna görə ruhuna, təbinə baş əyirəm! Təşəkkür edirəm! Və sənin bu böyük, bu müqəddəs hədiyyəni öpüb gözümün üstünə qoyaraq atüstü fikirlərimi ürəyimdə həmişə yaşayan böyük Nüsrət Kəsəmənliyə ünvanladığım şeirdən bir parçayla tamamlayıram. Bunu ona görə edirəm ki, Sən şairlərin ölmədiyini, ölümsüzlüyünü bu şeirdə bir daha vurğulamısan. Doğrudur qardaş, şairlər ölmür! Nizami də, Füzuli də, Məmməd Araz da, Bəxtiyar da... Nüsrət də yaşayır!..
Bu ölüm deyil,
üstümüzdən
qorxuluğumuzu götürməkdi.
Ölümün özünü qorxuzmaqdı,
Bizdən ötrü özünü
qabağa verməkdi.
Bu ölüm deyil,
qorxmayın, gələndə
arxamızca
rahatca gəlin
deməkdir.
Bu ölüm deyil,
"ölüm ölüm!” deməkdi.
Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.
Yanındakı dostuna deyir:
- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!