hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: “TOVUZUN SAZ, SÖZ DÜNYASI” Adalet.az | Əbülfət MƏDƏTOĞLU: “TOVUZUN SAZ, SÖZ DÜNYASI” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: “TOVUZUN SAZ, SÖZ DÜNYASI”

4004    |   2019-11-02 09:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəri başdan deyim ki, bu kitab barəsində bir neçə il öncə xəbər tutmuşdum. Qələm dostum, həmkarım, tələbəlik illərimin canlı şahidlərindən biri olan və hər dəfə də "İsaq əmimin oğlu” deyib xüsusi ərk etdiyim Vaqif söhbətlərimin birində dilindən qaçırmışdı ki, samballı bir kitab üzərində işləyir. Doğrusunu deyim ki, onun müəyyən fikirləri qaçaraq deyib getməsi mənim üçün gözlənilən olduğu üçün söylədiyi bu fikir də yaddaşımda ötəri iz buraxdı. Çünki Vaqif İsaqoğlu həm məhsuldar işləməyi bacarır, həm də bir yazının nöqtəsini qoymamış başqa bir yazını işləməyi bacarır. Mən də düşündüm ki, yəqin Vaqif İsaqoğlu yəqin ki, "samballı kitab məsələsini” təsadüfdən dediyinə inandım. Lakin...

Artıq 3 il bundan öncə barəsində xəbər tutduğum kitab indi gündəmin əsas xəbərlərindən birinə çevrilib. Nəhayət ki, həmin kitab mənim də masamın üzərindədi. Tovuzun saz, söz dünyası adlanan məqalələr toplusu "Şərq-Qərb” mətbəəsində işıq üzü görübdü. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı, məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur. Burda onu da vurğulayım ki, bilavasitə respublikanın Mədəniyyət Nazirliyinin layihəsinə uyğun olaraq araya-ərsəyə gətirilib. Elə bu səbəbdən də kitabın ilk səhifəlrəində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cənablarının "... Hər bir şair Azərbaycan üçün dəyərli bir şəxsiyyətdir. Azərbaycan xalqı tarix boyu şairlərlə zəngin olubdur. Bizim xalqımız başqa xalqlardan elə bununla çox fərqlənir”. Həmçinin ölkə prezidenti cənab İlham Əliyevin "... Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır. Azərbaycan aşıq sənətinin vətənidir”. Həmçinin respublikanın mədəniyyət naziri cənab Əbülfəs Qarayevin "UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır” – iqtibasları ilə oxucu qarşısına çıxarılan kitabın ön sözünün müəllifi, AMEA-nın müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov qeyd edir ki, "Aşıq sənəti yeni inkişaf mərhələsindədir”. Və bunun da ardınca hörmətli Nizami Cəfərov onu da vurğulayır ki, "Aşıq sənəti həm Azərbaycan xalq ədəbiyyatının, həm də, ümumiyyətlə, mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biridir. Bu sahəyə həmişə dövlət qayğısı olmuş, aşıqlarımız bu sahədə çalışan digər ifaçılar fəxri adlara layiq görülmüş, onların konsertləri üçün şərait yaradılmışdır”.

Vaqif İsaqoğlunun gərgin axtarışlar və arxiv materialları əsasında araya-ərsəyə gətirdiyi bu kitabın bir neçə xüsusiyyəti mənim üçün diqqətçəkən oldu. Təbii ki, ən diqqət çəkən məqam kitabın özünün bir çap məhsulu kimi yüksək keyfiyyətə, dizayna malik olması idi. İkincisi, kitabda təkcə Tovuzun saz, söz dünyası ilə bağlı deyil, həm də Azərbaycan coğrafiyasının saz, söz dünyasına ən yüksək mövqedən münasibət sərgilənib. Bu da Vaqif İsaqoğluna imkan verib ki, axtarışlarının həm əhatəsindən, həm də onun çeşidlənmə məqamlarından yararlana bilsin. Necə deyərlər, bu üçüncü şərt Vaqif İsaqoğlunu Tovuzun saz, söz dünyası ilə baş-başa qoyub. Onun qarşısında böyük bir dünya açılıbdır. O da bu panoramdan kifayət qədər yararlanmaq şansını əldən qaçırmayıb. Və...

Vaqif İsaqoğlu bir araşdırmaçı-publisist marağıyla kitabda "aşıq” və "saz” məfhumlarına aydınlıq gətirməyə çalışıb. O, vurğulayıb ki, "Aşıq eldə, obada həmişə əziz və hörmətli tutulur. Dədə Qorqud öyüdlü el ağsaqqalı kimi, gənclərin məsləhətçisi və yol göstərəni kimi sevilib və bu gün də sevilməkdədir. Aşıq deyəndə gözlərimiz önündə həm el şairi, çalğıçı, bəstəkar, müğənni canlanır. Aşıq yaradıcılığı ədəbiyyat, musiqi, ifaçılıq, rəqs və teatr elementlərini özündə birləşdirən çoxcəhətli sənətdir”. Həmçinin Vaqif İsaqoğlu vurğulayır ki, "saz təzanə "mizrab” ilə çalınan simli çalğı alətidir. Saz eyni zamanda türk dünyasının, türk rəmzlərindən biridir”.

Bəli, bu girişlərdən, yəni aşığa və saza olan ümumi və həm də fərdi baxışları diqqətə çatdırandan sonra Vaqif İsaqoğlu daha çox zaman, yəni tarix baxımından Tovuzun saz, söz sənətkarlarının yaradıcılığını təqdim etməyə başlayır. Burda qeyd etmək yerinə düşər ki, hər bir aşıq barəsində ayrıca bilgi verən Vaqif İsaqoğlu həm də həmin müəlliflərin yaradıcılıqlarından da nümunələri kitaba daxil etmişdir. İstər 1848-1918-ci illərdə yaşamış aşıq Öysüzlü Səməd barəsində, istər bu gün də ifaları qızıl fondda saxlanılan Hüseyn Bozalqanlı, istər Aydın Çobanoğlu, istər Əli Quliyev və digərləri barəsində yığcam, amma tutarlı bilgilərlə yanaşı, oxucuya təqdim edilməsi özü-özlüyündə bir tədqiqatçı kimi Vaqif İsaqoğlunun gördüyü işlərin əhəmiyyətini bir daha önə çıxarır.

Mən böyük maraqla nəzərdən keçirdiyim bu kitabın Vaqif İsaqoğlu yaradıcılığında xüsusi önəmi olduğunu vurğulamağı özümə borc bilirəm. Düşünürəm ki, o bir şair-publisist kimi yazdığı bütün əsərlərindən fərqli olaraq bu tədqiqat işi ilə özünün bir tovuzlu missiyasını layiqincə yerinə yetirirş. Bir-birindən dəyərli, bir-birindən önəmli saz-söz adamını bir kitabda Azərbaycan oxucusuna təqdim etmək özü-özlüyündə həm də Tovuzu təqdim etməkdir. Vaqif İsaqoğlu Tovuzun "Saz-söz dünyası” ilə birlikdə özünün də sözünü, qabiliyyətini, Tovuza sevgisini ortaya qoyubdur. Yəqin ki, Tovuzu sevənlər, Tovuzun ziyalıları, Tovuzun saz-söz dünyasına marağı olanlar Vaqif İsaqoğlunun bu uğurlu işini dəyərləndirəcək, ona ən azında öz təşəkkürlərini çatdıracaqlar. Mən isə tələbə dostumun bu dəyərli tətqiqat işinə görə təbrik edirəm. Uğurlar olsun, İsaq əmimin oğlu!




İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK