hacklink Adalet.az | İsi Məlikzadənin "Qatarda” kitabı təqdim olundu Adalet.az | İsi Məlikzadənin "Qatarda” kitabı təqdim olundu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İsi Məlikzadənin "Qatarda” kitabı təqdim olundu

3137    |   2019-10-30 12:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ötən gün Milli Kitabxanada Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunmuş "İsi Məlikzadə. Qatarda” hekayələr kitabının təqdimat mərasimi keçirilib. Kitab Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illik yubileyi münasibətilə nəşr edilib.

Təqdimat mərasimdə Yazıçılar Birliyinin rəhbərliyi, millət vəkilləri, tanınmış yazıçılar, ədəbiyyatşünaslar, İsi Məlikzadənin ailə üzvləri, oxucular və medai nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov İsi Məlikzadənın yaradıcılığından, onun əsərlərinin dərin məzmunundan, dilinin sadəliyindən danışıb. Direktor kitabın əhəmiyyətini xüsusilə qeyd edərək bildirib ki, gənc nəsil onun hekayə və povestlərini oxuyarkən onlarda yazıçı haqqında böyük təsəvvür yaranacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İsi Məlikzadəni 60-cı illər Azərbaycan nəsrinin tarixində öz izini qoymuş yazıçı kimi qiymətləndirib, onun hekayələrini Əbdülrəhim bəy Haqverdiyevin hekayələri ilə müqayisə edib. O, çıxışında yazıçının əsərlərinin əsas mövzusunun Qarabağ mühitinə aid olduğunu, əsərlərinin obrazlarını əyalətin sadə insanlarından seçdiyini, onların canlı obrazını yaratdığını söyləyib: "Mən İsi Məlikzadəni bir dost kimi də xatırlayıram. O, həm bədii təfəkkürə malik, çox istedadlı, ağıllı, həm də bənzərsiz yumor hissinə malik olan insan idi. Həyatdan erkən köçməsinin bir səbəbi də Qarabağ dərdi oldu. Qarabağın itirilməsi ona çox ağır təsir etdi. O bu dərdi sözdə, dildə yox, ürəkdən yaşayırdı. Təəssüf ki, biz bu cür aydın təfəkkürlü insanı çox tez itirdik. Yazıçılar Birliyinin təşəbbüsü ilə çap olunan bu kitab bizim ona olan mənəvi borcumuzun bir hissəsidir. Mənə elə gəlir ki, hələ yaxın gələcəkdə İsinin başqa əsərləri də çap olunacaq, ekranlaşdırılacaq. Və onun xatirəsi biz dostlarının, eyni zamandas azərbaycanlı oxucunun qəlbində əbədi yaşayacaq".

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru jurnalist Rəşad Məcid kitabın ərsəyə gəlməsilə bağlı məlumat verərək, bu işdə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib. O, çıxışında İsi Məlikzadənin Ağcabədidə xatirə muzeyinin yaradılmasının vacibliyini xüsusilə qeyd edib.

Millət vəkili, yazıçı Aqil Abbas İsi Məlikzadənin şəxsiyyəti və yaradıcılığı barədə fikirlərini bölüşüb, əsərlərindəki sadə xalq danışıq üslublu dilin zənginliyindən söhbət açıb.

Milli Məclisin deputatı, şair Tahir Rzayev ədibin "Qatarda” povestindən, Dadaşov obrazının koloritindən danışıb və yazıçının "İki günün qonağı” povestində öz həyatını qələmə aldığını söyləyib.

Filologiya elmləri doktoru, professor Asif Rüstəmli kitab haqqında geniş danışaraq, bildirib ki, bu ad zamanın qatarı, həyatın qatarıdır. Professor çıxışında "Qatarda” kitabının nəşrinin İsi Məlikzadənin yubileyinə ən sanballı töhfə olduğunu və kitaba Rəşad Məcid tərəfindən səmimi, içdən gələn hisslərlə ön söz yazıldığını xüsusi qeyd edib: "Hər birimizin yaxşı tanıdığımız, bu kitabın da adını aldığı hekayənin baş qəhrəmanı olan Dadaşov obrazında adi, sadə insanın düşüncələri əks olunub. Onun hadisələrə, insanlara münasibəti özünəməxsusdur. Sanki əsərdəki balaca qatar kupesi böyük səhnəyə çevrilir. Və o səhnədə aktyor tamaşaçı, tamaşaçı isə aktyor rolundadır. Bu kitab sübut edir ki, İsi Məlikzadə yaradıcılığının qatarı heç zaman dayanmayıb. Və nə qədər ki, Azərbaycan ədəbiyyatı var, İsi Məlikzadə sadəliyi, səmimiliyi, cazibədarlığı hər zaman yaşayacaq".

AYB Ədəbiyyat fondunun direktoru Əjdər Ol çıxış edərək ədibin "Qırmızı yağış” əsərindən, işlətdiyi məcazların əhəmiyyətindən danışıb. O, bildirib ki, belə kitabların çapdan buraxılması gənc nəslin İsi Məlikzadə yaradıcılığına olan marağını daha da artıracaq: "Hər bir yazıçı əsərləri vasitəsilə öz dövrünün şəklini çəkir, ruhunu ifadə edir. İsi Məlikzadə də mənsub olduğu, yaşadığı dövrü əsərlərində güzgü kimi əks etdirən, həmin dövrün daşıyıcısı, təmsilçisi olan sənətkardır. Amma bütün bunlarla yanaşı, onun toxunduğu mövzular hər zaman aktualdır".

Tənqidçi Əsəd Cahangir çıxışında tədbirin əhəmiyyətini vurğulayaraq "Ədəbiyyat” qəzetində çap etdirdiyi "Qatarda keçən 30 il” məqaləsindən danışıb. Bildirib ki, İ.Məlikzadənin yaradıcılığında kənd mövzusu, torpağa sadiqlik əsas olub. Ədibi "realist-psixoloji yazıçı” kimi dəyərləndirən tənqidçi deyib: "İsi Məlikzadənin bu kitabının çapına bilavasitə təşəbbüs göstərdiyinə görə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyi, özəlliklə də, Rəşad Məcidə və bu təşəbbüsü müsbət qarşılayıb, kitabın çapına verdiyi dəstək üçün Anar müəllimə təşəkkürümü bildirirəm. "Qanun" nəşriyyatında işıq üzü görən "Qatarda" hekayələr kitabını yazıçının yeni nəsil oxuculara təqdimi yolunda konkret və vaxtında atılmış bir addım kimi səciyyələndirmək lazımdır”.

Onun fikrincə, yazıçının nəsr dilinin folklordan və xalq ruhundan gələn təbiiliyi var ki, bədii yaradıcılığa yeni başlayan gənclər ondan çox şey öyrənə bilərlər: "Bunu görmək üçün onun bəzi hekayələrinin eləcə adına baxmaq yetərlidir: "Neçə ilin qonşuları", "Dağlarda quzu mələr", "Bu dağlar qoşa dağlar"... Lakin əsas məsələ sadəcə başlıqlar yox, bu hekayələrin məzmunu və ən ümumi ruhundadır. İsi Məlikzadə xalq deyimlərini bədii mətnə paltarın üstünə etiket kimi vurmur. O, öz hekayələrini 60-cıların bəziləri kimi yalnız müəyyən bölgə üçün səciyyəvi olan dialektoloji elementlərlə yükləmək və bununla da "ağır oxunan" yazıçı olmaq iddiasından da uzaqdır. Ümumən hər cür aşırı sınırlara varmaqdan yan keçərək ədəbi dillə xalq dili arasında təbii və ideal tarazlığa nail olur. Onun nəsr dilinin əsas gözəlliyi və özəlliyi bundadır. Bu anlamda o, qızıl ortanı ən yaxşı tutan nasirlərimizdən biridir. Bu məsələdə hara qədər getmək və harda dayanmaq lazım olduğunu fitri dil duyumu özü ona diktə edir. İsi Məlikzadənin hekayələrinin əsas məkanı 60-90-cı illərin Azərbaycan kəndi, əsas qəhrəmanları sadə kənd adamları, şəhərdən kəndə gələn ziyalılardır. Onun hekayələri müharibənin dağıntılarından çıxmış kənddəki güzəran sorunlarının doğurduğu mənəvi aşınmalar, əxlaqi təbəddülatları bir güzgü kimi göstərir. Bəzən deyirlər ki, İsi Məlikzadə yalnız özünü yazıb. Əslində, bu, onun uğurudur. Çünki o, təkcə özünü yox, özündə olan insanların ümumiləşmiş obrazını yaradıb. Bununla da İsi Məlikzadə həmişəlik ədəbiyyat faktına çevrilməyi bacarıb".

Daha sonra kitabın redaktoru, şair və publisist Şahanə Müşfiq çıxış edərək bildirib ki, indiyə kimi İsi Məlikzadə yaradıcılığında bir sükut var idi, artıq keçirilən belə tədbirlər bu sükutun pozulmasına səbəb oldu: "İsi Məlikzadəni "Qatarda" tele-tamaşasıyla tanıyıb, "Quyu" povestiylə sevib, digər əsərləriylə bağlanmışam. Amma etiraf etməliyəm ki, onu ən yaxşı şəkildə məhz sözügedən "Qatarda" kitabının toplanması, oxunması və redaktəsi prosesində öyrəndim. Baxmayaraq, təhsilim, sahəm və marağım etibarilə Azərbaycan ədəbiyyatı, onun bir qolu olan İsi Məlikzadə yaradıcılığı hər zaman diqqətimdə olub. Amma düşünürəm ki, uzun illərdir bu adın və bu əsərlərin üzərində qəribə bir sükut var idi. Yazıçılar Birliyinin təşəbbüsü və dəstəyiylə çap olunan bu kitab, İsi Məlikzadənin 85 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması məhz bu sükutu aradan qaldırdı. Sürətli zamanda insanların qalın-qalın kitablar, uzun-uzadı romanlar oxumağa səbri və marağı qalmayıb. Məhz belə bir dövrdə İsi Məlikzadənin kiçik hekayələrindən ibarət kitabı onu nəsildaşlarıma və bizdən sonrakılara daha yaxşı tanıtmaq yolunda atılmış ən uğurlu addım hesab edirəm. Müəllifin dili, hadisələrə baxışı və onları anlatmaq tərzi o qədər sadə, rəvan, axıcıdır ki, insan ilk cümləyə başladısa, sonuncu cümləni tamamlamamış kitabdan ayrıla bilmir. Öz nəsildaşlarım adına bu gözəl kitaba görə Yazıçılar Birliyinin sədri Anar müəllimə, təşəbbüskar Rəşad Məcidə ürəkdən təşəkkür edirəm".

Sonda ailə adından yazıçının qızı Xatirə Məmmədli çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib: "İsi Məlikzadə ailədə də çox gözəl insan idi. Necə ki, bu gün burada dəyərli söz adamları onun yaradıcılığıa haqqında xoş fikirlər səsləndirdilər, eləcə də ailə başçısı kimi ən gözəl sözlərə layiqdir. Biz onun adına, əsərinə, fikrinə harda rast gəlsək çox sevinirik, atamın zəhmətinin dəyərləndirilməsindən xoşbəxt oluruq. Bu kitab da bizi son dərəcədə məmnun etdi, sevindirdi. Zəhməti olan hər kəsə təşəkkürümüzü bildirirəm. İsi Məlikzadənin tezliklə Ağcabədidə Ev Muzeyinin yaradılmasını arzulayırıq".

Daha sonra tədbir iştirakçıları İsi Məlikzadənin əsərlərindən ibarət "İsi Məlikzadə - 85” adlı sərgi ilə tanış olub və sərgi önündə xatirə şəkli çəkilib.





İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK