hacklink Adalet.az | İlham Qəhrəmanın Mərasim Evində İmza Günü keçirilib - Foto Adalet.az | İlham Qəhrəmanın Mərasim Evində İmza Günü keçirilib - Foto Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

İlham Qəhrəmanın Mərasim Evində İmza Günü keçirilib - Foto

8616    |   2019-10-29 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 26-da Mərhəmət Kimsəsizlərə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə tanınmış şair İlham Qəhrəmanın yeni çapdan çıxmış "Şairin vətəni sevgidir” kitabının İmza Günü keçirilib. 

Yeni Günəşlidə "Laçın” Mərasim Evində çay süfrəsi arxasında baş tutan tədbirə xeyli kitabsevər insan toplaşmışdır. Mərasim evindəki stolların birində şairin indiyə qədər çap olunmuş kitablarından nüsxələr sərgilənmişdi. Bu mənada İmza Gününü İlham Qəhrəmanın 60 yaşın işığında oxucular qarşısında yaradıcılıq hesabatı da adlandırmaq olardı. Tədbirə gələnlər şairin yeni kitabıyla bərabər həm də bundan əvvəl çap olunmuş "Laçın lətifələri”, "Sevgi durna çırağıdır”, "Ağlama, qələm eşidir” və toplayıb tərtib etdiyi Sarı Aşığın "Gül dəftəri” kitablarını da əldə edib müəllifə imzalatmaq fürsəti qazanmışdılar. Tədbir başlamazdan əvvəl oxucular şairin imzasını almaq üçün onu dörd bir yandan dövrəyə almışdılar. Elə iştirakçı vardı şairin hər kitabından olmaqla bir qucaq kitabla imzalatmaq üçün növbə gözləyirdi. Bəziləri isə tədbirə gələ bilməyən dost-tanışının sifarişiylə aldıqları kitabları adları deməklə imzalatdırırdılar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini şairin imza məsələsində təntidiyini görüb qucağındakı bir topa kitabdan yalnız birini uzadıb dedi - əmoğlu, birnə imza qoysan bəsdi. Şair bir tərəfdən imza qoymaq üçün qayğılı görünsə də, o biri yandan kitablarına oxucu marağının olmasından yana məmnun görünürdü. Şəhərin mərkəzdən uzaq yerində bir çoxlarının Mərasim Evində ədəbi tədbir keçirməyə dodaq büzməsinin əksinə olaraq gələnlərin çox olması maraq doğurmaya bilməzdi. Demək ədəbiyyat, dəyərli söz harda olsa qiymətlidir – istər dəbdəbəli saray olsun, istər adi bir mərasim evində. Burda belə bir xalq deyimi yada düşür: Çanağında bal olsun, arısı gələr Bağdaddan. Yeni Günəşlinin mərkəzdən uzaq olduğuna görə gələnlərin bəzisindən hardan gəldiyi ilə maraqlanıram – məlim olur ki, Bakının Xətai rayonu ərazisindən, Xırdalan şəhərindən, Xəzər rayonundan, Pirallahı adasından belə şairin kitablarını almaq üçün bura gələnlər var. Əsəd Cahangir salona daxil olan kimi tədbirin rəsmi hissəsi başladı. Şairlə bərabər ona Laçında tarixdən dərs demiş AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Məhərrəmova, tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangir və aktyor və qiraət ustası Zülfiyyə Eldaqızı səhnədə yer aldılar.



İlham Qəhrəman ayağa qalxıb gələnləri salamladı xoş gəldiniz elədi. Daha sonra - bu salonda həmişə haqq dünyasına qovuşanlarımızın yas mərasimində axundlarımızın dualarını dinləmişik. Bu gün burda biz ənənədən kənara çıxıb toplaşanları sazı və sözü dinləməyə dəvət etmişik. Sağ olun ki, gəlmisiz – dedi və tədbiri idarə etmək üçün sözü Əsəd Cahangirə verdi.

Əsəd Cahangir şairi toplaşanlara belə təqdim etdi:

İlham Qəhrəman müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən biridrir. Onun poeziyasının əsas xüsusiyyətləri ondan ibarətdir ki, o həm bizim müasir Azərbaycan şeirinin, həm də klassik və aşıq şeirinin ən gözəl xüsusiyyətlərini öz yaradıcılığında sintez eləyir. Onun şeirləri formaca zəngindir – yəni həm aşıq şeiri formalarında heca şeirləri, həm də sərbəst şeirlər yazır, eyni zamanda bu ikisinin arasında olan ritmik sərbəst şeirlərdə də öz qələmini sınayır. İlhamın mövzu və məzmunca palitrası rəngarəngdir. Belə ki, biz onun kitablarında həm vətənpərvərlik ruhunda, həm məhəbbət mövzusunda, həm fəlsəfi, həm də təbiət təsvirləriylə bağlı şeirlərlə rastlaşırıq. Bununla bərabər İlham Qəhrəmanın şeirlərinin ana mövzusu məhəbbətdir – vətənə məhəbbət, təbiətə məhəbbət, insana məhəbbət, həyata məhəbbət. Şairin şeirlərinin ən əsas xüsusiyyəti sadəliyin dərinliyidir. Onlar özünün emosional təsir gücüylə seçilir ki, bu da onların sadəlik və eyni zamanda fəlsəfi dərinliyə malik olmasından ibarətdir. Onu mən sözün rəssamı hesab edirəm. Onun vurduğu boyalar, rəsmlər orjinaldı, özünəməxsusdur. Ona görə də İlham Qəhrəman maraqla oxunur, onun təşbehləri, metaforaları yadda qalır. O həqiqi ilham və istedad sahibidir. Yaradıcılığının başlıca özəlliyi bundan ibarətdir - öz ilhamını haqdan alıbdır və eyni zamanda xalq dilindən gəlir. O həm haqqın şairidir, həm də xalqın şairidir. Azərbaycan poeziyasında mən ümimiyyətlə iknci elə bir şair təsəvvür eləmirəm ki, Azərbaycan xalq dilinin incəliklərini İlham Qəhrəman qədər bilsin və poeziyaya gətirə bilsin.



Axırda Əsəd Cahangir tədbiri açıq elan edib gənc saz ifaçısı aşıq İlkin Laçınlını

səhnəyə dəvət etdi. Məlum oldu ki, aşıq sazı əvvəldən "Ruhani”yə kökləyib.

İfadan sonra aparıcı çıxış üçün sözü Solmaz xanıma verməzdən əvvəl şairin son kitabında yer alan "Solmaz müəllim” şeirini oxumaq üçün mikrofonu Zülfiyyə Eldarqızına verdi. Solmaz xanıma ünvanlanmış şeir onun gənclik portretinin cizgilərini verməklə yanaşı həm də yurd itkilərimizdən bəhs edir. Şeirin Solmaz müəllimi də, dinləyənləri kədərləndirdiyi onların üz ifadələrindən aydın hiss olunurdu.

Qiaraətçinin təsirli ifasının ardınca Solmaz müəllim çıxışında salondakılara İlham Qəhrəmanı dərslərinə hazırlıqlı bir şagird kimi xarakterizə etdi. Onun mütaliəyə çox həvəsli olduğunu, 6-cı sinifdə oxuyandan məktəb kitabxanasında adına oxucu kartı açıldığını dedi. Ona dərs deyən müəllimlərdən biri olduğundan dolayı fərəh duyuduğunu vurğuladı. Natiq fikrinə davam edib bildirdi ki, İlham Qəhrəmanın şeirlərində təbiilik var, bu şeirlərdə xalq ruhu, xalq nəfəsi çox güclüdü. O şairin anasının ölümünə yazdığı "Anamın qolları” essesini oxuyandan sonra bir həftə essenin təsiri altında qaldığını, bir azərbaycan qadını haqqında belə bir təsirli və gözəl esse qələmə aldığna görə şaigirdinə təşəkkür etdiyini də gələnlərin diqqətinə çatdırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov öz çıxışında İlham Qəhrəmanın yaradıcılığını belə dəyərləndirdi:



Bəzən İlham Qəhrəman haqqında elə danışılır ki, sanki o, Laçının və ya laçınlıların şairidir. Halbu ki, İlham Qəhrəmanın yaradıcılığının əhatə dairəsi Azərbaycanın coğrafi sərhədləri deyil, Azərbaycan xalqının mənəvi sərhədləri ilə ölçülə bilər. Çünki onun yaradıcılığı təbrizli, borçalılı, dərbəndli, qarslı, hətta kərküklü üçün də doğma və istidi. Bu mənada İlham Qəhrəmanın yaradıcılığına bəzən bir elin, bir rayonun miqyasında qiymət vermək yumşaq desək ədalətsizlikdir. Məncə İlham Qəhrəmanın yaradıcılığı folklorla yazılı ədəbiyyatın vəhdətidir. Hətta mən iddi edirəm ki, onun şeir kitabları imzasız çap edilsə, oxucu kitablardakı mətnləri folklor kimi rahatca qəbul edə bilər. Bu mənada İlham Qəhrəmanı bizim ustad aşıqlarla, folklora bağlı şairlərimizlə müqayisə etmək olar. Amma İlham Qəhrəmanın yaradıcılığı həm də müasirliyi, fəlsəfi tutumu ilə folklordan fərqlənir. Onun yaradıcılığınıAzərbaycan ədəbiyyatının seçilən müasir simaları ilə müqayisə etmək mümkündür.

ADU-nun (Xarici Dillər Universiteti) baş müəllimi şair-tərcüməçi Yusif Savalan şairi təbrik edib toplaşanlara yubilyarın 2 şeirini həm orjinalda, həm də özünün almancaya tərcüməsində oxudu.

"Laçın yurdu” jurnalının baş redaktoru, şair Arif Məmmədli əvvəldə qələm dostunun "Dua” şeirini əzbərdən deyib onu bu il 60 yaşının tamam olması münasibətiylə təbrik etdi. İlham Qəhrəmanın yurd həsrətli, Qarabağ facilərimizdən bəhs edən şeirlərində oxucuların yarasının qaysağını qopartdığını, bu ağrılarımızı unutmağa qoymadığnı vurğuladı. Şairin bütün şeirlərində olduğu kimi vətən mövzusunda yazdığı şeirlərdə də səmimilikdən uzaq bir misra tapamaq mümükün deyil dedi. Arif Məmmədli fikrini İlham Qəhrəmanın Laçın ağrısını çılpaqlığıyla çatdıran "Gizlənpaç” şeirini deməklə tamamladı.

"Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov çıxışında daha çox İlham Qəhrəmanın folklor nümunələrini toplaması və tərtib etməsi istiqamətində gördüyü işlərdən danışdı:

İlham Qəhrəmanın bu gün mən folklorşünaslıq keyfiyyətlərindən danışmaq istəyirəm. Onun könül işi kimi yığıb topladığı "Laçın folkloru”, "Laçın lətifələri” və Sarı Aşığın "Gül dəftəri” kitabları bir tədqiqatçı kimi bütün konponentləri ilə alimlik fəaliyyətini özündə ehtiva edir.Toplayıcılıq folklorşünaslıq sahəsində xüsusi bir sahədir. Burada toplayıcıdan həm fədakarlıq, həm obyektivlik, həm də düyum tələb olunur. Bu keyfiyyətlər İlham Qəhrəmanda yüksək səviyyədə olduğu üçün o, yüksək kefiyyətlə mədəni irsimizi toplayıb nəşr etdirməyə nail olmuşdur.



Sarı Aşıqla bağlı araşdırmalarında isə şair İlham Qəhrəman özünü bütün keyfiyyəti ilə tam bir folklor tədqiqatçısı kimi göstərmişdir. O, aşıq şeirinin müqayisəli təhlilini verməklə, ayrı-ayrı mənbələr kontekstində araşdırma aparmışdır. Tərtib etdiyi "Gül dəftəri” kitabına yazdığı ön sözdə şifahi ədəbiyyat nümunələrinin etimologiyası və müəllif haqqında ən vacib qaranlıq məsələləri araşdırmışdır. Kitabda Sarı Aşığın doğum yerinin müəyyənləşdirilməsi və yaradıcılığı ilə bağlı maraqlı fikirlər yer almışdır. Laçında doğulan şair İlham Qəhrəmanın poetik duyğularının hüdüdları Bütöv Azərbaycanla və Türk dünyası ilə müəyyənləşdirilir.O, Qarabağ dərdini qəlbində, canında və poetik duyğularında yaşatdığı kimi Dərbənd, Göyçə, Borçalı və Kərkük dərdini də eyni səmimiyyət və ağrı ilə yaşadır.

Yazıçı-filoloq Həcər Paşayeva İlham Qəhrəman yaradıcılığını sosial şəbəkdən və elektron KİV-lərdən izlədiyini, bu gün kitablarını əldə etdiyinə görə çox şad olduğunu dedi. Natiq çıxışına belə davam elədi – xilkafətlikdən üzü bəri bütün dövrlərin ədəbiyyatı ilə müəyyən dərəcədə tanışam. Ancaq İlham Qəhrəman yaradıcılığında gördüyüm səmimiyyəti, xalq dilinə yaxınlığı heç kimdə görmədim. İlham Qəhrəman şifahi və yazılı ədəbiyyatın ən böyük nailiyyətlərini öz yaradıcılığında uğurla birləşdirib. Onun şeirlərində xəlqilik güclüdür. Həcər xanım üzünü həmyerlilərinə tutub - İlham Qəhrəmanın kitabları anbarlarda, kitab rəflərində qalmaq üçün nəşr olunmayıb. Orda sizin dərdiniz, qayğılarınız, sevincləriniz əksini tapıb. O kitabları sizdən sonra övladlarınız, nəvə-nəticələriniz oxuyacaq. Kim olduqlarını, hardan gəldiklərini biləcəklər.

Yazıçı Fəxri Uğurlu, jurnalist Natiq Muxtarlı, təhlükəsizlik eksperti İlham İsmayıl, əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru Hikmət Cəmilzadə, şair İlham Qazaxlı, şairin sinif yoldaşı Cəmilə İbrahimova və başqaları söz alıb yubilyarıa ürək sözlərini çatdırdılar.

Məclis boyu iştirakçılar sazın müşayiəti ilə ara Zülfiyyə xanımın, ara şairin öz ifasında şeirlərini dinlədilər.

Sonda İlham Qəhrəman toplaşanlara, Mərasim Evinin rəhbərliyinə və Mərhəmət Kimsəsizlərə Kömək İctimai Birliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi.

Aşıq İlkin Laçınlının sazının sədalarıyla başlanan məcslis sonda yenə onun ifasında "Baş sarıtel” havasıyla yekunlaşdı. Sonda xatirə şəkilləri çəkildi.

Vəsilə Məmmədova,

Sabunçu rayon MKS-nin 12 saylı filialın müdiri





İmza:
SON XƏBƏRLƏR
2019-11-18
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK