hacklink Adalet.az | Mənə inanmırlar - Pərvanə Bayramqızı yazır Adalet.az | Mənə inanmırlar - Pərvanə Bayramqızı yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Mənə inanmırlar - Pərvanə Bayramqızı yazır

4955    |   2019-10-29 08:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siz inanmayacaqsınız, amma bu dəqiqə yan-yörəmdə yazdığıma boylananlar təsdiq edərlər ki, yazını dayancaqda ovcumun içində yazıram. Sizi beləcə ovcumun içində oxuduram.

Səhər tezdən evindən hirsli çıxıb bir-birinə qəzəblənən adamları görəndə cəmiyyəti dəyişmək arzum bir az da gücləndi. Amma bu dəqiqə kimin yaxasından tutub deyə bilərəm ki, təfəkkürünü dəyişməlisən? Ona görə də yaxşısı elə qələmdir. O sizə hər şeyi çatdıracaq.

Çox adam mənə inanmır. O fikri ağlınıza gətirməyin, heç vaxt yalan danışmamışam. Əksinə doğru danışdığımçün heç kəsi inandıra bilmirəm. Çünki hər kəs həqiqət deyə öz yanaşmasını qəbul edir. Nə vaxt ki, "Pulu sevmirəm” deyirəm, az qalırlar mənə hücum etsinlər, "Ola bilməz” deyə yalan danışdığımı sübut etməyə çalışırlar. Mənə pulun üstünlüklərini izah edirlər. Elə bilirlər ki, ehtiyacın pulla ödənildiyini bilmirəm. Hansı fikrimi deyirəmsə inanmaq istəmirlər. Gəlir gətirməyən sahələrdə işləməyi, ömrümü maarif işlərinə həsr etməyi üstün tutduğum üçün hətta "dəlisən” deyirlər. Dəlilərin heç nəyə göz dikmədikləri üçün bizdən ağıllı olduqlarını qəbul edə bilmirlər. Biri deyir ki, "pulsuz dükana getsən hansı satıcı sənə istədiklərini verər?” Guya "pulsuz hər şey almaq olar” iddiasındayam. Heç cür izah edə bilmirəm ki, pula məhəbbətim yoxdur. "Pulsuz səni heç kim adam saymaz” deyə israr edirdlər. Mən də deyirəm ki, onda siz də pulu sevməyin. Elə təəccüblə baxırlar ki, özümü itirirəm. "Əgər siz də pulu sevməsəniz pulsuz adamları pullu adamlardan fərqli görməzsiniz” söyləyəndə də razılaşmırlar. İnsanlar pula bu qədər dəyər verməsələr, meyillərini yalnız daxili gözəlliklərə salsalar, şəxsiyyətlərindən pulu üstün tutmasalar, ətrafdakılara maddi durumlarına görə hörmət etməli olduqlarını fikirlərindən çıxartsalar mənə inanarlar.

Var-dövlət üçün yaşayan, insanlara sosial vəziyyətinə görə yaxınlaşan, pulu olmayanı insan hesab etməyən saysız-hesabsız adamlar var. Belələrinin bu geniş dünyanı qoyub dar cibdə "yaşadığını” zənn edirəm. "Yalan” danışdığımı sübut etməyə çalışanlardan biri yaxın adamları arasında olan sosial fərqdən doğan münasibət haqqında belə bir əhvalat söylədi:

– İki əmim var. Qardaş olsalar da bir-birlərindən maddi durumları kimi xaraktercə də kəskin fərqlənirlər. Biri sadə, vicdanlı, amma çox kasıb, o biri isə hər iki mənada bunun tam əksinədir. Böyük bir nəsil isə zəngin mənəviyyatlı kasıb əmimdənsə xudbin və təkəbbürlü olanın varlığına sevinir, əmrlərinə müntəzir dayanırlar. Məclislərdə gözəl mənəvi keyfiyyətləri ilə məmnun görünən əmimin ətrafında heç kəs görünmür. O birininsə yerini yuxarı başda təyin edirlər. Ona xidmət etmək üçün qohum-əqraba ofsiantlara imkan vermir, kişinin qulluğunda özləri dayanırlar. Telefonunu məclisdə enerji mənbəyinə qoşub böyründə də keşiyini çəkirlər. Səbəbsə puldur – qardaşları bir-birindən uzaqlaşdıran kağız parçaları.

Qadın əyani misalı ilə məni fikrimdən daşındıra bilmədi. İsrarla dedi ki, pul hər şeydən üstündür vəssalam. Razılaşmadım, onsuz da o adamlar məclisdən çıxıb evə gedəndə yol boyu beyinlərində hər şeyi götür-qoy edəcəklər. Etiraf etməsələr də kimin əsl insan olduğunu özləri bilirlər.

Mövzu ətrafında mübahisə etməkdən yorulmuşam. İnsanların əksəriyyətinin bu fikirdə olmaları qanımı qaraldır. Hər kəs haqsız olduğumu sübut etməyə çalışır. Məni axmaq hesab edən biri deyir:

– Camaat pula görə bir-birini öldürür, sənsə deyirsən pulu sevmirəm.

Dediyi sözdəki həqiqəti özü dərk etməyən adama cavabı öz sözünü ona təhlil edərək verirəm:

– Pulu niyə sevmədiyimin əsl səbəbini özün dedin. "Pula görə insanlar bir-birini öldürür”. O şey ki bizi saflıqdan, həqiqi sevgidən uzaqlaşdırır onu niyə dəyərli bilək? Nə qədər ki, bir-birlərini sevmək əvəzinə insanlar pulu sevəcək, qan tökəcəklər mən də pula nifrət edəcəm.

Bu vaxtacan şubamın olmamağına maddi imkanın heç bir dəxli olmayıb. Marağım olsaydı ən azından hamı kimi kreditlə götürər, ac qalıb hissə-hissə ödəyərdim. Amma istəmirəm. Buna səbəb onun hazırlanma prosesi də deyil. Yalandan deməyim ki, heyvanları qorumaq niyyətindən sevmirəm. Onda gərək ət xörəyi də yeməyim, ikisi də eyni şeydir. Sadəcə şubanın "fəlsəfəsini” dərk edə, onda gözəllik görə bilmirəm. Məhz buna görə almıram. Anamın şubası var, insafən o da hərislikdən almayıb. Geyinənlərin çoxu kimi onu ipəkqurdu hazırladığını da zənn etmir. Ona da atam alıb. Atamın da qadın dünyasına bələd olan romantik kişi olduğunu yazsam ona böhtan atmış olaram. Sadəcə, qadınların şuba sevdiyini eşidib ona görə alıb ki, anamın könlü şad olsun.

Buraya qədər bizim heç birimizin (nə şubam olmadığı üçün mənim, nə olduğu üçün anamın, nə də aldığı üçün atamın) günahımız yoxdur. Şuba məsələsində günahkar olan cəmiyyətdir. Niyəsəni deyim.

Anamla harasa gedəndə mən adi gödəkcə geyirəm, o isə şubada olur. Bizə zillənən baxışları təsvir etməyəcəm, amma eşitdiyimiz pıçıltıların çox gülünc və acınacaqlı olduğunu dəqiqliyi ilə yazacam.

– Dünya vecinə deyil, şubanın içində xumarlanır.

Halbuki anamla mübahisə edirəm ki, bircə anlığına dünyanın qəmini unutsun. Qadınlar ona "bəxtəvər” dedikcə anam yeni ailə qurduğu illərdə necə çətinliklə palto aldıqlarını xatırlayıb gözləri dolur. Adamlarsa bizi "yerbəyer” etməyə çalışırlar.

– Özünün geyiminə də bax, qızınınkına da. Deyəsən, qızının güzəranı yaxşı deyil.

Bir qadınsa artıq problemimizi həll edir:

– Qızına da alsın də, ana deyil?

Bu məqamda yenə də "Fatma cijimdən” sitat gətirəcəm. Rəfiqəm deyir ki,

xalamın üç qızı var. İkisinin maddi vəziyyəti yaxşıdır. Amma biri kasıb yaşayır. Di gəl ki, o kasıb olan toya gedəndə nə qədər qızılı varsa hamısını boynuna, biləyinə taxır, qız xəzinəni andırır. O biriləri isə bir-iki sadə muncuqdan istifadə edirlər. Qohum-əqraba kasıb yaşayanı varlı hesab edib başına yığışır, ona qulluq göstərirlər.

Qonaqlığa gedəndə bizdə də buna bənzər hal baş verir. Qohum süfrədəki hər şeyi anamın qarşısına qoyub, yeməyini tələb edir. Mənə isə dilucu "xörək çək” deyir. Bilirəm ki, bu gülünc qonaqpərvərlik şubaya görədir. Xəstə təfəkkürlü adamlar həyatı bu cür dərk edirlər. Növbəti dəfə anam şubasını geyməyə utanır. Üzərinə ilan dolanıbmış kimi özünü narahat hiss edir. Gülürəm. Deyirəm narahat olma, qohumları tanımaqda mənə kömək edirsən. Bunu yayda da geyin qoy səni də ruhi xəstə bilib yaxandan əl çəksinlər.

Məhz belə şeylərə görə istəyirəm cəmiyyətimizdən bir təveqqe edim.

– Ay adamlar, nolar, həyata baxışınızı dəyişin, məni şuba geyinməyə məcbur etməyin.

Deyəsən, acizanə səsləndi. Buna əhəmiyyət verməyəcəklər. Onda başqa tona keçək.

– Baxın ha, sizə deyirəm, elə etməyin ki, şuba geyinim!




İmza:
SON XƏBƏRLƏR
2019-11-18
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK