hacklink Adalet.az | Soçi anlaşması Adalet.az | Soçi anlaşması Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

Soçi anlaşması

Ərdoğan hədəfə doğru inamla addımlayır

29088    |   2019-10-24 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Suriyada hərbi əməliyyatların 120 saatlığa dayandırılması ilə bağlı ABŞ-la Türkiyə arasında əldə edilmiş müddət başa çatıb. Xatırladaq ki, ABŞ bu müddət ərzində PYD/YPG silahlılarının bölgədən çəkiləcəyini bildirmişdi. Dünən Türkiyə prezident aparatından verilən açıqlamada bildirilir ki, artıq proses başa çatdığına, yəni terror təşkilatının silahlıları nəzərdə tutulan 30 km-lik ərazidən çəkildiyinə görə yeni əməlliyyatların aparılmasına ehtiyac qalmır.

Açıqlamada daha sonra bildirilir ki, indi əsas hədəf dünən Ərdoğanla Putinin arasında keçirilmiş görüşdə əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsidir. Bu razılaşmaların əsas məğzi isə Suriyalı qaçqınların təhlükəsiz şəkildə öz torpaqlarına qaytarılmasından ibarətdir.

Soçi görüşündə tərəflər 10 bəndlik bir anlaşma imzalayıblar. Anlaşma təxminən ABŞ-la Türkiyə arasında hələ bu ilin avqust ayında əldə olunmuş, ancaq həyata keçməmiş razılaşmanın eynidir. Anlaşmaya görə Türkiyə Sülh Çeşməsi əməliyyatı çərçivəsində sahibləndiyiTel Abayd-Rəsulyan arasındakı bölgəni nəzarətdə saxlayacaq. Bu bölgədən kənarda isə sərhəd boyu 10-lik ərazi türk və rus əsgərlərinin birgə nəzarətində olacaq. PYD/YPG öhdəsində olan ağır silahları 150 saat ərzində sərhəddən 30 km. geriyə çəkəcək. Ancaq rus-və türk əsgərləri həmin 30-km-lik əraziyə yox, yuxarıda dediyimiz kimi yalnız 10 km-lik sərhəd zonasına nəzarət edəcəklər.

Soçi görüşündə tərəflər təkcə Fəratın şərq hissəsi yox, qərbiylə bağlı da razılığa gəliblər. Həmin bölgədə yerləşən Tel Rıfat və Membiç şəhərlərindəki PYD/YPG silahlıları da geri çəkiləcək.

Məlumdur ki, hələ Türkiyə Suriya münasibətlərinin yaxşı vaxtlarında Anqara ilə Dəməşq arasında Adana anlaşması adlı bir sənəd imzalanmışdı. Həmin sənədə görə Türkiyə terror təhlükəsi olduğu təqdirdə Suriya ərazisinə 5 km-lik həddə kimi müdaxilə edə bilərdi. Soşi görüşündə bu məsəfə 10 km-ə qədər uzadıldı. Ancaq bir şərtlə ki, bu cür müdaxilə yalnız Rusiya ilə birlikdə həyata keçirilə bilər.

Anlaşmanın Türkiyə üçün məqbul olmayan yeganə tərəfi odur ki, burda söhbət PYD/YPG-nin tam məhv ediləcəyindən yox, onun sadəcə olaraq, sərhəddin cənubuna doğru geri çəkiləcəyindən gedir. Ümumiyyətlə, istər qərb ölkələri, istərsə də Rusiya bu terror təşkilatından kürdlər deyərək bəhs edirlər ki, bu da problemin mahiyyətini dəyişməklə yanaşı onun həllinə də əngəllər törədir. Görüşdən sonra keçirilmiş mətbuat konfransında Putin hətta kürdlərlə Suriya hökuməti arasında dialoqun vacibliyindən də söz açdı. Bu isə onu göstərir ki, artıq PYD/YPG ABŞ-ın himayəsindən çıxaraq Rusiyanın qucağına qayıdır.

Anlaşmanın başqa bir qüsuru isə Kobani və Qamışlıdakı terrorçuların ordan çıxarılması barədə heş bir söz deyilməməsidir.

Soçidə imzalanmış sənəddə Suriyanın ərazi bütövlüyünün xüsusi olaraq vurğulanması bir tərəfdən PYD/YPG-nin suverenlik və sair bu qəbildən olan "eşqə” düşməsinin qarşısını alırsa, digər tərəfdən Türkiyə ilə Milli Suriya ordusunun birgə nəzarətində olan Afrin və Cerablusun, türklərin müşahidə məntəqələrinin yerləşdiyi İdilibin taleyini də sual altında qoyur.

Bundan əlavə razılaşmada qaçqınların təhlükəsiz və könüllü şəkildə geri qaytarılması sahəsində əməkdaşlıq, Suriya münaqişəsinin siyasi yolla həllini nəzərdə tutan Astana mexnizminin həyata keçirilməsi yolunda birgə səylərini davam etdirilməsi, eləcə də Konstitusiya Komitəsinin fəaliyyətini dəstək verilməsi məsələləri də öz əksini tapıb.

Dünyanın aparıcı kütləvi infiormasiya vasitələri Soçi anlaşmasını haqlı olaraq həm Rusiyanın, həm də Türkiyənin böyük diplomatik uğuru kimi qiymətləndirir.

Artıq əminliklə demək olar ki, Rusiya bu anlaşma ilə Suriya məsələsində təşəbbüsü tam şəkildə öz əlinə aldı, ABŞ isə bölgədən tam sıxışdırılıb çıxarılmış duruma düşdü. Artıq rəsmi Dəməşqlə yanaşı bölgədə əsas güclərdən biri hesab edilən PYD/YPG silahlıları da birbaşa Kremlin nəzarəti altına keçir və Rusiyanın proseslərə təsirini xeyli artırır. Üstəlik, bu anlaşmadan sonra Türkiyənin Suriyaya yönəlik həm siyasi-diplomatik, həm də hərbi həmlələri, yumşaq desək, bilavasitə Rusiyanın mövqeyindən asılı vəziyyətə düşür ki, bunu da Putinin uğurlu manevrlərinin bəhrəsi saymaq olar. Nəhayət, bu anlaşmanı uzun illərdən bəri sıx hərbi-siyasi müttəfiqlik münasibətlərində olduğu Türkiyəni terrorla mücadilədə tək qoyan, bu azmış kimi hər vəchlə qarşı tərəfin, yəni terrorçuların yanında dayanan ABŞ və Avropa Birliyinin öz əzəli və əbədi rəqibləri olan Rusiya qarşısındakı acınacaqlı məğlubiyyəti də saymaq olar.

Əslində, Qərb mətbuatının yazdığının əksinə olaraq Soçi anlaşması Putindən daha çox Ərdoğanın aktivinə yazılası bir siyasi hadisədir. Açığı, onun Suriyaya son müdaxilə zamanı düşdüyü bataqlıqdan "salamat” çıxacağı prosesin əvvəlində çoxları üçün ciddi suala çevrilmişdi. Amma güclü intiusiyası, çevik manevrləri və qətiyyətli addımları bütün müşgülləri aşmaqda ona yardımçı oldu. Öz niyyətini (oxu: Türkiyə Cümhuriyyətinin niyyətini) həyat keçirmək üçün əlinə düşən hər fürsətdən anındaca yararlanaraq şoxsaylı rəqiblərinin köpünü onları artıq baş vermiş faktlar qarşısında qoymaqla almaq taktikası seçdi.

Rəqiblər isə çox idi. Bu əməliyyata başlamaq üçün öz razılığını vermiş ABŞ prezidentindən ard-arda gələn ziddiyyətli açıqlamalar, Konqresin saatbasaat artan sanksiya hədələri, Avropa ölkələri və Avropa Birliyi rəsmilərinin qopartdığı tozanaq və s. və i.a. Hətta Soçi görüşü zamanı öz bunkerindən çıxıb cəbhə bölgəsinə gələn Bəşər Əsəd də, görünür, Suriya ətrafında baş verən proseslərdə hansısa söz sahibi olduğunu nümayiş etdirmək həvəsinə düşərək onun ünvanına nəsə qırıldatmağa başladı. Hərçənd, özü də yaxşı bilir ki, Suriya ilə bağlı söz haqqı nəinki indi, lap elə bu cümhuriyyət yaranandan indiyə kimi Kremldə olub və olmaqda davam edir.

Bu əməliyyatlar təkcə Türkiyənin maraqları yox, həm də Ərdoğanın şəxsi siyasi taleyi üçün də böyük bir risk idi. İstanbul məğlubiyyəti, Qərbin təzyiqləri nəticəsində gün-gündən pisləşən iqtisadi vəziyyət, lirənin sürətli devalvasiyası son on illiklərin bu əvəzedilməz liderinin ictimai rəydəki mövqeyinə xeyli ağır zərbələr vurub. Yeni sanksiyalar bu vəziyyəti o dərəcədə ağırlaşdıra bilər ki, hətta bir yox, bir neçə lokal hərbi uğurun belə onun fəsadlarını aradan qaldırmağa gücü çatmaz.

İndi görünən budur ki, böhranın ağır günləri arxada qalıb. Bölgənin hər iki əsas oyunçusunun maraqlarına cavab verən anlaşma əldə olunub və ən başlıcası Qərbin yuxusuna haram qatan hərbi müdaxilə dayanıb. Soçi razılaşması hərbi müdaxilənin 120 saat dayandırılmasıyla bağlı Ərdoğan-Pens müqaviləsinin müddətini avtomatik olaraq daha 150 saat uzadıb ki, bu da prosesi tam olaraq yekun fazaya çatdırmaq üçün əlavə fürsətdir.

İAncaq bəzi müşahidəçilər PYD/YPG terrorçularının Soçi anlaşmasına əməl etməyəcəklərini də istisna etmirlər. Bu barədə fərqli fikirlər olsa da, Kremlin sözçüsü Dimitri Peskov qətiyyətli mövqeyi ilə məsələyə bir növ nöqtə qoyub. Röyter agentliyinin məlumatına görə Peskov bildirib ki, ABŞ kürdləri Türkiyə sərhəddinə yaxınlaşmağa və türk ordusuyla döyüşməyə təhrik edir. Onlar bu fitvaya getsələr türk ordusu tərəfindən əzilib məhv ediləcəklər.

Peskovun bu sözlərini isə Rusiyanın Soçi sazişinə sadiq qalacağına şübhə yeri qoymur. Niyə də qalmasın ki, bu saziş ruslara heç də türklərdən az lazım deyil.

Adalet.az




İmza:
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK