ANA SƏHİFƏ / YAZARLAR

SARKOZİ, QƏDDAFİ VƏ KƏRTƏNKƏLƏ YEYƏN ƏRƏBLƏR

(XXI əsrin Səlib yürüşü)

12832    |   2011-03-29 03:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində yeni Səlib yürüşü indi başlamayıb, ötən əsrlərdən başlayıb - Əfqanıstan, İran, Fələstin, Qarabağ, Çeçenistan və XXI əsrdə daha da sürətlənib bütün ərəb ölkələrinə bir yürüş başlayıb. Bu ifadə də mənim deyil, Putinindir. Putin Liviyanın bombalanmasını "Xaç yürüşü" (Səlib yürüşü) adlandırıb. O zaman qılınc-qalxan savaşıydı, kişilik savaşıydı, ona görə istəklərinə çata bilmədilər. Amma indi Koroğlu demiş, namərdlik zəmanəsidi, güman ki, istəklərinə çata biləcəklər . Ona görə yox ki, gücləri çoxdu...
   
   Şair Vaqif Bayatlı Odər çox gözəl ifadə edib:
   
   
   
   Basılmaz
   
   Vətənin bir qarış torpağı da
   
   İçindən satan olmasa...
   
   
   
   Ona görə ki, içindən satanlar Səlib yürüşünə rəvac verir.
   
   Səlibçilər əvvəl-əvvəl əldəqayırma bir müxalifət düzəltdilər, sonra silahlandırdılar, qiyam qaldırdılar, ölkəni dağıtmağa başladılar. Dövlət bunun qarşısını almaq istədikdə isə...
   
   Yığışdılar və müstəqil bir ölkəni işğal etmək planını ortaya qoydular. İndi də həyata keçirirlər. Guya Liviya xalqını Qəddafinin qəzəbindən qoruyacaqlar. Demokratiyanı təyyarələrdən bombalarla tökürlər, ya da gəmilərdən raketlərlə yağdırırlar. Və Liviya xalqı Səlibçilərin gətirdiyi demokratiyanın sevincindən boğulur.
   
   İraqda bu demokratiya hələ ki, 1 milyon 500 min ərəbin öldürülməsi ilə davam edir. Ölkə üç yerə parçalanıb, vətəndaş müharibəsi gedir, məzhəb müharibəsi gedir. İraqın yenidən dövlət olması üçün 30 il vaxt lazımdı, təbii ki, imkan versələr.
   
   Bu demokratiya da Əfqanıstana hələ ki, 1 milyon insanın qanı bahasına başa gəlib və hələ ki, böylə də davam etməkdədir. Baba Pünhanın yaxşı bir şeiri vardı, deyirdi ki:
   
   
   
   Pünhan itin günündə,
   
   İt də Pünhan günündə...
   
   
   
   Qəzza ilə Fələstin də itin günündə, it də Qəzza və Fələstin günündə. Misirdə və Tunisdə millət day kef partladır, daha kərtənkələ yemirlər, fransızlar onlara gündə üç kərə qurbağa şeyi, nətəhərdi onun adı, hə, hə, yadıma düşdü, qurbağa bacağı yedirdirlər.
   
   Digər ərəb ölkələri də Baba Pünhanın yazdığı kimi.
   
   Hələ ki, oraları bombalamırlar, bir-birlərinə qırdırırlar. Yəqin ki, növbəti bombalama Suriya olacaq.
   
   Bəli, günün-günorta çağı bir müstəqil dövləti işğal edirlər, dünya da ağzını açıb baxır. Bircə almanlar, bir az da ruslar buna əndişələniblər. İndi bombalayanlar Liviya xalqını Qəddafinin qəzəbindən qoruyurlar, başa düşdük. Bəs atılan bombaların altında qırılanlar kimlərdi? Fransızlarmı, ingilislərmi, amerikalılarmı? Dağıdılan kəndlər, şəhərlər Parisdimi, Londondumu, yoxsa Vaşinqtondumu?
   
   Bizim bu Qədir Rüstəmovun maraqlı bir fikri var. Deyir ki, kim nə yeyir ona oxşayır. Məsələn, yaponlar balığa, ruslar donuza, bizim haqqımızda dediyini yazmıram, ərəblər də kərtənkələ yeməkdən kərtənkələyə dönüblər. Bilmirəm Qədir Rüstəmovun sözündə nə qədər həqiqət var, amma 22 ərəb dövləti var, yarısından çoxunda insanlar acından qırılır, neçəsini bombalayırlar, yağmalayırlar, hansısa bir ərəb şeyxi isə bir Hollivud ulduzuna bir gecəsi üçün 10 milyon dollar təklif edir. Elə Qədir Rüstəmov demiş, kərtənkələ kimi giriblər qumun altında bir yuva düzəldiblər, elə bilirlər dünya odu. 350 milyona yaxın ərəb yaşayır yer üzündə, bəlkə də çox və bu 350 milyon ərəbin içindən bir Camal Əbdül Nasir çıxmır. Yəqin də çıxmayacaq. Üzdə olan bir özündənrazı, qətiyyətli, Parisin ortasında, Romanın arxasında çadır qurduran, Berluskoniyə əlini öpdürən bir ərəb vardı, yəni Qəddafi, onun da halı məlum.
   
   Bir İsrail qəzeti yazır ki, ərəb ölkələrin sayı 22-dən 50-yə qalxacaq. Məsələn, Liviya 3 yerə parçalanmalıdı, Yəmən də 3 yerə parçalanmalıdı, Bəhreyn 2 yerə, Suriya 5 yerə, at gəldi örkən apardı və sair və ilaxır. Yəni bu gün Birləşmiş Millətlər Çayxanasında 200 dövlət təmsil olunursa, yaxın gələcəkdə bunun sayı 300-ə çatacaq və təbii ki, bu da əsasən ərəb ölkələrinin hesabına. Yəni hamısını da Qəzza və Fələstinin gününə sal və sonra da min belinə çap.
   
   Mən yazılarımın birində yazmışdım ki, Qəddafi ölümünədək vuruşacaq, təslim olmayacaq, çünki bu onun xarakterinə ziddi və dünyaya göstərəcək ki, o da Salvador Alyende kimi xalqı ilə bir yerdə ölümə getdi. Yəni şərəfsiz həyatdan şərəfli ölüm daha üstündü.
   
   İndi bu avropalılar və amerikalılar bir şeydə dilxor olub. Bombalamaq çox asandı, bombaları çox, təyyarələri çox, ərəblərin də nöyütü. Qarabağlılar demiş, Əlifin qatığı, Behbidin də əppəyi.
   
   Dedim ya, dilxor olublar. Nədən? Axı bombalama ilə iş bitmir, gərək əsgər də yeridəsən. Əsgər ayağı dəyməyən torpaq sənin deyil. Amma heç biri əsgər yeritməyə ürək eləmir. Qəddafi Ömər Muxtara çevrilir, yəni Liviyanın səhralarında Səlibçilərin ordusunun boğazına it kimi bir kəmsik bağlayıb belədən-belə sürüyəcək, elədən-elə. Əfqanlar işğalçıların başına nə oyun açırlarsa, liviyalılar da işğalçıların başına onlardan da beşbətər oyun açacaq. Ona görə də əsgər yeritməyə qorxurlar.
   
   Amma buna da bir biclik fikirləşiblər. NATO-da sayına görə ikinci, döyüşkənliyinə və intizamına görə birinci Türk ordusu sayılır. Bax, mənim qorxum budur ki, Liviyaya Türk ordusunu soxalar. Nefti, var-dövləti Səlibçilər aparar, qırılan da bizlər olaq.
   
   Adətən belə yazıların sonunda yazıram, Tanrı köməyimiz olsun, yəni türklərin köməyi olsun. Day onu yazmaqdan da yoruldum, çünki nə qədər yalvarsaq da, yazsaq da Tanrı o birilərin köməyi olur.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-24
2018-02-23


VİDEO