hacklink Adalet.az | XIRDALAN YOLLARI TOZLU, DUMANLI - Fəridə RƏHİMLİ yazır Adalet.az | XIRDALAN YOLLARI TOZLU, DUMANLI - Fəridə RƏHİMLİ yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

XIRDALAN YOLLARI TOZLU, DUMANLI - Fəridə RƏHİMLİ yazır

10367    |   2019-09-06 16:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda ən zəhmətkeş, ən çox işləyən kimdi, bilirsinizmi? Yol işçiləri! Ən işgüzar qurum da yol-tikinti idarələri. Onları əməksevərlikdə qarışqalara, arılara bənzədirəm. İl uzunu işləri var, hətta yollar hamar olsa belə, xətkeşlə ölçüb, bəyənmirlər və yenə sökürlər. Təkcə yaşadığım Xırdalan şəhərində ildə iki dəfədən az olmayaraq tikinti işləri aparmasalar ürəkləri soyumur. Tikirlər, sökürlər, sonra yenə tikirlər, xoşlarına gəlmir, sonra yenə sökürlər. Yollar tam hazır olanda Su idarəsi gəlir ki, mənim bu yoldan su borum keçməlidi! Yol idarəsi sevinə-sevinə "yol verir”. Sökürlər, yenidən tikirlər.

Sonra Qaz idarəsi Yolu yolayaxın bilib qazlı-qazlı gəlir ki, mən də bu yoldan keçəcəm! Yol idarəsi həvəslə, incimədən, hətta üzrhaxlıqla sökür, yenidən tikir.

Sonra Kanalizasiya idarəsi gəlir, mənə yol verməsən, mənə yol verməsən, biabırçılıq olacaq! Ürəyiyumşaq, üzüyola yol idarəsi kimi incidər ki! Yenə sökür, tikir!

Yaxşı ki, elektrik naqillərimiz, telefon xətlərimiz, daha nələr, nələr yoldan keçmir!

Biz Xırdalan şəhər sakinləri o qədər alışıb öyrəşmişik ki bu vəziyyətə, yol tikintisi olmayanda özümüzü birtəhər hiss edirik. Narahat oluruq ki, görəsən yol tikinti qurumları sağdılarmı, sağdılarsa bizdən inciməyiblər ki, niyə yaddan çıxmışıq, məsələn beş ay keçib, amma yollar sökülməyib. Amma sağ olsunlar çox da intizarda qoymayırlar bizi. İki ay olar yenə sökdülər, nə zaman tikilib başa çatacağı bilinməsə də, sökmə işində fəal olduqları hər hallarından bəllidi. Tikməyi də belə sürətlə bacarsalar...

Şəhəri başına götürmüş tozanaq fəslin bu qorabişirən çağında təri dabanından süzən insanların xarici görkəmini evə çatana qədər bir neçə şəklə salırr. Qulaqlar, yaranmış tıxaclarda daralmış yolu sürtünə-sürtünə keçən avtobus, kamaz, yaxud şəxsi minik avtomobillərinin sürücülərinin bir-birinin, yol sökənin, yol tikənin, daha kimlərin, kimlərin ünvanına söylədikləri yeddimərtəbəli "yadetmələrə” alışıb. Əsəbi sürücülərin aqressiv sərnişinlərlə davasını videoya çəksən maraqlı bir film alınar.

Sərnişin evindən səliqəli üst-başla hansı rəngdə çıxırsa çıxsın, mənzil başına hamısı eyni – boz rəngdə, toz rəngdə çatır. Bu da yol işçilərinin Xırdalanda yaratdığı bərabərlik xidmətləridi. Avtomobili olanların avtomobilləri də eyni rəngə düşür, o üzdən "inomarka”, yaxud "sovet maşını” fərqi də olmur, kimsə kimsəyə fors eləyə bilmir. Bu da sənə bərabərlik! Düzdü, bu bərabərlik bir az qəzaların sayını artırıb, çünki "tikilən” yolda iməkləyən əsəbi sürücülər Sumqayıt yoluna çıxmağa məcbur olduqlarından sıxlıq yaranır və gecikdikləri vaxtın əvəzini artıq sürətlə kompensasiya etməyə çalışırlar... ancaq təəssüf ki, həyatları sığortalanmayıb!

Xırdalanda avtobusda tez-tez "off”layan uşağın "Ana, mən gözümü açandan yol tikirlər. Nə vaxt qurtaracaq, bezdim?” deməsinə güldüm. "Sən gözünü dünən açdın, oğlum! Bu işlər biz gözümüzü açandan başlayıb, nə vaxt bitəcəyi də yalnız YOL işçilərinə, bir də Allaha məlumdu... Amma sən bu binəva sakinlərə bir kömək edə bilərsən, balaca. Məsələn, böyüyənə qədər onlara birtəhər başa sal ki, su, qaz, kanalizasiya və yol tikinti idarəsi birlikdə toplantı keçirsinlər, planlarını birlikdə ortaya qoysunlar, nəticədə yol idarəsini bu qədər əziyyətə salmasınlar! Və yol idarəsi işçilərinə də anlat ki, ən çox gecələr, istirahət günləri çalışsınlar ki...




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO