hacklink Adalet.az | "Məhərrəm hüzn, kədər və matəm ayıdır" Adalet.az | "Məhərrəm hüzn, kədər və matəm ayıdır" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Məhərrəm hüzn, kədər və matəm ayıdır"

12127    |   2019-08-27 17:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hacı Eldayaq Hüseynov: "Kərbəla şəhidləri öz qanları bahasına bizlərə mükəmməl bir örnək dərsi olduğu kimi, Qarabağ və Aprel şəhidləri, eləcə də vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri olan, igidlik, mərdlik nümayiş etdirən qəhrəman şəhidlərimiz Mübariz İbrahimov, Fərid Əhmədov və digər cəsur oğullarımız Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir"

Hacı Eldayaq Hüseynov 1 iyun 1985-ci ildə Saatlı rayonunun Xanlar kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1992-2003-cü illərdə orta məktəblə yanaşı, mədrəsə təhsili alıb. Paralel təhsil almasına baxmayaraq, hər iki təhsil müəssisəsini nümunəvi başa vurub. Bakı İslam Universitetinin Dinşunaslıq fakültəsinə qiyabi qəbul olub, bu illər ərzində hərbi xidmətdə olub. 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra Maştağa qəsəbəsində yerləşən İmam Cəfər Sadiq adına mədrəsədə Dinşünaslıq (Sərf, Nəhv, Məntiq-fəlsəfə, Üsul, Fiqh, Əxlaq, Əqaid, Əhkam, Tarix) və Dilşünaslıq (ərəb-fars dilləri) üzrə tədrislə məşğul olub.

Məlum olduğu kimi, artıq Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Belə ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı bir ay davam edəcək.

Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Bütün bunları nəzərə alaraq Məhərrəmlik mərasimi ilə bağlı bilmədiyimiz və digər məsələlərə aydınlıq gətirmək üçün "İmam Həsən” məscidinin axundu Hacı Eldayaq Hüseynovla həmsöhbət olduq.

- Hacı, öncə axundu olduğunuz "İmam Həsən” məscidi haqqında məlumat verməyinizi xahiş edirəm.

- 2003-cü ildən Binə qəsəbəsində tikintisinə başlanılan "İmam Həsən” məscidi yerli sakinlərin vəsaiti və işçi qüvvəsinin köməyi ilə 2008-ci ildə başa gətirilərək istifadəyə verilib.

- Məscidə təyinatınız necə olub?

- 2005-ci ildə hərbi xidməti başa vurduqdan sonra Maştağa qəsəbəsində Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən İmam Cəfər Sadiq adına mədrəsədə müəllim işləməyə başladım. Belə ki, mədrəsədə işlədiyim müddətdə Dinşünaslıq və Dilşünaslıq üzrə tədrislə məşğul idim. Həmin illərdə qəsəbədəki məscidin rəsmi axundu, imamı, ruhanisi olmadığına görə məscidə ibadətə gələn möminlər və digər vətəndaşlar Məhərrəm ayında xütbə söyləmək üçün bu məsuliyyətli işi mənə həvalə etdilər. Görünür, dini maarifləndirmə, milli-mənəvi dəyərlərimizin təbliği, İslam dininin mahiyyəti və prinsiplərinin düzgün şəkildə çatdırılması istiqamətində apardığım söhbətlər, oxuduğum moizə və xütbələr mömin insanların qəlbinə, ruhlarına yol tapıb. Ona görə də həmin insanlar "İmam Həsən” məscidinin axundu olmağım üçün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə rəsmi məktubla müraciət etdilər. Müraciətə baxıldıqdan sonra Qafqaz Müsəlmanları İdarəsi 2008-ci ildə məni "İmam Həsən” məscidinə axund təyin etdi.

- Artıq Məhərrəm ayının başlanması ərəfəsindəyik. "İmam Həsən” məscidində Məhərrəmlik mərasimlərinin keçirilməsi üçün nə kimi hazırlıq işləri görülüb?

- Təbii ki, dini cameədə formalaşmayan, namaz qılmayan, oruc tutmayan insanların belə, Məhərrəmliyə böyük etimadı və ehtiramı var. Hətta içki qəbul edən insanlar Məhərrəm ayında içmirlər. Yaxud, spirtli içki qəbul edibsə və evinə yol məscidin qarşısından keçirsə, o, məscidə olan hörmətinə görə yolunu dəyişib başqa istiqamətdən gedir. Bu kimi hallar insanların əhli-beytə, Məhərrəmliyə, İmam Hüseynə (ə) olan sevgisindən irəli gəlir. Hər il olduğu kimi, bu il də məscidin minbərinə, sütunlarına hüzn, kədər, matəm rəmzi olan qara örtük bağlanıb.

Adətən, bir şənliyə, toy məclisinə gedərkən qara köstyum, ağ köynək geyiniriksə, bir əzizimiz dünyasını dəyişəndə qara köynək geyinirik. Bununla sanki ruhumuzun kədərə, hüznə kökləndiyini ifadə edirik. Ona görə də Məhərrəm ayında məscidə gələn insanlarımıza, gənclərimizə tövsiyə edirik ki, geyimdə qara köynəkdən istifadə etsinlər. Əgər qara köynəkləri yoxdursa və yaxud almağa maddi imkanları məhduddursa, Allah rizası üçün xeyriyyəçi insanların vasitəsilə məscid tərəfindən təmin edə bilərik. Bu da Məhərrəmlik mərasiminin İmam Hüseynin (ə) şəninə uyğun qeyd edilməsinə yönələn işlərimizdən biridir. Digər tərəfdən, İmam Hüseynin (ə) və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) səhnəsini göz önündə canlandırarkən bu haqda olan xütbələrə, moizələrə, eləcə də Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir yaradıcılığına, Məhəmməd Füzulinin "Hədiqətüs-süəda” əsərinə və digər klassiklərimizin nohə və mərsiyələrinə üstünlük veririk.

- Məhərrəmlik ayında əsasən hansı vacib qaydalara əməl olunmalıdır?

- Hər kəsə bəllidir ki, Məhərrəm hüzn, kədər və matəm ayıdır. Məhəmməd Füzulinin dediyi kimi, "Mahi-mühərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”. Ona görə də hər şeydən əvvəl əziz oxuculardan xahişim budur ki, bu müqəddəs ayın və onun ardınca gələn Səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən, toy, nişan, ad günü keçirməkdən, şən musiqiləri dinləməkdən çəkinsinlər. Əgər kiminsə doğum günü ilə əlaqədar qohum-əqrəba, dost-tanış bir araya gəlirsə, süfrə açılırsa, nə gözəl olar ki, o süfrə İmam Hüseyn (ə) adına açılsın. Eyni zamanda, gənclərimizə tövsiyəm budur ki, bu aylarda bacardıqları qədər daha çox məscidlərə getsinlər. Nədən ki, dini inancların, islami dəyərlərin qorunması və bu istiqamətdə maariflənmək üçün əsasən iki mühüm ünvan var: biri məscidlər, digəri yas məclisləridir. Doğrudur, yas məclisləri o qədər də geniş audtoriyaya malik deyil, çünki hər kəs vaxt imkanından istifadə edərək müxtəlif saatlarda başsağlığına gəlir. Ancaq məscidlərdə bəlli xütbə vaxtı, zamanı var deyə, valideynlər övladlarının bu imkandan yararlanmalarına önəm verməlidirlər.

Bir məqamı da qeyd edim ki, 1400 il əvvəl baş vermiş, amma hər il xatırlanan İmam Hüseynin (ə) zülmə qarşı üsyanı və şəhadətə yetirilməsi təkcə İslam aləmində deyil, dünyanın bir çox qütblərində insanlar bu müsibəti acı göz yaşları ilə, əzadarlıqla yad edir, İmama sevgi və hədsiz məhəbbətlərini nümayiş etdirirlər. Halbuki bəşəriyyət əsrlər boyu insanlar üçün ağır və böyük dəhşətlər yaradan qan axıdıcı genişmiqyaslı, hətta yüzillik müharibələrin şahidi olub. Ancaq bu müharibələr haqqında yazılan tarixi əsərlərdə ən kiçik savaş səhnəsi ilə yaşanan Kərbəla hadisəsi həmişə öndə yer alıb. Ona görə də ilimizin üç yüz altmış beş günündən üç yüz əlli beş gününü özümüzə ayırırıqsa, on gününü də Aşuranın xatırlanmasına, Allaha əziz olan insanların anılmasına, kütləvi şəkildə zülmə, zalıma nifrət və qəzəb hissinin coşqusuna həsr edək.

- Bir az öncə müharibələrdən danışdınız. Təəssüf ki, bu günün özündə də ayrı-ayrı ölkələrdə, eləcə də Azərbəycanda müharibə alovu sönmək bilmir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribatı nəticəsində hərbi toqquşmalar baş verir. Təbii ki, Azərbaycan düşmənə layiqli cavab verir. Ancaq bununla belə, təmas xəttində gərginlik, xüsusilə ermənilərin mülki əhaliyə qarşı silahlı təcavüzü davam edir.

- Məhərrəmlikdə ən öndə adı çəkilən və izah edilən məsələ şəhidlik mövzusudur. Sual oluna bilər ki, niyə Kərbəla şəhidləri həmişə anılır? Çünki dinin yaşaması, islamın qorunması üçün onlar öz canlarından keçiblər. Yəni adi insanlar ölmək üçün yaşayır, amma şəhidlər yaşamaq üçün ölürlər. Çox düşündürücü və məntiqli yanaşmadır. Kərbəla şəhidləri öz qanları bahasına bizlərə mükəmməl bir örnək dərsi olduğu kimi, Qarabağ və Aprel şəhidləri, eləcə də vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri olan, igidlik, mərdlik nümayiş etdirən qəhrəman şəhidlərimiz Mübariz İbrahimov, Fərid Əhmədov və digər cəsur oğullarımız Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Kərbəla hadisəsinin əsas mahiyyəti ədalətin zülmə qarşı mübarizə aparması və şəhidliyə, islama verilən dəyərdir. Məhz ona görə də on dörd əsrdir ki, Məhərrəm ayı islam aləmində böyük şövqlə qarşılanır.

- Cəmiyyətdə bir qism insanlar var ki, Məhərrəm ayı da daxil olmaqla digər günlərdə azanın səsgücləndirici ilə ucadan səsləndirilməsinin onlara narahatlıq yaratdığını deyirlər. Hətta sosial şəbəkələrdə buna dair müzakirələr açan bəzi insanlar azan səsi əleyhinə kəskin fikirlər yazırlar.

- Çox mühüm, diqqət çəkəcək mövzuya toxundunuz. Həqiqətən də müzakirə olunası məsələdir, o mənada ki, insan özü maddi varlıqdır. Maddi varlığın da ehtiyacı maddi olacaq. Yəni insan susadıqda su içir, acanda yemək yeyir. İnsanın ruhu isə mənəvi, mücərrəd varlıqdır. Bax, biz indi danışırıq və səsimiz eşidilir. Amma biz səsimizi görmürük. Həmçinin, ruhumuz da bu qəbildəndir. Azanın səsi də insanın ruhu ilə bağlıdır. Nahaqdan demirlər ki, ruhu sağlam olan insanın özü də sağlam olar. Yəni fiziki sağlamlıqdan daha önəmli olan insanın ruhi sağlamlığıdır. Ola bilər ki, birinin bədən orqanlarında heç bir qüsuru, narahatlığı olmasın, kənardan ona baxmaqla baxmaq istəyirsən. Amma ruhu sağlam deyilsə, o, xalqa, cəmiyyətə, çevrəsinə heç bir fayda verə bilməz. Əgər bir insanın vizual görüntüsündə fiziki çatışmazlığı, qüsuru varsa, ancaq ruhu sağlamdırsa, o, danışığı, davranışı, rəftarı ilə hamının rəğbətini qazanacaq. Azanın səsinə gəlincə, əgər səbəb səsin onu narahat etməsidirsə, o zaman bütün yüksək səslər onu narahat etməlidir, fərq etməz azan səsi olsun, yaxud musiqi, danışıq. Belə olan halda, onu başa düşmək, narahatlığını, iradını məqbul saymaq olar. Lakin əfsuslar olsun ki, məsələ bu cür deyil. Misal üçün, Binə qəsəsində şahidi olduğum bir hadisəni diqqətinizə çatdırmaq istəyirəm. Məscidin yaxınlığında bir əyləncə mərkəzi vardı. Oradakı hay-küy, bayağı musiqilərin səsi hətta gecə saatlarında belə, azandan üç-dörd qat yüksəkdən ətrafa yayılırdı, ancaq heç kim ona etirazını bildirmirdi. Bu baxımdan, hesab edirəm ki, azan səsindən narahat olanlar yalnız bədgüman, bədniyyət adamlardır. Halbuki azan səsi insanlarımız tərəfindən müsbət qarşılanır.

- "İmam Həsən” məscidi neçə nəfər üçün nəzərdə tutulub?

- Demək olar ki, 500-550 nəfər üçün nəzərdə tutulub. Ancaq məscidin həyəti geniş olduğu üçün Aşura günü gələnlərin sayı çox olduğuna görə mərasimi və namazın qılınmasını içəridə deyil, bayırda keçirirməli oluruq. Xəzər rayonunun rəhbərliyi və hüquq-mühafizə orqanları da bilir ki, Aşura günü ən izdihamlı məclis məhz "İmam Həsən” məscidində keçirilir. Bunun da bir neçə səbəbi var. Ən birincisi ibadətə gələn insanlara göstərilən diqqət və qayğıdır. Şükürlər olsun ki, bu gün məscidimizdə könüllü xidmətçi qardaşlarımız və xanımlar üçün ayrılmış yerin də öz xanım xidmətçiləri var. Belə ki, məscidə ibadətə gələn insanlara, qonaqlara qarşılanmasından tutmuş başmaqla təmin olunmasına, namaz qılmaq üçün yerin ayrılmasına qədər xidmət göstərilir. Yəni insanlar bu dəqqəti gördükcə ilbəil məscidimizə axın çoxalır. Bir faktı demək istəyirəm. 2008-ci ildə məscidimizdə ilk cümə namazına 43 nəfərlə başlamışdıq. Həmin il Aşura mərasiminə təqribən 200 nəfər qatıldı və biz buna sevindik. 2015-ci ildə Məhərrəmlik tədbirində 7500, 2016-cı ildə 12 mindən çox insan iştirak etdi. Ötən il isə Aşura günü mərasiminə 20 mindən artıq insan qatılmışdı. İnsanların məscidimizə bu axını, qeyd etdiyim kimi, qarşılıqlı diqqət və qayğının, sayğının nəticəsidir.

- İbadətin məsciddə tənzimlənməsi baxımından hansı addımlar atılır? Yerli camaatdan məmurlar, iş adamları, vəzifəli şəxslər ibadət üçün məscidə gəlirmi?

- Bəli, gələnlər var. Vəzifəsindən asılı olmayaraq hamısının da dinə, islama, eləcə də axund və imamlarımıza müsbət baxışları var. Niyə də olmasın?! Çünki məsciddə gənlərimizə milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik ruhu aşılanır. Məsələn, gənclərimizə deyilir ki, oğurluq etmək olmaz. Əgər bir cinayət hadisəsi baş verirsə, hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılır. Yəni polis orqanları hadisə baş verəndən sonra işə qarışır. Məscidlər isə bir növ hadisənin baş verməməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmiş olur. Yaxud, ötən ilin müvafiq dövrü ilə müqayisədə boşanmaların sayı artıb. Bir məqamı da qeyd edim ki, ailə zəminində yaranan münaqişələrə də hüquq-mühafizə orqanları sonradan müdaxilə edir. Ancaq biz bütün xütbələrimizdə ən çox üstünlüyü ailədə tərəflərin bir-birinə sədaqətli olması, xəyanət etməməsi və bu kimi digər vacib məsələlərə veririk. Çox təəssüf ki, bu gün ata oğulu, oğul atanı məhkəməyə verir, mal-mülk, ev, torpaq üstündə qardaş bacıya, bacı qardaşa düşmən kəsilir, nəticədə, hətta qətl hadisələri baş verir. Dinimiz isə insanlara başa salır ki, dünya malına görə bir-birinizi didməyin, parçalamayın, kiminsə qəlbinə dəyməyin, bir-birinizə düşmən kəsilməyin.

- Azərbaycanda hazırkı dini durumu, məzhəblərarası münasibəti necə qiymətləndirirsiniz?

- Azərbaycanda milli-mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Milli-mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Tarixən əhli sünnə və əhli şiə məzhəbləri arasında xoş münasibət olub. Əhli sünnə və şiələr arasında heç bir ixtilaf olmayıb. Görünür, İslam dini məhəbbət və sevgi dini olduğundan düşmənlərimiz məzhəblər arasında ziddiyyətı, ayrılıq yaratmağı bacarıblar. Ancaq buna baxmayaraq, Azərbaycan bütün din nümayəndələrinin təhlükəsiz yaşadığı bir məkandır. Azərbaycanda sağlam düşüncəli insanlar çox olduğu üçün ölkəmizdə məzhəb ayrı-seçkiliyi yaratmaq mümkün deyil. Ancaq təəssüf ki, bəzi qüvvələr durmadan Azərbaycanın daxili işlərinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər. Ancaq həmin qüvvələrin məkrli planları heç vaxt baş tutmayıb və baş tutmayacaq. Çünki Azərbaycan tolerant ölkədir və bütün dinlərə münasibət eynidir. Təbii ki, bu, Azərbaycanın dövlət başçısının siyasətidir və bu siyasət öz bəhrəsini verməkdədir.

- Məhərrəmlik mərasimlərində zəncir vurmaq, qan çıxarmaq və s. bu kimi hərəkətlər nə dərəcədə məqbuldur?

- Təbii ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun qeyd edilməlidir. Hər şeydən öncə Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməmək və mövcud qanunvericiliyin tələblərinə riayət etmək tövsiyə edilir. Məhərrəm ayında qəmə vurmaq, baş yarmaqla qan çıxarmaq, zəncirlə özünə xəsarət yetirmək tövsiyə olunmur. Məhərrəmlik mərasimlərində zəncirə, qəməyə deyil, Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, Kərbəla şəhidliyinin mahiyyətinin dəqiqliklə çatdırmasına önəm verilməlidir. Yəni bu hadisə niyə baş verib? İmam Hüseyn (ə) və onun tərəfdarlarının şəhidliyinin mahiyyəti nədən ibarətdir? Görünən tərəf budur ki, İmam Hüseyn (ə) və onun tərəfdarları məğlub, qarşı tərəf qələbə çalıb. Ancaq bu gün fakt onu göstərir ki, Kərbəla hadisəsi qanın qılınc üzərində qələbə çaldığı zəfər savaşı olub. İnsanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi ilə bağlı keçirilən mərasimlərdə yalnız bədbinlik əhvali-ruhiyyəsi deyil, vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Qeyd etdiyim kimi, əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin çatdırılması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlər, 20 Yanvar, Qarabağ və Xocalı şəhidləri yad edilməlidir.

- Ötən müddət ərzində məsciddə şahidi olduğunuz maraqlı, yaddaşınızda iz buraxan bir hadisə olubmu?

- Çox olub. Ancaq bir hadisəni həmişə xatırlayıram. 2015-ci ildə Aşura günü idi. Həmin gün, adətən, səhər saatlarında artıq insanlar məscidə axışırdılar. Məscidin həyətinə təxminən 500-dək adam toplaşmışdı. Mən məscidin içərisinə daxil olanda pilləkəndə dayanmış bir ağsaqqal kişinin hönkürtü ilə ağladığını gördüm. Yaxınlaşıb salam verdim. Tanımadım, yəni onu indiyədək məsciddə görməmişdim. Bir anlıq düşündüm ki, bəlkə imkansızdı, qalmağa yeri yoxdu, yaxud nəyəsə ehtiyacı var. Adın soruşdum. Dedi, adı Əlidir, 86 yaşı var. Soruşdum ki, ay baba, bəs niyə ağlayırsan? Elə ağlaya-ağlaya cavab verdi ki, oğlum, sevincimdən ağlayıram... Hiss etdi ki, onun bu cavabı məni təəccubləndirdi. Axı Məhərrəmliyin günü hansı sevincdən danışmaq olardı? Dedi ki, "Oğul, sovet dönəmində biz Məhərrəmliyi qeyd edə bilmirdik. Aşura günü qorxa-qorxa toplaşıb Kərbəla hadisəsini, İmamımızı yad edirdik. Hətta ətrafda adamlar qoyurduq ki, hökumət nümayəndəsi, yaxud yad adam gələndə bizə xəbər versinlər, biz də dağılışaq. Yaxşı yadmdadır, bir ili kəndimizin adamlarından birini kəfənə büküb qarşımızda uzatdıq ki, gələn olsa ölümüzü ağladığımızı deyək. Ancaq bugünkü mənzərəni görəndə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Sevindim ki, ölmədim, Allah mənə bü günü göstərdi. Çünki on minlərlə insan azad şəkildə İmamımızı, Kərbəla şəhidlərini sevə-sevə yad edirlər”.

- Hacı, vaxt ayırıb bizimlə həmsöhbət olduğunuz üçün sizə təşəkkür edirik. Sonda oxucularımıza nə demək istərdiniz?

- Mən də sizə təşəkkür edirəm. Allah sizdən razı olsun. Oxuculara isə sözüm budur ki, Məhərrəmliklə, Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini özündə əks etdirən kitabları, məqalələri mütaliə etsinlər.


Elbar ŞİRİNOV, Tezadlar.az


İmza:

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Cavanşir Paşazadə: "Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK