hacklink Adalet.az | Qəşəm İsabəyli:Başımı itirmişəm... Adalet.az | Qəşəm İsabəyli:Başımı itirmişəm... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli:Başımı itirmişəm...

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

17454    |   2019-07-18 15:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Başımı itirmişəm...

Maşallah, oğul nəvəm
13 yaşına da girdi!
Səhərdən fikir məni götürüb,
Fikir... fikir... fikirləşirəm,
Bir yerə çıxara bilmirəm ki,
Bilmirəm... –
Başımı itirmişəm!

Bunun geyimi-kecimi var,
Yeməyi-içməyi var,
Özü deyənlə desəm –
Sinemaya getməyi var...
Bilmədiyim ingiliscə
Onu bilirəm ki... –
No problem!

Bunun vaxtlı-vaxtında
Yatıb-durmağı...
Oyunu, gəzintisi...
Dərsi, oxumağı... –
No problem!

Bunun seksi də var axı!
Bu elə dolaşıq düyündü,
Nə məktəb aça bilir,
Nə psixoloq,
Nə cəmiyyət,
Nə də biz – valideynlər! –
Başımı itirmişəm!

Bayaqdan qızları düşmən bilərdi,
Gözünü yumardı gözəl görəndə:
–Nifrət edirəm onlara!

İndi – suyuşirin birini görsə,
Qaşları çatılır, xəyala dalır,
Birdən işıq düşür sifətinə.
Köpəyoğlu salıb məni çətinə... –
Başımı itirmişəm!

Qoca

Güzgüyə baxmağı
Tərgitmişəm demək olar ki.
İşdi-şayəd
Şeytanın qıçını sındırsam,
Görürəm, bir qoca zilləyib
Gözlərini gözümə.

Bığları – barı dərilmiş
Böyürtkən kolu kimi,
Saçları – otu çalınmış
Şoran yer kimi,
Gözləri – sərçə gözü...
Burnu da,
Şair Şükuhi demişkən –
"...öpüşür əngi ilə”!

Gülümsəmək istəyir
Üzümə qırışmal –
Zəhər tökülür sifətindən!

Rədd ol!

Telefon kitabçam

Adı kişi olan Allah bəndəsinin
Biri də düşə bilməz
Telefon kitabçama!
Açın qulağınızı, eşidin,
Ərimdən başqa bir erkəyin
Haqqı yoxdu buna!

Sözümüz çəp gəlmişdi o günü,
Demə, qısqanırmış məni!
Atdım üstünə telefonumu:
–Ala... bax...

Aldı – baxdı... baxdı... baxdı...
Sifəti işıqlandı birdən:
–Qəribədi,
Burda qadından başqa
Cins yoxdu ki!
–Nə bilmişdin?!

–Bağışla məni! – Qalxıb,
Əlləriylə başımı tutub,
Alnımdan öpdü.
–Alnımdan niyə?!
–Təkcə qadınım deyilsənmiş,
Anamsanmış həm də!

Haqqı nədi bir kişinin adı düşsün
Telefon kitabçama!
Nömrələmişəm onları!

Cənab...

Üstündə "Dövlət...” yazılmış
Xəstəxanaya getmişdim,
Nəvəm Şəm-Şəm də yanımdaydı –
Xalam qızı İradəyə dəyməyə,
Tərs kimi nahara düşmüşdük.

Üç nəfər idi palatada –
Biri başını bürüyüb,
İki qatlanıb, sağ çiyni üstə,
Üzü divara yatırdı.

Pambıq çöpü kimi arıq
Bir gəlin də
Arxasını yerə verib,
Quzu kimi
Gəlib-gedənə baxırdı.

Xörəkpaylayan
Tələm-tələsik girdi içəri:
–Yeməyə makaron var... –
Bir az dayandı, –
Yemək istəyən necə?!
Qaşları çatıldı gəlinin:
–Niyə də olmasın?!

Üzü divara yatan qadın
Acı-acı soruşdu:
–Nə?!
–Makaron...
–Nəəə?
–Eşitmədin, "makaron” dedim?!
–Gənə də?!
–Dədəmin malı deyil ki, –
Xörəkpaylayan mızıldadı, –
Nə verirlər, onu da verirəm!

–Niyə demirsiniz,
Hər gün makaron olar?!
–Nə bilirsən demirik?!
"Dövlət nə verir,
Onu da verirəm!” deyirlər.

Bir azdan balaca bir boşqab gətirib
Qoydu gəlinin sol tərəfinə.
Gözucu baxdım – solğun, rəngsiz,
Yerli istehsaldan 15-20 makaron idi,
Hər biri iki barmaq boyda,
Yarım çörək də yanında.

Gəlin idmançı cəldliyilə qalxıb,
Qaşığı əlinə alanda,
Utandım...
Tez üzümü çevirdim xalam qızına:
–Yorğanın yüngül olsun, İradə!
–Çox sağ ol, xala oğlu,
Əziyyət çəkmisən!

Palatadan çıxa-çıxda
Nəvəm irəli qaçıb,
Dalın-dalın
Yeriməyə başladı qabağımda, –
Gözləri dörd böyümüşdü:
–Xəstəxana xörəyi
Belə olur, baba?!
–Necə "belə”?!
–Tək çörəəək?!
–Tək çörək niyə, görmədin,
Makaron da vardı?!
–Ay baba, sən yemirsən,
Dadını da bilmirsən,
Makaron da xəmirdəndi,
O da çörəkdi axı!

–Hava yaxşıdı ey, bu gün, ay Şəm-Şəm,
Günün şaxı sınsın, dənizə aparacam səni...


"Bala”

Uşaq vaxtlarında,
Qəbələli Şaiq qudam kimi
"Bala” demədim balalarıma.

Böyüsələr də,
Dilim var gəlmədi.
"Oğlum”, "qızım” da
Dediyim yadıma düşmür.

Amma oğlumun ki, oğlu oldu,
Bir "Balam” dedim,
Biri də şıppıldayıb
Düşdü dilimdən.

Zalım oğlu,
Heç üç də deyildi yaşı,
Bir dəfə ağzımdan vurdu:

–Mən sənin balan deyiləm!
–Nəsən bəs?!
–Atamın balasıyam,
Anamın balasıyam!
–Bəs mənim?!
–Nəvənəm sənin!

Oxucu

Gözüm görmür
Ağacı, otu, çırpını. –
Fikrim cələyə düşmüş
Sərçə ürəyi kimi çırpınır...

Necə deyərlər,
Bu da sənə ipucu!
Hünərli oğulsan,
Dalını özün yaz,
Oxucu!


Hava zərbələri

Qırğı kimi
Göyə millənir SU-larımız,
Çalxalanıb, dalğalanıb,
Durulur sularımız.

Viran qoyur bircə anda –
Göz işləməz poliqonda
Saxta düşmən hədəfini.
Pərən-pərən salır
Məlunların səfini!

Hələ də güzgü qarşısında
Qabardırıq əzələmizi:
–Səni yerlə bir edərik, düşmən!
"Muskul”umuza bax,
Tanı bizi!

Başıma dünya dar olur –
Əkərə yerlərimiz
Mərmilərdən cadar-cadar olur...

Bu yandan da
Od tutub ürəyimiz yanır.
Biz cəhənnəm,
Düşmən tapdağı altdakı
Torpaqlarımız utanır...

Qaragözlük

Polis onunla öcəşən vətəndaşlara
Qaragözlük gəlmək istəyib.
İstəyib ki, hər şey sülhlə
Qurtarsın!

Çəkib silahı,
Atəş açıb havaya.
Demə, biçarənin
Hava bildiyi
Yanındakı vətəndaşmış...

Ay Molla Nəsrəddin,
Ona görə gedib
Hədəfdə dayanardın da!


Özündənnarazılıq

Mənim şeirlərimi
Heç kim yaza bilməz! –
Zibildi...


Sükut

Su məni sükuta çəkir,
Külək həyata...
Yat bala, yataq.

Sükut

Sükutdan yazırdım:
–Əlçatmaz olub sükut.
Qələm titrədi əlimdə:
–Məni boş burax,
Dincəlmək istəyirəm,
Hay-küy ver mənə!

Şeirlərim

Alan olsaydı, vallah,
Dəyər-dəyməzinə
Satardım şeirlərimi. –
Dar eləyib yerimi!


Oğrular

Hamı oğurlayır bizdə –
Varlı da, kasıb da.
Fərqi budur ki,
Ehtiyacı qədər
Oğurlayır kasıb.
–Varlı?
–Dalımca həbsxanaya
Çörək aparacaqsan?!


Şeir

Hər addımda bir şeir var,
Göz deyərəm ki, görsün!

Yağış

Yağış yağanda,
Bələkdə olduğum günlər
Düşür yadıma,
Hətta ilk arzusunu belə
Eşidirəm anamın:
"Balama qurban inəklər,
Balam haçan iməklər?!”


Şairlə kino-aktyor

Şair lovğalandı:
–Hər insan özünə
Kənardan
Baxa bilsin gərək!
Kino-aktyor gülümsədi:
–Mənim kimi!

Qeybət

–Ölünün dalıyca danışmazlar!
–Nə danışırsan?!

Aclıq

–Nə kökəlmisən?
–Kasıblıqdandı!
–Qoy görək!
–Məqsədli yemirəm ki,
Kökəlməyim!
Əlimə nə düşür,
Basıram qarnıma!
Kökəlmə, görüm,
Necə kökəlmirsən?!

Baba-nəvə

O səhər ki, yatıb qalıram yuxuya,
Oyananda, oyatmıram nəvəmi.
–Ba-baaa...
Niyə gec durğuzdun məni?!
–Utandım!


Qeyrət

Sərhəddçilərimiz
Onlara hücum çəkən
Gürcüyə veriblər silahı!
Anasının südü halal olsun –
Qan salmayıblar araya!

Ay demokratlar,
"Gərək vuraydı!” – deyirsiniz!
Nəylə?!




İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK