hacklink Adalet.az | AZƏRBAYCAN ŞEİRİ-2018 Adalet.az | AZƏRBAYCAN ŞEİRİ-2018 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

AZƏRBAYCAN ŞEİRİ-2018

VAQİF YUSİFLİ

30794    |   2019-07-11 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(bəzi qeydlər)

2018-ci ilin Azərbaycan şeiri ədəbiyyat tarixində Kolumbun Amerikanı kəşf etməsi ya da yeni bir Füzulinin şeiriyyət aləminə gəlişi kimi xatırlanmayacaq. Heç bir möcüzə ilə qarşılaşmadıq, poeziyanın, şeirin böyük, hadisə sayıla biləcək elə bir məqamı yetişmədi ki, biz bu xüsusda sevincimizi bildirək. Azərbaycan çoxsaylı şairlər ölkəsidir və bu gün qətiyyən narahat olmağa dəyməz ki, bu qədər şairi olan ölkədə niyə yeni Füzulilər, Sabirlər, Səməd Vurğunlar, Rəsul Rzalar, Məmməd Arazlar, Bəxtiyar Vahabzadələr doğulmur, dünyaya gəlmir? Bu sual ilk baxışda doğrudan da həqiqət kimi səslənir, görəsən, şeirimiz yeni flaqmanlara ehtiyac duymurmu? Amma belə bir iddiada olmaq da yersizdir və deyək ki, dahilər, böyük şairlər sifarişlə ya arzu ilə doğulmurlar, onların vaxtı, zamanı gəlir…Bir qədər mübahisəli səslənən belə bu fikirdən sonra nikbin olmağa çalışaq. 2018-ci ilin poeziyası haqqında qətiyyən bədbin olmağa dəyməz, az sonra biz poeziyamızda baş verən və bizdə narahatlıq doğuran məsələlərə də münasibətimizi bildirəcəyik, ancaq poeziyamızın, xüsusilə, lirik şeirimizin səviyyəsi qaneedicidir. Azərbaycan şeiri poeziyamızın yaşarı ənənələrinə bağlıdır, eyni zamanda, müasir şeir mədəniyyəti, həyatı, gerçəkliyi inikas nöqteyi-nəzərindən də yeni, novator keyfiyyətləri ilə diqqəti cəlb edir. Əlbəttə, bir ilin şeirləri haqqında danışmaq, icmal səciyyəli bir yazıda şeirlə bağlı bütün problemlərdən söz açmaq çətindir, gərək şeirimizin bir ildə hansı uğurlara nail olmağından danışaq, ayrı-ayrı mövzulara toxunaq, şeirimizin sənətkarlıq, dil-üslub məsələləri ilə bağlı məqamlara diqqət yetirək, müxtəlif nəsilləri təmsil edən ayrı-ayrı şairlərin şeirlərindən misallar gətirək, şeirimizdə bizi razı salmayan, nəzmkarlığa, şeirbazlığa, qrafomaniyaya aid qüsurları da etiraf edək, hələ üstəlik, bütün bu məsələlərə elmi-nəzəri prizmadan da yanaşaq. Ona görə də, biz 2018-ci ilin şeirləri haqqında ənənəvi icmal yazıdan imtina edirik, fikir və mülahizələrimizi ayrı-ayrı şeirlər üzərində davam etdirəcəyik. Yeri gəldikcə, ötən illərin şeirlərinə də müraciət edəcəyik. Çalışacağıq ki, bu nümunələrin timsalında 2018-ci ilin lirikası qismən də olsa, öz əksini tapsın.

1.Müasir Azərbaycan poeziyasının ən yaşlı nəsli keçən əsrin otuzuncu illərində dünyaya gələn, əllinci illərdə ilk şeirləri və ilk şeir kitabları nəşr olunan, altmış-yetmişinci illərdə ədəbiyyat aləmində etiraf olunan, sonrakı onilliklərdə isə poeziyada öncüllər sırasında olan şairlər nəslini xatırlayaq. Doğrudur, indii onların əksəriyyəti dünyalarını dəyişiblər, ancaq o nəsildən Nəriman Həsənzadə, Fikrət Qoca, Yusif Həsənbəy, Oqtay Rza, Eyvaz Borçalı, Musa Yaqub, Məmməd İsmayıl, Abbas Abdulla-bir sözlə yaşı səksəni keçən və ya səksənin astanasında olan şairlərimiz yenə eyni şövq ilə yazıb-yaradırlar. Fikrət Qoca və Oqtay Rza bəlkə hər gün şeir yazırlar, poeziya onların vərdişinə deyil, söz demək ehtiyacına çevrilib.. Nəriman Həsənzadənin şeirlərində isə ötən illərdə yazdığı ən yaxşı şeirlərin rahiyəsi duyulur.«Sinəm-stolüstü qalın kitabdı, Hər gün varaqlayıb oxuyuram mən»- bu qalın kitabı biz də varaqlayırıq və 88 yaşlı bir şairin poetik enerjisinə heyrət edirik. O, həyatda, cəmiyyətdə, təbiətdə, insan münasibətlərində baş verən heç bir hadisəyə biganı qalmır, Cocuq Mərcanlı şagirdlərinə üz tutur, Aprel döyüşlərində həlak olanlardan da söz açır, sevgi şeirləri də yazır, 37-ci ilin repressiya qurbanlarını da yad edir, doğulduğu Poylunu da unutmur. Məmməd İsmayıl Vətəndə yaşamasa da, Vətən havalı şeirləri ilə mətbuatda sözünü deyir: «Qəribi qürbətin qadını sevməz, Sevsə, olsa-olsa, torpağı sevər. Nəriman Həsənzadə kimi Məmməd İsmayıl da yaşa dolduqca içindəki poetik enerjini sönməyə qoymur.Vaxtilə Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı ki:«Məmməd İsmayılın şeirləri izaha, təhlilə çətin gəlir. Adam qorxur ki, bu şeirlərin gözəlliyi, zərifliyi təhlildən hürküb qaçar». Doğrudan da, Məmməd İsmayılın «Ağacdələn, döy qapımı», «Savalanda yatan igid», «Vətən», «Bir də keçməyəcək ələ bu günlər», «Ümiddən asılan qılınclar», «Təzədən mən sənə qayıdacağam», «Kimi aldadırsan, a zalım oğlu» kimi şeirlərini təhlil etməyə dəyərmi? Bu şeirlər Azərbaycan poeziyasının şedevrləridir. Son illərdə də o şedevrlərin sırasına yeniləri qatılır. Xüsusilə, «Qürbət haradı bilsən», «Qapı» «Niyə beləsən, Vətən» şeirləri… Musa Yaqubun son şeirlərində isə şair ömrü ilə bağlı bəzi etiraflar səslənməkdədir ki, bu etirafları həmin nəslin dilinə gətirmədikləri, amma ürəklərində o hissləri, o duyğuları yaşatdıqları qənaətindəyik:

Bir yorğun torpağam, dincə qoyulmuş,
Daha əkilməyim, biçiləyəm yox.
Köhnə qarağacam, içi oyulmuş,
Bir də körpülənib keçilməyim yox.

Bütün körpüləri keçmişəm daha.
Səbr kasamı da içmişəm daha.
Hanı bu dünyanın dağ tərəfləri,
Qızıldöş qayanın tağ tərəfləri-
Ayağım dəyməmiş bir daş qalmadı,

Heyif, gücdən düşən o ayaqlara!
Hanı bu dünyanın sevgi tərəfi?
İnsanın insana ərki tərəfi?
Hanı dan üzünün ağ tərəfləri,
Dövrünün qızılı çağ tərəfləri?

Şeirimizin ikinci bir yaşlı nəsli də var ki, onların ədəbiyyata gəlişi altmışıncı illərin sonlarına-yetmişinci illərin əvvəllərinə təsadüf edir- Firuzə Məmmədli, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Çingiz Əlioğl, Vaqif Bayatlı- bu şairlər poeziyada müxtəlif üslubları təmsil edirlər. Sabir Rüstəmxanlı 1967-ci ildə yazdığı məşhur «Vətən» şeirinin intonasiyasına indiyə qədər sadiqdir və əgər müasir Azərbaycan poeziyasında vətənpərvərliyin, azərbaycançılığın, milli birlik ideyasının necə təcəssüm olunduğunu izləsək, Bəxtiyar Vahabzadə, Xəlil Rza Uluturk, Məmməd Araz isimləri ilə yanaşı, Sabir Rüstəmxanlınının da adını bu sırada görərük.

Heç inanmağımız gəlmir ki, «böyük şair olmağı bir kimsədə şübhə doğurmayan» (Anar), sözün əsl mənasında bir şair kimi populyarlığını qoruyub saxlayan Ramiz Rövşən artıq yetmtiş iki yaşındadır, Amma yaşın şair ömrünə və şeirin ömrünə heç bir dəxli yoxdur. Ramiz Rövşən adi həyat hadisələrini, ən sadə həqiqətləri – həyat, ölüm, sevgi, Allah, Dünya və İnsan haqqında duyğularını poeziya dili ilə, özü də orijinal şəkildə ifadə edir. Amma burada duyğular və hisslərlə yanaşı, bir mühüm məqamı da vurğulamalıyıq. Ramiz Rövşən şeiri həm də bizə məlum adi həqiqətlərin tamam yeni izahıdır, burada Aristotelin bir fikrini xatırlayırıq: «Poeziya insana yalnız hisslər, duyğular vasitəsilə əldə edilmiş zahiri bilik vermir, elmi bilikdən aşağı durmayan biliklər verir».

Ölüncə
neçə-neçə qapıdan keçir adam,
Dünya-
üz tutduğumuz qapılarla doludu
Bəlkə də,
üzümüzə çırpılan qapılardan
Üzümüzə açılan
Qapılar qorxuludur.
Mənim balam,
hamımız doğulanda ağlarıq,
Bəlkə, yaşamaq deyil
dünyaya gəlməyimiz.
Bəlkə doğulan kimi
başlayır ölməyimiz.

«Azərbaycan yazıçılarının ensiklopedik məlumat kitabı»na diqqət yetirdik və bu kitabda 400-dən artıq qadın yazarların tərcümeyi-halları ilə qarşılaşdıq. Doğrudan da, böyük rəqəmdir və Azərbaycan kimi kiçik bir ölkədə qadın yazarların, xüsusilə, şairlərin bolluğu bəlkə təəccüb doğura bilər, amma burada təəccüblü heç nə yox…Elə Əzizə xanım Cəfərzadənin «Azərbaycanın aşıq və şair qadınları» toplusuna nəzər yetirsək, burada ənənənin mühüm rol oynadığını vurğulaya bilərik. Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə, Tahirə Qürrətüleyn, Umugülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə Gülgün, Hökumə Billuri… Və çağdaş şeirmizdə Firuzə Məmmədli, Nisə Bəyim, Ofelya Babayeva, Xanım İsmayılqızı, Fərqanə Mehdiyeva, Məlahət Qaramuradlı, Gülnarə Cəmaləddin, Xatirə Fərəcli, Xəzangül, Şövkət Horovlu, Səhər, Aybəniz Əliyar…Firuzə Məmmədli Nicar Rəfibəylinin, Mirvarid Dilbazinin missiyasını üzərinə götürüb desək,- yanılmarıq. Xalq yazıçısı Anar yazır ki: «Firuzə Məmmədli Azərbaycan poeziyasıneın zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərdən biridir. Onun şeirləri özünə bənzəyir, bir az həlim, bir az kövrək, yeri gələndə sərt». Firuzə Məmmədlinin son üç ildəki şeirlərinə diqqət yetiririk-bu şeirlər bir qadın ömrünün poetik salnaməsidir-bu salnamədə ağrı da var, sevinc də, heyrət də, dövrandan, zəmanədən şikayətlər də, ümid də, inam da, nostalji hisslər də və ən başlıcası, vətənpərvərlik, azərbaycançılıq duyğuları. Və təfərrüata varmadan Firuzə Məmmədlinin «Azərbaycan» jurnalında çap olunan bir şeirini misal gətirək: bu şeir sözə, şeirə, poeziyaya bağlılığın ifadəsidir:

Nə deməyə sözüm qalıb,
Nə susmağa üzüm qalıb,
Arxasınca gözüm qalıb,
Tanrım, məni qaytar sözə.

Baş alıb hara qaçaram?
Mən günüqara qaçaram.
Lap düz divara qaçaram,
Məni elə çapar sözə.

Neynim sözsüz var günümü?!
Sədalara kar günümü!
Sal boynuma dar günümü,
Sürükləyib apar sözə.

2.Şeirimizdə Qarabağ müharibəsi və onun doğurduğu itkilər, sosial və mənəvi bəlalar, itirilmiş torpaq ağrıları haqqında yüzlərlə şeirlər yazılıb, indii də yazılır. Bu şeirlərin hər birinin vətənpərvərlik duyğusundan yarandığına qətiyyən şübhə etmirik. Amma o şeirlərin bir çoxu bədii keyfiyyət baxımından hətta ortabab şeir səviyyəsindən aşağı olduğunu etiraf etməliyik. Bu şeirlərdə bir-birini təkrar edən motivlər, şağlon ifadələr həddini aşır. Əlbəttə, həmişə dərddən yazmaq olar, necə ki, həmişə Vətəndən, dağlardan, dənizdən, payızdan yazmaq…amma ənənəviləşən mövzuya da yenilik gətirmək olar. Təbii ki, bu, şair istedadı ilə bağlıdır. Vaqif Bəhmənli köhnə ifadə ilə desək, «məhsuldar» şairdir, amma Vaqif bəzi istisnaları nəzərə almasaq, həmişə öz poetik səviyyəsini saxlaya bilir. Onun Qarabağ yanğısından doğan «Dərd qoşması» dərdin poeziyasını poeziyanın dərdinə çevirən bir şeir kimi diqqəti cəlb edir:

Yolunca saraldı gözümün kökü,
Qalmadı ürəkdə yağ, Qarabağım!
Başıma haranın külünü töküm,
Qayıtsın əzəli çağ, Qarabağım!

Seyidlər bəsləyən, aclar doyuran,
Şərdən-şəbədədən haqqı ayıran,
Bəyləri, xanları işə buyuran,
Sultan Qarabağım, şah Qarabağım!

Böyürtkən atlanmır barı üstündən…
Sazaqlar çartladır narı üstündə!
Çiçəyi burnunda, barı üstündə
Çürüyür tarlanda tağ, Qarabağım!

Ölün bir yandadı,dirin bir yanda,
Çalağan ilanlar qıvrılır qanda!
Torpaq götürərmi, aparsam canda
Belə çalın-sarpaz dağ, Qarabağım!

Fələk töhmət çöpü təpdi dərimə,
Sən sönük bir çıraq; səməndəri mən…
Cismimi Bakıya tulla, yerimə
qeyrətli bir Vaqif doğ, Qarabağım!

Qarabağla bağlı şeirlərdə kədər, qəm-qüssə motivlərinin üstünlük təşkil etməsini təbii hesab edirik. İnsan doğulduğu torpaqdan, göz açdığı yurd-yuvadan illər boyu ayrı düşür, bu həsrəti başqa cür necə izah edəsən? Elə Vaqif Bəhmənlinin başqa bir şeirində Qarabağsız yaşamağın ağrı-acıları öz əksini tapır:

Batıb Şuşanın dili,
zili, pəsi çatışmır.
Tarixdi Pənahəli-
Xan nəvəsi çatışmır.

Orman yaşıl daraqdı,
sıldırımlar varaqdı.
Şuşa yanar çıraqdı-
Pərvanəsi çatışmır.

Kafər kəsib yolağı,
kardı Kirsin qulağı!..
Cabbarsız Qarabağın
Zənguləsi çatışmır!

İtkin düşüb qonağı,
Sağ şikəstə, sol ağı…
Axır İsa bulağı
Piyaləsi çatışmır!

Şeirmizdə Qarabağ mövzusu haqqında düşünəndə istər-istəməz keçən əsrin doxsanıncı illərində qələmə alınmış və hər misrasından ümid, inam, qələbəyə çağırış ifadə edən «Ayağa dur, Azərbaycan», «Ayağa dur, məmləkətim», «Qalx ayağa məmləkətim» (Məmməd Araz, Xəlil Rza, Zəlimxan Yaqub) şeirləri yada düşdü. Xüsusilə, Xalq şairi Qabilin o illərin ən haraylı, çağırış şeirindəki həqiqəti xatırladıq.«Ümid sənədir ancaq..» şeiri göstərdi ki:

Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb-daşınıram
Özlüyümdə dərindən:
İntiqam ala bilməz,
Qana qan ola bilməz
Məzarları bəzəyən
Ehtiram çiçəkləri…
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!

Qabilin doxsanıncı illərdə səsləndirdiyi bu çağırış nidasının həqiqət olduğunu 2016-cı ilin Aprel döyüşləri təsdiq etmədimi? Nədənsə şeirimizdə belə nümunələrin sayı getdikcə azalır, amma Ramiz Duyğunun, Rəşid Faxralının, Əbülfət Mədətoğlunun, Musa Ələkbərlinin, Rəfail Tağızadənin, Əli Rza Xələflinin, Adil Cəmilin, Əli Nəcəfxanlının, Rizvan Nəsiboğlunun bəzi şeirlərində həmin tendensiyanın davam etməsinə yalnız sevinmək olar. Xüsusilə, Rəşid Faxralının Aprel döyüşləri ilə bağlı şeirlərini təqdir edirik. Bir məqamı da unutmayaq: Qarabağ problemi təkcə ölkə prezidentinin apardığı ardıcıl, məqsədyönlü siyasətlə yaqaşı, həm də hər bir azərbaycanlını düşündürən bir həyat amalı olmalıdır. Şair Vahid Əziz də elə bunu deyir:

Gör, nə qədər itirmişik?
O Qarabağ, bu Qarabağ.
Danışmayaq düşüyk-düşük,
torpaq satmağı unudaq.

Sındırmaqda düşmən bizi,
yetər boğduq səbrimizi,
qırıb «Tamah dişimizi»,
rüşvət almağı unudaq.

Tanrı nuru qəlbimizdə,
dəyər verdi sevgimizə,
içimizdə bir-birimizə,
düşmən olmağı unudaq.

Bu torpaqlar çox ağlayıb,
sinəsində minlərlə dağ.
qanları yadda saxlayıb-
unutqanlığı unudaq!

3.Bəs şeirimizin lirik qəhrəmanı haqqında nə söyləyə bilərik? Burada biz V.Q.Belinskinin məşhur tərifini misal gətirəcəyik: «Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır.Hər bir poetik əsər şairin bütün varlığına hakim kəsilən qüdrətli fikrin məhsuludur». Hər bir şeirin mətnində şairin duyğu və düşüncələri yaşayır. Vaxtilə, sovet dönəmində lirik qəhrəman özünü «Mən və Vətən» «Mən və Dünya», «Mən və Zaman», «Mən və Həyat», «Mən və Təbiət», «Mən və Sevgilim» paralelləri ilə ifadə edirdi. Bu paralellərdən çox zaman «sovet adamı» obrazı reallaşırdı. indi də bu paralellar davam edir. Amma «sovet adamı» obrazına daha ehtiyac qalmayıb. Müstəqillik dövrünün şeirində isə lirik qəhrəmanın həyat hadisələrinə, dünyaya, zamana, insana, Tanrıya, ölümə, varlığa-yoxluğa münasibəti dəyişib. Lirik qəhrəman, yəni şair fikrən də, ruhən də azaddır. Şairlər bir vaxtlar sanki içərilərinə çökmüş dumanı ciyərlərindən çıxarıb azad nəfəs alırlar. Biz bu sırada Oamiz Qusarçaylının, Əhməd Qəşəmoğlunun, Əjdər Olun, Ağacəfər Həsənlinin, Barat Vüsalın, Avdı Qoşqarın, Rəşad Məcidin, İlham Qəhrəmanın, Elçin İsgəndərzadənin,Yusif Nəğməkarın, Rafiq Yusifoğlunun, Balayar Sadiqin, Qəşəm Nəcəfzadənin, Sabir Yusifoğlunun, Xanəli Kərimlinin, Maşallah Məftunun, Ağamir Cavadın, Zirəddin Qafarlının, Tahir Talıblının, Orxan Paşanın, Gülnarə Cəmaləddinin, Adil Cəmilin, Hüseyn Bağıroğlunun, Faiq Balabəylinin,Tərlan Əbilovun, Asim Yadigarın, Zakir Məmmədin, Tahir Taisoğlunun, Kəmaləddin Qədimin, İslam Sadığın, Nazim Əhmədlinin, İnqilab İsaqın, Bilal Alarlının, Əlisəmid Kürün,Vəliyulla Novruzun, Əlizadə Nurinin, Dayandur Sevginin, Sərvaz Hüseynoğlunun şeirlərini xüsusi qeyd edə bilərik. Əsasən ədəbiyyatımızın orta nəslini təmsil edən adlarını çəkdiyim bu şairlər özünü ifadə baxımından bir-birindən fərqlənə, seçilə bilirlər. Məsələn, Ağacəfər Həsənlinin şeirlərində fikir ahəngi ön plana keçməkdədir, «Günlər ömrün gülləridi, solur zamanın əlində» deyən Ağacəfər başqa bir şeirində yazır ki: «Haçandlan eyni havaya oynayaram, eyni sudan içərəm, eyni yoldan keçərəm, eyni sünbüldən biçərəm, gözümü kor edib işıqlar, qulağım dəng olub oxşar sözlərlən» misralarıyla əslində, XXI əsr şairinin, daha çox öz ədəbi nəslinin poetik məramını ifadə edir. Və onun şeirlərində də yenilik hissi, «eyni havaya oynamamaq», həyata, dünyaya düşüncə çevrəsindən yanaşmaq prinsipi üstünlük təşkil edir. «Fikir ahəngi» ifadəsini işlətdik və Əhməd Qəşəmoğlunun sonuncu şeirlər kitabına yazdığı ön sözləri xatırladıq: «Dünya-ahəng dilidir. Ahəng dili Allahın yoludur. Qəlbim mənə deyir ki, nə qədər ki, insanlar dünyadakı əməllərini ahanglə kökləməyiblər, özləri də, ətrafları da, Yer üzü də qan-qada içində olacaqlar. Dünyanın bir çox sirlərinin açarı elə həmin ahəng aləmindədir».Əhməd Qəşəmoğlunun bu «ahəng qanunu» təzə deyil, amma onun əksər şeirləri bir ahəng üstündə qurulub: dünyada heç bir zərrə adi deyil, hər şey, hər nəsnə ahəng içindədir, İlahinin yaratdığı bu ahəngin Eşq mərtəbəsinə, ucalığa köklənməsi insanın Sirri-xudaya sonsuz məhəbbətinin ifadəsidir. «Azərbaycan bayrağı» kimi çox gözəl bir şeirin müəllifi olan Ramiz Qusarçaylı bu ədəbi nəslin içərisində xüsusilə seçilir. Onun nisgilli «Toy» şeiri sübut edir ki, Ramiz hər hansı bir hadisəsini poeziya hadisəsinə çevirə bilər. Nişanlısı Lələdağ döyüşlərində həlak olan bir qız toy zamanı bu xəbəri eşidir, amma :

O qız toyda ölənəcən oynadı,
Ayaqları gülənəcən oynadı,
Toyu toydan silənəcən oynadı.
Gör o toyda iqarğılı ney neynədi,
Zilində Yer,
bəmində Göy göynədi,
Xarı bülbül namus yeri, göynədi,
Cıdır düzü qisas yeri, göynədi,
Daşaltıda casus yeri göynədi.
Qurd çölündə çadır yeri oynadı,
Güləbürtdə abır yeri oynadı,
Gülablıda qəbir yeri oynadı,
Dözüm yeri, səbir yeri oynadı.
Kim o qızı saxlayacaq bu axşam,
Kim o toyu ağlayacaq bu axşam…

Daha bir şairdən söz açaq. İnqilab İsaqın şeirləri barədə həmkarımız Rüstəm Kamal acı bir təəssüf hissilə yazır ki: «Ədəbi tənqidin «əyalət» sindromu nəticəsində dəyərli bir şairin obrazının yetərincə təqdim olunmaması təəssüf doğurur» Amma elə Rüstəm Kamal İnqilab İsaqın kitabına yazdığı ön sözdə bu sindromu aradan qaldırır və onun şeirlərini layiq olduğu tərzdə təhlil edir. Yazır ki: «İnqilab İsaqın poeziyasında bəlağətli deklarasiyalar və yüksək nidalar səslənmir, sanki sualtı axın şeirin üstü ilə gedir, sükutu intonasiyanın axarı üzə çıxarır». Doğrudur. Və biz təfərrüata varmadan İnqilab İsaqın «Bir uşaq ağlayır» şeirini misal gətirəcəyik. Bu şeir bir qaçqın ananın dilindən söylənilir. Bu şeirdə hüzn və kədər var, amma ritorikadan uzaq bir kədər. Kədərlənən təkcə anna deyil, qüssəyə qərq olan həm də şeirin özüdür, təşbihlər, metaforalar, xitablar da bu hüznün içindədir.

O uşaq ağlayır, ovutmayın siz,
İtən yurd yerində yuxusu qalıb.
Yüyürüb o cıdır, çəmən boyunca,
İçində bönövşə qoxusu qalıb.

O uşaq aldanmır, vallah, şirəyə
Böyüklər çox zaman aldanan kimi.
O uşaq ağlayır hey «Şuşam» deyə,
Odlanır dünyaya boylanan kimi.

Tapın o uşağın oyun yerini,
Bənövşə üzdüyü çəməni tapın.
Tapın üç almanı, nağıl yerini,
Tapın, ay böyüklər, Vətəni tapın!
Kiridin uşağı, kiridin görək!

Adlarını geniş siyahidə çəkdiyimiz hər bir şairin yaradıcılığından, xüsusən, 2018-ci ildə yazdıqları şeirlərdən misallar gətirə bilərik. Şeirimizdə əsl azadlıq ruhu dolaşmaqdadır və hər bir şair müstəqilliyin ona bəxş etdiyi bu mənəvi azadlıqdan bəhrələnir.

Amma çox maraqlıdır ki, bu azadlıq şeirdə çox vaxt lirik qəhrəmanın-şairin mənən azadlığına dəlalət eləmir. Şeirimizdə ictimai həyatdan yox, yalnız şəxsi, subyektiv azar-bezardan doğan dərdlərdən, darıxmaqdan, ölümdən çox yazırlar. Biri yazır ki: «Mən bədbəxt adamam, yazıq adamam!», başqa birisi «Mən çıxıb getməyə bir küçə tapsam» deyib «kimsənin olmayan uzaqlara» getmək arzusunu ifadə edir, bir başqası «Ölümüm qədər, kaş deyirəm gözəlləşəydi həyatım da» deyir və ölümü həyatdan üstün tutur, yenə bir başqa gənc şair yazır ki: «Sir-sifətim qırışmamış, Kimsə gəlib soruşmamış, Toz-torpağa qarışmamış Çürüməyi öyrənirəm», yenə bir misal: «Əcəl son etirafdfr. Hər insanın dilində. Ölüm hədiyyəmizdir, Yaşam müqabilində». Belə «ölüm şərqilərinin» sayını artırmaq olar, düşünürük ki, əksəriyyəti cavan olan, «çiçəyi burnunda olan» bu şairləri əcəl köhləninə minməyə nə vadar edir? Ədəbiyyatda Ölüm mövzusu əbədi mövzulardan biridir, istər klassik poeziyada, istərsə də müasir poeziyada ölümdən çox yazıblar. Amma bu mövzuya fəlsəfi rəng qatıblar. Müasir poeziyada Vaqif Səmədoğlunun və Ramiz Rövşənin şeirlərində Ölüm motivinə daha çox rast gəlirik. Ramiz Rövşən bir müsahibəsində deyir ki: «Ölüm bütün dinlərin məğzindədir. Ölüm o qədər təbii, sadə anlayışdı ki…Platon deyir: hər bir yaradıcılıq öz gücünü ölümdən alır. Mən ən çox o vaxt yazıram ki, ölümlə toqquşuram. Yazmağın özündə bir ölməməzlik iddiası var. Yazırsan ki, ölməyəsən, qalasan, ölümdən sonra qalasan. Həyatın sonu ölümdü, ölümün sonu həyat deyil. Zen-buddizm fəlsəfəsində deyilir: «Bizim həyatımız ölümümsüzdə qısa fasilədir». Müasir Azərbaycan şeirində ölüm haqqında ən çox düşünən şair Vaqif Səmədoğlu idi, amma onun «ölümlü» şeirlərindən qətiyyən qəbristanlıq qoxusu gəlmir. Baxın: «Özümü öldürmək istəmişəm iki dəfə, amma öldürməmişəm min dəfə». «Ay yarımçıq, ulduzlar yoz, yaman ölməli gecədir». «Allah, məni yarı öldür, yarı saxla ağlamağa», «Özümlə məşğulam, özümü hər gün yüz yol dirildirəm, yüz yol asıram», «Sevgilim, mən öləndə, Bir küncdə xısın-xısın Ağlayacaqsanmı sən? Kimin xarabasında Bir damla yaşa dönüb, Düşəcəyəm gözündəın? Ağla, qurbanım, ağla, Ağla, heyranım, ağla».

4. 2018-ci ilin Azərbaycan şeirində sənətkarlıq məsələləri ilə bağlı nə demək olar? Əslində, çox şey. Vəzn məsələsindən tutmuş şeirimizin bədii təsvir vasitələrinə qədər, qoşmalı, gəraylılı, çoxbölgülü heca şeirindən sərbəst şeirinə qədər, Avropa şeirindən, türk poeziyasından gələn təsirləri də unutmayaq, klassik poeziya ənənələrinə bağlılığı da…Şeirdə novatorluq cəhdlərindən tutmuş «stəkanda fırtına» yaratmaq iddiasıyla «yeni şeir» eksperimentlərinə qədər…Şeirnimizdə yeni cərəyanların, xüsusilə postmodernizm dalğasının milli şeir ərazisində görünməsinə qədər…Dilimizin saflığını, gözəlliyini, zərifliyini qoruyan şeirlər də var, onu kimyəvi, fiziki, riyazi terminlərlə, əcayib-qəraib sözlərlə, ifadələrlə zibilliyənlər də. Ancaq bir yazıda bütün bunları əhatə eləmək mümkün deyil, yalnız bəzi vacib məqamlara diqqət yetirəcəyik.

Azərbaycan poeziyasında uzun müddət yaşayan ənənələr olmuş ki, bu da onların vərəsəlik qaydası ilə əsrlərdən əsrlərə gəlib keçməsi və özəl xüsusiyyətlərini saxlaması ilə bağlıdır. Poeziyamızda ənənələrin zənginləşməsi iki axarda cərəyan etmişdir. Birinci halda ənənələr daxilən, məzmunca dəyişmişdir. İkinci halda isə bu dəyişiklik bədii formada baş vermişdir. Ənənələrin məzmunca dəyişməsi, yeni çalarlar kəsb etməsi, heç şübhəsiz, xalqın ictimai həyatında baş verən yeniliklərlə bağlıdır ki, bu inkişaf və dəyişikliklər bədii təfəkkürə də təsirsiz qalmamışdır. XX-XXI əslər heca şeiri də məhz belə inkişaf və yeniləşmə imkanları ilə diqqəti cəlb etmişdir.Ümumiyyətlə, XX əsr Azərbaycan şeirində heca vəzninin nisbətən üstün mövqeyindən söz açmaq olar.Biz altmışıncı-yetmişinci illərin bəzi ədəbi mübahisələrində olduğu kimi heca şeirinə tam üstünlük verib sərbəst şeiri gözdən salmaq, guya Azərbaycan şeirinin milliliyinə xələl gətirdiyini iddia etməık fikrini heç ağlımıza gətirmirik.Şeirin hansı vəzndə yazılması yox, necə yazılması əsasdır. Böyük türk şairi Nazim Hikmət deyirdi ki, şeiri istər dənizin dibində yaz, istər küləkli havada, istər hecada, istər əruzda, istər sərbəstdə, istərsə də hecada, təki şeir olsun. Ancaq burada vəznin hər iki qolunun müasir şeir prosesində inkişafını izləmək istərdik.

Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Əhməd Cəmil, Bəxtiyar Vahabzadə, Qabil, Nəbi Xəzri, Hüseyn Arif, Əliağa Kürçaylı, Nəriman Həsənzadə, Məmməd Araz, Cabir Novruz, İslam Səfərli, Hüseyn Kürdoğlu, Məstan Günər, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Musa Yaqub, Məmməd Aslan, Ağasəfa, Zəlimxan Yaqub, Ramiz Rövşən, Rüstəm Behrudi, Firuzə Məmmədli, Akif Səməd, Məmməd Dəmirçioğlu…heca şeirinin ən gözəl nümunələrini bu şairlər yaratmışlar. Ancaq sərbəst şeirin də ən gözəl nümunələrini yaratmış Rəsul Rza, Əli Kərim, Vaqif Səmədoğlu, Ələkbər Salahzadə, İsa İsmayılzadə, Camal Yusifzadə hecada da eyni dərəcədə uğurlu nümunələrlə diqqəti cəlb etmişlər. və bu siyahini bir qədər də müasir şeirimizə gətirib çıxarsaq, Zirəddin Qafarlının, Məcnun Göyçəlinin, Sabir Sarvanın, İslam Sadığın, Məmməd İlqarın, İbrahim İlyaslının, Barat Vüsalın, Nisə Bəyimin, Adil Cəmilin, Musa Ələkbərlinin, İlham Qəhrəmanın, Orxan Paşanın da heca şeiri ənənələrini davam etdirdiyinin şahidi olarıq.. XX əsr Hüseyn Arif, Hüseyn Kürdoğlu, Məstan Günər, Məmməd Aslan, Zəlimxan Yaqub kimi qoşmada, gəraylıda möcüzələr yaradan şairləri bizə tanıtdı və indi yüzlərlə sadəcə söz yığını, şablondan, məlum bədii təsvir vasitələrindən yaranan qoşmaları, gəraylıları oxuyanda o beş şairin ruhlarına rəhmət oxuyuruq. Amma heyislənməyə də dəyməz, çünki XXI əsrin heca şeirlərində də yeniliklər diqqəti cəlb edir. Şeirdə lirik qəhrəmanın duyğu və düşüncələrini müəyyən obrazlar vasitəsilə əks etdirmək ənənəsi indii də yaşayır. Ən çox da qoşma və gəraylılarda. bu ənənəyə yeni çalarlar da qatılır. İki misal gətirək: İbrahim 
İlyaslıdan bir gəraylı:
Səni görən divanədi,
Ölürəm səndən ötəri.
Göz yaşımla dağı-daşı,
Dəlirəm, səndən ötəri.

Uydurmadım daha nələr?
Tükənibdi bəhanələr.
Qonşumuza axşam-səhər,
Gəlirəm, səndən ötəri.

İbrahiməm, için-için,
Göynəyirəm, gedir köçün.
Ölmürəm yaşamaq üçün,
Ölürəm səndən ötəri.

Bu gəraylıdan Aşıq Ələsgərin, Dədə Şəmşirin rayihəsi duyulur.
Qoşma şeir forması Azərbaycan poeziyasında bəlkə ən davamlı, ən sabit bir ənənənin mövcudluğunu təsdiq edir. Poeziyada hansı meyllər, təmayüllər yaransa da, onların hər biri müəyyən müddət ərzində «populyarlıq» qazansa da, xalq şeirinin milli ruhunu, özəlliyini qoruyan qoşma hər dəfə yeni nümunələrlə öz varldığını qoruyub saxlayır. Xüsusilə, keçən əsrin doxsanıncı illərində, habelə, XXI əsrin əvvəllərində qoşmaya meyl nəinki azalmış, bütün şeirkəmiyyət amili yox, keyfiyyət amili nəzərdə tutulur. Həm də yeni qoşmalarda müasir poetik təfəkkür, «köhnə havada» təzə söz demək diqqəti cəlb edir. Əlizadə Nurini bir qoşmasında olduğu kimi:

Haçandı durnalar uçur canımdan,
Haçandı canımda payızmış, Allah.
Məni bu dünyanın yadına salan,
Mənim unutduğum o qızmış, Allah…

Şirin xəyallırım acını çəkir,
Ölümdü -kəfənin ucunu çəkir…
…Baxdım ki, bir söyüd içini çəkir,-
O da mənim kimi yalqızmış, Allah.

Hər gün dodağıma baş çəkir adın,
Yanım, bir az isin,-üşüyən qadın…
..Çərpələng düzəltdim, o da uçmadı,-
Bu ömür islanmış kağızmış, Allah!

İndi isə 2018-ci ilin sərbəst şeirləri haqqında. «Azərbaycan» və «Ulduz» jurnallarında, «Ədəbiyyat qəzeti»ndə xeyli sərbəst şeirlər çap edilib. Heca vəznli şeirlərdə olduğu kimi, burada uğurlu nümunələr az deyil, şairlərimiz Rəsul Rzadan, Vaqif Səmədoğludan, Əli Kərimdən, Fikrət Qocadan, Ələkbər Salahzadədən, İsa İsmayılzadədən, Camal Yusifzadədən, Çingiz Əlioğludan gələn yaşarı ənənələri davam etdirirlər. Təbii ki, bu sırada böyük şairimiz Rəsul Rza ənənələri mühüm rol oynayır. Kimsə inkar etməz ki, Rəsul Rza Azərbaycan sərbəst şeirinin ən gözəl nümunələrini yaratmışdır. Biz Rəsul Rzadan sonra sərbəst şeiri yeni bir düzümə gətirən Ələkbər Salahzadəni də unutmamalıyıq. Deməli, Azərbaycan poeziyasında sərbəst şeir artıq bir ənənə yaratmışdır. İndi bu ənənəni Tahir Taisoğlu, Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Mahirə Abdulla, Fərid Hüseyn, Bilal Alarlı, Tərlan Əbilov, Dəyanət Osmanlı, Rasim Qaraca, Aqşin Yenisey, Aqşin Evrən, Xuraman Hüseynzadə,Könül Arif, Emin Piri, Ümid Nəccari,Səhər,Ramil Əhməd, Qismət kim sərbəstçilər var 
Özü dəəksəriyyəti cavanlardır.

Sənə parçalı-buludlu bir hava göndərirəm,
Yağış da yağa bilər;
şimşək də çaxa bilər,
günəş də çıxa bilər.

Sənə parçalı-buludlu bir sevda göndərirəm.
Həsrət də ola bilər,
nifrət də ola bilər,
xoşbəxt də edə bilər,
bədbəxt də edə bilər.

Mən hərdən çox səs-küylü,
hərdən lal-sükutluyam.
Nə qədər bədbinəmsə,
o qədər ümidliyəm.
Bir az payız kimiyəm;
parçalı-buludluyam.

«Ulduz» jurnalının 2018-ci il noyabr nömrəsindən misal gətirdiyimiz bu şeirin müəllifi Səhər Əhməddir. Bu şeirdə çox böyük bir fikir axtarmayın, adi bir insan münasibətinin təbiət hadisəsi ilə müqayisəsi diqqəti cəlb edir və hər halda, müqayisə tutarlıdı, Cavanların sərbəst şeirlərinin əksəriyyətində qafiyədən əsər-əlamət görmürsən, amma burada qafiyə də var. Şeirin ritm idə yerindədir. Və ona görə də, bu, sərbəst şeirdir.

Bununla yanaşı, gizlətmək lazım deyil ki, bu gün sərbəst şeir adıyla çoxlu cızmaqaralar çap olunur, bunlara şeir demək olarmı? Hələ 1957-ci ildə görkəmli tənqidçimiz Məmməd Cəfər Cəfərov «Şeirimizin dili və vəzni haqqında» məqaləsində yazırdı: «Sərbəst şeir haqqında aydın təsəvvürə malik olmayan bəzi gənclərimiz zənn edirlər ki, sərbəst şeir dilin qrammatik quruluşunu pozmaq, cümlənin söz sıralarını tərsinə çevirmək yolu ilə əldə edilir. Bizim şairlərimizin çoxunun şeirində, qüvvətlə bədii vasitələrdən biri olan inversiya (cümlədə sözlərin yerdəyişməsi) tamamilə unudulmuş, onun yerini dilin bütün qrammatik quruluşunu baş-ayaq etmək kimi lüzümsuz bir vərdiş tutmuşdur. Dilin qanunlarının əksinə olaraq cümləni tərsinə qurmaqla sərbəst şeir yaranmır, bəlkə sərbəst şeirə parodiya əmələ gəlir. Deyəndə ki, sərbəst şeir monotonluq yaradlan mütləq bir ritm tanımır, bu, o demək deyildir ki: «məhv olsun ritm». Ritm şeirin ən mühüm cəhətidir. O məhv olandan sonra şeiriyyət qalmır. Əksinə, həqiqi sərbəst şeirdə ritm daha əlvan, daha zəngindir». Burada söylənilən qüsurlar indiki sərbəst şeirdə də davam edir. Amma bu o demək deyil ki, indii yaxşı sərbəst şeirlər yaranmır. Dilin və ifadəinin gözəlliyilə diqqəti cəlb edən nümunələr az deyil. Yalnız bircə nümunə ilə kifayətlənək: Gülnarə 

Cəmaləddinin şeiriylə:
Şəhid-şəhid torpaqların artdıqca
yaranı bağlaya bilmirəm
vətən
Çəkib gözümün üstünə
sən məni gözünün üstündə saxladığıntək
gözdən uzaq
gözümün üstündə
saxlaya bilmirəm
vətən
Bir ovuc torpaqsan
beş arşın ağsan
İşğal olmuş İrəvansan
əsir düşən Qarabağ
Qarşıda
dost var
düşmən var deyə
səni ürəyimcə ağlaya bilmirəm
vətən

2017-ci ilin «Poeziya» icmalında yazmışdıq ki: «Dilimizin gözəlliyini, «nərmi-nazikliyini», qəlbimizin ən dəruni hisslərini ifadə etdiyini, kədərimizi, sevincimizi, qəzəbimizi, harayımızı ilk növbədə, şeirimizdə, bədii sözümüzdə hiss edirik. Və akademik Nizami Cəfərovdan belə bir sitat gətirmişdik: «Məlum məsələdir ki, mükəmməl forma həllini tapa bilməyən poeziya əsl poeziya deyil-istər əruzda, istər hecada, istərsə də sərbəst şeirdə olsun. Şairə «belə yaz, elə yaz,bu sözü, bu cümləni, bu təşbihi belə işlət» demək absurddur. Onu şair bilir, əcər bilmirsə,-demək, şair deyil. Ana dilinin keşiyində birinci növbədə məhz şairlər dururlar. Onlar ana dilini bir mərhələdən digər mərhələyə, bir dövrdən digər dövrə aparırlar-Nəsimi kimi, Füzuli kimi, Səməd Vurğun kimi». Şeirin gözəlliyi onun məcazi qüdrətindədir, bədii təsvir vasitələrinin orijinallığındadır. Azərbaycan şeiri məhz bu məcaziliyinə, «Ver sözə ehya ki..» potensialına görə indii də öz poetik qüdrətini, enerjisini hifz edir. Füzuli deyirdi ki: «Bəzmi-nşq içrə, Füzuli, necə ah eyləməyim, Nə təməttö bulunur neydə sədadən qeyri?»-neyin səsi-şairin ahı. Şair dərddən quruyub, ney həsrətdən. Biri məşuqəsindən ayrı, biri vətənindən. Onun bədəni şan-şan, bununku dəlik-dəlik. O da inildəyir, bu da». XXI əsrin şairi Əlizadə Nuri isə yazır: «Bilsəydim harada ağlamısan sən, Tapıb göz yaşımı ləl eyləyərdim…Sənə ulduzlardan bir ev qurardım,- Aylı pəncərəndə tül eyləyərdim. Görsən ki, Yer üzü dar gəlir sənə,- Suları qurudub göl eyləyərdim». Nəsimi deyirdi ki: «Hilalə döndü qəmər qaşların hilalindən, Boyandı qanə qızıl gül yanağın alindən»- yəni səmadakı üçgünlük ay öz gözəllik və zərifliyini sevgilinin kaman qaşlarından alır, qızıl gülə o rəngi verən də məşuqənin al yanaqlarıdır».XXI əsrin şairi Arzu Hüseyn isə yazır: «Bu da sevgimizin son noyabrı, Yenə də nəyinsə sonuna gəldik. Gözündə bir ovuc dəniz var sənin, Ağlama, suyunda bata bilərik». Şah İsmayıl Xətai deyirdi ki: «Əridi iligim, qaldı sümügüm, Bu təni tərk edər canım, nə dersən? Əgər yatsam min il toprağ içində, Dürüstdür əhdü peymanım, nə dersən?». XXI əsrin şairi İslam Sadıq isə yazır: «Sözü bir yelə döndü, Gözü bir gölə döndü. Özü bir gülə döndü, Könlüm güllər içində. Hanı məndə o taxt ki, hanı məndə o baxt ki, hanı məndə o vaxt ki, Ölüm güllər içində». Molla Pənah Vaqif deyirdi ki: «Ey Kəbəm, Kərbəlam, Məkkəm, Mədinəm, bir zaman kuyində ziyarətimdir. Qiblə deyib qaşlarına baş əymək gecə-gündüz mənim ibadətimdir». XXI əsrin şairi Rəşad Məcid isə yazır: «Sən-gecəm-gündüzüm, sən-toyum-yasım, Sənsən dar ağacım, sənsən xilasım. Əynimə oturan ən düz libasım, Boyuma biçilən kəfənim mənim». Füzuli deyirdi ki, «Eşqdir ol nəşeyi-kamil kim, ondandır müdam, Meydə təşviri-hərarət, neydə təsiri səda».XX əsrin şairi Zirəddin Qafarlı isə yazır ki: «Yer üzü fırlanır öz sevgisiylə, Günəş bir sevgidir, Ay bir sevgidir. Fəsillər dəyişir sevgi diliylə, Payız bir sevgidir, yay bir sevgidir». Klassik şairlərdən gətirdiyimiz misallar zənnimizcə, bədii təsvir vasitələrinin, məcaziliyin ən gözəl nümunələridir. XXI əsr şairlərindən gətirdiyimiz misallar isə bu klassik nümunələrdən gələn təsirlərdir və arzu edərdik ki, klassik şairlərin dilimizin gözəlliyini nümayiş etdirən bu sözü ehya qüdrəti daha da artsın.

5. Klassik poeziya ənənələri yaşayır və bu o deməkdir ki, müasitr Azərbaycan poeziyası bütün avanqard meyllərin, dünya ədəbiyyatından gələn təsirlərin olmasına baxmayaraq bu ənənələr qətiyyən ədəbi dövriyyədən çıxmır. Amma onu da unutmuruq ki, klassik poeziyaya, onun əsas vəzni əruza və ən çox işlənən janrı-qəzələ münasibət heç də birmənalı olmamışdır. Elə keçən əsrin otuzuncu illərini xatırlamaq kifayətdir.Klassik poeziyanı, əruzu mvə qəzələ inkar mövqeyi açıq-aydın hiss olunurdu. Amma bütün bunlara baxmayaraq Əliağa Vahidin, həmçinin Süleyman Rüstəmin əruzda yazdığı şeirlər sübut elçədi ki, xalqın yaddaşından, xüsusilə canlı muğam sənətindən əruzu, qəzəli qovmaq olmaz. Görkəmli tənqidçi, akademik Məmməd Cəfər Cəfərov yazırodjı: «Bəzi yoldaşlar əruz vəznini Azərbaycan şeirinə, Azərbaycan dilinə yabançı hesab edirlər. Bu fikrin əsassız, qeyri-elmi olduğunu msübut e6tməyə ehtiyac yoxdur. Məlumdur ki, anna dilimizdə yaranan şeirimizdə əruz vəzninin 700 illik tarixi vardır. Hansı elmi dəlillərlə sübut etmək olar ki, bu 700 il müddətində əruzla yazılan şeirlər Azərbaycan dilinə yabançı olmuşdur? Füzuli əruz vəznində yazmış, eyni zamaknda müəyyən çətinliklər də olsa Azərbaycan şeir dilinin ümumi xalq dilinə yaxınlaşdırılması işində çox böyük tarixi rol oynamışdır. Sabir daha çox əruz vəznində yazmışdır. Bu tarixi faktlara göz yumub necə demək olar ki, əruz vəzn6i Azərbaycan dilinə yabançı olmuşdur?». Keçən əsrin doxsanıncı illərində əruzun və qəzəlin inkişafında yeni bir mərhələ başlandı. Yəni Vahiddən, Süleyman Rüstəmdən, Mirmehdi Seyidzadədən sonra yeni qəzəlçilər, əruza meyl edənlər meydana gəldi. Burada Vahid ədəbi məktəbinin böyük rolu oldu. Üç Hacının-Hacı Mailin, Həcı Ələmdar Mahirin və nə qədər qəribə səslənsə də, qəzəlləri muğam ifaçılarının dilindən düşməyən Hacıbaba Hüseynovun qəzəlləri doğrudan da yeni mərhələnin yarandığını, «güli-bustani-hünərin» qüdrətini göstərməyə qadir idi. Seyidağanı da, Ələkbər Şahidi də, Əliağa Bakiri də, Şahin Fazili də, Ənvər Nəzərlini də, Rəhim Saraylını da bu sıraya daxil edirik. Qəzəlin inkişafıvnda yeni mərhələnin bir xüsusiyyəti də Seyid Əzim Şirvani ilə başlanan, Əliağa Vahiddə isə tam mənası ilə qətiləşən xəlqiləşmə –qəzəlin dilinin sadələşməsi prosesi oldu. Doğrudur, bu proses yeni qəzəlçilərin bir çoxunda çox zəif nəzərə çarpırdı. Amma xəlqiləşmə, ərəb və fars sözləri və ifadələrinin az işlənməsi öz yerində, əsas o idi ki, qəzəlin obrazlılıq, füzuliyanə «sözü ehya eləmək» prinsipi də unudulmadı. Yaradıcılığa qəzəllə başlayan İlqar Fəhmi qəzəlin sırf Azərbaycan sözləri üzərində yarandığını sübut elədi. Həm də onun qəzəllərində obrazlı ifadələr, təşbihlər, klassik qəzələ məxsus fikrin-hissin vəhdəti nəzərə çarpırdı. Biz bu sadəliyi (məhz sadəliyi, primitivliyi yox!) Hacı Arif Buzovnalının, Yasin Xəlilin, Səxavət Talıblının, Vüqar Rəhinin, Xaqani Əmininin, Əvəz Qurbanlının, Sona Xəyalın, Mirəziz Seyidzadənin, Gülarə Munisin (qadın şairlər arasında ilk «Divan»ın müəllifi), Mahcamalın, Xatirə Xatunun qəzəllərində də hiss edirik. Hacı Mailin bu beytini xatırladıq:

Mail, öz xalqın üçün çoxlu qəzəl icad et,
Bunca istərsən əgər çox yaşamaq dünyadə.

Çox arzu edərdik ki, bizim qəzəlçilər Nəsimi ilində mükəmməl qəzəl nümunələri yaratsınlar, qəzəli qürub etməyə qoymasınlar. Təəssüflə qeyd edək ki, 2018-ci ilin qəzəllərindən mükəmməl bir nümunə tapa bilmədik.

2018-ci ilin şeirləri ilə bağlı bu yazını da beləcə sona çatdırırırıq və Azərbaycan şeirinin gələcəyinə daha böyük ümidlərlə boylanırıq.







İmza:

YAZARIN ARXİVİ

2014-08-02 : LİRİKA - 2013
2012-04-21 : "ARAZBARI" ÜSTƏ
2012-01-20 : 20 YANVAR: 22 İL
2011-08-20 : ƏDƏBİ HƏYAT
2011-08-13 : ƏDƏBİ HƏYAT
2011-08-06 : ƏDƏBİ HƏYAT
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK