ANA SƏHİFƏ / Layihə

Əbədi yaşayan qəhrəman

(əvvəli ötən saylarımızda)

1714    |   2019-06-10 17:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Haşiyə: Tam səmimi etiraf edəcəm. Kimlərsə məni qınamasın. Mən ilk dəfə şəhidlərin məzarı başında, şəhidlərin xəbəri gələndə "Təki Vətən sağ olsun!" nidasını türk qardaşlarımızdan eşitdim, türk analarımızdan, atalarımızdan eşitdim. Sonra başladıq o yüksəkliyi fəth etməyə, o yüksəkliyi içimizə köçürməyə. Bax, 1992-ci ilin avqust ayının 27-də Göyçənin Nərimanlı kəndinin ədəbiyyat müəllimi Cəmil Abdullayevin oğlu, döyüşçü həkim Aslana dediyi söz də "Təki Vətən sağ olsun"un bir variantı, bir nümunəsi idi.

Vətən üçün böyüdülən övladlar

Yazımın birinci hissəsində vurğulamışdım ki, Cəmil müəllimlə Füruzə xanım səkkiz övlad böyütmüşdülər. Artıq onların dördü barəsində sizin məlumatınız var. Bu ailənin digər övladları Şəmsi, Sevinc və Kamran da həkimdirlər.

Gülüş isə mühasibdir. Bu ailənin bütün övladları ali təhsillidir. Bu ailədə böyük əksəriyyət tibbə meyl göstərib, ağ xalata, insanlara yardımçı olmağa üstünlük verib və bu gün də öz peşələri, öz işləri ilə məşğuldurlar. Abdullayevlərin ən böyük üstünlükləri torpağa bağlılıqları və bir də Cəmil müəllimin tərbiyəsini, duzunu, çörəyini, Füruzə ananın südünü uca tutub, canlarına, qanlarına hopdurmalarıdır. İndinin özündə də ata-ana sözü, ağbirçək, ağsaqqal nəsihəti bu ailənin yazılmamış qanunudur. Üstəlik bu ailədə o dağlardan gələn saflıq, halallıq hakimdir. Mən əlimi ürəyimin üstünə qoyub and içə bilərəm ki, Şövqiyarı da, dostum Aslan həkimi də o torpağa bağlayan, o səngərə çəkib aparan məhz gendən gələn halallıq və dağ havası, çeşmə suyunun saflığı, üstəlik doğulduqları torpağın bərəkəti olubdur. Heç də təsadüfi deyil ki, mən Aslan həkimin Göyçədən olduğunu biləndə, hələ o zamanlar yazmışdım ki, Qarabağda şəhid olanlar dağ qartallarıdır. Onlar dağlarsız yaşaya bilmədiklərindən özlərini dağlar uğrunda şəhid verirlər. Necə deyərlər:

Çox qonaqlar yola saldıq özümüz

Çox tonqala çırpı olduq özümüz.

Cığırlara baxa-baxa gözümüz -

Bu dağlarda bir sən qaldın, bir də mən.

Quşqonmazlar ucalığa həddimi,

Bulaqların bir damarı qənddimi?

Ağrılara sındırmayıb qəddini -

Bu dağlarda bir sən qaldın, bir də mən.

Köçən köçdü, düşən düşdü atından

Kimlər susdu, kim danışdı adından?!.

Bu dağların çətin çıxar yadından -

Bu dağlarda bir sən qaldın, bir də mən...

Milli Qəhrəmanın qardaşı

Bu gün Aslan həkim 3 nömrəli Şəhər Klinik Xəstəxanasında cərrah kimi fəaliyyət göstərir. Onun ailə tarixçəsini bilməyənlər, onun cəbhə yolundan xəbərsiz olanlar bu, sarıyanız, bir az bədəncə zəif görkəmli həkimin nələrdən keçdiyindən təbii ki, xəbərsizdirlər. Üstəlik Aslan həkim özü də bu barədə danışmağı - özünüreklamı sevmir. Bunun da iki səbəbi var - birincisi, hələ 1992-ci ilin avqustunda atası Cəmil müəllimin dediyi "Sizi Vətən üçün böyütmüşəm" sözləridir. İkincisi isə, onun gözləri önündə, dizinin üstündə canını bu torpağa tapşıran şəhidlərdir. O şəhidlərin arasında Azərbaycanın Milli Qəhrəmanı Şövqiyar Abdullayev də var - bu dünyada igidliyindən və adından başqa heç nə qoyub getməyən Şövqiyar Abdullayev.

Doğrudur, Bakıda digər Milli Qəhrəmanlarımız kimi, Şövqiyarın adını daşıyan küçə də var, xatirəsi əziz tutulur. Üstəlik doğulduğu ailədə dünyaya gələn nəvələrdən biri onun adını daşıyır. Bunlar Şövqiyarın qəhrəmanlığı önündə, bir tank komandirinin əməyi qarşısında mənim düşüncəmə görə çox azdı. Ən vacibi bu qəhrəmanın və bütün qəhrəmanların unudulmamasıdır. Yaxşı ki, unutmayanlar, xatırlayanlar var.

Bu həftənin ilk iş günündə döyüş bölgəsində - Ağdamda çox izdihamlı tədbir keçirildi. Tədbiri Müdafiə Nazirliyi təşkil etmişdi.

Bu tədbir 23 yaşında şəhid olmuş Milli Qəhrəman Şövqiyar Cəmil oğlu Abdullayevin şəhidliyinin 25 illiyinə həsr olunmuşdu. Tədbiri Abdulla Qurbani idarə edirdi. Dəvətlilər arasında Milli Qəhrəmanın ailə üzvləri, qardaşı Aslan həkim də var idi. Ona da söz verdilər:

- Mən müharibənin nə olduğunu yaxş

ı bilirəm. Onu da bilirəm ki, bizim səngərdə olduğumuz illər çox çətin dövrə təsadüf edirdi. Bir pərakəndəlik var idi, silah-sursat çatmırdı, amma səngərdəki oğulların döyüş əzmi, iradəsi, qəhrəmanlığı sonsuz, sönməz idi. Onda biz yeni formalaşan Milli Ordunun könüllü əsgərləri idik. Sevinirəm ki, indi bizim şücaətli, düşmənə qalib gəlməyə qadir ordumuz var. Sevinirəm ki, səngərdə payı, haqqı, xidməti olanlar unudulmur. Və bir də ona sevinirəm ki, bizim döyüş yolumuz ağır olsa da, yaxşı nümunədir. Sağ olun ki, qardaşımı xatırlayıb dəyərləndirirsiniz. Müdafiə Nazirliyinin rəhbərliyinə və anım tədbirinin təşkilatçılarına, iştirakçılarına ailəm adından təşəkkür edirəm.

Yeri gəlmişkən onu da xatırladım ki, Şövqiyarın layiq görüldüyü "Milli Qəhrəman" ulduzunu atası Cəmil müəllimə Ulu Öndər özü şəxsən təqdim etmişdi. Bu tarixi an fotolarda, sənədlərdə öz əksini tapıb. Elə Ağdamdakı "N" saylı hərbi hissədə keçirilən anım mərasimi də lentlərə, fotolara, yaddaşlara köçürüldü...

... Şəhidlər Xiyabanındayıq, Aslan həkim və mən. Biz iki dost müharibə xatirələrimizi bölüşürük. Şəhid tanışlarımızdan, dostlarımızdan, əsgərlərimizdən və həmçinin Şövqiyardan danışırıq. Ayrılığının yaşı artan, özünün yaşı dəyişməyən qəhrəman Şövqiyardan...

Şövqiyarın məzarı önündə dayanmışıq. Onun sinə daşı üzərinə düzülmüş güllər daş üzərindəki yazıları gizlədib. Amma başdaşındakı şəkil adamı sanki çağırır:

- Gəlin, dalımca gəlin! Mən sizi Şuşada, Göyçədə gözləyirəm...

Əbülfət MƏDƏTOĞLU,

Əməkdar jurnalist




İmza:
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK