hacklink Adalet.az | ƏRƏB BAHARI - Mehman Cavadoğlu yazır Adalet.az | ƏRƏB BAHARI - Mehman Cavadoğlu yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ƏRƏB BAHARI - Mehman Cavadoğlu yazır

AÇILMAMIŞ SOLAN ÇİÇƏKLƏR

9810    |   2019-04-23 10:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2010-cu ilin dekabrın 17-də Tunisin Sidi Buzid şəhərində küçə ticarətiylə məşğul olan Məhəmməd Buazizinin özünü yandırması böyük çaxnaşma yaradır və kütləvi etirazlar ölkəni bürüyür. Ancaq bu etirazlar çox da uzun sürmür, vəziyyəti düzgün qiymətləndirən prezident Ben Əli regionun mental dəyərləriylə daban-dabana zidd hərəkət edərək cəmi bir aydan sonra istefa verib ölkədən qaçır və bununla da Tunisdə İkinci Jasmin inqilabı (birincisi 1987-ci ildə Ben Əlinin özünü hakimiyyətə gətirmişdi) qələbə çalır. İkinci Jasmin inqilabının qığılcımı alova çevrilib qonşu ölkələrə də adlayır. Ancaq tarixə "Ərəb baharı" kimi romantik bir adla düşən bu inqilablar bölgəni sözün birbaşa mənasında qan çanağına döndərir.

Hərçənd, proses özü əvvəlcədən elə qanla başlamışdı. "Ərəb baharı"nın müjdəsi Tunis hadisələri sayılsa da, kökü ötən əsrin sonlarına - İraqın Küveyti işğalına, buna cavab olaraqsa ABŞ-ın İraqa birinci müdaxiləsinə və nəhayət, yeni əsrin əvvəllərində işğalla tamamlanan ikinci müdaxiləsinə gedib çıxır. Yaxın tarixi dövrün bütün bu olayları hamımızın gözü qarçısında baş verdiyi üçün təfərrüatlara varmadan bəzi məqamları qabartmaq istəyirəm.

Misir inqilabı vaxtı ordunun düzgün mövqe sərgiləməsi hadisələrin ciddi fəsadlara yol açmadan sonuclanmasına səbəb oldu. Liviyada ordu müstəqil siyasi qüvvə olmadığı üçün proses dinc məcradan çıxdı, Qəddafi etirazçı kütləyə xaricdən verilən hərbi dəstəyin - hava müdaxiləsinin sayəsində devrildi. Suriya və Yəmən sonu görünməyən vətəndaş müharibəsinə sürükləndi. Səddam Hüseynsə birbaşa xarici hərbi müdaxilə nəticəsində devrilmişdi, xalq bu prosesdə heç bir rol oynamamışdı. Hərçənd, bu, xalqın ondan razı olması anlamına gəlmir.

Son günlər daha iki ərəb ölkəsində baş verən proseslər göstərir ki, "Ərəb baharı" hələ davam edir. Əlcəzairdə xalqın əzmkarlığı, Sudandasa hərbçilərin işə qarışması daha iki diktatorun hakimiyyətinə son qoydu. Üstəlik, Liviya da yenidən qarışıb. Əslində, "yenidən qarışıb" ifadəsi o qədər də yerinə düşmür, çünki Qəddafi devriləndən sonra bu ölkədəki vəziyyət, onsuz da, qarışıq olaraq qalırdı. Ölkə faktiki olaraq beş-on yerə parçalanıb. Mərkəzi hökumət yalnız paytaxt Tripoli və onun ətrafına nəzarət edir. Misurata qədim yunan stilində şəhər-dövlətdir, digər liviyalıları, ümumiyyətlə, bura buraxmırlar. Böyük şəhərlərdən biri olan Benqazinin də öz hökuməti var. Cənub-qərbdə köçərilər öz muxtar hakimiyyətlərini qurub. Zintan bölgəsininsə hətta ordusu da var. Bugünkü Liviya ərazisindəki "muxtar" və ya "müstəqil" regionların (dövlətlərin də deyə bilərik) sayı sadaladıqlarımızla bitmir.

Hazırda ölkə vətəndaş müharibəsinin yeni aktiv fazasına qədəm qoyub. Aprelin əvvəlindən feldmarşal Xəlifə Həftər hərbi əməliyyatları genişləndirərək paytaxt Tripoliyə hücuma keçib. Artıq döyüşlər iki ildir ki, fəaliyyət göstərməyən Tripoli aeroportu uğrunda gedir.

Bu Həftər olduqca maraqlı bir personadır. Vaxtilə Qəddafinin yaxın adamı olub, ona xəyanət eləyərək o vaxtkı Liviyanın düşməni Çadın tərəfinə keçib, Çadda Qəddafinin əliylə həyata keçirilən dövlət çevrilişindən sonra Amerikaya qaçıb. Liviyanın nüvə silahı yaratmaq proqramından imtina etməsindən dolayı ABŞ-la istiləşən münasibətlərindən sonra həmin ölkənin maraq dairəsindən çıxıb. Qəddafi devrildikdən sonra vətəninə qayıdıb, müxtəlif postlar tutsa da, heç birinə qane olmayıb. Bir neçə dəfə Moskvaya səfər edib, müdafiə naziri Şoyquyla görüşüb, indi də həmin ölkənin yüksək çinli məmurları, eləcə də Şoyqunun özüylə təmasları davam edir. Ağır xəstədir, hətta bir dəfə də ölüm xəbəri yayılmasına baxmayaraq, hələ ki, ambisiyalarından əl çəkmək fikrində deyil.

Beləliklə, Misir növbəti diktaturaya doğru inamla irəliləyir, Suriya və Yəmən məzhəblərarası, Liviya tayfalararası vətəndaş müharibəsinin girdabında boğulur, İraqsa həm məzhəblərarası, həm də etnik qarşıdırmalar labirintində azıb qalıb.

Əslində, bu situasiya ərəb dünyası üçün yeni deyil, ötən əsrin əvvəllərindən ortalarına doğru ard-arda öz müstəqilliyinə qovuşmuş həmin ölkələrin, demək olar ki, hamısı zaman-zaman bu cür xaosla üzləşib və yalnız yeni bir diktatora hamilə qalaraq onu doğduqdan sonra dincəlib yerində oturub.

Yaxın Şərqdə yaranmış bu son acınacaqlı durumdan bəhs edən istənilən şərh və rəylərdə ən çox, əksər hallarda isə yalnız bir məqam qabardılır: Günahkar böyük dövlətlərdir. Əvvəllər böyük dövlətlər deyərkən ABŞ və SSRİ nəzərdə tutulurdusa, indi Rusiyanın barmağı bir az gödəldiyindən daha çox ABŞ və Avropa Birliyinin adı hallanır. Düzgün fikirdir, mübahisə etmək çətindir. Böyük dövlət ona görə böyük dövlətdir ki, kiçik dövlətlərin işlərinə qarışsın, onları idarə eləsin, yaxud buna cəhd göstərsin. Tarixin bütün dönəmlərində belə olub, bundan sonra da belə olacaq.

Amma sual olunur: bütün bu çaxnaşmalarda kiçik dövlətlərin özlərinin heç günahı yoxdurmu? Yüz minlərlə insanın qətlə yetirildiyi Suriyada Bəşər Əsədi istefa verməyə qoymayan böyük dövlətlərdirmi? Əsla. Heç Rusiya və İran da istəsə onu istefa vermək fikrindən çəkindirə bilməz. Onu istefa verməyə qoymayan tək vəzifə hərisliyi də deyil. Bu gün Suriyada elə bir məzhəb qarşıdurması mövcuddur ki, söhbət ölüm-dirim məsələsindən gedir. İstənilən sonucda qalib tərəf məğlubu bağışlamayacaq.

Belə qatı düşmənçiliyin əsasısında tarixi məzhəb qarşıdurmalarının dayandığını danmaq mümkün deyil. Amma əsas bu deyil. Əsas Əsədin, daha doğrusu, ata Əsədin vavtilə məzhəb zəminində törətdiyi amansız qətliamlardır. İraqda bunu Səddam Hüseyn, Sudandasa Ömər Bəşər etmişdi - dini-etnik müstəvidə. Eləcə də Yəmən də... Liviyada... və s. və i.a.

Tarixdə iki növ diktatorlar var. Lenin, Hitler, Xomeyni kimi ideoloji ehkamların əsiri olan böyük diktatorlar, bir də Asiyada, Afrikada, Cənubi Amerikada hər addımbaşı rast gəlinən kiçik diktatorlar. İkincilərin yalnız bir ideologiyası, hakimiyyət ideologiyası var. Onlar hakimiyyət naminə öz ideologiyalarını bir anın içində kommunizmdən liberalizmə, başçılıq etdikləri dövləti dini dövlətdən dünyəvi dövlətə (və ya əksinə) dəyişməyə hazırdırlar.

Amma növündən asılı olmayaraq istənilən diktatoru devirmək uzun, məşəqqətli və ağrılı prosesdir. İndi sual olunur: bəs bu gün inqilabi dəyişikliklərə nail olan həmin ərəb dövlətlərinin üzdə olan siyasətçiləri, dini məzhəb, sekta və tayfa başçıları bunu bildikləri, öz yaxın tarixlərində onun ağrı-acısını ən azı bir dəfə yaşadıqlarına baxmayaraq niyə bir nəticə çıxarmır, ambisiyalarını basıb ortaq məxrəc tapa bilmirlər? Adam balası kimi seçki keçirdib, onun nəticələriylə barışmırlar?

Böyük dövlətlərmi qoymur? Böyük dövlətlər demokratik təsisatlara malik kiçik dövlətlərin də işlərinə qarışır, onları da hər vasitə ilə öz təsir dirəsində saxlamağa çalışır və çox vaxt buna nail olurlar. Amma büsbütün öz əlaltısına, oyuncağına çevirə bilmirlər, axı. İctimai fikrin inkişaf səviyyəsimi mane olur? Düzdür, bu ciddi amildir. Amma get-gedə qloballaşan, şəffaflaşan dünyada başqalarının təcrübəsindən öyrənmək o qədər də çətin məşğuliyyət deyil, axı.

Özü də əsas paradoks budur ki, amansız hakimiyyət qovğasında ambisiyalarını cilovlaya bilməyənlərın özləri hamıdan yaxşı bilirlər ki, bu mübarizədə uduzmaq olmaq yoxdur, ya qalib gəlmək, ya da məhv olmaq var.

"Ərəb baharı"nın müjdəsini verən Tunis postdiktatura dövrünün normal modelini də pis-yaxşı tapa bildi. İnqilabdan sonra yaradılmış Tunis Milli Dialoq Kvartetinin uzun və gərgin çalışmalarından sonra milli konsensus yaradıldı və ölkə normal inkişaf yolunu tapdı. Nədənsə Qərb onların bu təşəbbüsünü boğmadı, bu cür siyasi dialoqun uğurla yekunlaşmasını əngəlləmədi, hələ üstəlik, həmin dördlüyü Nobel mükafatıyla da mükafatlandırdı. Ümid edək ki, "Ərəb baharı"nın hələ ki, solmayan bu yeganə çiçəyi Yaxın Şərqin həqiqi demokratiya adasına çevriləcək. Qərbin köməyiylə. O hər kəsə arzuladığını verməklə ondan istədiyini alır. Uduşları da elə bundadır.

P.S. Dalaşan tərəflərisə qızışdırarlar.




İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK