hacklink Adalet.az | Ölkəmizdə yeganə universitetdir ki... - Rektor Adalet.az | Ölkəmizdə yeganə universitetdir ki... - Rektor Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Ölkəmizdə yeganə universitetdir ki... - Rektor

28750    |   2019-04-09 14:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla söhbəti təqdim edirik:


- Gələn il ADAU-nun 100 yaşı tamam olacaq. Sizcə, 1 əsr yaşı olan bu universitetin Azərbaycan təhsilindəki rolu nədən ibarətdir?

- Əvvəlcə onu deyim ki, 1920-ci il noyabrın 13-də Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı qərarla Bakı Politexnik İnstitutu təsis edilib. Dekabrın 14-də bu institutun nəzdində 5 fakültə, o cümlədən kənd təsərrüfatı fakültəsi yaradılıb, bununla da ölkəmizdə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1929-cu il 15 may tarixli qərarı ilə həmin fakültənin bazasında Azərbaycan Kənd Təsərrüfatı İnstitutu təşkil edilib və 1931-ci ildə Bakıdan Gəncəyə köçürülüb.

Kənd Təsərrüfatı İnstitutunun inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. AKTİ SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 16 may tarixli Fərmanı ilə "Şərəf nişanı” ordeni ilə təltif edilib. 1980-ci il dekabrın 16-da Ulu öndər Heydər Əliyev Sovetlər İttifaqının rəhbərliyi adından İnstitutun kollektivinə ordeni təqdim edib. Son illərdə isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində universitet xeyli inkişaf edib. ADAU ölkəmizdə yeganə ali aqrar ali təhsil müəssisəsidir ki, burada hazırda 5300-dən artıq gəncin bakalavriat, magistratura və doktorantura səviyyələrində tədris prosesi həyata keçirilir.


-Rektor kimi hansı islahatları həyata keçirmisiniz?

- Mütəxəssis hazırlığı üçün maddi-texniki baza mühüm əhəmiyyət kəsb edir. Son illərdə universitetin bütün auditoriya və laboratoriyaları tamamilə yenilənib, müasir avadanlıqlarla təchiz edilib, yeni təcrübə bazaları – bitkiçilik və baytarlıq klinikaları, süni mayalanma tədris mərkəzi, müasir heyvandarlıq kompleksi, aqrokimya laboratoriyası, "Con Dir” təlim mərkəzi, "Gilan Aqrikalçe” auditoriyası, tələbə parkı, stadion və elmi-tədqiqat laboratoriyaları yaradılıb.

Universitetin 78 hektar sahəsi olan və uzun illər yararsız vəziyyətdə qalan tədris-təcrübə təsərrüfatının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə müasir səviyyəyə gətirilməsi üçün əsaslı tədbirlər həyata keçirilir. Bu təsərrüfat tələbələrin tədris və istehsalat təcrübələrinin keçirilməsi üçün böyük əhəmiyyət daşıyır.

Universitetdə tələbələrin hər bir arzusu, xahişi, təklifi diqqətlə araşdırılır, əsasən müsbət həll edilir. Bir məqamı da qeyd edim ki, bizdə sessiyaların nəticələrinə görə, imtahanlardan 91-100 bal alanlara, ingilisdilli qrupların tələbələrinə büdcədənkənar vəsait hesabına əlavə təqaüdlər verilir.


-Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan neçə tələbəniz var?

- Bir neçə il əvvəl ADAU-ya qəbul olunan tələbələrin əksəriyyətinin topladığı bal 150-400 olduğu halda, son illərdə 500 və 600 baldan artıq toplayanlar da bu universitetə qəbul olunur. Hazırda 600-dən artıq bal toplamış 10 tələbəmiz var. Şübhəsiz ki, bu rəqəm bizi qane etmir. Belə tələbələrin sayının artmasına ümid edirik.


- Əcnəbi tələbələrin sayı neçədir və onların cəlbi üçün hansı layihələr həyata keçirilir?

- Bu gün universitetdə 6 xarici ölkədən (Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Malayziya, Lesoto Krallığı) 25 əcnəbi tələbə təhsil alır. Əcnəbilərin universitetə cəlbi üçün Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalar, ADAU-da fəaliyyət göstərən təsisatlar, o cümlədən dünya standartlarına cavab verən tələbə evləri haqqında məlumatlar ingilis və rus dillərində hazırlanaraq, universitetin elektron resurslarında yerləşdirilib.


- Universitetdə müəllimlərin işə qəbulu hansı prinsiplər əsasında həyata keçirilir?

- Ölkə universitetlərinin əksəriyyətində olduğu kimi, ADAU-da da bu gün səriştəli, bacarıqlı gənclərin pedaqoji işə cəlb olunması sahəsində işlər görülür. Rektorluq bununla bağlı mətbuatda elanlar dərc etdirir ki, bu da öz müsbət nəticələrini verməkdədir. Son illər pedaqoji işə magistraturanı müvəffəqiyyətlə bitirmiş, rus və ingilis dillərini mükəmməl bilən gənclər qəbul edilib. Onların əksəriyyəti hazırda uğurla çalışırlar.


- Bugünkü ADAU ilə 30 il əvvəlki ADAU-nu necə müqayisə edərdiniz?

- 1990-cı illərdə bu təhsil ocağının maddi-texniki bazası məlum səbəblərdən acınacaqlı vəziyyətdə idi. İstilik sistemi ilə təminat yox idi, auditoriya və laboratoriyalar yararsız hala düşmüşdü. Həmçinin, yataqxanalarda məcburi köçkünlər məskunlaşdığından tələbələrin sayı 1500-2000 arasında idi. Bundan başqa, professor-müəllim heyətinin maaşı çox az idi. Bütün bunlar da şübhəsiz mütəxəssis hazırlığının keyfiyyətinə mənfi təsir etməyə bilməzdi.

Bugünkü universitet 30 il əvvəlki universitetlə müqayisə edilə bilməz. Ölkə rəhbəri cənab İlham Əliyevin bilavasitə göstərişi ilə ADAU son illərdə xeyli inkişaf edib, respublikanın nüfuzlu ali təhsil müəssisələri arasında layiqli yerini tutub. Cənab Prezidentin tapşırığına əsasən, yaxın gələcəkdə universitet tələbələrinin sayı 10 min nəfərə çatmalıdır. Biz bu sahədə uğurla çalışırıq.


- Universitetdə hansı elmi-tədqiqat işləri aparılır?

- Azərbaycan Dövlət Aqrar Universitetində professor-müəllim heyəti tədris, tədris-metodiki işlərlə yanaşı, elmi-tədqiqat işləri ilə də məşğul olur. Alimlərimiz tərəfindən təkcə 2018-ci ildə 1078 tədris vəsaiti nəşr olunub. Bununla yanaşı, əməkdaşlarımızın yaratdıqları "Qırmızı buğda”, "Qələbə” və "Nurca­han” yumşaq buğda sortlarının və 3 üzüm sortunun ("Süf­rə bayan”, ”Tünd yarpaq Təbriz” və "Kəhrəba”) rayonlaşdırılması 2018-ci ildə də Res­pub­­lika Sort Sınaq Stan­si­ya­sın­da davam etdirilib.

Son illərdə yaradılmış "ADAU-80”, "Gəncə”, "Məhsuldar” qarğıdalı sortları və "Qismət tritikale” yemlik taxıl sortu digər sortlarla müqayisədə yüksək keyfiyyətli dən məhsuldarlığı ilə fərqlənir.

- Bir az da ADAU-nun beynəlxalq əlaqələrindən bəhs edək...

- ADAU dünyanın 20 ölkəsinin 100-dək universiteti ilə tədris və elmi əlaqələr yaradıb. Türkiyənin Diclə Universiteti, Portuqaliyanın Porto Universiteti, Polşanın Krakov Kənd Təsərrüfatı Universiteti ilə ADAU arasında yeni əməkdaşlıq müqavilələri imzalanıb. "Erasmus +” proqramı çərçivəsində ADAU-nun iki müəllimi Rumıniyanın Piteşti Universitetində dərs keçiblər. Türkiyənin Egey Universitetinin nümayəndələri martın 28-də ADAU-ya səfər ediblər.

Yüksəkixtisaslı baytar həkimləri yetişdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Təbiət Elmləri və Texnologiya Universiteti əməkdaşlarının ADAU-ya səfəri təşkil edilib.

Mövlanə Mübadilə Proqramı çərçivəsində Ərzurum Universitetinin əczaçılıq fakültəsinin iki tələbəsinin 2019-cu il fevralın 18-dən iyulun 5-dək ADAU-da təhsillərini davam etdirmələri təşkil olunub. Əczaçılıq ixtisası üzrə üçüncü kurs tələbəsi S.Şıxəliyeva və ma­gistrant N.Rəhimova 2019-cu il fevralın 18-dən iyulun 5-dək Mövlana Mübadilə Proqramı çərçivəsində Türkiyənin Ərzurum Universitetində təhsil almaları təmin edilib.

Yenə Mövlanə Proqramı çərçivəsində bağçılıq kafedrasının dosenti A.İsmayılov mühazirə oxumaq üçün 2019-cu il fevralın 12-26-ı tarixlərində Türkiyənin Ərzurum Uni­versitetinə ezam edilib.

Almaniyanın JD EAST təcrübə proqramı ilə bağlanmış müqavilə əsasında Azər­baycan Dövlət Aqrar Universitetinin əyani təhsil alan 12 tələbəsinin dörd və altı aylıq müddətdə Almaniyada tədris və istehsalat təcrübəsi keçmələri üçün sənədləşmə işləri tamamlanıb və tələblərin Almaniya Respublikasına göndərilməsi təmin edilib.

Bundan başqa, ADAU-da təhsil almaq istəyən əcnəbi tələbələrin müraciətləri cavablandırılıb, dövlət təqaüd proqramı haqqında məlumatlar onlara ötürülüb. "Erasmus +” layihələrinin sayının artırılması məqsədi ilə Latviyanın iki mötəbər universiteti ilə danışıqlar aparılıb.

UNİBOOK sistemində əcnəbi tələbələrin məlumat bazası yenilənib.

Almaniyanın Vaynştefan-Trizdorf Universitetinin MOOC kursunun mühazirə mate­rialları və video dərslikləri tərcümə edilib.

LOGO proqramı çərçivəsində "Menecment (alman proqramı)” ixtisası üzrə tələbələrin alman dilini öyrənməsi üçün Almaniyadan Turxan Furkan Məhəmmədin martın 1-dən aprelin 20-dək universitetə səfəri təşkil olunub.

LOGO təcrübə proqramı çərçivəsində aqrobiznes və idarəetmə fakültəsinin "Menecment (alman proqramı)” ixtisası üzrə 3-cü kursun 4 tələbəsi tədris-təcrübə proqra­mında iştirak etmək üçün altı aylıq müddətə Almaniyaya göndərilib.

PRAXX təcrübə proqramı çərçivəsində "Menecment (alman proqramı)” ixtisas­laş­ması üzrə bir magistrant (1-ci kurs) və altı bakalavriat (3-cü kurs) altı aylıq təcrübə keçmək məqsədilə Almaniyaya göndəriliblər.

"Erasmus+” proqramı çərçivəsində aqronomluq fakültəsinin 2-ci kurs əyani tələbəsi Əlizadə Leyla Fuad qızı Vaynştefan-Trizdorf Universitetində 1 semestr təqaüdlü əsaslarla təhsil almaq üçün Almaniyaya göndərilib.

Bu cür beynəlxalq uğurlarımızın sayı çoxdur. Bunlar sadəcə bir neçəsidir.

-Bəs dünya təhsil sisteminə inteqrasiya üçün başqa nələri edirsiniz?

- Universitetimizdə dünyanın əksər təhsil müəssisələrində olduğu kimi, kredit sistemi tətbiq olunur. Ölkəmiz 2005-ci ildə Bolonya prosesinə qoşulduqdan sonra təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addımlar atılıb. 2018-ci ildə ADAU Təhsil Nazirliyinin akkreditasiyasından keçib. Müvafiq təhsil qanunvericiliyi çərçivəsində bir neçə ixtisasımızın beynəlxalq akkreditasiyadan keçirilməsi, ikili diplom alınması sahəsində işlərimiz uğurla davam etdirilir.

- Son vaxtlar təhsil sahəsində əsaslı islahatlar getdi. ADAU-da bu səpkidə hansı dəyişikliklər edilib?

- Təhsil Nazirliyinin müvafiq əsasnamələrinin tələblərinə, Kənd Təsərrüfatı Nazirliyinin göstərişlərinə uyğun olaraq son illərdə bir fakültə, bir neçə perspektivsiz kafedra ləğv edilib, yeni aqrobiznes və idarəetmə fakültəsi, bir neçə şöbə və bölmə yaradılıb, bakalavriat səviyyəsində "bitki mühafizəsi”, "bağçılıq və tərəvəzçilik” və "şərabçılıq” ixtisasları açılıb və 2018-ci ildə bu yerlərə tələbə qəbulu həyata keçirilib.

- Azərbaycanda bir neçə universitet publik hüquqi şəxsə çevrilib. ADAU da gələcəkdə belə status ala bilərmi?

- Yeganə ali aqrar təhsil müəssisəsi olduğuna görə müvafiq qanunvericiliyin tələbləri gözlənildiyi halda, bizim universitetə də sözügedən status verilə bilər.




Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

Cavanşir Paşazadə: "Şişirdilmiş rəqəmlər təqdim edənlər özlərində bir ölçü götürəcək"

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK