hacklink Adalet.az | İradə Tuncay: Gözləmək... Adalet.az | İradə Tuncay: Gözləmək... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

İradə Tuncay: Gözləmək...

11634    |   2019-03-16 10:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tutalım, bir imkansız, lap kasıb deyək, qohum, ya dost toy eləyir. Nəsə sevindirmək istəyərsən onu. Xətrini əziz tutan məşhur müğənnidən xahiş edərsən – gələrsənmi dostumun toyuna? Bir-iki mahnı oxuyub gedərsən. Savab qazanarsan... Əlbəttə –cavabın alırsan və toyda o müğənnini gözləyə-gözləyə, toyçuların xaric oxumağına dözə-dözə müşahidə edərsən ətrafı. Barışarsan bir müddət bu durumla. Az keçməz zalda səsdən tutmuş yeməklərə, insanların geyiminə qədər hər şey dəyişər. Yəni sənə elə gələr... Hətta bir sakitlik də yaranar... Xahiş etdiyin gəldi artıq məclisə . Mikrofonu götürməklə məclisin fonun dəyişdi. Bayaqdan çəkdiyin zillət unuduldu. Bir professional ifa dəyişdi bunu. Deməli, ifaçı dəyişə bilir durumu. Sadəcə, gözləmək lazımdı.

***

Nizami Gəncəvi bütün yaradıcılığında ideal cəmiyyət axtarıb. Və yaşadığı dövrdə də ideal cəmiyyətin təminatçısı təbii ki, padşahlar ola bilərdi. Bərbad tərcümələr olsa da Nizaminin əsərlərini yenidən vərəqləyəndə utopik sosializmin rüşeymlərin görmək çox maraqlıdı. Həm də maraqlıdır ki,bu əsərlərin sponsorları (indiki dilnən desək) monarxlar özləridi. Çəkinmədən, alleqorik dildə onlardan nə umduğunu yazır şair. Dövrün ən məşhur şairinə hansısa mövzuda poema sifariş verənlər güman etmirdilər ki, Nizami yazacaqlarını onlarla məsləhət edəcək .Və həm də maraqlıdı mənə – həmin monarxlar özləri oxuyurdularmı bu əsərləri? Yoxsa, rəfə qoyulub baxmaq üçün yazdırırdılar? Bəs, ətraflarındakı "xeyirxahlar” Şahın ovcuna qoymurdularmı Şairin nə demək istədiyini? O qədər kəskin fikirlər var ki... Deyə bilərdilər də – bəs filan-filan, mən vermişəm pulun, bu nədi yazmısan ? Bu barədə tarix heç nə demir... Nizami var, Qızıl Arslan var, Axsitan var... Var ki ,var...

***

"Yeddi gözəl” poeması Marağa hökmdarı Əlaəddin Körpə Arslana həsr olunub. Yəni elə bir hünəri yoxdu hakimin. Tarixə Nizamiyə görə düşüb. Poemanın özü isə Sasani hökmdarı Bəhram Gurun həyatın təsvir edir. "Yeddi gözəl”erotik ədəbiyyatınşah əsərlərindən biri hesab edilir, bununla belə əsərdə xeyli əxlaqi fikirlər də yer alıb.İslam Ensiklopediyasına görə, Nizami yenilikçi xüsusiyyətinə sadiq qalaraq, mümkün qədər erotik məzmunu məhdudlaşdırıb, daha çox şəhvətizövqlərlə dövlət idarəçiliyindəki məsuliyyətə diqqət çəkməyə çalışıb. Baxmayaraq ki, şair şahın kef məclislərini təsvir edir, poemanın əsas məzmunu fiziki ehtirasın yalnız ərdəmli, sadə və mehriban işlərə istiqamətləndiriləcəyi təqdirdə əsl zövq verəcəyini göstərməklə bağlıdır.

***

Oxuyan oxuyub, bilən bilir. Yalnız bir epizodu xatırlayaq... Ov dalınca dağlara çıxan Bəhram Gur bir çobanla rastlaşır. Və həm də görür ki, ağacdan bir it asılıb. Səbəbini soruşur – çoban cavab verir ki, bu it çox qoçaq, canavarların qənimi it idi. Ancaq sonra bir qurd qancığı kürsəyə gələrək iti özünə dadandırıb. İtin başı qurd qancığına qarışanda da sürünü bada verib...

***

Bəhram Gur elə bil yuxudan ayılır. Və saraydakı fitnələri dərk edir. Geri qayıdanda onu gözəllərin qoynuna salıb da hakimiyyətə sahib olan vəziri edam etdirir....

***

Belə bir hekayə hər hansı Şərq ölkəsindəki saray üçün xarakterik ola bilərdi. Amma Nizamı davamlı olaraq bu mövzuları qabardır hər əsərində. "Pulumu geri ver” deyən olubmu görən, o padşahların içində?

***

Bəşəriyyət inkişaf mərhələsində çoxallahlıqdan təkallahla inam yolunu seçib. Demək belə lazımdır. Çox Allahın çox da əmri olur. Gərək hərəsinə bir məbəddə heykəl qoyasan, sitayiş eləyəsən, qurban kəsəsən. Hərəsi bir sahəni idarə eləyir – gərək dənizə çıxanda Dəniz Allahına, ova gedəndə Meşə Allahına, eşqə düşəndə Məhəbbət Allahına görüm-baxım eləyəsən. Ayrı-ayrı sahənin allahları Baş Allahla münasibətini pozanda gəl işlərini həll elə, görüm necə eləyəcəksən? Odisseyin səyahətini xatırlayırsınızmı? Odur ki, bir olan Allahı tanımağın, ona tapınmağın insanlara xeyri çoxdur. Seçim-filan olmadan. Amma baxıram ki, bizdə allahlıq iddiasına düşənlərin sayı xeyli artıb. O bir Olan axırını xeyir eləsin.

***

Bu gün danışmağa başlayan uşaqlar nə danışacaqlar, necə danışacaqlar, iyirmi il, otuz il sonra bizim qəzetlərdəki (çox optimistəm deyilmi, qəzetdən-zaddan danışıram) bəyanatlarda özünü göstərəcək. Əgər bu gün körpələr "istəmirəm", "yox" deməyi öyrənsələr bir neçə ildən sonra "mən belə düşünmürəm" deyə biləcəklər. Bir az vaxt keçəndən sonra isə öz fikirlərini, mövqelərini müdafiə eləməyi öyrənəcəklər. Tarix üçün 20-30 il nədi ki? Gözləmək lazımdır.

... İstanbulda olub "Topqapı" muzeyini görənlər bilirlər - girəcəkdə sarayın iki həyəti, iki darvazası var. Əvvəllər Osmanlı imperiyasının ehtişamlı dönəmlərində saraya qonaq gələnlər statusuna, ranqına görə bəzən birinci darvazadan ikinciyə keçənə qədər atla, qatırla gedə bilirlərmiş. İkincidən saraya qədər gedən yolu isə istisnasız-filansız piyada getməliymişlər. Rəiyyətin isə sarayın nə birinci, nə də ikinci həyətinə daxil olmaq hüququ yox imiş. Amma hər səhər birinci darvazanın qarşısına yığışıb həmin gecə dövlətin daxili siyasətində baş verənlərdən xəbər tuturlarmış. Yəni gecə başı kəsilmiş dövlət məmurlarının kəlləsini nizəyə keçirib düzürlərmiş birinci darvazanın qabağına. Həmin vaxtlardan çox uzaqlaşsaq da, mahiyyətcə çox şey dəyişməyib. Biz də hər gün xəbərlər proqramlarına həmin o darvazanın qabağına yığışan rəiyyət kimi tamaşa edirik. Nəsə yeni bir sərəncammı, fərmanmı eşitməyəndə fikirləşirik ki, nə oldu, bəs filankəs, bəs filan nazir, bəs filan məmur? Sadə adamların marağı təbiidi, onlar nəyinsə dəyişəcəyinə ümidlidirlər. Amma dünənə qədər ağız-ağıza öpüşən, bir-birinin şəninə tərif deyənlər haray-həşir qopardanda düşünürsən ki, qardaş, nə olub? Bir-iki gün gözləyin, görərsiniz nə qədər "səmimi" etiraflar eşidəcəksiniz. Baş verən olayların uzantısı olan bu qərar nə qədər başları darvazanın önünə düzəcək.

***

... Hələ Roma İmperiyasının qüdrətli dövründə müstəmləkələrdən axıb gələn var-dövlət Roma pulunun inflyasiyasına səbəb olmuşdu. Və bu barədə tarixdə Siseronun Senatdakı məşhur nitqi məlumdur. Siseron böhranın səbəbini ucqarlarda axtarır və daha çox vassalları ittiham edir. Təbii ki, o zamankı zənginlik də harınlıq yaratmışdı. O dövr Roma əxlaqı haqqında oxuduqlarımız nəsə bir təsəvvür verə bilər. Böhran Roma cəmiyyətinin bütün təbəqələrini əhatə etmişdi. Nəticə nə oldu? Antik dünyanın süqutu, yeni eraya keçid, yeni əxlaqın bərqərar olması, yeni dünyanın (xristianlığın) yaranması.

Orta çağlarda isə Avropa inflyasiya ilə XVI əsrdə tanış olur. Eyni səbəblərdən - müstəmləkələr artdığından, ucqarlardan mərkəzə qızıl axdığından, həyat bahalılığından, qiymət artımından. Həmin dövrü dəyərləndirən tarixçilərin sözünə görə, "İspaniyanı var-yoxdan çıxaran onun zənginliyi idi". Bəzi tarixçilər isə bunu əhali artımı ilə əlaqələndirirlər. Kəndlilər böyük şəhərlərə üz tuturlar, əmək haqqı qiymət artımından geri qalır, böyük bir dilənçilər ordusu yaranır, iri torpaq sahibləri maksimal gəlir əldə etməyə çalışır, hökumətlər isə vergiləri artırmaqda davam edirlər. XVII əsrin ortalarına qədər eyni proseslər davam edir. Kapitalizmə keçid üçün münbit şərait yaranır. Kilsə Reformasiya ideyalarını təbliğ edir və artıq sələmçiliyə günah kimi baxılmır. İnkişaf bütün sahələrdə özünü göstərir, hətta hərbdə də. Nizami ordu hissələri yaradılır. Yeniliklər bir-birini əvəz edir və nəhayət, "Milli dövlət" anlayışı meydana gəlir. Hakimiyyət, qanun, güc, azadlıq haqqında əsərlər yaranır. Makiavellinin əsrarəngiz obrazı bu günə qədər insanları cəzb edir. Mənə görə, Makiavellinin dediyi "Roma kilsəsinə yaxınlaşdıqca insanlar dindən bir o qədər uzaqlaşırlar" ifadəsi hər zaman aktualdı. Bu aforizmi hər sahəyə tətbiq eləmək olar.

***

Mən bu gün nə qədər xatırlatmalar elədim. Yəqin ki, izlədiyiniz bu proseslərin içərisində öz həyatınıza tanış gələn nə qədər epizodlar gördüz. Yəni hər zaman eyni proseslər gedir. İnsanlar varlanırlar, zənginləşirlər, sonra harınlayırlar, bütün dəyərləri, prinsipləri unudurlar, Allahsız olurlar. Sonra böhran başlayır - maddi, mənəvi. İntiharlar, cinayətlər, müharibələr. Bir azacıq özlərinə gəlirlər, sakitlik yaranır, yeni dövrə keçid alırlar. Xronoloji ardıcıllıqla baxsaq, tarixə məlum olan ilk böhrandan sonra yeni ideologiya - xristianlıq gəldi. Orta əsrlərdəki böhrandan sonra protestantizm və kapitalizm bərqərar oldu. XX əsrin 30-cu illərində nasizm, kommunizm ideyaları tətbiq olunmağa başladı və dünya sosialist və kapitalist düşərgələrinə bölündü. XXI əsrin ortalarında bizi nə gözləyir? Yaşaya bilsək, görəcəyik. Gözləyək...

***

Allah biz insanları elə yaradıb ki, nədən narazı olsaq da ağlımızdan hər zaman razıyıq. Yəqin burda bir hikmət var, çünki insanlar, heç olmasa, bu məsələdə naşükür deyillər. Amma şəxsən mən məhz bu söhbətdə mütərəddid qalıram. Hərənin öz arşını var – hər balaca adamın da, hər böyük dövlətin də. Əgər hər kəs öz kefinə uyğun yox, ümumi qayda-qanuna uyğun yaşasaydı dünyada hər şey düz olardı. Nə müharibələr olardı, nə dava-şava, nə də narazılıqlar. Ölçü hissini itirən hər hansı şəxsmi, qrupmu, rejimmi, dövlətmi ortaq standartlardan uzaqlaşır və bundan sonra əmələ gələcək münaqişələrə səbəb olur.

Bütün dünyada qəbul olunmuş metrologiya və standartlaşdırma sistemi var. Hər ölkənin öz ölçü sistemi var. Hər xalqın öz düşüncəsi, əxlaq normaları var. Metrin öz uzunluğu var, yardın öz, kilonun öz çəkisi var, funtun öz. Bir xalqa məqbul olan, digərinə yaddır. Hətta poetik obrazlar belə eyni qavranılmır. Deyək ki, dilimizin normalarından çıxış edərək kimisə qocaman palıda bənzədirik - ruscaya tərcümədə bunu kimə desək, nəticəsi heç yaxşı olmayacaq. Ya da avropalının norma kimi qəbul etdiyi zarafatı şərqli təhqir kimi anlayacaq. Demək, nə qədər ümumi standartlardan danışsaq da hər bir insanın da, xalqın da, dövlətin də öz standartları var. Və hər kəs də öz işini bu ölçülərdən çıxış edərək qurur. Vay o gündən ki, hər hansı ümumi işə xidmət edən qurumların hərəsinin öz ölçüsü yaransın və bu da nəticədə hər kəsin özünün kef standartlarını-normativlərini meydana çıxarsın. Yəni, hər hansı bir yerdə "kefim belə istəyir" prinsipi ilə hərəkət edəndə nəticəsi nə olacaq özünüz düşünün. Neçə min illərdir din kitabları insanları düz yola çağırır, bəşəriyyətin neçə faizi düzəlib? Neçə min illərdir ədəbiyyat, sənət insanları tərbiyə eləməyə çalışır, nə düzəlib? Konstitusiyalar, qanunlar, cəzalar insanların hansısa bir qismini nədənsə çəkindirə bilir. Böyük faiz öz bildiyini edir və bu şəkildə uğur da qazanır.

Elmdə, sənətdə bəzən məlum qaydalardan, tapdanmış cığırlardan sapmalar olur. Bəyənilirsə, buna orijinallıq deyirlər. Yox, əgər qəbul olunmursa əllaməlik adlandırırlar. Bu sapmalar olmasaydı, neçə-neçə cərəyanlar, yeniliklər yaranmazdı, kəşflər olmazdı. Uzun illər sovetlərin istehsal etdiyi məhsulları dünya standartlarına uyğun gəlmədiyinə görə dünya bazarında qəbul etmirdilər. Amma bu, sovet hökumətinə qüdrətli dövlət olmağa mane olmurdu. Demək istədiyim odur ki, gücün çoxaldıqca standart və ölçülərdən kənara çıxa bilərsən, kimsə də sənə "gözün üstə qaşın var" deməyəcək. Tutalım, eyni bir uyğunsuz hərəkəti cəmiyyətdə iki müxtəlif mövqe tutan adamlar edirlər – zənginin hərəkətinə münasibət bir başqa cür olacaq, kasıbınkına bir başqa cür. İkisi də içir – kasıba "alkaş" deyirlər, varlıya "yeyib-içən" oğlan. Xalq arasında bu standarta "yetim qızsan, qıvrıl yat" deyirlər. Və yaxud da görürsən ki, bütöv bir toplum yanlış yol tutub, atılıb-düşürsən ki, belə olmaz. Onda sənə deyirlər ki, "palaza bürün, elnən sürün". Qanun kitabları deyir ki, qanunlar əsasında yaşa, el deyir ki, "düz düzdə qalar". Maraqlıdır, deyilmi? Yenə ölçülərdən kənara çıxırıq. Hərlənib-fırlanıb o fikrə gəlirik ki, birtəhər başını saxlamaq üçün gördüklərindən-eşitdiklərindən bir ortaq məxrəc tapıb öz standartını yaratmalısan. Elə bir standart ki - nə əzilməyəsən, nə də kimisə əzməyəsən. Ən çətin olanı da budur.



Nə isə... Havalar istiləşir. Çox təəssüf ki, hava axınlarını idarə eləmək imkanımız yoxdur. Axınlar isə oyyyyy, yaman çoxdu...Mənə qalsa ən yaxşısı elə bu olardı - hərə özünə uyğun gələn havanı seçərdi, olub bitərdi. İfaçı dəyişə bilər vəziyyəti... Gözləmək lazımdı...

iradetuncay@rambler.ru


İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO