warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Adalet.az | Sibel Canın konsertində Beşbarmaq pirini ziyarət, süni mayalanma söhbəti və xalaların "sxodkası" - İntiqam VALEHOĞLU yazır Adalet.az | Sibel Canın konsertində Beşbarmaq pirini ziyarət, süni mayalanma söhbəti və xalaların "sxodkası" - İntiqam VALEHOĞLU yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ŞOU-BİZNES

Sibel Canın konsertində Beşbarmaq pirini ziyarət, süni mayalanma söhbəti və xalaların "sxodkası" - İntiqam VALEHOĞLU yazır

13342    |   2019-03-11 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində, söhbətə hardan başlayacağımı bilmirəm. Yaxşısı Ruhi Əliyevaya təşəkkürlə başlayım ki, sonra unudaram. Çünki onun dəvəti olmasaydı, mən illərdir tərəddüd etdiyim, cavabını tapa bilmədiyim bəzi sualları özüm üçün ayınlaşdıra bilməyəcəkdim. Məsələn, hələ də tərəddüd edəcəkdim ki, niyə bizim tamaşaçı iyirmi manatından keçib öz sənətçilərimizin konsertinə baxmır, amma 100-150 manatı boğazından kəsib Sibel Canı dinləməyi üstün tutur.

Amma təşəkkürü yazdıqsa, deməli, hər şeyə olduğu kimi toxunmaq boynumuzun borcudur. Sibel Canın dünən Bakı Konqres Mərkəzində baş tutan konserti təxminən qırx dəqiqə gec başladı. Sən demə, bu da səbəbsiz deyilmiş. Təşkilatçılar bizim tamaşaçının konsertə biletdə göstəriləndən ən azı bir saat gecə gəldiyini bilirmişlər.

Amma bu qırx dəqiqə də şəxsən mənim üçün çox maraqlı keçir. Arxa sırada təxminən 7-8 nəfər qadın əyləşib. Söhbətə məşhur Beşbarmaq pirinə gedəndə başlarına gələn əhvalatla başlayırlar. Nisbətən yaşlısı deyir ki, bəs ona Beşbarmağa getməyi yuxuda məsləhət görüblər. Hiss olunur ki, bu xanım bu 7-8 nəfərlik qrupun lideridir. Arxanı görə bilməsəm də, digərlərinin qrup rəhbərinə diqqətlə qulaq asdıqları şübhəsizdir. Bu arada maqazin jurnalistləri zaldakı məşhurlardan açıqlamalar alırlar. Elə onları müşahidə edə-edə arxa sırada "təzə tema" açılır. Deyəsən kimsə qızını Gədəbəydən olan bir oğlana verib. İndi bu qadınlar da giley-güzar edirlər ki, ilin-günü bu vaxtı adam da Gədəbəyə qız verər? Yəni, söhbət yolun uzaqlığından, kənd yerində şəhərə nisbətən şəraitin yaxşı olmamasından gedir. Aralarından biri deyir ki, olan olub, keçən keçib. Gəlin, biz də keçək təzə söhbətə. Xalalar, bibilər təzə söhbətə keçməklərində olsunlar, görək Sibel Candan nə xəbər var?
Bir nəfər əlində klarnet səhnəyə çıxır. Odur, özüm ölüm odur-Sibel Canın klarnetçalanıdır. Yesss... Az qalıb, deməli, bir neçə dəqiqəyə başlayırıq. Lənətə gəlməsin bu klarnetçalanı. Ara yerdə xalaların təzə söhbətinin yarısını qaçırdım. Çünki söhbət nə vaxt başlayıbsa, artıq ərə gedən qız hamilədir. Dediklərinə görə özü də əkiz doğacaq. Hayıf, nişan, "həri", üçgünlük, üzəçıxdı hissəsinə qulaq asa bilmədim. Heç olmasa bilərdik də, oğlan kimdir, kimlərdəndir, maşını, evi varmı? İndi gəl, tap görüm bunu hansı rayona ərə veriblər? Sənə deyən lazımdır ki, səhnədə nə ölümün var? Qulaq as da, gül kimi həyati söhbət gedir. Hə, bu arada deyə bilərsiniz ki, başqalarının söhbətinə qulaq asmaq etik deyil. Tamamilə haqlısınız. Amma bu xalalar elə tonda, elə tərzdə danışırdılar ki, konsert olmasaydı, bayaq səhnəyə klarnetlə çıxan kişi də gəlib qulaq asardı. Əkiz uşaqdan danışırdıq axı. İndi bu xalalar deyir ki, əgər əkizlərin biri oğlan, o biri qız olsa, uşaqların adlarını belə qoysunlar-Kamil və Kamilə. Bunu təklif edən qrupun lideri deyil ha, üzvlərdən biridir. Görək qrupun ağbirçəyi nə məsləhət görür? Dayanın, Nanə səhnəyə çıxır, görək nə deyir, sonra mütləq nə danışdıqlarını deyəcəm sizə.

Nanə səhnədədir. Konsertin təşkilatçısı "Liatris" holdinq barədə danışır, informasiya dəstəkçilərindən söhbət eləyir. Və budur, Sibel Can səhnəyə çıxır. İlk mahnıdan auditoriya ilə ünsiyyətə can atır. Orkestrdə o bayaqkı klarnetçalandan başqa 22 nəfər var. Üçüncü mahnıdan sonra zala təklif edir ki, birlikdə söyleyelimmi? Zal kirimişcə Sibel Cana baxır. Sibel Can da görür ki, bizdən bir haray yoxdur, özü oxumağına davam edir. Onsuz da xoşum gələn mahnısı deyil, görüm xalalar uşaqlara adqoydu keçirdilərmi?

- Ay qız, qarın çox böyükdürsə, deməli, ikisi də qızdı.
- Nolsun e, mən eşitdiyimə görə süni mayalanma elətdiriblər. Süni mayalanmada da çox vaxt biri qız olur, o biri oğlan.

Söhbət gedib ginekoloqa qədər çıxıb. Sibel Can isə təxminən səkkizinci mahnını oxuyur. Elə indicə söz verdi ki, özümüzü yaxşı aparsaq, hovuza su da buraxacaqlar. Yəni, ehtimal var ki, bir azdan zala ensin, tamaşaçılarla ünsiyyət qursun. Bu arada diqqətimi bir məqam çəkir. Hər mahnıdan sonra tamaşaçılar əhvalını soruşur, bəyənib-bəyənmədikləri ilə maraqlanır. Yerdən bir nəfər "Padişah" deyərək qışqırır. Söz verir ki, "Padişah" da olacaq. Bir anlıq gözümün önünə bizim sənətçilərin bu vəziyyətə verə biləcəyi reaksiya gəlir. Məsələn, Vasif Məhərrəmli olsa deyərdi ki, ay çuşka, "Padişah" ağır mahnıdır, konsertin hələ ortasına çatmamışıq. Yəqin ki, "Stefano Ricci" söhbətini hələ də unutmayanlar var. Bax, bu versiyanı həmin söhbətin məntiqi davamı olaraq ehtimal etdim. Yaxud Kərim olsaydı, deyərdi ki, konsertdən sonra bölmədə görüşərik. Nəysə, görək bu xalalar uşaqlara ad qoya bildilərmi?

Qupun rəhbəri olan xala deyir ki, tələsməyin, sonra səhv qərar verərik, gələcəkdə uşaqlara adlarına görə lağ edərlər. Ona görə də səbrli olun, uşaqlar dünyaya gəlsin, gedib bir məsləhət verərik. Yəni, bu o deməkdir ki, söhbəti dəyişin, görün təzə ərə gedən, evlənmək istəyən varsa, onların məsələsinə baxaq. Elə istəyirəm soruşam ki, Monika Beluççinin özündən 18 yaş cavan oğlanla sevgili olmasına necə baxırsınız, bu məqamda Sibel Can "Berivan"ı oxumağa başlayır. Bu bayaqdan qarasına danışdığım klarnetçi var ha, bəlkə də and içsəm, yaxşı düşməz, amma klarnetə bir divan tutur ki, adam az qalır dəsmal götürüb ağlasın. Axırda Sibel xanım işarə elədi ki, biz bura bayrama gəlmişik e, cüməaxşamına yox. Deyəsən səhnədən zala enmək istəyir. Hamı startda dayanıb, ayaq üstə gözləyir. Nə yalan deyim, mən də 5-10 saniyəlik ayağa qalxdım ki, görüm nə baş verir. Xalalara haqsızlıq olmasın deyə, tez oturdum ki. gül kimi söhbətləri qaçıra bilərəm. Bu məqamda bir yaşlı qadın mühafizəçilərə bərk təpinir. Deyir ki, mən boğazımdan kəsib bilet almışam ki, camaatına arxasına baxım? Bir ağsaqqal da qadına qoşulub etirazını bildirirdi ki, ay bala, biz bura camaatın arxasına baxmağa gəlməmişik ha. Bu məqamda elə vəziyyət yarandı ki. bir neçə saniyəlik Sibel Can arxasını ayıb da olmasın, biz tərəfə çevirdi. Gördüm kişi dilinin altında deyir ki, bax, bu başqa məsələ. Ərkim çatmadı deyəm ki, dayı, sən Sibel Cana belə reaksiya verirsənsə, Cennifer Lopezə nokauta düşərsən ki. İndi zalda bir qırğın qopub ki, gəl görəsən. Bir qadın uşağın əlini buraxıb selfi çəkdirməyə çalışır. Yaxşı ki Sibel hay-küy saldı ki, çocuk var. Arxadakı xalalar konsert ərzində ilk dəfə zalda olduqlarının fərqinə vardılar: "Düz deyir də... külbaş uşağın əlini buraxıb ki, selfi çəkdirirəm. Konsertə gəlmisən, qulaq as da".


Bax, bu yerdə deyiblər ki, kor kora kor deməsə, pis övladın boyunu yerə soxum. Sibel Can oxumağında olsun, görək təzə ərə gedəndən, evlənəndən kim var. Deməli, bir qız var, 19 yaşında, tələbədir. Bunu 32 yaşlı oğlana ərə vermək istəyirlər, oğlanın da şəhərdə iki yerdə evi, maşını, işi var. İndi qız Nuh deyir, peyğəmbər demir ki, mən özümdən 13 yaş böyük kişiyə ərə getmirəm, öz sevdiyimə gedəcəm. Qrupun ağbirçəyi də əsəbləşib ki, qız bəyəm özbaşınadır ki, ərə getməsin? Azca sakitçilik yaranmır ki, Sibel Cana yaxınlaşıb bir məsləhət alaq, görək onun fikri nədir. Nəysə, Sibel Can birtəhər özünü səhnəyə çatdırır. Xalalar bu söhbəti də saxlayırlar konsertdən sonrakı "sxodka"ya. Amma anlaşılan budur ki, o qız nə yolla olsa da, həmin oğlana ərə getməli olacaq. Əgər bu söhbət yazını oxuyan hansı qıza tanış gəlibsə, muğayat olsun.

Yəqin ki, kənardan bu mənzərə sizə də tanış gəldi. Bax, biz konsertlərdə özümüzü belə aparırıq və boğazından kəsib istirahətinə xərcləyən adamlara da mane oluruq. Öz sənətçilərimizin konsertinə niyə maraq göstərməməyimizin də səbəbini yəqin ki, deməyə ehtiyac qalmadı. Ordan bir "Padişah"...




İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20
2019-03-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK