hacklink Adalet.az | Prezidentin sosial islahat paketi: vətəndaş məmnunluğunun dərinləşməsinə doğru Adalet.az | Prezidentin sosial islahat paketi: vətəndaş məmnunluğunun dərinləşməsinə doğru Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Prezidentin sosial islahat paketi: vətəndaş məmnunluğunun dərinləşməsinə doğru

52111    |   2019-02-28 17:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən olan sosial siyasət, eləcə də əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlər özünü daha qabarıq şəkildə, günün tələblərindən irəli gələn forma və məzmunda göstərməyə başlayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilin əvvəlindən başlayaraq imzaladığı fərman və sərəncamlar onu deməyə əsas verir ki, 2019-cu il böyük sosial səmərəlilik ili olacaq.

Məlumdur ki, cənab İlham Əliyevin çıxışlarındakı bütün fikirlərin dövlət siyasətində fiksasiyası var. Bu mənada onun 2018-ci ilin prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində səsləndirdiklərini 2019-cu il üçün görüləcək işlərin bir növ anonsu olaraq dəyərləndirmək mümkündür.

Prezident həmin çıxışında ciddi islahatların aparılacağını, həmçinin islahatların dərinləşəcəyini bildirmiş və məsələni sırf vətəndaşların yaşayış səviyyəsinin artırılmasının vacibliyi kontekstində izah etmişdi. Ölkə başçısı andına və vədinə sadiqliyini bir daha göstərməkdədir. Qətiyyətlə bildirmək olar ki, cənab İlham Əliyevin yeritdiyi kurs nəinki böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, hətta islahata inqilabi yanaşma nümunəsidir. Bu isə yüksək səriştə, dönməz siyasi iradə və mükəmməl idarəçilik qabiliyyəti tələb edən xüsusiyyətdir.

Gəlin düşünək. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsi bu gün tam şəkildə həllini tapıb.

Cari ilin mart ayının 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanacaq.

Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım var ki, bu, ümumilikdə 800 mindən çox insanın həyatına müsbət təsir göstərəcək.

2019-cu il aprel ayının 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacaq.

Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq.

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamı isə əhali qruplarının, qayğıya ehtiyacı olan şəxslərin maraq və mənafelərinin təminatına kompleks yanaşma baxımından son dərəcə dolğun və əhatəli dövlət sənədidir.

Prezidentin 2019-cu il islahatlarının genişliyini göstərən ən müxtəlif məqamları vurğulamaq mümkündür. Yuxarıda qeyd etdiklərim sosial təminat paketinin ayrı-ayrı hissələri kimi diqqət çəkməkdədir. Ancaq islahat vətəndaşlarımızın yalnız maddi rifah halının yaxşılaşdırılmasını, yəni əməkhaqqı, təqaüd və müavinətlərin artırılmasını yox, onların sıxıntılarının aradan qaldırılmasını nəzərdə tutur. Bu baxımdan iki məsələnin üzərində dayanmaq mümkündür.

Bunlardan birincisi barədə söz açarkən cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli fərmanına nəzər salmaq yerinə düşər. Dövlət sənədində də deyildiyi kimi, məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinin qorunmasıdır. Bu zaman sosialyönümlük və humanizm prinsipləri əsas götürülür. Axı burada söhbət hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binalardan gedir. Həmin binaların istismarına icazə proseduru və müddəti optimallaşdırılır ki, bu isə mövcud sahədəki idarəçiliyin şəffaflığına yönələn addımdır.

İkinci məsələ. Cənab İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaş məmnunluğunun dərinləşməsindəki müstəsna tədbirlərdən birinin anonsunu verib. Söhbət problemli kreditlərdən gedir. "...Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir", - deyən cənab İlham Əliyev mövcud istiqamətdə bir neçə ay ərzində aparılan müzakirələrin artıq nəticəyə gəlməyə şərait yaratdığını vurğulayıb.

Prezident İlham Əliyevin sosial təşəbbüsləri və bu təşəbbüsləri özündə birləşdirən geniş miqyaslı islahat paketi problemli kreditlərdən əziyyət çəkən vətəndaşları da götürsək, ümumilikdə təqribən 2 milyondan artıq əhalini əhatə edir.

Heç şübhəsiz, Prezidentin fərman və sərəncamları ümumən vətəndaş məmnunluğunun daha da artırılmasına hesablanıb. Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Bunu istər dövlət siyasətinin ayrı-ayrı məqamlarına aydınlıq gətirərkən, istərsə də dövlət idarəçiliyinin həyata keçirilməsinə məsul şəxslərin məsuliyyətliliyi ilə bağlı çağırışlar edərkən xüsusi vurğulayıb. Nəzərə alaq ki, dövlət başçısı sosial islahatlarla paralel şəkildə struktur islahatları da aparmaqdadır. Bunlar bir-birini tamamlayan addımlardır. Prezidentin belə yanaşma tərzi onun siyasi lider xarakterini vurğulamaqda, yeritdiyi kursun alternativsizliyini bir daha təsdiqləməkdədir.

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2019-11-12
2019-11-11
2019-11-10
2019-11-09


VİDEO