DOLU

AQİL ABBAS
34825 | 2009-06-20 01:49
Özü də Xan qızının qardaşının yatdığı "15" nömrəli kamerada. Və bu məşhur kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən çox fors olunası bir şey sayılırdı:
   
   - Ə düdük, sən mənnən danışa bilməzsən ey! Mən Şuşada onbeş nömrəli kamerada yatmışam.
   
   ...Tanrı sən saxla...
   
   Bu hörmətli kameranı fərqləndirmək üçün qapının üstündəki "15" rəqəmini də qırmızı rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə yazıblar. "15" nömrəli kamera rəislərə bütün həbsxana qədər xeyir verirdi. Bu kameraya yemək-içmək Cıdır düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça, ayaq altda gəbəsi vardı. Nəfəsliyindən ləzzətlə Topxanaya tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq olurdu. Və bu musiqinin sədaları altında gözlərini yumub azacıq da olsa özünü Cıdır düzündəki azad adamlar kimi hiss edə bilirdi. Qısası, Şuşada yay aylarında bir mənzilin aylıq kirayəsi 100 manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adambaşına.
   
   Burda isə heç bir kameranın üstündəki rəqəmi qırmızı rənglə yazmamışdılar. Hansına yazaydılar ki?! Hər birində nəinki Xan qızının qardaşından, hətta özündən də məşhur adamlar yatmışdılar. Hətta bir kameraya bir neçə məşhur adam şərik çıxırdı. Və bu adamlar o qədər məşhur idilər ki, o, bu siyahıya düşmürdü.
   
   Şuşadakı "15" nömrəli kameradan fərqli olaraq burdakı bahalı kameralarda milli pul işləmirdi, hesab dollarla gedirdi. O da bu bahalı kameradaydı, amma nə puluna, nə də adına görə yox - Rəisi vaxtilə "15" nömrəli kameranın nəzarətçisi olmuşdu.
   
   Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi ki, vaxtilə Məmməd Əmin dünyaya böyük bir pislik edərək Stalini məhz bu kameradan qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb.
   
   Oturmuşdu və fikirləşirdi ki, bura haçansa muzey olsa da bu muzeydə onun adı olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı.
   
   ...Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər - bura heç vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin birində buranı satın alıb özəlləşdirəcəkdi və sonra da sökdürəcək və yerində kvadratı beş min dollara göydələnlər ucaldacaqdı. Dünyada ruhların olduğundan və ruhların onları rahat yaşamağa qoymayacağından bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu göydələnlərdən aldıqları evlərdən xeyir-bərəkət görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri o birisinə, nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər Xiyabanının altında Çəmbərəkənd qəbristanlığının yerində tikilmiş dörd göydələn kimi işıqlar yanmayacaqdı. Və günlərin birində Bakıda ala-babat bir zəlzələ olacaqdı və bu binalar həmin ala-babat zəlzələdə çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək etməyəcəkdi. Və şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı...
   
   Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan ?vladlarının işgəncə verdiyi divarların arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı...
   
   

TƏQVİM / ARXİV