ANA SƏHİFƏ / YAZARLAR

Tariyel Vəliyev - bir ilin ağrısı

62219    |   2013-04-20 08:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günlər, aylar, illər elə-belə getmirlər. Gedəndə özləri ilə yaxından-uzaqdan tanıdığımız, ətrafımızda görməyə alışdığımız insanları da özləri ilə aparırlar.

Tariyel Vəliyev də ötən il belə günlərin birində, belə günlərin birinə qoşulub getdi. Bir ildir ki, ailədə, çalışdığı telekanalda, dərs dediyi ali məktəbdə yeri görünür.

Rəsmi tarixi qaynaqlar deyir ki, əməkdar incəsənət xadimi Tariyel Təyyar oğlu Vəliyev 1944-cü il fevralın 24-də İmişlidə anadan olub. Müsahibələrinin birində "Mən televiziyaya nağıllar aləmi kimi baxırdım" - deyən Tariyel Vəliyev bu nağıllar aləminin real, canlı əfsanələrindən birinə çevrildi. Gələcəkdə Azərbaycan televiziyasının tarixini araşdıranlar Tariyel Vəliyev faktından yan keçə bilməyəcəklər.

O, milli televiziyamız tarixində ilk serialın quruluşçu rejissorudu. Aslan Qəhrəmanlının qələmə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyasına verdiyi quruluş o zaman inanılmaz populyarlıq qazandı. Seyid Hüseynin "Məhəbbət macərası", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", Anarın "Ötən ilin son gecəsi", May Bayciyevin "Duel", Əzizə Əhmədovanın "Pəncərədə işıq"... əsərləri əsasında mükəmməl teletamaşalar hazırlayıb.

Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində əvvəlcə müəllim, "Kinoşünaslıq" kafedrasının müdiri olub. 2007-ci ildən ömrünün sonuna kimi isə həmin ali məktəbdə "Televiziya rejissorluğu" kafedrasına rəhbərlik edib.

"Sizsiz

mənim ölümüm..."

Tariyel Vəliyevin yoxluğundan bir il ötür. Dostları bir ildi ki, bu ağrını yaşayırlar. Şair Tofiq Abdin mərhum Tariyel Vəliyevlə bağlı ürək sözlərinə bir zamanlar yazdığı ""Ölməyin məndən qabaq" şeirindən sitatla başladı:

gedirsiniz...

kiminizi ürək çökdürür

bir arkadaşın düyün sonrası

bu bəlkə bir alın yazısı

kiminizi

təzə bir ölüm tərcihi

bir polis zopası

gedirsiniz...

bu dünya ilə tənha buraxıb məni

gedirsiniz...

sizsiz mənim ölümüm

yaraşıqsız olacaq

sizi araya-araya

qapalı gözlərim açıq qalacaq

Yazıçı Aslan Qəhrəmanlı deyəndə, mən həmişə Tariyel Vəliyevi də düşünmüşəm və mənə elə gəlir ki, bu sənətkarların hər ikisi bizim hər birimizdən, şəxsən məndən şanslı yaradıcı olublar.

Aslan ilk seriallar yazan yazarlarımızdan biridi, Tariyel bəy də onu seriallaşdıran sənətkarlardandı. Onların bu işbirliyi haqqında Aslan müəllim həmişə mənə danışırdı və hər danışanda da bir şeyi vurğulayırdı ki, Tariyel özünə baxan adam deyildi. Bu özünə baxmaqda mən iki düşüncə içində olardım: bir var geyiminə-keçiminə baxmaq və bir də var səhhətinə baxmaq. Mənim tanıdığım Tariyel bəy hər zaman çox səliqəli geyinən, işində də, sənətində də bu səliqəni yaradıcı surətdə gözləyən bir insan idi.

Sevimli Tariyel bəy haqqında çox şeylər danışa bilərəm. Tariyeli bir insan, bir sənətkar kimi uzun illər müşahidə etmişəm. Yazıla biləsi o qədər məqamlar var ki...

Tariyel bizləri çox sevirdi və bizlərə simpatiya ilə yanaşan bir yaradıcı idi. Elə buradaca bir məsələni aydınladım. Bizləri, yəni, kimləri? Biz rayon uşaqlarını. O zamanlar biz hər kəsdən bir istilik, bir doğma baxış axtardığımız illərdə Tariyel kimi sənətkarların bizlərlə, məsələn, məndən başqa Kamal Abdullayevlə işləməsi onun qəlbinin ən çarpıcı tərəflərindən idi.

Bu gözəl və unudulmaz rejissor-pedaqoq Tariyel Vəliyev mənim çox sevdiyim, böyük simpatiya bəslədiyim sənət adamı idi. Və üstəlik də gözəllik aşiqi idi. Həyatda da, sənətdə də. Bu isə davam edən bir söhbətin mövzusudu. Nə qədər canımızda can var, deməli Tariyel Vəliyev haqqında düşüncələrimiz davam edəcək".

"Ucadan danışmayan

zirvədəki Tariyel"

Müsahibələrinin birində Tariyel Vəliyev televiziyadakı həyatını belə xarakterizə etmişdi: "Televiziya mənim həyatımın əsas hissəsidi. Özümü başqa sahədə təsəvvür edə bilmirəm".

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Həmkarlar Komitəsi sədrinin müavini Mübariz Süleymanlı uzun illər Tariyel Vəliyevlə bir kollektivdə çalışıb. Mərhum rejissorla bağlı işıqlı xatirələri qalıb: "Tariyel Vəliyevin adı çəkiləndə gözlərim önünə böyük bir ziyalı, mədəni və təvazökar bir insan obrazı gəlir. İş otaqlarımız eyni mərtəbədə olduğundan hər gün görüşür, söhbətləşirdik. Yaşca məndən böyük olsa da, bunu heç vaxt hiss etdirməz, özündən cavanlarla tez ünsiyyət qurardı. Qarşısındakı insana hörmət və ehtiramla yanaşardı. Yəqin elə ona görədir ki, kollektivdə hamı onun xətrini istəyirdi. İnanmıram kimsə Tariyel müəllim haqqında nəsə xoşagəlməyən bir söz desin. Sənətin zirvəsində olmağına baxmayaraq bir dəfə də ucadan danışmadı.

Əmirhüseyn Məcid, Kərim Kərimov, Nazim Abbas, Ramiz Həsənoğlu kimi tanınmış televiziya işçiləri ilə xüsusi münasibətləri var idi. Sanki televiziya ilə nəfəs alırdı və övladlarına da bunu aşılamaq istəyirdi. Onları tez-tez iş yerinə gətirərdi. Bu gün atasının yolunu layiqincə davam etdirməyə çalışan oğlu Vüqar gözümüz önündə böyüyüb.

Ölümündən təxminən 10 gün qabaq Həmkarlar Komitəsinin sədri Sərhəd Qasımovun kabinetinə gəlmişdi, görüşüb söhbətləşdik. Çox şən görünürdü. Nə biləydik ki..."

"Bir gözümüz gülür,

bir gözümüz ağlayırdı"

Tariyel Vəliyev öz peşəsini mükəmməl bilən və bildiklərini gənclərə həvəslə öyrədən istedadlı pedaqoq idi. Mədəniyyət və İncəsənət Universitetində onu yalnız xoş sözlərlə anırlar.

"Səhnə danışığı" kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının yaddaşında Tariyel müəllim belə qalıb: "Tariyel müəllimin istedadlı televiziya rejissoru olduğunu bilirdim. Çünki quruluş verdiyi teletamaşalara maraqla baxmışdım. Amma onunla heç vaxt təmaslarım olmamışdı. Tariyel müəllim bir zamanlar çalışdığım kafedraya müdir təyin olunanda səhhətimlə bağlı işə çıxmırdım. Evdə hər gün düşünürdüm ki, görən necə adamdı, işləmək mümkün olacaqmı? Kafedrada ilk görüşümüzdəcə bütün suallara cavab tapdım. İnsana xas olan bütün müsbət keyfiyyətlər Tariyel müəllimdə cəmləşmişdi. İstedadlı olduğu qədər də sadə idi. Bəzən elə adamlara rast gəlirsən ki, heç bir istedad yoxdu, lakin bütün günü özünü tərifləyir. Azərbaycan televiziyası tarixində çox böyük yaradıcılıq işlərinə imza atan Tariyel müəllim isə heç vaxt özünü öyməz, təriflənməsini də istəməzdi. Mədəniyyət və İncəsənət Universitetinin tədbirlərinə aparıcılıq edəndə onun bütün rəsmi titullarını sayardım. Hər dəfə tədbirdən sonra yaxınlaşıb "Lazım deyil, elə sadəcə Tariyel Vəliyev kimi təqdim etsən kifayətdi" - deyərdi. Heç bir tədbirdə, yığıncaqda özünü göstərməyə çalışmazdı. Amma Tariyel müəllimin orada olmağı mərasimə bir sanbal qatırdı.

İstedadlı rejissor, pedaqoq olmaqla yanaşı, həm də gözəl psixoloq idi. Kafedra əməkdaşlarını, tələbələrini bir baxışdan hiss edirdi, sanki ürəyimizi oxuyurdu. Yaşlı bir əməkdaşımız var idi. Evə getməyə hazırlaşanda Tariyel müəllimin nə işi olursa-olsun, tez özünü çatdırar, həmin xanımın paltosunu tutardı. Biz ondan çox şey öyrənirdik.

Sonra iş elə gətirdi ki, Tariyel Vəliyev yeni yaranan "Televiziya rejissorluğu" kafedrasına müdir təyin olundu. Buna baxmayaraq, bütün bayramlarda zəng edir, diqqət göstərirdi. Tədbirlərin birində çıxışım deyəsən xoşuna gəlmişdi. Zəng edib təbrik etdi və dedi ki, səninlə bağlı planlarım var. Bir neçə dəfə çalışdığı kafedraya getdim, hər dəfə də söhbət etmək mümkün olmadı, dedi qalsın başqa bir vaxta. Mənimlə bağlı fikirlərini öyrənə bilmədim. Hər dəfə yadıma düşəndə özümü qınayıram, gərək soruşaydım.

Çox mülayim insan idi. Yəqin ki, xəstəliyinin də xətrinə dəymək istəmədi. Doğrudan da günlər ildırım sürəti ilə ötür. Elə bil dünən idi, Tariyel müəllimin vəfatı xəbərini eşidəndə hamı şoka düşmüşdü. Həmin gün xanım əməkdaşlarımızdan birinin toyu idi. Həmin toyda bir gözümüz gülür, bir gözümüz ağlayırdı".

Tariyel Vəliyevin vəfatından bir il ötür. Bir neçə gündən sonra təqvimdə yenə aprelin həmin günü gələcək. Tariyel müəllimin getdiyi gün...

Etibar CƏBRAYILOĞLU



İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:
- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:
- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.




digər lətifələr
ARXİV
FACEBOOK