AğDAM XƏRABƏLƏRi

AQİL ABBAS
34816 | 2008-04-12 21:35
Uşaq vaxtı Xəqaninin "Mədain xərabələri"ni oxumuşdum. İndi yadımdan çıxıb, nədənsə bu mövzunu yazmaq istəyəndə yadıma düşdü.
   
    Bu günlərdə televiziya kanallarında, eləcə də demək olar ki, qəzetlərin yarısında Moskvanın "Panorama" qəzetində bir rusun (adı yadımda qalmayıb, tapmağa da ərinirəm - İvan, Saşa nə bilim hansı itoğlu) yazdığı məqalədən danışıldı, özətləri oxundu, dərc olundu və sair və ilaxır.
   
    Bu Urus nə yazıb? Gəlibmiş Qarabağa və burda gördüklərini qələmə alıb. Yazsın, bu da onun işidi. Özlərinin dağıtdıqlarıdı, gəlib indi əməllərinə tamaşa edirlər. Və mən bu yazını niyə yazdım? Həm telekanallarımızda, həm də qəzetlərdə bu Urusun məqaləsi elə təqdim olundu ki, guya Urusun bizə canı yanıb. Əslində bu, başqa məqsəd daşıyır. Urus çox yaxşı bilir ki, onun yazısı səhərisi gün Azərbaycanda yayımlanacaq və necə ki yayımlandı. Özü də şərhsiz, məsələ bundadı.
   
    Urus yazıb ki, Ağdamda daş daş üstə qalmayıb. Ağdam böyük bir xarabalığa çevrilib. İndi bizim camaat, yəni xalqımız çox həssasdı, çox kövrəkdi və xalqı ruhdan salmaq su içimi kimi asandır. Telekanallarda bu Urusun yazdığı oxunan kimi bəlkə mənə yüzə qədər zəng gəldi. Ağlamsına-ağlamsına danışan kim, dünyadan küsmüş kimi danışan kim, həyatdan bezmiş kimi danışan kim. Hamısı da eyni sözü deyirdi:
   
    -Müəllim, eşitdin də!
   
    Bəli, eşitdim! Nə olmuş?! Ağdam xarabazarlığa çevrilmiş?! Məgər Urus yazmasaydı siz bunu bilmirdiniz?! Bilmirsiniz ki, Ağdam 15 ildi xarabazarlıqdı?! Buna görə həyatdan küsmək lazımdı, ağlamaq lazımdı, ruhdan düşmək lazımdı?
   
    Elə özüm ötən il qəzetdə düz iki səhifə xarabaya çevrilmiş Ağdamdan 50-60 şəkil dərc eləmişdim. Bir urus dostum mənim xahişimlə Moskvadan gəlmişdi Ağdama və həmin şəkilləri çəkib göndərmişdi mənə. Mən də verdim qəzetə.
   
    Ağdam xarabazarlığa çevrilib. Bundan nə qorxmaq lazımdı, nə dilxor olmaq lazımdı, nə də ağlamaq.
   
    Müharibədə Kiyev xarabazarlığa çevrilməmişdi? Minsk, Sevastopol, Stalinqrad və sair və ilaxır. Hamısı xarabazarlığa çevrilməmişdi? İndi dünyada Kiyevdən gözəl şəhər varmı?! Müharibədi də, müharibədə şəhərlər dağılır, insanlar qırılır, tarixi abidələr məhv edilir. Qısası, müharibədi.
   
    Ağdam xarabazarlığa çevrilib çevrilib də. Buna görə ruhdan düşmək lazım deyil, nə də intihar etmək lazım deyil. Ermənilər daşı-divarı söküb aparıblar, torpağı ki daşıyıb aparmayıblar. Və apara bilməzlər də. Dünyada Tanrıdan sonra torpaq gəlir. O torpaq ki yerindədi. Biz o şəhəri yenidən tikəcəyik, özü də daha gözəl tikəcəyik, daha yaraşıqlı tikəcəyik. Ağdam Dünyanın Ən Varlı Şəhəri olub, Ən Gözəl Şəhəri olub və yenə Dünyanın Ən Varlı Şəhəri olacaq, Ən Gözəl Şəhəri olacaq.
   
    Məsələn, bizim Ağdamdakı evimiz heç mənim xoşuma gəlmirdi. Deyirdim imkanım olanda bu evi söküb təzədən tikəcəm. İndi, inşallah, torpağımızı azad eləyəndən sonra gəlib görərsiniz ki, orda necə ev tikmişəm. Eləcə də hamı.
   
    Bu yazını niyə yazdım?! Mən o şəkilləri qəzetdə dərc edəndə, Ağdamın xərabələrini ağdamlılara göstərəndə həm şəkilaltı sözlər yazmışdım, həm də bir yazı yazmışdım. Və yazı ona köklənmişdi ki, sən belə şeyləri çox görəcəksən, çox eşidəcəksən, ruhdan düşmə, bu, müharibədir. Sən yalnız o eşqlə yaşa ki, bu torpağı azad edəcəksən və bu şəhəri yenidən tikəcəksən. Özü də əvvəlkindən gözəl tikəcəksən. Onda da mənə çoxlu zənglər olmuşdu, zəng edənlər də hamısı deyirdi:
   
    - Müəllim, bu müharibə haçan başlayacaq, gedək torpaqlarımızı azad edək və şəhərimizi yenidən tikək!
   
    Mənim qələm dostlarıma bir məsləhətim var. Hər itin-qurdun dediyini, yazdığını şərhsiz ortaya çıxarmayın. Adamların ürəyi çox yuxalıb. O evi-eşiyi yandırılmış insanların ürəyi artıq budaqdan asılmış çürümüş armud kimidir - indi düşər, bir azdan düşər - bilin ki, adi bir söz minlərlə insanın ürəyinə xəncər kimi sancılır. Belə şeylərdə ehtiyatlı olmaq lazımdır.
   
    Bir də görürsən ki, Köçəryanın, Sərkisyanın, nə bilim hansısa kərtənkələnin bizim əleyhimizə dediyi sözlər, Qarabağla bağlı dediyi sözlər Ermənistan mətbuatından götürülür, olduğu kimi qoyulur bizim qəzetin səhifələrinə. Qardaşlar, vallah, belə olmaz, billah, belə olmaz.
   
    Bu yaxınlarda cəbhədə gedən döyüşlərdə 18 erməninin öldürüldüyü Müdafiə Nazirliyi tərəfindən yayımlandı. Bizim qəzetlərimiz bilirsiniz neylədi, Ermənistan informasiya mənbələrinə, Ermənistan qəzetlərinə istinad edərək yazdılar ki, bizim Müdafiə Nazirliyi yalan danışır, bir belə erməni ölməyib, guya bizim itkilərimiz ermənilərdən çox olub və guya biz gizlədirik. Ermənilərin ölü sayısını artıra bilərik, bunu başa düşdük, axı bizim ölənlərin sayını azalda bilmərik. Bunların adları açıqlanır, kimin adı çəkilməsə həmin şəhidin valideynləri bu məsələni qaldırarlar.
   
    Bəli, həmin döyüşdə 18 erməni öldürülmüşdü. Və mən bir millət vəkili kimi həmin ermənilərin meyitlərinə tamaşa eləmişəm. Çünki ermənilər meyitlərini qoyub qaçmışdılar. Belə qəzetçilik olmaz, qardaşlar. Mən başqa mövzularda heç kəsə məsləhət vermək fikrində deyiləm, özümü də başqa qəzetçilərdən ağıllı və savadlı saymıram. Sadəcə olaraq, müharibə ilə bağlı, savaşla bağlı ideoloji işdə özümü Azərbaycanda bir mütəxəssis kimi tanıyıram. Və bu barədə kimlə istəyir mübahisəyə girməyə hazıram. Bu məsələlərdə həddindən artıq həssas olmaq lazımdır.
   
    İndi Ağdamdı, dağılıb dağılıb da. İndi Urus köpəyoğlu götürüb yazıb da, bunu belə təqdim eləmək olmaz axı!
   
    Ağdamlısına, şuşalısına, kəlbəcərlisinə də və sair və ilaxır bir məsləhətim var. Şəhərlərinizin, evlərinizin-eşiklərinizin dağıdılmasını dərd eləməyin! Onu necə azad edəcəyiniz və necə tikəcəyiniz haqqında fikirləşin.
   
    Yunanlar gətirib bir türk adasına öz bayraqlarını sancmışdılar, iki-üç də əsgər qoymuşdular bayrağın yanına. O zamanın baş naziri Tansu Çillər belə bir bəyanat verdi: "O bayraq yenəcək, o əsgər gedəcək!" O bayrağı yendirdilər də, o əsgərlərin də ağızlarını cırdılar.
   
    İndi Qarabağda, Şuşada və ya Ağdamda dalğalanan Ermənistan bayrağı yenəcək, o erməni əsgəri də gedəcək, amma erməni özü qalacaq. Çünki bizə lazımdılar. O sökdükləri evləri özlərinə tikdirəcəyik!
   
    Kim o günə inanmırsa getsin boğazına iki metr çatı salsın!

TƏQVİM / ARXİV