ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"İLKİM DƏ SƏN, İNDİM DƏ SƏN, SONUM SƏN"

4067    |   2018-11-08 00:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu kitabı xüsusilə, gənclərin oxuması gərəkdi...


Bu günlərdə yeni çapdan çıxmış "İlkim də sən, indim də sən, sonum sən" adlı kitabını mənə bağışlayan şair Qardaşxan Əzizxanlının şeirləri ilə çoxdan tanışam. Elə ona görə də inanırdım ki, bu kitabındakı şeirləri də məni gözəl bir dünyaya götürəcək. Bu elə kitabın kiçik ölçüsündən, tərtibatından da hiss olunurdu. Adətən gözəl nümunələrin toplandığı şeir kitabları bax belə, balaca olur. kitaba müəllifin yeni şeirlərilə yanaşı onun əvvəlki kitablarından da seçmə şeirlər daxil edilib. "Nurlan" nəşriyyatında çap olunmuş, 200 səhifəlik kitabda şeirlər müxtəlif bölmələrdə yerləşdirilib. Beləliklə, "birinci kitab" bölməsində "Qaşla göz arasında" adlı kitabdan olan şeirlərə baxaq.

Payız səmasıdır sinəmdə könül,
Sizin küçədəyəm bu gücə, gülüm!
Bilirsən, mənümçün Vaqifin deyil,
Sənin adınadır bu küçə, gülüm!

Və yaxud

Dörd fəsil yaşayır bir anda dağlar,
Başı dümağ olur, ayağı - gömgöy.
Qəriblik gətirir dağ meşələri,
Yaxını - yamyaşıl, uzağı - gömgöy.

Sonra bütövlüyünü bölmək istəmədiyim bu şeir

Dağın kefi - yağış töküb,
Daşda qaval çalmasıdı.
Dağ başına yol dolanıb,-
Xürrəminin çalmasıdı.

Kənd içi güllü təpədi
Yel əsir, gülü tərpədir.
Kəndə qonağın hörməti
Orda qonaq qalmasıdı.

Xoş gəlibdi duman dağa,
Qarışıbdı yaşıl ağa.
Xan Eyvazın sola-sağa-
şimşək - qılınc çalmasıdı.

Bu dağları əyməz yağı,
Zirvəsinə qürur yağıb.
"Səs qayası" qürub çağı
Səssiz fikrə dalmasıdı.

Kənd içi güllü təpədi
Yel əsir gülü tərpədir.
Kəndə qonağın hörməti
Orda qonaq qalmasıdı.

"Otuz yeddini keçəndə" adlanan ikinci kitab bölməsindəki şeirləri oxuyuram

Qarla örtülü yollar
Ürəklərə qar yağıb.
Qarda itən körpülər
Duyğuları qar tutub.
Bulaqlar yenə çağlar,
Don vuran ruhlar necə?
Könüllərdə yel vurub
Yengələri oynadır.
Qəlblərdə mürüvvəti
İnsafı şaxta vurub.
Baxışlar buza dönüb,
Gülüşlər qara batıb
Külək soyuqdan belə
Əsib, qarı sovurur
...Araya söz qatmasan,
dərd yüngülləşən deyil.

"Ağrı" adlı həyatla, reallıqla və günümüzlə bağlı olan bu şeiri də bölməyə əlim gəlmədi. Ondan ki, şeirin poetik aynasında özümüzə bir az da yaxından baxmaq istədim...
Q.Əzizxanlının şeirləri işığı, fərqli ifadəsi ilə yanaşı həm də ona görə maraqlıdır ki, müəllif təbiət hadisələrini insanların üzərinə xüsusi bacarıqla köçürür. Demək olar ki, onun şeirlərinin əksəriyyətində oxucu belə bənzətmələrə rast gəlir...
"Ürəyin baxdığı yerdən" adlı üçüncü kitabdan seçmə şeirlərə baxaq

Quşların səsindən başqa
heç nə eşitmirəm daha.
Yaradan dualarımı
eşidir, şükür Allaha!

DUALAR

Məhəbbət sözündən gözəl
Söz yoxdu, inan Allaha!
Sevməyənlərə tanrı da
Soyuqdu, inan Allaha!

Dilində Allahın adı
ölən oldusa, ağlama!
Ölüm haqqını sevgidən
alan oldusa, ağlama!

Bizdə o sevgi hardandı
Allah sevdiyi tək bizi,
Biz sevə bilək Allahı,
illah da bir-birimizi...":::

Bu şeir üzərinə söz deyilməz məncə, nəğmə oxunar, quşların söylədiyi kimi...
QUBARLAR

Sən bir bol yağan qara bax,
Sən bir bal yağan qara bax,
Sən dur bal yığan yerə bax
Ay qara bax, ay qara bax!

Zənburum ağdı, ağ uçan
Pətəyim - qapqara puça.
Bu rəngli dünyaya üç ay
ağ-qara bax, ağ - qara bax!..
Qarın qardaşdan irəli,
Qayın qardaşdan irəli,
Qoyun qardaşdan irəli
Ah, Qarabağ, ah, Qarabağ!..

Q.Əzizxanlının kitabında Qarabağ adına yazılan çoxlu şeir yoxdu. Amma mən bu üç bəndlik şeiri dönə-dönə o qədər oxudum ki, dilimin əzbəri oldu... Ah, Qarabağ, ah, Qarabağ!...
"İlkim də sən, İndim də sən, Sonum sən" adlanan dördüncü kitabındakı şeirləri oxuyuram

Bütün dünyalar divar
Bütün dünyalar - divar,
Bütün divarlar - saat.
Bütün saatlar - ölüm,
Bütün ölümlər - həyat.

Bütün həyatlar - yağış,
Bütün yağışlar - arşın.
Bütün arşınlar -Vətən
Bütün Vətənlər - behişt.

"Şeytanbazarda yaşıl bazarlıq" başlığı altında verilmiş
şeirlərin içindən mərhum Rafiq Tağının vəfatının 3-cü ildönümünə həsr edilmiş şeir də diqqəti çəkir.

Gücü dahisində uca millətim,
Qatilliyə enən cahillərin var.
Dalğasında qanad açan dənizin
ilantək sürünən sahilləri var.

Dalğanın silləsi güllədən betər
Tutur sahillərin qumlu üzünü.
O yan bu yanı da sahillər olan
Dəniz dalğa-dalğa döyür dizini.

Dənizin dibi də sahildir, amma
Bu sahil bənizdə olmaq istəmir.
Bu yastı-yapalaq sahilə, anam
adam heç dəniz də olmaq istəmir.

Sonra "Doğma sevgilər" başlığı ilə verilmiş şeirlərə baxıram

"-Ayaqsız qalmış mehmetcik
ruhunu tapşırdı göyə,-
Batan düşmən gəmisini
görməyə.
Qalxdı şəhid
məzarı səngər olan zirvəyə".
Qəhrəman ayağı altda
saçın xınalandı, torpaq!
Şəhidlər məzarı üstdə
xınalı saçındı bayraq!
...Türkiyəm,
keçir məni yaxandan,-
Dardanel boğazından!..

Müəllifin "Çisəklər" başlığı ilə təqdim etdiyi fikirləri də məna etibarilə şeirlərindən geri qalmır. Məsələn,
Biliyin nə qədərsə, o qədər azadsan.
Pis yenilikdənsə, yaxşı köhnə olsun.
Pulsuzluq məni çox bəlalardan da qoruyub.
Mənim dünyanı tanımağım dünyanın məni tanımasından daha vacibdir və.s.
Sonda isə "Poliqlot" bölməsi gəlir ki, burada müəllifin ingilisə, almanca, rusca şeirləri öz əksini tapır. Və nəhayət, ən sonda şairin orjinaldan çevirmələri və "Əvvəlimin sonrası" adlı özü haqqında yazdığı məlumatlar gəlir;
Məlum olur ki, Q.Əzizxanlı 1958-ci ildə Cəlilabad rayonunda doğulub. Doğum günü rəsmi olaraq 1 iyul qeyd edilsə də, o, dəqiq gününü bilmədiy aprel ayında dünyaya gəlib. Elə doğulduğu ilin mayında bir körpənin atasını itirməsi kədərləndirir oxucunu... Elə həmin anda kitabın əvvəlində yazılanları anlamağa başlayıram. "İndimin əvvəli" adlı həmin yazını kitabda verildiyi kimi təqdim edirəm
"...Mayın axırı ola, sünbüllər dən bağlaya, biçin təzə başlaya, biçinçi dərz bağlaya... Çiləli bir körpəni ata atasız qoya, mələklər pıçıldaya bu xəbəri körpəyə, körpə şaqqanaq çəkə, ana döşündən basa,- birdən məclis eşidər... Ana düşə təlaşa, balam niyə gülə ki? Qonşu Asiya nənə gənc anaya deyə ki, mələklər xəbər verib; atan ölüb, - gülür o, - ana ölsə ağlayar, -Anası var saxlayar, ələ qalmaz, bilir o..."
5 yaşından hərfləri öyrənib və deyəsən kitab olub onun oyuncağı da... Orta məktəbdə həm dərslərində, həm də idman yarışlarında seçilib və bir də nadincliyi ilə....Bütün məktəb kollektivi onun orta məktəbi qızıl medalla bitirməyini gözləyərkən qəflətən bir və bəlkə də bir neçə namərd əl ona sarı uzanaraq buna imkan verməyib... Elə onda tanıyıb dünyanın tərs üzünü və "Haqqarar" olub. Amma öz halal haqqını ona çox görsələr də, bununla bağlı qarşısına çox maneələr, sədlər çıxsa belə öz haqq yolundan dönməyib. Jurnalist və hüquq təhsili alıb və neçə dil öyrənib. Vətənə ləyaqətlə borcunu ödəyib.
Ədəbiyyat, poeziya aşiqi olub. Dağ vüqarlı, ölməz şairimiz Məmməd Araz verib onun xeyir-duasını. Kunq-Fu üzrə qara kəmər (1-ci dan) ustası olub. Və sonda özünün də söylədiyi kimi, heç bir nainsaf onu qova-qova namərd etməyi bacarmayıb, əksinə o, bu çətinliklərlə daha da comərd olub. Bu da istedadlı şairimizin həyat hekayəti... Bu kitabı, xüsusilə, gənclərin oxumasını arzu edərdim. Peşiman olmayacaqsınız!
Mina RƏŞİD



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK