adalet.az header logo
  • Bakı -°C

«ÇİNAR ÖMRÜ» SERİALINA BAXMAĞA DƏYƏR - Aqil ABBAS yazır

AQİL ABBAS
147 | 2026-04-16 13:52
A- A+

Son illər  ölkəmizdə xeyli seriallar çəkilib  və çəkilməkdədir. Adətən mətbuatda  bu seriallar çox vaxt tənqid olunur. Bu tənqidlərin də haqlı tərəfləri var. Bu hələ yeni sahədi, görünür, hələ yetişməmişik. Bunun səbəblərindən biri mövzuların bəsit olması, peşəkar aktyorların az qonorar verildiyinə görə seriallara çəkilmək istəməməsidirsə, başqa bir səbəbi isə hələ ölkədə serial çəkəcək rejissorların azlığı və ssenaristlərin qıtlığıdı. 

Serial rejissorları və ssenaristlər hələ tam təkmilləşməyiblər. Məktəb yeni yaranıb, bunları da qınamaq olmaz, hələ ibtidai sinifdəyik. 

Rac Kapurun oğlu bir film çəkir, neçə milyon pul xərcləyir, amma  film alınmır, Rac Kapur gülümsəyib deyib ki, eybi yox, ikinci film yəqin alınar. Düzdür, bizim elə pulumuz yoxdur, hər halda inanıram ki, yaxın zamanlarda bizdə də güclü, xüsusilə də tarixi seriallar çəkiləcək, çəkə biləcəyik.

Türkiyə öz serialları ilə bütün Avropanı, Rusiyanı, Şərqi, qısası, bütün dünyanı zəbt edib. Amma bu da birdən-birə olmayıb.  Serial rejissorları, ssenaristləri yetişdirmək üçün  bəlkə Türkiyə məktəbinə müraciət edək? Bu sahədə az-çox imzası görünən şəxsləri  Türkiyəyə oxumağa göndərək? Əvvəl Moskva vardı  rejissolrlarımız, ssenaritslərimiz, aktyorlarımız gedib təhsil alırdı.

İndi Moskva yoxdur, Allaha şükür ki, Türkiyə var, elə də uzaqda deyil.

Deyəsən, giriş çox uzun oldu,  gələk mətləbə. 

Bu günlərdə təsadüfən Youtube kanalında «Çinar ömrü» deyilən bir seriala  baxdım. Serial hələ davam edir, mən iki bölümünü izlədim. Quruluşçu rejissoru Kənan MM, ssenari müəllifi Elçin Muradov olan bu serial diqqətimi cəlb etdi. Dedektiv üslubda  çəkilmiş film əslində bəyəndiyimiz türk seriallarından heç də geri qalmırdı və tamaşaçını hər an həyəcanda saxlayırdı. Hadisələr sürətlə dəyişir və bu hadisələrin necə bitəcəyi tamaşaçıları intizarda saxlayırdı. Ölkəmizdə çəkilən əvvəlki seriallardan bir fərqi də o idi ki, filmin musiqisi  əsərlə tam üst-üstə düşür. «Kurtlar vadisi»nin, «Mehmed: Fetihlər sultanı»nın musiqisi kimi həyəcanlı idi. Bəstəkar Toğrul Mahmudova (təbii ki, bütün musiqi onun deyil) əla düşür. 

Filmdə peşəkar aktyorlar Kənan MM, Aqil M.Quliyev, Əjdər Zeynalov və Zülfiyyə xanım öz rollarının öhdəsindən layiqincə gəlirlər. 

Serial ARB kanalında yayımlanır, 9 bölümdən ibarətdir. Mənim fikrimcə, bu serial bir yenilikdir, gələcəkdə çəkiləcək filmlərin başlanğıcı ola bilər.

Və ümumiyyətlə, bu seriala baxmağa dəyər. 
 

TƏQVİM / ARXİV