adalet.az header logo
  • Bakı -°C
22 Aprel 2026 15:05
85
İDMAN
A- A+

Trol epidemiyası - Kamil Əhməd yazır

Azərbaycan Premyer Liqasında çıxış edən bəzi klubların “başı qaçıb”. Klubun başına gələnlərdən, hakim nöqsanlarından və s. neqativliklərdən heç nə danışmayan həmin klubların rəhbərləri, idarəçiləri düşünür ki, bunu onların əvəzinə etməlidir;

– media
– ⁠azarkeşlər

Niyə?!

Həmin klub rəhbərləri, əksər hallarda da idarəçiləri rahat kresloda yayxanıb, ay sonunda 10-20-30-40 min manat maaşını alacaq, onun yerinə media “döyüşəcək”?

Əksəri unudur ki, futbol biliyinin zəif olduğunu hamı görür, idarəçi kimi nöqsanlarını da gizlədə bilmirlər.

Özünü pis etmək istəməmələri ağıllı yanaşmadır, ancaq bir yerə qədər.

Klub rəhbəri klubun başına gələn və ya gətirilən pis hadisələrə qarşı hamıdan əvvəl;

– reaksiya verməlidir
– ⁠problemin məğzini, məzmununu tam formada izah etməli, göstərməlidir.

Bunlar hələ idarəçi üçün təməl vacibiyyətlərdir. Halbuki illərdir bunları onların yerinə media edib. Təbii ki, peşəkar, layiqli mediadan söhbət gedir…

Günün üzdə olmayan, lakin ən ciddi problemlərindən biri də məhz budur. Klublar öz mənafeyini qoruya bilmir və ya bunu etmək istəmir.

Dotasiya hesabına mövcud olan futbolumuzda bacarığından qat-qat artıq mənfəət əldə edən xeyli nəfər var.

Zamanın tələblərinə uyğunlaşdıqca ortaya çıxır ki, həmin nəfərlər, “ortada yeyim, kənarda gəzim” prinsipiylə hərəkət edib və bu müftəliyə öyrəşib.

İndi mediada rasionallıq artıb. İnterşum, reytinq naminə atılan addımlara artıq yol verilmir. Sözünü deməyi bacaran müəlliflər illərlə zərbə aldı… aldıqca da bu fədailiyin onlara heç nə qazandırmadığını, əksinə, itkilərdən başqa nəsə vermədiyini gördü. Öyrəndi.

İndi media özünü fədai kimi aparmır. Və bu mənfəətbazlara heç sərf etməyən reallıqdır.

Qələmi iti, auditoriyası geniş olan müəlliflərə ucuz həmlələrlə təzyiq etməyə çalışırlar: filan mövzuda nə əcəb yazmadın və s.

Yazmaz da. Sən öz vəzifənə görə borclu olduğun məsələlərdə ağzını açırsanmı? Yox.

Nə vaxt özün öz haqqını qorumağı düşünəcəksən, onda…

Yeni zamanın yeni mənzərəsi bu tip idarəçiləri, rəhbərləri “vəziyyətdən çıxış üçün” özünəməxsus icadlar düşünməyə vadar edib.

Trol dəstəsi formalaşdırmaq!

Bəli, onların beyni, özünümüdafiə instikti yalnız belə işləyir. Media bunların mənfəətləri naminə “lokomotiv” rolunu oynamaqdan boyun qaçırdıqca bunlar trollar cəlb edir, bəsləyir.

Belə klub idarəçiləri haqqında tənqid yazılarının şərh bölümünə fikir verin, onlarla, yüzlərlə trol şərhi.

Dotasiyanın başına daraşan kök salmış mənfəətbaz dəstənin tifağı dağılmasa, Azərbaycan futbolu ağ günə çıxmayacaq.

Bu da monopoliyanın bir formasıdır və “metastaz verib”, kök salıb, ölkə futbolunu cənginə alıb.

Onlar hər yerdədilər – klub idarəçiliyində, menecerlikdə, uşaq futbolunda. Dərin kök salıblar və şəbəkə kimidirlər.

Bir “Damokl qılıncı” lazımdır ki, bu tifağı dağıda, futbol parazitlərdən təmizlənə.

Yoxsa çarə olmayacaq.

Hələ ki, ümumi yazdıq. Medianın canına daraşmağa davam etdikcə bu “trolşünaslar” aşkara çıxarılacaq, ağır zərbə alacaqlar. Qoy hələlik bəslədikləri trolların sayəsində yaranan komfort zonasında var-gəl etsinlər…

/futbolpress.az