adalet.az header logo
  • Bakı -°C
10 Aprel 2026 13:32
85
MƏDƏNİYYƏT
A- A+

Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib

Bakı Xoreoqrafiya Akademiyası  Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində keçirilmiş ORLEU Xoreoqrafiya Təhsil Müəssisələrinin VII Beynəlxalq Festivalında iştirak edib. 

Aleksandr Seleznov adına Almatı Xoreoqrafiya Məktəbinin təşkilatçılığı ilə baş tutan və “Türk rəqslərinin əks-sədası” mövzusuna həsr olunan beynəlxalq tədbir türk dünyasının zəngin rəqs irsinin qorunması, öyrənilməsi və müasir interpretasiyası baxımından mühüm platforma kimi çıxış edib.

Akademiyanın müəllim və tələbələrindən ibarət nümayəndə heyəti festival çərçivəsində Azərbaycanı yüksək səviyyədə təmsil edərək milli xoreoqrafiya məktəbinin estetik və peşəkar xüsusiyyətlərini beynəlxalq auditoriyaya çatdırıb. Qazaxstanda keçirilən festivalda BXA-nın Xarici əlaqələr üzrə prorektoru, Xalq artisti, dosent Təranə Muradova, İncəsənət fakültəsinin dekan müavini, Əməkdar artist Gülməmməd Şahverdiyev, eləcə də akademiyanın tələbələri fəal iştirak ediblər. Tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında “Sarı gəlin” və «Çeşmə başında” Qarabağ yallısı təqdim olunub. Tələbələrin ifa etdikləri rəqslərə Əməkdar artist Gülməmməd Şahverdiyev quruluş verib. Eyni zamanda, festival çərçivəsində Təranə Muradova tərəfindən keçirilən ustad dərsləri və təqdim etdiyi elmi-mədəni məruzə Azərbaycan rəqs sənətinin tarixi inkişaf mərhələlərinə, onun estetik xüsusiyyətlərinə və müasir dövrdəki transformasiyalarına həsr olunub.
 
Festivalda T. Muradova Avrasiya Mədəniyyət Fondu tərəfindən “Əməkdar mədəniyyət xadimi” fəxri adı və medalı ilə də təltif olunub. Sözügedən təltif onun milli xoreoqrafiya sənətinin inkişafı, sistemli tədrisi və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirdiyi çoxillik elmi-pedaqoji, yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsidir. Tədbir çərçivəsində müxtəlif ölkələrdən olan gənc ifaçılar, xoreoqraflar və pedaqoqlar arasında yaradıcı dialoq və təcrübə mübadiləsi də aparılıb. Festivalda “Türk rəqsləri: keçmişlə gələcək arasında körpü” mövzusunda ustad dərsləri, elmi-praktik müzakirələr və beynəlxalq dəyirmi masa təşkil olunub. Festivalın yekun tədbiri qala-konsertilə yadda qalıb.
 
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının sözügedən nüfuzlu beynəlxalq tədbirdə iştirakı milli rəqs sənətimizin qlobal mədəni məkanda təbliği, yeni yaradıcılıq əlaqələrinin qurulması və xoreoqrafiya təhsilinin inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər.