adalet.az header logo
  • Bakı -°C
17 Aprel 2026 09:00
95
LAYİHƏ
A- A+

XANOBALILARIN DÜNYA BOYDA SEVİNCİ

O insanlar,  o adamlar uzun müddət, daha doğrusu, 30 ildən çox dərdin-kədərin, qəmin içində olublar. Çünki onların vətənini, elini-obasını ermənilər digər ərazilərimiz kimi  işğal eləmişdilər. Və  işğal eləyərkən ağına-bozuna baxmadan kəndləri, qəsəbələri yandırmış və hətta o qədər böyük vəhşilik törətmişdilər ki, əsir düşən insanları   da əzab verə-verə öldürmüşdülər. 

Xocavənd rayonundakı vəhşilikləri nə yer götürər, nə də göy. Bunların hamısı tarixin yaddaşına  yazılıb. Qaradağlı faciəsi dinc insanlara qarşı amansızcasına qətli onların yadından heç vaxt çıxmayacaq. Ən azından  ona görə ki, Qaradağlı faciəsində onlarla insan əzab-əziyyətlə öldürülmüş, nə qədər də əsir götürülmüş adamlara  işgəncələr verilmişdi. Bu faciəni həmin kəndin insanları bu gün də xatırlayırlar. Amma bu gün tam başqa bir formada onlar Xocavəndi yada salırlar. Çünki antiterror əməliyyatı zamanı Xocavənd şəhəri, onun kəndləri, qəsəbələri hamısını  erməni işğalçılarından azad olundu. Ermənilərin vəhşiliyi o həddə çatmışdır ki,  oranı tərk edəndə mina basdırdılar. Hər yerdə ağac əkmək əvəzinə minalar «əkdilər». Düşünürdülər ki, onlar rədd olub gedəndən sonra bura azərbaycanlılar qayıdacaq və bu mina terroru onların fikirləşdiyi əy iyrənc, ən alçaq yollardan biri idi. 
Üç-dörd ildə  işğaldan azad olunmuş digər rayonlar kimi Xocavənddə də çox böyük abadlıq, quruculuq, tikinti işləri görüldü. Dağıdılmış binalar, dağıdılmış yollar, o cümlədən bütün infrastruktur yenidən quruldu. Başqa sözlə demiş olsaq,  insanların doğma yurda qayıtması, yaşaması, işləməsi üçün əlverişli şərait yaradıldı. Bu şəraiti isə Azərbaycan dövləti, Ali Baş Komandan, prezident İlham Əliyev  yaratdı.  Təbii ki,  qısa  müddətdə mövcud ərazilərdə bu qədər möhtəşəm işlərin görülməsi elə də asan məsələ deyildi. Çünki Böyük  Qayıdış proqramına uyğun olaraq xocavəndlilər də mərhələ-mərhələ öz doğma  yurdlarına  qayıtmalı idilər. Artıq bir ilə yaxındır ki, bu  proses, yəni  doğma yurda qayıtmaq mərhələsi başlayıb. 

Cənab prezident bayram günlərində xocavəndliləri sevindirdi. Onlarla görüşündə  prezident İlham Əliyev  yurda qayıdanları  təbrik etdi. Xüsusən də Xanoba kəndinə qayıdanlar bu sevinci daha dərindən hiss elədilər. Belə ki, prezident İlham Əliyev onlarla görüşdü, hər bir kənd sakininin səmimi və yaddaqalan söhbətini dinlədi. Təbii ki, kəndə qayıdanlar üçün bundan böyük sevinc yox idi. Ona görə  bundan böyük sevinc yox idi ki, onlar 30 ildən çox idi ki, bu yurdun  həsrətindəydilər. Üstəlik də onların sevincinə cənab prezident İlham Əliyev və birinci vitse-prezident  Mehriban xanım Əliyeva da şərik idi. Kənd sakinləri  bir daha prezidentin necə böyük ürək sahibi olduğunu, Vətənini və xalqını sevdiyinin şahidi oldular. Onlar şahidi oldular ki, Azərbaycanın böyük bayramı  olan Novruzda Cənab Prezident onların yanında oldu, yeni  mənzil almaları münasibətilə təbrik elədi və onlara cansağlığı arzuladı. 
Ən böyük yaddaqalan hadisə isə balaca Ayazın Cənab Prezidentin idarə etdiyi avtomobildə əyləşməsi oldu. Uşaq dedi ki, mən də böyük maşın istəyirəm. Cənab prezident onu qucağına alıb öpdü  və kənd camaatını bir daha  salamladı. Balaca Ayazın atası ilə söhbət edəndə bizə dedi ki, mən yatsam  yuxuma da girməzdi ki, kəndimizə qayıdacağıq və Cənab Prezident bizə belə mənzillər  hədiyyə edəcək. Bu tək mənim deyil, bütün kəndin, elin-obanın sevincidir. 

Bir neçə gündən sonra isə Cənab Prezident Xocavənd rayonunun Xanoba kəndinin balaca sakini Ayazı sevindirdi. Ona təptəzə KAMAZ markalı yük maşını hədiyyə etdi. Prezident həmişə öz xalqına, millətinə sədaqəti ilə fərqlənib. Ən ağır və ən çətin günlərində xalqın yanında olub, onlara ürək-dirək verib və arxa duraraq deyib ki, hər  şey yaxşı olacaq. Xanoba kəndində də belə bir sevinc yaşandı. O sevinc ki balaca Ayazın yaddaşında  uzun illər qalacaq. Bu sevinci, bu xoşbəxtliyi bir ailəyə bəxş etmək özü də çox böyük möhtəşəm addımdır. Əlbəttə,  insanlar onlara olan sevgini, qayğını, istəyi hiss edəndə istər-istəməz dövlətçiliyə və dövlətə məhəbbətləri birə-beş artır. 

Təbii ki, öz doğma yurduna  qayıdan xanobalılar da bu sevgi və diqqətə  görə dövlətə, öncə Cənab Prezidentə öz təşəkkürlərini  bildirirlər. Söhbət zamanı  Nadir Əhmədova da bu barədə danışmasını xahiş etdik. O dedi ki, Xanoba kəndində  mənə yeni üçotaqlı mənzil veriblər. Bu mənzillər bizim ürəyimizcədir və hər cür şəraiti  var, Bakıdakı evlərdən fərqlənmir. Əksinə, buranın havası da, suyu da Bakıdakından min dəfə yaxşıdır. Bunu tək mən demirəm, kəndimizə qayıdan  insanlar deyirlər. Allaha and olsun ki, Bakıda olanda heç vaxt  gecələr  rahat yatmırdım, amma burda öz evimdə çox rahat yatdım və özümü dünyanın ən xoşbəxt adamı hiss elədim. 

Bizi xoşbəxt edən təbii ki, göydə Allah, yerdə Azərbaycan əsgəridir. Eyni zamanda prezident İlham Əliyevin bizə bəxş etdiyi bu gözəl həyatı, bu gözəl anı ömrümüz boyu  yaddan çıxara bilmərik. Buranın yazı həmişə gözəl olub. Amma bu yaz daha gözəldir. Güllər-çiçəklər, hər tərəfdəki yaşıllıqlar bizə yeni nəfəs verir və hiss edirik ki, doğrudan da doğma yurddan, doğma torpaqdan gözəl heç nə yoxdur. Bircə qalır  bu yurdun qədrini bilmək, yaxşılığı yaddan çıxarmamaq və şəhidlərimizin ruhuna dualar oxumaq. Hər çiçəyi, hər gülü və hər yaşıllığı görəndə sanki şəhidlərimizi görürük. Onların nəfəsini, səsini hiss edirik. Bax beləcə, bu anları, bu dəqiqələri yaşamaqla biz ömrümüzün ən gözəl günlərinə qədəm qoymuşuq.

Xanoba kəndinin sakini Nəcəf Həsənov da deyir ki, mənə kəndə qayıtmaqdan böyük hədiyyə olmazdı. Bu hədiyyənin bayram günündə edilməsi isə bizə ikiqat sevinc idi.  Çünki həmişə Novruz bayramını  boynu bükük qeyd etmişik. Nə üzümüz gülüb, nə də ürəyimiz, amma indi üzümüz də gülür, ürəyimiz də. İndi  balalarımız da sevinir, nəvələrimiz də. Xoşbəxtik ki, bundan sonrakı günlərimizi doğma kəndimizdə – Xanobada yaşayacağıq!
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.