ANA SƏHİFƏ / YAZARLAR

ƏZRAYILLA SAVAŞAN QLADİATOR

18268    |   2007-11-17 04:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Orta məktəbdə oxuyanda şer də yazırdım, hekayə də, respublika qəzetlərinə məqalələr də, amma ağlıma gəlməzdi ki, yazıçı olum. Həkim olmaq istəyirdim. Ən çox sevdiyim fənlər də dəqiq elmlər idi. Üstündən 37 il keçsə də bu gün də fizika, riyaziyyat, kimya, biologiya, həndəsə haqqında bilgilərim demək olar ki, beynimə necə həkk olunubsa poza bilmirəm ki, yerinə başqa bilgiləri oturdum. Məktəbi bitirəndə atam Tibb İnstitutuna tanış da tapdı, gəldim Bakıxanov küçəsinə, instituta sənədlərimi verim. Üç-dörd saat dayanıb fikirləşdim və gördüm ki, məndən həkim olmaz. Döndüm geri, getdim sənədlərimi Universitetin filologiya fakültəsinə verdim. Və atam da biləndə bərk əsəbiləşdi. Dedi ki, indi bu iki daşın arasında Universitetə adam hardan tapım. Amma sağ olsun, tapdı.
   
   Mən niyə həkim olmaq istəmədim?! Başa düşdüm ki, gücüm çatmayacaq. Mən Əzrayılla savaşa bilməyəcəm. Bəlkə də indiki ağlım olsa Əzrayılla savaşın yollarını tapardım. Amma onda uşaq idim axı.
   
   Və Əzrayılla savaşmaq da hər oğulun işi deyil! Bir mələyin ki arxasında Allah dayanıb, onla savaşmaq olar? Birinin arxasında hansısa bir vəzifəli adam duranda elə bilir böyük bir gücə malikdir. İndi fikirləş ki, Əzrayılın arxasında Allah dayanıb, onun gücü-qüdrəti hara qədərdir?!
   
   Eşidəndə ki, dünya şöhrətli alim, böyük ziyalı, böyük vətəndaş, HƏKİM Əhliman Əmiraslanovun 60 yaşı tamam olur, ürəyimdən keçdi ki, onun haqqında bir-iki kəlmə söz deyim. Qəribədir ki, mən Əhliman Əmiraslanovu 1970-ci ildən tanıyıram. Amma tanışlığımız yadımdan çıxıb 10 il olar, 12 il olar. Və bu tanışlıq da dostluq səviyyəsində deyil, amma tanışlıqdan da yuxarıdadı. Mənim bu insana qeyri-adi bir hörmətim var və bu hörmət də təbii ki, hər şeydən əvvəl onun həkimliyinədir, onun elminədir. Amma sonra görmüşəm ki, insanlığı da elə həkimliyi, elmi qədər yüksək səviyyədədir.
   
   Mən Azərbaycanı dünyada tanıdan hər bir azərbaycanlı ilə fəxr eləyirəm. Amerikada yaşayan Lütfizadə ilə də. Amma Əhliman Əmiraslanovla və əhlimanəmiraslanovlarla daha çox fəxr edirəm. Niyə? Çünki Əhliman Əmiraslanov və əhlimanəmiraslanovlar böyük şəxsiyyət olmaqla bərabər, böyük alim olmaqla bərabər, həm də bu millətə qulluq eləyirlər, həm də bu dövlətə qulluq eləyirlər.
   
   Rəmiş gitarada necə çalırsa, mən də bəzən yazılarımı elə yazıram. Yəni süjeti olmaz, fikirlərim bəzən bir-birinə dolaşar, Hindistandan danışdığım yerdə Amerikaya gedə bilərəm, muğamdan danışdığım yerdə Paqaniniyə. Və təbii ki, qeyri-adi adamlar haqqında yazanda belə olur. Demək, belə pis çıxmasın, deyəsən elə mən özüm də qeyri-adi adamam. Mənim nəzərimdə Əhliman Əmiraslanov qeyri-adi adamdı. Məsələn, Xudu Məmmədov kimi, Azad Mirzəcanzadə kimi, Vaqif Mustafazadə kimi, elə Rəmiş kimi. Və mənim fikrimcə, bu insanlar və adını çəkmədiyim belə insanlar, deyək ki, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cavid, Sabir, Mirzə Cəlil, Səməd Vurğun, Rəsul Rza, Məmməd Araz kimi, adi adam deyillər, mələkdirlər - Allahın mələkləri. öydən Allah tərəfindən yer üzünə hansısa bir missiya ilə göndərilmiş mələklər. Və çox maraqlıdır ki, bunlar mələk olduqlarını bilmirlər. Elə bilirlər mənim, sənin kimi bir insandırlar. Və bəlkə də bilirlər, amma Allahın tapşırığı ilə onlar bunu bizlərə sezdirmirlər.
   
   Hüseyn Cavid deyir ki, mən bir peyğəmbərəm, hümmətim olsa. Mən yeddi peyğəmbərdən savayı yerdə qalan 123.993 peyğəmbərin insanlığa nə gətirdiyini o qədər də bilmirəm. Amma Hüseyn Cavidin nə gətirdiyini bilirəm.
   
   Azərbaycanda çox qüdrətli həkimlər olub və indi də var. Və bu həkimlər mənim nəzərimdə mələklərdirlər və eləcə də Əhliman Əmiraslanov.
   
   Əhliman Əmiraslanovun nə titullarını saymaq fikrindəyəm, nə mükafatlarını, nə vəzifəsini, nə də elmi yaradıcılığından söhbət açmaq istəyirəm. Onda bu Rəmişin çaldığı kimi yazmaq olmadı axı, bütün musiqiçilərin eyni kökdə çaldığı bir mahnı və ya bir muğam oldu.
   
   Keçmişdə deyəsən, Hippokrat andı vardı, həkimlər ona and içərdilər. Amma deyəsən, bir Sovet həkiminin də andı vardı, and içərdilər. Bilmirəm Əhliman Əmiraslanov Hippokrata, ya Sovet həkiminə and içib?! Ola bilsin and içib, amma mənə elə gəlir ki, Əhliman Əmiraslanov bu peşəni, bu sənəti seçəndə Allahı və vicdanı qarşısında götürdüyü öhdəliklərə and içib. Və neçə illərdi bu andına ləyaqətlə əməl edir. Allahdan qorxduğuna görə yox, Allahı sevdiyinə görə. İçimizdəki Allah sevgisi ölüb, Allah qorxusu ilə yaşayırıq. Və nə qədər ki, Allah qorxusu ilə yaşayırıq, biz azad insan ola bilmərik və günah edəcəyik. Allahdan qorxmaq lazım deyil, Allahı sevmək lazımdı. Mən neçə illərdi ikisinin arasındayam. ünahlarım da var axı. Mənim fikrimcə, Əhliman Əmiraslanovun və əhlimanəmiraslanovların günahı yoxdur, bilməyərək etdikləri günahlar ola bilər ki, bu da Allahın önündə sevgidən bağışlanandır. Necə ki, Məcnunun günahları sevgisinin önündə bağışlanır. Məcnunun sevgisi də Leyli sevgisi deyil, Allah sevgisidir.
   
   Hüseyn Cavid deyir ki, mənim Tanrım gözəllikdir, sevgidir...
   
   Deyəcəksiniz ki, Allahın mələklərindən danışırsan, amma Əhliman Əmiraslanovu qladiator adlandırırsan.
   
   Əhliman Əmiraslanov qladiatordur. Özü də hər gün döyüşə çıxan qladiator. Amma bir fərq var ki, o öz həyatı üçün yox, başqalarının həyatı üçün döyüşə çıxır. Özü də əlində xəncər olan, görünən bir rəqiblə yox. O, hər gün gözə görünməyən və arxasında Allah dayanan və Allahın fərmanını icra eləyən Əzrayılla döyüşə çıxır. Çox ağır və dəhşətli bir döyüşdür. Sanki sənin gözlərini bağlayıblar, əlində də xəncər deyil, adi, balaca bir cərrah bıçağıdır, vuruşduğunun isə əlində hətta atom bombası var. Mənim bu sözlərim təkcə Əhliman Əmiraslanov haqqında deyil, cərrahlarımız, həkimlər haqqındadır. Sadəcə olaraq, Əhliman Əmiraslanov bu savaşda Spartakdır, öndə gedəndir. Eyni zamanda bu savaşı Əzrayılla döyüşə hazırladığı və döyüşə apardığı yüzlərlə qladiatora öyrədəndir.
   
   Ortaya bir sual çıxar ki, bəs onda adi bir cərrah bıçağı ilə əlində atom bombası olan, arxasında Allah dayanan Əzrayıla Əhliman Əmiraslanov necə qalib gəlib yüzlərlə insanı Əzrayılın pəncəsindən qoparıb yenidən həyata qaytara bilir?! Bu bir sirrdir və bu sirri yalnız Tanrı bilə bilər. Mən ehtimal edə bilərəm. Axı dedim ki, belə insanlar insan deyillər, Allahın mələkləridirlər. örünür, Allah Əzrayıla öldürmək əmri verəndə Əhliman Əmiraslanova - öz mələyinə, xilas et! - əmri verir. Və bu əmri yerinə yetirmək üçün də insana şah damarından yaxın olan Allah, öz mələyinə də elə Əzrayıla verdiyi qüdrət qədər qüdrət verir, onları bərabər döyüşə buraxır. Və təbii ki, bəzən bu döyüşdə Əzrayıl da qalib gəlir.
   
   Bu gün Əhliman müəllimin 60 yaşı tamam olur. Bu gün 35 ildən artıqdır ki, başqalarının həyatı üçün Əzrayılla döyüşən bir QLADİATORun 60 yaşı tamam olur. Hələ uzun illər də döyüş meydanında olacaq, hələ uzun illər də Əzrayıla qalib gəlib yüzlərlə insanı onun pəncəsindən xilas edəcək bir QLADİATOR!
   
   Əhliman müəllimi təbrik edirəm və təbrik edirik! 60 yaş nədir ki?! Dostoyevski yazır ki, general Yermolovun ömrünün ən gözəl çağları idi, özünü çox gümrah və möhkəm hiss eləyirdi, əsl evlənmək vaxtı idi, 55 yaşı təzəcə tamam olmuşdu. İndi Dostoyevskinin təbirincə desək, Əhliman müəllimin evlənmək yaşından cəmi 5 il keçib. Yəni 60 yaş nədir ki?!
   
   Yazını başlayanda Rəmişin improvizasiyalarına qulaq asa-asa yazırdım, kimsə də kabinetimin qapısını tərbiyəsizcəsinə döyürdü. Rəmiş də musiqisini kəsdi, mən də dayandım. Rəmiş yenə çalacaq, mən də haçansa Əhliman müəllim haqqında yarımçıq qalan yazımın arxasını yazacam. Və qapını tərbiyəsizcəsinə döyənin nə vecinə ki, məni gör hansı qatımdan götürüb atdı "Ədalət"in bir otağına, qoymadı yazımı yazım.
   
   Əhliman müəllim, mən bir dəfə Allahın işinə qarışmışam, uzun illər altını çəkmişəm. İndi Allahın işinə qarışıb Sizə Allahdan nə isə diləmirəm. Sadəcə olaraq, Sizə Allahın məsləhət bildiyi qədər ömür arzulayıram və bir də Əzrayılla döyüşdə həmişə qələbə!


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK