ANA SƏHİFƏ / YAZARLAR

Çox qorxurduq. Ki, bu dəqiqə ev alışacaq - Eminquey yazır

3569    |   2018-11-06 18:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhər-səhər havanın qarnı açılmışdı. Külək yağışı gah o yana səpir, gah da bu yana püləyirdi. Heç sevmədim də küləkli yağışları. İndi kimsə mərmərlə döşənmiş piyada keçidlərində, parklarda, səkilərdə sürüşüb yıxılmamaq üçün mübarizə aparır.

Gözlərimi yuxu tutub saxlamışdı. Elə bil naməlum biri qollarıyla məni çarpayıya sıxırdı. Gözlərimi ovuşdurub gərnəşdim. Bədənimdəki bütün ağrılar az da olsa havaya buxarlandı. Elə ayağa durub əynimi geyinəcəkdim ki, anamın səsini eşitdim:

- Bura daş qoyanın ələngəsinə lənət!

Səhər yuxudan oyanıb nələrinsə düz getməyini biləndə dəliyə dönürəm də.

- Ay mama, nolub yenə?

Anamdan səs gəlmədi...

- Ay qız, yenə nəyə əsəbiləşmisən?

Yenə səs gəlmədi...

- Mamaaa, ay mamaaa!

Həmişə anam nəyəsə hirslənəndə, başı qarışıq olanda üçüncü qışqırığımdan sonra hay verir.

- Ədə, nolacey? Ev aşsüzənə dönüb.

Əynimi alayarımçıq geyinib keçdim o biri otağa. Anam əlində əski ilə döşəməyə girişmişdi. Döşəməyə cürbəcür qazançalar düzmüşdü. Burnunu çəkməyindən bildim ki, ağlayır.

"Dinq, donq, dinq, donq” – deyə qazançalardan səs çıxırdı. Tavandan süzülən yağış damcılarına hirsləndim. Anamı bu hüznü ab-havadan çıxarmaq üçün əl-qol açıb oynamağa başladım.

- Mama, pozitiv ol, yağışın ritmini tut.

Anam gözü yaşlı-yaşlı tərs-tərs baxmasaydı, dayanmayacaqdım.

Əl-qolumu saxlayıb əyildim anama tərəf, qolundan tutub qaldırdım, qucaqladım.

- Darıxma, bir şey fikirləşəcəm. Hələliksə get, otur, qalanı mənlikdi.

Qalanı deyəndə ki, anam döşəməni silib qurtarmışdı, qazançalar da öz yerində. Daha elə bir iş qalmamışdı. Dayandım, bir az fikirləşdim. Nə edim ki, bu deşiklərin heç olmasa bir-ikisini bağlayım.

Qəfil biixtiyar dolabı açdım, yekə bir skoç tapdım. Skoçun ağzını tapana kimi onu istehsal eləyənləri bir xeyli xatırladım. Ən qıcıq olduğum şeydi skoçu açmaq. Ayağımın altın stul qoyub qalxdım tavana. Damcıların düşüşünü izləyib tez deşiklərin birinə skoç yapışdırdım. Damcı aman vermədi, yapışdırdığım skoç dayanmadı, qopdu.

Bir, iki, üç...

Bir-iki deşik də olsa bağlaya bildim, qazançalardan bir-ikisi azaldı.

Aşağı düşüb şad xəbəri tez anama çatdırdım. Onun az da olsa rahatlığına səbəb olmuşdum.

- Darıxma, yağış kəssin, düzəldəcəm.

Həyətə çıxdım, əl-üzümü yuyub ac qarına bir siqaret yandırdım. Tüstülənə-tüstülənə 2000-ci illərin əvvəlinə qayıtdım.

Atamın uzaq səfərə çıxdığı vaxtlar idi. Onda hələ evimiz təmir olunmamışdı. Döşəməsi sınıq-salxaq, arakəsmələrindən siçan keçən, divarındakı kağızları yarımsoyulmuş vəziyyətdə, damı qırdan olan bir ev.

O vaxtlar yağışlı günlər bundan da betər keçirdi. Evin iç üzünə qədər su axırdı. Ermənilər də bu evləri elə tikib ki, işıq xətlərindən baş açmaq mümkün deyildi. Divarların içinə sızan yağış elektrik naqillərində qığılcım yaradırdı. Çox qorxurduq. Ki, bu dəqiqə ev alışacaq. Elə olurdu ki, günlərlə şam, ləmpə işığında otururduq.

Bu qaranlığın bircə tərəfini çox sevirdim. Qonşumuzun qızı bizə gələrdi ki, tək qalmayaq. Günlərlə bizdə qalardı. Anama kömək edərdi. Axşamlar da o qızın yanına qısılıb yatardım. Ayaqlarını tumarlayardım. Uşaq idim, belə şeylərin mahiyyətinə varmazdım, mənimki uşaq sığalıydı, uşaq. Amma həm də uşaqcasına bağlanmışdım o qıza.

O vaxtın antenli telefonları var idi, təzə çıxan Eriksonlardan. Atam birini özünə, birini də anama alıb vermişdi. Ki, səfərə çıxanda bizdən xəbər tuta bilsin. Günlər keçmişdi, atam bu sınıq-salxaq evi toyuq hinindən əməlli-başlı adam evinə çevirmişdi.

Siqaret sinəmdə düyünləndi, məni bərk öskürək tutdu, fikrim də tüstüyə düşüb uçub getdi.

Evin qapısını açdım. İçəri girib örtəcəkdim ki, mağara qaranlığı çökdü. Otaqdan anamın səsi gəldi:

- Deey, işığı da kəsdilər! Zalımın balaları!

Cin vurmuşa döndüm.

- Bu nə deməkdi e? Hə, indi bu nə deməkdi? Yağış yağır, çöl soyuq, ev güclə qızır, indi işığı kəsməyin yeridi?

Bunu deyə-deyə bir də gördüm ki, yanı üstə yerdə oturmuşam. Ayağım hansısa qazançaya ilişmişdi, tir-tap yerə dəymişdim.

Qazanın danqıltısı, mənim qışqırığım, anamın yanıma gəlməyi....

Özümü söyüş söyməkdən güclə saxlayırdım. Mamanı bir bəhanə ilə həyətə çıxartdım.

- Mama, telefonum həyətdə hamamda, güzgünün qabağında qalıb. Qurban olum, onu gətir də. Ayağım ağrıyır.

Anama çıxar-çıxmaz ev telefonuna sarı qaçdım. Dəstəyi götürdüm, 199-u yığdım. İşıq idarəsinin qaynar xəttini...

- Duud, duuud, duudd...

Xətt məşğuldur.

Bir də... Bir də... Bir də...

Qəfil xətt də kəsildi, dud da.

Yadıma düşdü ki, telefonun şunuru da xarabdı. Hərdən gicliyi tutur. Əsəbimdən telefonu götürüb çırpdım yerə. Başladım telefonun istehsal edənin də qohumlarını xatırlamağa. Bu dəm anam girdi içəri, telefonu yerdə görüb bərkdən deyinməyə başladımı? Başladı. İndi gəl, sakitləşdir. Hirsim soyumur, buğaya dönmüşəm. Ağlıma gəldi ki, mobil telefondan da qaynar xəttə yığmaq olur.Telefonumu anamdan alıb 199-a yığdım.

- Duud, duud, duud. Azərbaycan dili üçün 1-i seçin.

Seçdim.

- Qəza xidmətinə bağlanmaq üçün 1-i seçin.

Seçdim.

- Sizi operatora bağlayırıq, xahiş edirik gözləyin.

Qarşıda qaynar xətdə oturan operatoru məşəqqətli dialoq gözləyir.

- Azəri İşıq, buyurun, eşidirəm.

- Xanım, Xutorda işıqlar niyə kəsilib?

- Orada transfarmatorda açılma baş verib.

Guya ki, başqa səbəb var imiş də, bu demirmiş.

- Ay xanım, həmişə eyni şeyi deyirsiz. Hər dəfə açılma baş verir. Hə, bilirəm, indi deyəcəksən ki, ustaları göndərmişik, düzəldirlər.

- Bəli, göndərmişik.

- Əzizim, qulaq as, bir-iki kəlmə dözümü deyim.

- Buyurun.

- Bax, xanım, mən nəinki işıq pulunu, qazın da, suyun da pulunu vaxtında ödəyən adamam. Borcum olsa və işığımı kəssəniz, deyərəm ki, hə, haqlıdırlar. Axı mən bu zəhərə qalmış kommunalı vaxtında ödəyirəm, niyə mənim işığım kəsilməlidi?

- Vallah, mənlik bir şey yoxdu, açılma baş verib, ustaları göndərmişik.

- Bildim e, sənlik heç zad yoxdu, bəs kimlikdi?

- İşıq idarəsinə ərizə yazın, baxsınlar probleminizə.

- Hə, yaxşı, xanım, sağ olun!

Bunu deyib telefonu atdım masanın üstünə. Açığı bir az rahatlamışdım.

Yağış kəsmişdi. Biz tərəflərdə işıqlar kəsiləndə qonşular məhləyə çıxırlar, dərdlərini bölüşürlər. Gördüm ki, hamı məhlədədi. Dedim:

- Ay qonşular, gəlin, yığılaq, ərizə yazaq, gəlib bu zəhrimara qalmış problemi həll eləsinlər.

Biri uzaqdan:

- A kişi, xeyri yoxdu.

Biri o tərəfdən:

- Ərizə yazdın, sonra?

Biri də bu yandan:

- Bir dəfə yazdıq da, düzəltdilər?

Gördüm ki, nə bunlar məni başa düşəcək, nə də ərizə yazacaqlar. Anamın da qolundan tutub girdim evə.

Evə ölü bir sükut çökmüş. Sükutu birinci anam pozdu:

- Atan sağ olsaydı bu ev bu günə qalmazdı. Evi təmir etdirərdi.

Bu dəfə də sükut həmişəki kimi eyni cümləylə pozulmuşdu: Atan sağ olsaydı...




İmza:Eminquey

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK