ANA SƏHİFƏ / YAZARLAR

O ƏSGƏRLƏ BƏRABƏR MƏNİ DƏ TUTUN

(Tutulmalı olan adamları tuta bilmədiyimizə görə)

14425    |   2006-12-21 01:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncədə "N" saylı hərbi hissənin bir əsgəri dörd əsgər yoldaşını güllələyib, biri ölüb, üçü də ağır vəziyyətdə xəstəxanadadır. Həmin əsgər yaxalanıb və yəqin ki, tezliklə müttəhimlər kürsüsündə oturacaq. Azərbaycan Respublikasının müvafiq orqanlarından xahiş eləyirəm ki, bir millət vəkili kimi, ən azı bir ziyalı, bir yazıçı kimi məni də həmin əsgərlə birlikdə müttəhimlər kürsüsündə oturtsunlar. Çünki ən əvvəl mən də günahkaram, onun elədiyi bu cinayətə görə. İkincisi də ki, bu cinayətdə əli olan, tutulmalı olan adamları tuta bilmədiyimizə görə.
   
   Tez-tez eşidirik, mətbuatda oxuyuruq, şahidi oluruq":: əsgər əsgər yoldaşını güllələdi, əsgər komandirini güllələdi, əsgər fərarilik etdi, əsgər əsir düşdü...
   
   Əsgər əsgər yoldaşını və ya komandirini güllələyibsə, təbii ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində belə cinayətlərə görə tövsif olunmuş maddələrlə məsuliyyət daşıyır və daşımalıdır, cəzasını da almalıdır. Bu cəza hətta ömürlük də ola bilər. Əsgər ordudan fərarilik edibsə və ya əsir düşübsə o da cəzalandırılmalıdır Cinayət Məcəlləsinin müvafiq maddələri ilə. Hərçənd ki, Azərbaycanda bu günədək əsir düşməyə görə heç bir əsgər cəzalanmayıb. Bu bizim Cinayət Məcəlləsində ən böyük boşluqlardan biridir. Və yəqin ki, elə "boşluq olaraq" da qalacaq.
   
   Gəncədə "N" saylı hərbi hissədə bir əsgər dörd əsgəri güllələyib, biri ölüb, üçü ağır yaralıdı. Bu nə birinci hadisədi, nə beşinci, nə onuncu, nə də sonuncu. Bəli, əsgər çox ağır bir cinayət törədib və cəzasını almalıdır.
   
   Amma dünyada bir ədalət deyilən anlayış da var. Ulu Öndərimiz Heydər Əliyev hələ 33-34 il bundan əvvəl belə bir fikir söyləmişdi":: "Qoy ədalət zəfər çalsın!" Amma bu ədalət heç də həmişə, hər yerdə zəfər çalmır. Günahkar isə özümüzük, məhz özümüz.
   
   Məni həm bir ziyalı kimi, həm bir yazıçı kimi, həm də bir millət vəkili kimi ( onu da qeyd edim ki, mən millət vəkili kimi parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri üzrə Komissiyasının üzvüyəm və elə komissiyalara da düşə bilərdim ki, ayda bir dəfə Avropanın şəhərlərini gəzə bilərdim. Amma hörmətli Ziyafət Əsgərovdan xahiş elədim ki, mümkünsə məni bu komissiyaya salsınlar, çünki mənim üçün ən önəmli bu millətin təhlükəsizliyi və müdafiə məsələləridir) tanıyanlar çox yaxşı bilirlər ki, Ordu ilə əlaqədar həmişə ehtiyatla danışan, ehtiyatla yazı yazan və hətta mətbuatda hərbi senzuranın tərəfdarı olan bir adamam. Bu demokratiyaya ziddir, amma mən mənim millətimin təhlükəsizliyinə, müdafiəsinə qulluq eləməyən demokratiyaya tüpürürəm.
   
   Və bu yazını yazmağa məcbur olsam da, yenə öz prinsiplərimi qoruyuram.
   
   Məsələ nədi?
   
   "Sənət" qəzetində Rafiq Tağı adlı tanınmış bir yazıçı nə isə özünün dini əxlaqımıza zidd fikirlərini yazıb, belə demək mümkünsə, bir qələt eləyib. Hər kəs elədiyi qələtə görə qanun qarşısında cavabdehdir, eləcə də Rafiq Tağı. Amma sivil bir dövlətdə kimlərsə çıxıb kiminsə ölümü ilə bağlı fətva verirsə və dövlət buna göz yumursa, bu o deməkdir ki, heç də hamımız hələ sivil dövlətin nə olduğunu bilmirik. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ölümə təhriklə bağlı, hədə ilə bağlı müvafiq maddələr tövsif olunub. Çox qəribədir ki, Rafiq Tağının hansısa bir fikir plüralizminə görə, hansısa bir qələtinə görə ölümünə fətva verənlər haqqında heç bir tədbir görülmür. Buna necə baxaq?!
   
   İkincisi, çox qəzetlərin altında yazılır ki, "Müəlliflərin fikri ilə redaksiyanın fikri üst-üstə düşməyə bilər". Elə isə qəzetin baş redaktoru Samir Sədaqətoğlunu niyə həbs ediblər? Qəzetlər çox qəribə bir şey yazır, hətta "Ədalət" də məcburən bu fikrə etiraz eləmir ki, onları ona görə həbs ediblər ki, həmin fətvadan qorusunlar. Çox qəribədi! Sabah bir nəfər Aqil Abbasa deyər ki, səni öldürəcəm, onu yox, Aqil Abbası həbs edirlər ki, həyatını xilas etsinlər. Gülməli deyil ey, ağlamalıdı. Ağlamalı deyil ey, faciədi. Özü də dövləti faciədi!
   
   Qayıdaq mətləbə.
   
   Gəncədə "N" saylı hərbi hissənin bir əsgəri dörd nəfər yoldaşını güllələyib, biri ölüb, üçü də ağır yaralıdı. Əsgər həbs olunub və yəqin ki, tezliklə müttəhimlər kürsüsündə əyləşəcək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1-2, 3-4 maddəsi ilə ittiham olunacaq. Və indi hər şey ədalət məhkəməsindən yox, əsgərin valideynlərinin vəziyyətindən asılıdır.
   
   Bu əsgər çox ağır bir cinayət hadisəsi törədib və layiqli cəzasını da almalıdı. Və belə cinayətə yol verən əsgərlər çox ağır cinayət hadisəsi törədiblər və ya törədirlər, ona görə də layiqli cəzalarını da almalıdırlar. Olsun lap ömürlük həbs cəzası. Çünki Allahın verdiyi ömrü yalnız Allah ala bilər,Allahın işinə qarışan bəndə hansı cəzaya layiq görülsə, şəxsən mənim üçün məqbuldu.
   
   Bir az da mətləbə gələk. Bu əsgər bu cinayəti niyə törədib?
   
   Bu əsgər mənim oğlum deyil, hörmətli oxucu, sənin də oğlun deyil, heç xalam oğlu da deyil. Bu əsgər bu millətin oğludu. Yəni bu əsgərin yerində mənim də oğlum ola bilərdi, sənin də, o birisinin də, eləcə də ölən və yaralanan əsgərlərin yerində də.
   
   Ən böyük faciəmiz odur ki, biz millətin elə dərdi var ki, onu özəlləşdirmirik, bu restoran deyil, çayxana deyil, mağaza deyil, zavod-fabrik deyil özəlləşdirək, bu millətin dərdidi. Millət isə bizim deyil, biz hər birimiz millətinik. "Bu, mənim oğlumun, sənin oğlunun başına gəlməyibsə, dünəndən olsun" - bax, ən böyük faciəmiz budur. Biz hələ fərd kimi millətin dərdini dərd kimi qəbul eləmirik.
   
   Neçə il bundan əvvəl Hinal dağda əsgərlərimiz dondu öldü. Mən bunu öz dərdim kimi qəbul elədim və hətta bir povest də yazdım":: "Qar üstündə qan çiçəyi". Onda da indiki kimi Yeni il ərəfəsiydi. İstəyirsiniz inanın, istəyirsiz inanmayın, mən onda Yeni il keçirmədim və elə bildim Hinal dağda soyuqdan donub ölən oğullar elə mənim öz balalarımdı. Mənim də iki övladım var, biri dörd il hərbdə qulluq eləyib, biri bir il. İkisi də zabitdi, hərbiçidi. Yəni onlar ömürləri boyu həm mənim arzumla, həm də öz arzularıyla bu millətə, bu dövlətə qulluq edəcəklər. Və Hinal dağda donub ölən oğulların heç biri də mənim oğlanlarımdan nə əskik, nə də artıq idi. Yəni bu faciə mənim də başıma gələ bilərdi, ona görə bu faciəni öz faciəm kimi yaşadım.
   
   İndi Gəncədə "N" saylı hərbi hissədə baş verən hadisəni, ya istəyir öldürən tərəf olsun, ya istəyir ölən tərəf, öz faciəm kimi yaşadım.
   
   Mətləb. O mətləb ki, biz buna nail ola bilmirik. Amma olacağıq, mən buna inanıram, siz də inanın!
   
   Nədi o mətləb?!
   
   Həmin əsgər necə boğaza yığılıb, cana gəlib ki, belə bir cinayətə əl atıb? Onu kim belə boğaza yığıb, cana gətirib? Bax, həmin adam cinayət məsuliyyətindən kənarda qalacaq! Hələ ki! Hələ ki, həmin adam və ya həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmurlar. Əgər Rafiq Tağının yazdığı yazıya görə baş redaktoru həbs edirlərsə, belə cinayət törətmiş əsgərin və ya belə cinayət törədən əsgərlərin (onların sayı bir deyil, iki deyil, beş deyil, on beş deyil...) komandirləri niyə müttəhimlər kürsüsündə oturmurlar? Axı, bu cinayətin törədilməsində onun komandirlərinin və birbaşa həmin hərbi hissənin komandirinin əli var, bəli, bəli, əli var, məsuliyyəti yox, məhz əli var!
   
   Bir fakt söyləyim. Və dərdə bax ki, olduğu kimi yazmıram. Bir dostumun oğlu universiteti bitirdikdən sonra orduya çağırılır. Günorta saat 2-də Biləcəridəki yolasalma məntəqəsindən uşağı maşına oturdub aparırlar Bakı şəhərinin yaxınlığındakı hərbi hissələrin birində karantin keçməyə. Dostum uşağını heç kəsdən fərqləndirməmək üçün (yəni öz maşını ilə də apara bilərdi) elə orda həmin karantinə gedən bütün əsgərlərlə, eləcə də oğlu ilə görüşüb-öpüşür mindirir əsgərləri daşıyan üstüaçıq maşına (guya bir avtobus tapılmır), yola salır hərbi hissəyə. Deyirlər, əslində demirlər, bu elə belədi, boylu-buxunlu oğlanları əsgərliyə çağırılan günü hərbi hissədə "sındırmağa" çalışırlar. Bədbəxtlikdən, ya xoşbəxtlikdən dostumun oğlu da boylu-buxunlu oğlandı.
   
   Saat 3-də karantin üçün hərbi hissəyə çatan bu ali təhsilli oğlana taqım komandiri "naryad" verir ki, get tualeti yu. Gənc də hüquqlarını bilir, çünki hüquqşünasdı, deyir ki, mən hələ nə and qəbul eləmişəm, nə əsgər paltarı geymişəm, nə də əsgər çörəyi yemişəm. Siz mənə "naryad" verə bilməzsiniz. Belə olan halda taqım komandiri 10-15 gündən sonra hərbi qulluqlarını başa vuracaq 22 əsgəri yığır və onlara deyir"::
   
   - Filankəsov, bu gün gəlib, naryad verirəm tualeti yu, yumur. Ona görə də öz aranızda bir nəfəri seçin, getsin tualeti yusun.
   
   Sonra da çıxıb gedir.
   
   Fikirləşin, 22 "dembil" indi nə qərar çıxarır? Ya sən tualeti yuyacaqsan, ya sənin başını tualetə soxacağıq. Yenə fikirləşin, 1 nəfər 22 nəfərə qarşı. Təbii ki, həmin gənc də öz şəxsiyyətini qorumalıdı. Bakıya telefon açır və Bakıdakı 30-40 dostu onu xilas eləmək üçün həmin hərbi hissəyə yollanır. Əgər mən bu işdən xəbər tutmasaydım və hörmətli hərbi komissarımız, general-mayor Əliağa Hüseynov bu işə qarışmasaydı hansı faciənin baş verəcəyini təsəvvür etmək çətindi. Və elə mən buna görə Əliağa Hüseynova ömür boyu borcluyam.
   
   Və yenə mətləb. Bu əsgər dəliydimi və belə cinayətlərə yol verən əsgərlər dəlidirlərmi?! Dəlidirlərsə, bunları niyə hərbi qulluğa çağırırlar?! Dəli deyillərsə, bəs niyə bu cinayəti və bu cinayətləri törədirlər?!
   
   Sonuncu və yenə həmin mətləb. Bəli, həmin əsgər öz cəzasını alacaq. Günahkar, daha dəqiq desək, cinayətkar təkcə odurmu?! Çox xahiş edirəm, məni bir ziyalı kimi, bir yazıçı kimi, bir millət vəkili kimi həmin əsgərlə birlikdə müttəhimlər kürsüsündə əyləşdirin. Niyə?!
   
   TUTULMALI OLAN ADAMLARI TUTA BİLMƏDİYİMİZƏ GÖRƏ!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK