ANA SƏHİFƏ / YAZARLAR

MİLLƏTİN FACİƏSİ

17912    |   2006-09-27 14:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hüseynbala Səlimova!
   
   Bu, yalnız faciədi, özü də Qarabağ faciəsi kimi. Və Qarabağı azad eləmək milləti yenidən kitaba öyrətməkdən yüz dəfə asandı. Mədəniyyət körpü və ya ev deyil ki, uça, pul qoyub təzədən tikəsən. Mədəniyyət ki qırıldı, uzun illər lazımdır ki, onu bərpa edə biləsən və hələ bərpa edə bilsən.
   
   
   
   Sizin "Gündəlik Azərbaycan"da kitabla əlaqədar ağrılı bir yazınızı oxudum. Bircə fikrinlə razı deyiləm, deyirsiniz ki, bu millət heç əvvəllər də çox kitab oxuyan olmayıb. Bilirəm, bunu ürəyinizin ağrısı ilə deyirsiniz. Və çox yaxşı bilirəm ki (bu sizin yazınızdan aydın olur - yəni sizin kitaba münasibətiniz, yəqin ki, siz Bakıda kitab növbəsinin şahidi olmusunuz), kitab növbəsinə də durmusunuz. Moklatura yığıb, tapılmayan kitablar üçün növbəyə yazılmısınız. Yəni kitab üstə baş yarılan vaxtlar sizin də, mənim də yadımdadır.
   
   İndi küçələrdə on manata, uzağı on beş-iyirmi manata satılan və alıcısı olmayan kitabları vaxtilə kitab alverçilərindən 300 manata, 350 -400 manata alardıq. Və təbii ki, hamımızın bahalı kitablar almağa imkanımız yox idi. Birimiz alırdıq, yüzümüz oxuyurduq.
   
   Dostum, çox ağrılı bir məsələyə toxunmusan. Təvazökarlıqdan kənar mən də bu məsələyə dəfələrlə "Ədalət" qəzetində, televiziya verilişlərində toxunmuşam, ağrıya-ağrıya yazmışam, amma elə ağrıya-ağrıya da qalmışam.
   
   Sanki bu düşünülmüş bir işdir ki, milləti kitabdan ayırsınlar. Bizi sevməyən dövlətlər görünür ölkəmizdə gözəl bir proqram həyata keçirirlər və içimizdə də Qarabağ məsələsində olduğu kimi, bu məsələdə də ilana ağu verən kərtənkələlər var. Məhz bu kərtənkələlər kitab mağazalarını, millətin mülkiyyətini öz dədə-baba malları kimi hərraca çıxarıb satdılar. Küçənin adı yadımdan çıxıb, rəhmətlik Rəsul Rzanın evinin altında böyük bir kitab passajı vardı. İndi orda yalnız doqquz kvadratmetrlik qarışıq mallar mağazasında kitab satırlar. Yəni bütün şəhərdəki kitab mağazaları siz demiş, olub nə bilim nə mağazaları. İndi kitabları pamidor kimi, üzüm kimi küçələrə töküb satırlar.
   
   Yəqin ki, yadınızdadı, dəniz qırağında böyük kitab mağazası vardı. Burda əsasən elmi ədəbiyyat və bir də nadir, yəni aztapılan kitablar satılırdı, həm də abunəylə. Hətta satıcılar abunəçilərə üçqat, beşqat, onqat artıq pul təklif edirdilər ki, bəlkə kitabları almayalar. Jurnalist dostumuz Tehran Vəliyev "Az i Ya" kitabını alanda satıcı ona 100 manat təklif elədi (kitabın öz qiyməti deyəsən 3 manat idi), Tehran bizim aramızda kasıb dostlardan idi. Onun 100 manata çox böyük ehtiyacı vardı, amma o kitabı götürdü və bəlkə də Azərbaycanda 300 ziyalı o kitabı Tehrandan alıb oxudu. İndi həmin mağazada da nəsə satırlar.
   
   Kitab kollektorları indi avtomobil kollektorlarıdı. Və dostum, ən böyük faciə odur ki, bu kitab mağazalarını məhv eləyənlər, yəni bu işin başında dayananlar Azərbaycanın özündən razı ziyalıları olub, kitab yazanlar olub, kitab sevənlər olub, millətə dərs deyənlər olub. Faciəyə bax!
   
   Mənim Ağdamda bir kitabxanam vardı. Orada 15 minə qədər nüsxə olardı. Və bunların 70 faizi tapılmayan kitablarıdı, nadir kitablarıdı. Özü də elmin bütün sahələrinə aid kitablarıdı. Yəni ədəbiyyatçı olsam da, fizikadan tutmuş kimyaya qədər, təbabətdən tutmuş dünyanın bütün dilləri ilə bağlı lüğətlərə qədər nə istəsən tapmaq olardı. Yeri gəlmişkən, 1987-ci ildə doğulduğum Ağcabədi rayonunun Bayat kəndində Füzuli adına bir kitabxana tikdirdim, şəxsi vəsaitim hesabına. Qarşısında da Füzulinin abidəsini qoydurtdum. Arzum buydu ki, Ağdamda da bir kitabxana tikdirim. Şəxsi kitabxanamda da olanları camaat gəlib oxuya bilsin. Və mənim kitabxanamın da 100-dən çox daimi oxucusu vardı. Məhv oldu, qaldı elə Ağdamda. Bunu özümü tərif üçün yazmıram, bir səbəb var.
   
   Bir dəfə televiziyada bu barədə danışdım, səhərisi gün redaksiyaya Fuad adında bir oğlan gəldi, dedi ki, eşidəndə ki, sizin kitablarınız Ağdamda yanıb ürəyim ağrıdı, mənim evimdə 600-700 kitab var, gəlmişəm onu sizə bağışlayam. Getdim evinə, gördüm çox kasıb bir insandı, bəlkə də gündəlik çörəyə pulu yoxdu, kitablar da babat kitablar idi. Nə qədər elədim ki, kitabları mənə sat, bağışlama. Dedi ki, qətiyyən satmaram, ac qalmışam "Bukinist"ə kitab aparmamışam, kitabı kitab sevənə verərlər, bunları sənə ürəklə bağışlayıram. Sonra dedi ki, inşallah, Ağdam azad olunanda arzuna qovuşarsan, onda kitabxanana yazarsan ki, bu kitabları da Fuad bağışlayıb. İnsanda ürəyə bax! Düzdür, mən ona borclu qalmadım, amma bunun söhbətə dəxli yoxdu.
   
   Mən də sənin kimi həftədə ən azı bir dəfə "Bukinist"ə və digər kitab mağazalarına baş çəkirəm. (Sonra yadımdan çıxacaq, bunu da deyim, Hökumət Evinin arxasında hündürmərtəbəli binanın birinci-ikinci mərtəbəsi də kitab mağazası idi, təxminən 1000 kvadratmetr və bəlkə də daha çox, indi orda 25 kvadratmetrlik bir kitab mağazası qalıb, kitab satanlar məcbur olub kitabları səkiyə, ayaqaltına düzüb satırlar. Kitablar ayaq altındadı. Kitabı ayaq altına atan millət əgər o kitabı yerdən qaldırmasa, özü də ayaqlar altında qalacaq). Həmişə soruşuram, kitab alananlar var, amma barmaqla sayılacaqdan bir qədər artıq.
   
   Bəli, milləti kitabdan ayırdıq, kitab səviyyəsindən endirdik qəzet səviyyəsinə, şoular səviyyəsinə, seriallar səviyyəsinə və sair və ilaxır.
   
   Dostum, onu da deyim ki, rayonlardakı kitab mağazaları da day qalmayıb ey. Bakıda yenə bir on-on beşini tapmaq olar. Allah, sən göydən daş tökmə, 4 milyonluq şəhərdə on beş-on altı dıqqılı kitab mağazası var. Faciədi!
   
   Dostum, bir məsələyə toxunmamısan. Şəhərdəki bir çox kitabxanlar da artıq ləğv olunub, yerində nə bilim nə mağazaları açılıb. Gün gəlsə Axundov kitabxanasını şadlıq sarayına çevirsələr, təəccüblənmə. Ordakı heykəlləri də götürərik, yerinə manısların heykəllərini qoyarıq.
   
   Vaxtilə Nizami muzeyinin altı tamamilə kitab mağazaları idi. Sonra çevrildi şimotka mağazalarına. İndi muzey təmir olunur, inanmaq istəyirəm və inanıram ki, muzey əvvəlki ömrünü yaşayacaq. Baxaq görək də!
   
   Bəli, artıq qatar gedib. Görən nə cür edə bilərik ki, bu qatara çata bilək? Görən necə edə bilərik ki, milləti yenidən kitaba alışdıraq? Bu çox böyük problemdi və bu problemi həll etmək üçün bəlkə də bir institut yaradılmalıdır və həmin institut ziyalıları yığıb bir proqram hazırlamalıdı və dövlət tərəfindən bu proqram həyata keçirilməlidi. Yoxsa getdik ey, üzü Mozambikə doğru. Mozambikə də lağ eləyirəm,amma heç inanmıram ki, Mozambikdə kitab mağazasını ət mağazasına çevirələr.
   
   Dərdinə şərik oluram, çünki bu mənim də dərdimdi. Mən inanmıram nəsə bir institut yaradalar bu problemin həlli üçün. Bəlkə biz özümüz yığılaq bir layihə həyata keçirək və ya qeyri-hökumət təşkilatı yaradaq, nə isə... Necə fikirdi? Bir yerə yığışsaq bir qələt eləyə bilərik, ya yox?..


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK