ANA SƏHİFƏ / YAZARLAR

DOST HAQQINDA SÖZ

27025    |   2006-08-11 23:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Akifin özünü tələbəlik illərindən tanıyıram. Bir dost kimi, bir istedadlı ədəbiyyatşünas kimi... Ancaq universitet illərindən Özbəkistana göndərilib, sonrakı taleyini qardaş diyarla bağladığınamı, Azərbaycanda çox az çap olunduğunamı... onun şeirlərinin çoxundan xəbərsiz idim. Düzdür, bu şeirlərin bəziləri haqqında hər iki ölkənin Azd Şərəfəddinov, Abdulla Arif, Şükür Xalmirzə, Rauf Pərfi Öztürk, Osman Əzim, Xəlil Rza Ulutürk, Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqa məşhur yazarlarının xoş sözlərini oxusam da, eşitsəm də, səbirsizliklə Akifin özünü gözləyirdim, "dərd"lərini öz dilindən dinləmək üçün!.. Nəhayət, gəlib çıxdı, görüşdük, dinlədim, oxudum, inandım!..
   
   Azərbaycan oxucusuna ilk olaraq "Salam, dar ağacı!" (1986) şeiri ilə tanınan Akif Azalp artıq öz ana dilində çapa hazırladığı "Turan havası" və "Sığınmalı ocaq" kiitablarının nəşrini gözləyir. Oxuculara şairin hər iki kitabından seçilmiş müxtəlif illərin şeirlərini təqdim edərkən bir dost tənqidini də sirr saxlamıram. Düzü mən qəzəli o qədər də xoşlamıram, daha doğrusu, bu ənənənin çağdaşlıq nəfəsi məni o qədər də qane etmir. Amma Akifin qəzəllərində müasirliyin yeri haqqında, yaxşısı, qoy oxucu özü öz qənaətinə gəlsin. Mən isə qələm dostuma şeiriyyətin amansız yollarında mətanət və uğurlar diləyirəm. Və bir də onu deyim ki, Məmməd Araz Akifi həm şair, həm alim, həm də kəndçisi kimi çox istəyirdi, indi istəməsin...
   
   
   
   
   
   Akif Azalp
   
   
   
   MÜJDƏ
   
   
   
   Könülləri oxşayan bu şad xəbər, bu bayram
   
   On beş illik töhfədir yurdun istiqlalına.
   
   Bakı, Tbilisi üzrə bir alar-almaz aram,
   
   Türkün nərəsi çatdı Ceyhan terminalına.
   
   
   
   Bayrağının yenilməz ay- ulduzu fələkdə,
   
   Sıraları titrədib Azərbaycan gəlməkdə!
   
   
   
   Zirvələrə həkk edib memarının adını,
   
   Bar verməyə başladı "Əsrin müqaviləsi".
   
   Həyata qovuşdurub bir xalqın muradını,
   
   İlham ilə kükrəyib axır nur şəlaləsi.
   
   
   
   Bayrağının qüdrətli dalğaları fələkdə,
   
   Nəhənglərin önündə Azərbaycan gəlməkdə!
   
   
   
   Yaratdığı möcüzə ağılları çaşdırır,
   
   Alnından tər yerinə axıtdıqca simuzər.
   
   Yatırları dünyanın gözünü qamaşdırır,
   
   Gizli sandıqlarını bir-bir açdıqca Xəzər.
   
   
   
   Bayrağının yenilməz ay-ulduzu fələkdə,
   
   Sıraları titrədib Azərbaycan gəlməkdə!
   
   
   
   Nəs deyilən saylara yeni şan bəxş edərək,
   
   İyulun 13-ündə uğur-xeyir gətirib,
   
   "Üç dəniz əfsanəsi"n yaradan bahadır tək
   
   Neçə "Çıraq Günəşli", "Şahdəniz"lər yetirib,
   
   
   
   Bayrağının qüdrətli dalğaları fələkdə,
   
   Nəhənglərin önündə Azərbaycan gəlməkdə!
   
   
   
   Yol ver Sülh carçısına, şər böyüdən məmləkət!
   
   Baş əy nur yolçusuna, kin gəzdirən cəhalət!
   
   Əsrlərlə etdiyin zülmə oxuyub lənət,
   
   Diz çök haqqın önündə, hayı getmiş səltənət!
   
   
   
   Bayrağının yenilməz ay-ulduzu fələkdə,
   
   Sıraları titrədib Azərbaycan gəlməkdə!..
   
   
   
   2006
   
   
   
   QARTAL
   
   
   
   Dünya xəritəsinin ən möhtəşəm yerində
   
   Nəhəng bir qartal durub qanadların gərərək.
   
   Sanki qoca Qafqazın aydın bir səhərində
   
   Qalxıb süzmək istəyir Xəzərin üstündə tək.
   
   O əzəldən alovun, odun keşiyindəcə
   
   Günəşin düz gözünə heyrət ilə baxır lal.
   
   Göylərə sirdaş olan doğma beşiyindəcə
   
   Pərvaz eşqində yenə aparır dadlı xəyal.
   
   Göynətsə də itkilər, bir vaxt qanlı qəfəslər
   
   Sındıra bilməmişdir onun iradəsini.
   
   Tufanlar qoynundakı yad avazlar, nəfəslər
   
   Batıra bilməmişdir qıylar vuran səsini.
   
   Uçmaq... uçmaq istəyir, yaralı olsa belə,
   
   Zirvədən görmək üçün nisgilli dağlarını.
   
   Zəfər quçmaq istəyir, qaytarmaq əzmi ilə
   
   Yolunmuş lələkləri, qopmuş caynaqlarını...
   
   
   
   1993
   
   
   
   RESPUBLİKA
   
   
   
   Doğulduğun ilk gündən
   
   Bayrağından şan damır.
   
   Boğulduğun ilk gündən
   
   Ürəyindən qan damır.
   
   
   
   Səməndər tək oddaşa
   
   Bu da bir tale idi.
   
   O əsr başdan-başa
   
   Ah idi, nalə idi.
   
   
   
   Od içində sağ-aman,
   
   Düz səksən beş yaşında,
   
   Qartal kimi durmusan
   
   Minilliyin başında!
   
   
   
   Yüksəl, artıq yolunda
   
   Yalnız şan var, zəfər var!
   
   Gələcəyin uğrunda
   
   Yanan Ulu Öndər var!
   
   
   
   28 may 2003
   
   
   
   "QARABA?
   
   ŞİKƏSTƏSİ"NƏ
   
   
   
   Tar da əvvəl belə sızıldamırdı,
   
   Belə inləmirdi qabaqlar kaman.
   
   Yaş isə qan kimi yerə damırdı,
   
   Beyinə sızmadan, içə axmadan.
   
   
   
   Artıq səbirləri yaxmaqda iman,
   
   Artıq hər qaziyə, hər mərdə əyan"::
   
   Yerdə dığaları yaratdığından
   
   Göydə peşmançılıq çəkir yaradan.
   
   
   
   2005
   
   
   
   ALQIŞLA,
   
   AZƏRBAYCAN!
   
   
   
   (Bakıda Əlişir Nəvai heykəlinin
   
   açılacaq gününə)
   
   
   
   Nur saçdı İstiqlalın
   
   Yenə bir hədiyyəsi.
   
   Gül açdı hürr amalın,
   
   Babaların qayəsi.
   
   Bu gün sənət taxtında
   
   Füzuli özləyən şir.
   
   Möhtəşəm paytaxtında,
   
   Başda Həzrət Əlişir.
   
   Qəlbində dönməz Turan,
   
   Alqışla, Azərbaycan!
   
   
   
   O sənə qandaş elin
   
   Salamını gətirib.
   
   Misilsiz doğma dilin
   
   Kəlamını gətirib.
   
   O sənə öz halından
   
   Nəvasını bəxş edir.
   
   Nizaminin "bal"ından
   
   "Halva"sını bəxş edir.
   
   Sazında ölməz Turan,
   
   Alqışla, Azərbaycan!
   
   
   
   Bu dostluq bilməz sərhəd,
   
   Ona nə söz, nə tərif.
   
   Əzmində böyük qüdrət,
   
   Bu təşrif başqa təşrif!
   
   Hürr istiqbal uğrunda
   
   Öndə ulu sərdarlar,
   
   Parlaq iqbal yolunda.
   
   Bu didar başqa didar!
   
   Köksündə sönməz Turan,
   
   Alqışla, Azərbaycan!
   
   
   
   Özbəkcədən çevirəni
   
    Əbülfət ZEYNALO?LU
   
   2004
   
   
   
   
   
   XALQA
   
   
   
   Aləm heyran olmuş sənə hər haçan,
   
   Qəlbində çağlayan ümmanlar üçün!
   
   Papaqlar altında bəsləyib pünhan,
   
   Yetirdiyin mərdi meydanlar üçün!
   
   
   
   Cahan əhsən demiş sənə əzəldən,
   
   Nərəsi göy dələn arslanlar üçün!
   
   Təfəkkür tacını vermədən əldən,
   
   Tarixlər yaradan dastanlar üçün!
   
   
   
   Açun alqışlayır səni ürəkdən,
   
   Köksündən atılan vulkanlar üçün!
   
   Şərqdən Qərbə doğru sürət götürən
   
   "Bakı-Ceyhan" boyda karvanlar üçün!
   
   
   
   Dünya mat qalacaq sənə hər zaman,
   
   Azadlıq uğrunda qurbanlar üçün!
   
   Doğma yurdu aydın yola çıxaran
   
   Ata-oğul kimi sarvanlar üçün!
   
   
   
   2006
   
   
   
   "MİR CƏLAL
   
   PAŞAYEV" GƏMİSİ
   
   
   
   Dəryalar qoynunda nə çoxdu gəmi,
   
   Hərəsi bir adla açır səhəri.
   
   Gəmi var - məhəbbət beşiyi kimi
   
   Bağrında uyudur sevgililəri.
   
   
   
   Gəmi var - hürriyyət təbilin çalıb,
   
   Tufanları yarır, ləngəri ağır.
   
   Gəmi var - sulara vəlvələ salıb,
   
   Özgə qitələrə sursat aparır.
   
   
   
   Yalnız bir gəminin haqqı seçərək,
   
   Yenicə başlayır tale səfəri.
   
   Adın daşıdığı mütəffəkkir tək
   
   Hələ qabaqdadır böyük zəfəri.
   
   
   
   Bilənlər bilirlər tutduğu yükün,
   
   Baş vurar olsa da hansı ümmana,
   
   Dolana-dolana axırda bir gün
   
   Düzlük gətirəcək Azərbaycana!
   
   2006
   
   ZƏNGULƏ
   
   
   
   Qədir Rüstəmova
   
   
   
   Bu nə səsdi, kimin naləsidi bu,
   
   O kimdi - arzusu gözündə qalan?!
   
   Görən, hansı dağın laləsidi bu,
   
   Hara aparırlar, kimdi ağlayan?!
   
   
   
   Yenə dəyən kimi fələyin daşı,
   
   Kimin göl üstündə dondu hənası?!
   
   O almanın qızıl yanağındakı
   
   Kimin al qanıdı, kimin xınası?!
   
   
   
   Bu ay birdən dolub parladı hardan,
   
   Neçə qərib düşdü çöl-biyabana?!
   
   Ümidini nə tez üzdü bahardan,
   
   Bülbülün cəh-cəhi döndü fəğana?!
   
   
   
   O hansı yaranın sızıltısıdı,
   
   Məlhəmi yoxmu bu sirdən vaqifin?!
   
   Quyunun dibindən gələn o səda
   
   Göydələn ünüdü hansı arifin?!
   
   
   
   Kimi tutdu belə tale qarğışı,
   
   Tifağın kül edib sovurdu yelə?!
   
   O yüyənsiz dərya kimin göz yaşı,
   
   Bu sahibsiz məzar kimindi belə?!
   
   
   
   Kim vurdu arxadan qəfil zərbəni,
   
   Bu necə karvandı - sarvansız qalan?!
   
   Əjdaha kamında keçib dərəni,
   
   Axırda çaqqala, qurda talanan?!
   
   
   
   O neçə şəhidə deyilən ağı,
   
   Hansı bağdan qalxıb yüksəlir bu ah?!
   
   Sən bunlara necə dözürsən, axı,
   
   Sən bu xalqa necə qıyırsan, Allah?!
   
   
   
   1992
   
   
   
   MƏMMƏD ARAZ
   
    BİLMƏSİN!
   
   
   
   İllər boyu görməmişdim kəndimi,
   
   Görən kimi birdən dondu nəfəsim.
   
   Gördüklərim təzələdi dərdimi,
   
   Elə edin, Məmməd Araz bilməsin!
   
   
   
   Tanımadım bir dağının gülünü,
   
   Sonaları perik düşən gölünü,
   
   Yuxusunda süsən görən çölünü,
   
   Deyin barı, Məmməd Araz bilməsin!
   
   
   
   
   
   Harda onun buz qaynayan bulağı,
   
   Dağlar belə başın salıb aşağı,
   
   Neylədiniz, a zalımın uşağı,
   
   Elə edin, Məmməd Araz bilməsin.
   
   
   
   Bir qayaya adın oyub getmişdi,
   
   Çapıq daşı sazım deyib getmişdi,
   
   Bir çəməndə könlün qoyub getmişdi,
   
   Deyin barı, Məmməd Araz bilməsin!
   
   
   
   Onu sizə inanmışdı gedəndə,
   
   Qartalların qıyını vəsf edəndə,
   
   Kəhərlərin yalına əl yetəndə,
   
   Elə edin, Məmməd Araz bilməsin!
   
   
   
   Hanı ondan qalan odlu əfsanə,
   
   Çaylarından havalanan təranə,
   
   Lələ köçüb, yurdu qalıb viranə,
   
   Deyin barı, Məmməd Araz bilməsin!
   
   
   
   Xeyir olsun qalanların sabahı,
   
   Köksün yaxır gedənlərin hər ahı.
   
   Az deyil heç Azalpın da günahı,
   
   Elə edin, Məmməd Araz bilməsin!
   
   
   
   2001
   
   
   
   İTTİHAM
   
   
   
   Vətən xainlərinə
   
   
   
   Qapqara xəbərlərdən damarda qan qaraldı,
   
   İki dünya başıma birdən-birə daraldı,
   
   Ümidimin yolların duman aldı, çən aldı,
   
   Üfüqdə bölük-bölük qaralan sirli xilqət,
   
   Gözləməkdən gözümün artıq kökü saraldı,
   
   Bir de görüm, nə zaman sən millət olacaqsan,
   
   Yumruq kimi düyülən bir qüvvət olacaqsan!?
   
   
   
   Yox-yox, bu mənim deyil, kəbirlərin səsidi,
   
   Kasası çoxdan dolmuş səbirlərin səsidi,
   
   Ayaqlar altındakı qəbirlərin səsidi,
   
   Ömür boyu yolunda qan gülüb, qan ağlayan
   
   Mirzə Cəlillə, Mirzə Ələkbərin səsidi,
   
   Di cavab ver, nə zaman sən millət olcaqsan,
   
   Ərzi lərzəyə salan bir şiddət olacaqsan?!
   
   
   
   Yatdın fil qulağında cəhalətə qurşanıb,
   
   Qarnın otaranların eyş-işrətə qurşanıb,
   
   Başda oturanların həp rüşvətə qurşanıb,
   
   Dirilər bir tərəfə, ölüləri sataraq,
   
   Qan və can dəllalların rəzalətə qurşanıb,
   
   Bir desənə, nə zaman sən millət olacaqsan,
   
   Birdən ayağa qalxan bir qüdrət olacaqsan?!
   
   
   
   Bu qədər yurd-yuvasız qalanlar bəs deyilmi,
   
   Səd-sərhəd tanımayan talanlar bəs deyilmi,
   
   Varlığını çürüdən yalanlar bəs deyilmi,
   
   Gürzəsin oğlum deyə, şahmarın ulum deyə,
   
   Qoynunda bəslədiyin ilanlar bəs deyilmi?!
   
   Söyləsənə, nə zaman sən millət olacaqsan,
   
   Qandallarını qıran bir cürət olacaqsan?!
   
   
   
   Baş aça bilmirəm heç - nədən belə kiçildin,
   
   Yerlibazlar bəzmində badə-badə içildin,
   
   Satqınınla ölçüldün, xaininlə biçildin,
   
   Ağır başlı karvanlar, ümmanlar arasında
   
   Seçilsən cırtqozunla, dılğırınla seçildin.
   
   Dillənsənə, nə zaman sən millət olacaqsan,
   
   Özgələrin gözündə bir ibrət olacaqsan?!
   
   
   
   Ya bir vaxt şanlı tarix yazan özgələrmidi,
   
   Odlu nəfəsi ərşi qarsan özgələrmidi,
   
   Quduzların gorunu qazan özgələrmidi,
   
   Gözlərinin yaşını, dodağının qanını,
   
   Udaraq nərə çəkən arslan özgələrmidi?!
   
   De, bir daha nə zaman sən millət olacaqsan?
   
   Öz əslinə qayıdan bir surət olacaqsan?!
   
   
   
   Saxta keçmiş dilənib, gəzənlər millət oldu,
   
   Qıy vursan dörd tərəfə təzənlər millət oldu,
   
   Anasının əmcəyin kəsənlər millət oldu,
   
   Özündən güclülərin ayağını yalayıb,
   
   Özündən gücsüzləri əzənlər millət oldu!
   
   Səs versənə, nə zaman sən millət olacaqsan,
   
   Şərə meydan oxuyan bir nifrət olacaqsan?!
   
   
   
   Bilirəm, bəhanə var, -silah yoxdu, - deyirsən,
   
   Hərrac bazarlarının havadarın söyürsən,
   
   Silah tapmaq yerinə boş-boş çənə döyürsən,
   
   Lazım olmayan yerdə, ey qeyrət dağarcığı,
   
   Dar amanda qeyrətin göyə çəkildi nədən?!
   
   Ün versənə, nə zaman sən millət olacaqsan,
   
   Qeyrətinə sarılan bir hiddət olacaqsan?!
   
   
   
   Sirdisə, aç sirrini yalqız sirdaşın olum,
   
   Haqqa sarın, yolunda dönməz yoldaşın olum,
   
   Zəfər bayraqlarından daman göz yaşın olum,
   
   Tanrıdağın döşündən qaranəfəs yetirib,
   
   Yağını qəbrəcək ən qara daşın olum!
   
   Təki söylə, nə zaman sən millət olacaqsan,
   
   Birliyinə tapınan bir heyrət olacaqsan?!
   
   
   
   Düşündükcə tərkinə sümürür qara xəyal,
   
   Təsəvvürə sığmır ta bundan da dəhşətli hal,
   
   Bir cüt, bir tək dığanın qabağında dilin lal,
   
   Papağını qarşına qoyub bir də fikirləş,
   
   Hardasa ölüm-dirim sulalıdır bu sual.
   
   Başqa yolu yoxdu, bil":: ya millət olacaqsan,
   
   Ya ayaqlar altında bir ölət olacaqsan!!!
   
   
   
   1992
   
   
   
   QƏZƏLLƏR
   
   
   
   ***
   
   Yer üzündə misli yox gənci-nihandır Qarabağ,
   
   Əfsanələr uyudan sirli məkandır Qarabağ.
   
   
   
   Cənnətin əsli olan şehli gülüstanı ilə,
   
   Bülbüli- şeydalara bir aşiyandır Qarabağ.
   
   
   
   Kəşməkəşlər bürümüş yaxın-uzaq keçmişini,
   
   Kimlərə yağlı tikə, kimlərə şandır Qarabağ.
   
   
   
   Hər qarış topağının tər-təzə laləsi kimi,
   
   Hər şəhiddən yadigar qırmızı qandır Qarabağ.
   
   
   
   Xalıqımın didəsinə məlhəm olub tutiyə tək,
   
   Qənimin gözlərinə qara tikandır Qarabağ.
   
   
   
   Kəsilən hər ağacın yerində bir nər bitəcək,
   
   Haqq yolundan geriyə dönməz imandır Qarabağ.
   
   
   
   Akifin əzmi deyir":: dünya özün yırtsa belə,
   
   Hürr Azərbaycan üçün rişteyi-candır Qarabağ.
   
   
   
   1994
   
   
   
   ***
   
   
   
   Nur saçır kainatın min cürə əsrarı muğamdan,
   
   Gül açır hər könülün ilk kərə baharı muğamdan.
   
   
   
   Pərdələrdə alışıb tar-kamanın atəşi içrə,
   
   Yağılır duyğularım min illik izharı muğamdan.
   
   
   
   Zülmə üsyanlar ilə haqqa can atdıqca əzəldən,
   
   Parlayır millətimin şan gətirən varı muğamdan.
   
   
   
   Hürlük eşqin yaradan həm yaşadan nərlər önündə
   
   Yıxılır zamanların qurduğu hər darı muğamdan.
   
   
   
   Hansı xal, hansı boğaz, de, hansı zəngulə üzündən
   
   Düşdü aşiq dilinə məşuqə şərarı muğamdan?!
   
   
   
   Tellənir guşələrin zil təpəsi, bəm dərəsindən
   
   Məcnun ilə Leylilərin yeni ah-zarı muğamdan.
   
   
   
   Mehriban bir mələyin qayğıları kar elədikcə,
   
   Silinir keçmişinin qüssəli qubarı muğamdan.
   
   
   
   Akifa, əhdi dönük, sevgisi yoxlar nə bilir ki,
   
   Boylanır hər sevənin bir vəfalı yarı muğamdan!
   
   
   
   2006
   
   
   
   
   
   "Salamünəleyküm, ey dar ağacı!"
   
   "Gündoğmuş" dastanından
   
   
   
   Əsrlər qulluqda sultana, bəyə,
   
   Hökmlər önündə baş əyə-əyə,
   
   Boynunda əcəlin qanlı gültacı,
   
   Kimi gözləyirsən millənib göyə?!
   
   Salam, dar ağacı, kədər ağacı!
   
   
   
   Qan-qada içində yetər bircə him,
   
   Kəllə gətirən kim, kəllə güdən kim?!
   
   Zalıma, zamana nifrətin saçıb,
   
   Kimlər ilgəyinə tikilmədi ki?..
   
   Salam, dar ağacı, sükut ağacı!
   
   
   
   Yurdda yağı gəzsə sinəsin gərib,
   
   Yalanlar hayqırsa dövranın sürüb,
   
   Haqqa qovuşmağın tək bir əlacı
   
   "Mənəm!"- dedin hərdən uzaqdan durub,
   
   Salam, dar ağacı, qismət ağacı!
   
   
   
   Yurd dedik, dərbədər, hicranda yanıb,
   
   Yar dedik, könüllər qəmə qurşanıb.
   
   Qəsdimizə durcaq dildarın saçı,
   
   Səma eşqi coşdu qanda oyanıb.
   
   Salam, dar ağacı, əcəl ağacı!
   
   
   
   Ürəkdə nə qorxu, nə də göz yaşı,
   
   Dərdimiz od kimi əritdi daşı.
   
   Yurdun boynundakı qulluq xəracın
   
   Ödəməyə gəldik, dik tutub başı.
   
   Salam, dar ağacı, tale ağacı!
   
   
   
   Sərbədarlıq əzmin oyub könülə,
   
   Turan ellərindən çıxmışdıq yola.
   
   Axı, sən özün de, başımız tacı,
   
   Baş nəyə gərəkdir sürünən elə?!
   
   Salam, dar ağacı, nicat ağacı!
   
   
   
   Özbəkcədən çevirəni
   
   Əbülfət Zeynaloğlu
   
   1986
   
   
   
   
   
   
   
   Əjdər Qiyaslı
   
   iqtisadçı alim, şair
   
   
   
   ÇİNGİZ OLMAQ
   
   İSTƏYİRƏM
   
   
   
   Torpağımızın hər qarışı uğrunda igidlik və cəsurluq nümunələri göstərərək canını fəda edən Milli Qəhrəman Çingiz Mustafayevin əziz və unudulmaz xatirəsinə
   
   
   
   Düşmənlərdən intiqamı
   
   Özüm almaq istəyirəm.
   
   Məsləkimi bilsin hamı
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Döyüşlərdə öndə gedən,
   
   Yağıları qartal kimi
   
   Caynağında qırıb didən
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Gələcəyi nurlu görən,
   
   Yenilməyən igid ərən.
   
   Vətən üçün sinə gərən
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Torpağını əziz tutan,
   
   Hər atəşi hədəfinə
   
   Düz tuşlayıb sərrast atan
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Yumruq kimi sıx birləşən
   
   Əqidəsi, ürəyi bir.
   
   Gündən-günə kişiləşən
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Var-dövlətə satılmayan,
   
   Olum-ölüm savaşında
   
   Arxasından atılmayan
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Zəncirləri qırıb açan,
   
   Pələng kimi pəncələşib
   
   Gözlərindən alov saçan
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Cəsurların şir cürəti,
   
   Bizim xalqın yenilməyən
   
   Dağ dözümlü cəsarəti, -
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Babək kimi əyilməyən,
   
   Son nəfəsdə olsa belə
   
   Polad kimi döyülməyən
   
   Çingiz olmaq istəyirəm!
   
   
   
   Mərd əlləri qılınc səsi,
   
   Haqq yolunda mətinləşən
   
   Fədəkarlıq nümunəsi, -
   
   Çingiz olmaq istəyirəm!


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK