ANA SƏHİFƏ / YAZARLAR

YAMAN OLURMUŞ ANLAMAQ DƏRDİ

Fəridə RƏHİMLİ

19912    |   2018-08-31 16:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəl, əl-ələ tutub gedək,

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək

Dərdimiz olmayan yerə.

R.Rövşən

Bu dünyada bizim çox dərdlərimiz var - Araz dərdi, Vətən dərdi, torpaq dərdi, Qarabağ dərdi, namus dərdi, sevgi dərdi, bir parça çörək qazanmaq dərdi, külli miqdarda pulları harada gizlətmək dərdi, qonşu niyə məndən qabağa getdi fikri, hətta kişilərin faciəyə çevirdiyi, qadınları anlamaq dərdi və sair. Komik bir deyim də var: Hərənin dərdi özünə dəvə yüküdü.

Bu dünyada anlamaq deyilən bir dərd də var, bütün dərdlərin ən böyüyü, çəkilməzi ki, bu dərdi zaman-zaman anlayışlı, həssas, duyğulu insanlar çəkib, bəzən də çəkə bilməyib, dünyadan nakam köçüblər.

Paqaniniyə xoşbəxtlik haqda sual verəndə o, təxminən belə cavab vermişdi: "Xoşbəxt o insandı ki, onun anlayanı var".

Anlamaq insana Tanrı tərəfindən verilən elə bir nemət, elə bir mənəvi sərvət, elə bir ziynət və elə bir əziyyətdir ki, o ilahi vergini heç bir yolla əldə etmək mümkün deyil. O, hər adama da nəsib olan deyil. Onun üçün də o nemətdən nəsibini almış insanlar ətrafındakılarda onu görməyəndə darılır, tıncıxır, yaşam tərzi çətinləşir, cəfaya dönür.

Yazıçı Anar bunu Cəlil Məmmədquluzadənin həyatından bəhs edən "Anlamaq dərdi" əsərində məharətlə açıb göstərib. Qələmi, işıqlı fikirləri, gözəl bədii və publisist əsərləri ilə xalqına uzun illər boyu xidmət göstərən Mirzə Cəlilin başı olmazın müsibətlər çəkdi bu dərddən!

Sabirin tənqid hədəfləri indi də azalmır, əksinə, artır. Çünki ədəbiyyat dərdi göstərir, yaxşı ifadə edir, ancaq onu aradan qaldırmaq insanlardan tələb olunur. İnsanı məhv etsələr də onun mənəvi sərvətini məhv edə bilmirlər. Bu mənada insanın daxili aləmi həddən artıq zəngin, əhatəli olmalıdır. İnsanı nə qədər dərindən öyrənsən də yetmir, az olur. İnsan bir sirrdi, insan deyilən müəmma, mürəkkəblik yüzə yüz öyrənilə bilmir. Əvvəllərə nisbətən bu əsrdə insan idrakı çox inkişaf etsə də, heç vaxt sona çatmır və çatmayacaq da. Odur ki, Füzulinin kamil insanına nə qədər yaxın olsaq da, tam o insan ola bilmirik. Çünki bizim çağımızda dərdi anlamaq üçün həmdərdlik yolu bəs etmir. Özünü özgənin yerinə qoymaqla nə baş verdiyini anlamaq bəs eləmir. Dərdi anlamaq üçün dəyərləri anlamaq, insan mənəviyyatını görmək, qiymətləndirmək lazımdır. Sənin başına gəlməsə də, dərdlini bilməlisən, görməlisən, anlamağa çalışmalısan, deməlisən. Bizim dövrümüzdə dərdləri, problemləri, ağrıları anlamaq üçün özünü bunu yaşayan özgələrin yerinə qoymaq doğrudan da zətinləşib. Mirzə Cəlilin "Danabaşlarından", Sabirin nadanlarından Füzulinin kamil insanı arasındakı yolda heç dəyişmədi insanımız. Onların yaşadığı anlamaq dərdi bu gün də aktualdı. Anlamazlıq dərdi baş alıb gedir, insanlara əsəb, rahatsızlıq, ürək ağrıları, qanqaralıq, təəssüf hissini yaşadır. Qəribəsi isə odur ki, hər kəs "anlamazlıq dərdi"ndən şikayət edir.

Bəzən haqlı olduğunu sübut eləmək üçün haqlı olmaq bəs eləmir adama, elə buna görə də anlayışlı insanlar üçün həyatın bütün dönəmlərində yaşamaq həmişə çətin olur...

Ədəbi mühitdə "Dərd şairi" kimi qəbul olunmuş, şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun yazısından bir parça: "...Dünyanın namərd olduğunu eşitmişdim. Sonra bu namərdliklə zaman-zaman üz- üzə gəldim. Lap sonra da o namərdliyin qurbanlarından birinə çevrildim. Əvvəlcə doğulduğum kəndi, ev-eşiyi itirdim - dünya səsimə səs vermədi. Qaçqınçılıq yaşadım - dünya hayıma çatmadı. Dostların yarpaq tökümü başladı dünyanın tükü tərpənmədi...".

Bəli, kimsə kimsənin dərdini çəkmək fikrində deyil. Nəinki dərdini çəkmək, o dərdi anlamaq həvəsində, gücündə də deyil. Bu günkü həyatımızda hər kəs ancaq daha çox maddiyata sahib olmaq, bir-birindən önə keçmək, irəli gedənin ətəyindən yapışmaq, geridə qalanı da qəbul etməmək kimi naqis duyğularla yaşayır. Mənəviyyat, gözəl insani keyfiyyətlər "qarından" önəmsiz olub artıq.

İmkanlının özü də, sözü qanun olur. İmkansızın səsi belə duyulmur, "bizdən olmayanlar" hesab olunur. O, ətəklərindən yapışdıqları vəzifədən, söz sahibliyindən məhrum olub, yıxılanda isə, həya etmədən üstünə baltayla gəlirlər. Tənqid edirlər, lənətləyirlər, sanki illərlə xalqın qanını soran o, "yıxılan" bunların gözü qarşısında fəaliyyət göstərmirmiş, Aydan gəlibmiş...

Amma Allah hər kəsə bir sınaq meydanı verir, kiminə vəzifəylə, pulla, kiminə kasıbçılıqla. Hər kəsin də - vəzifəlinin bu imkandan necə istifadə etməsi sınağı, kasıbın yoxluqdan asi düşüb-düşməyəcəyi sınağı. Nə xoşbəxtdi bu sınaqdan üzüağ çıxanlar!

Amma çox təəssüf ki, bu qədər bəsit görünənləri çoxları anlamaq iqtidarında deyil.

Sağda mələk savab yazır,

Solda mələk günah yazır.

Sağdakı boş-bekar durub,

Soldakı bir kitab yazır.

Bir kitab günahın altından qalxmaq zamanı da gələcək. O zaman vay halımıza!

Qəbiristanlığa gedəndə bir anlıq ölümü düşünürük, dünyanın faniliyini qəbul edirik. Dünyada yalnız yaxşılığın, rəhmətin qaldığını düşünürük, Ancaq nə yazıq ki, bu düşüncələr qəbiristanlığın hasarından bayıra çıxa bilmir ki, bilmir. Buna bənzər halı televiziyada yayımlanan "Rezonans" verilişini seyr edəndə keçirmək olur. Dustaqları görən insanlar bir anlıq sonu həbsxana ilə bitən pis əməllərdən qorxur, bu qorxu da verilişin sonunda tərk edir onları - türklər demiş: huylu huyundan qalmaz. Ancaq vəzifə sahiblərini də hərdən türmələrə aparmaq lazimdi ki, nəticə çıxarsınlar...

Anlamaq dərdinin çox əzabları var. O əzabla yaşayanlar anlatmağa çalışır, çalışır, yorulub susurlar, tənhalığa qapılır, bir köşəyə çəkilirlər. Milyonların içində tənha yaşamaq qədər çətin bir həyat sürürlər.

Rəsul Rza 60-cı illərdə yazdığı şeri... heç nə dəyişməyib:

Kimi dərdindən içir, kimi kefindən

Kimi təzə paltardan qorxur,

kimi kəfəndən.

İsgəndəri soruşdunuz məndən?

İsgəndər içərdi,

Ləqəbi də "Kefli İsgəndər"di.

Gecə-gündüz düşündürürdü onu,

Diri ölülərin dərdi.

Yoxsa o da bir poçt məmuru olar,

Nə dərdlənər, nə içərdi.

Ömrü ölülər içində

Sakit, səssiz keçərdi.

Qınamayın İskəndəri!

Yaman olur anlamaq dərdi.


Bəli, yaman olurmuş!!!



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK