ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: AY OĞUL, BİZƏ ROBOTMU LAZIMDI?!

94165    |   2018-08-18 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saytlar vurhavur yazır , sosial şəbəkələrdə də qırğındı: Yasin Quliyev adlı müxtəlif çempionatların qalibi olan bir məktəbli robot düzəldib Meksikada keçiriləcək dünya çempionatında yarışa qoşulacaqmış, amma gedə bilməyib.

Səbəb də yol pulu tapa bilməyib. Özü də düzəltdiyi robot gündə bir maşın altında qalan küçə süpürgəçilərini əvəz edə bilərmiş. Qısası, robot uzaqdan komanda ilə zibilləri yığa bilir, küçələri süpürə bilir. Oğul, bax, sən bu robotu düzəltmisən, birdən hökumətin beyninə düşdü, bunun kütləvi istehsalına başladı, gör nə qədər süpürgəçini işsiz qoyasaqsan ey. Heç bunu fikirləşməmisən?!

Uşaq bu günlərdə bağlanan «İstək» litseyində oxuyurmuş. Elə yaxşı edib bağlayıblar o litseyi , uşaqların başını gör nələrlə xarab eləyirmişlər ey, robot, dron, kompüter, yox bir hülü şəftəli…

Başına dönüm, ay Yasin bala, neynirsən başını xarab edib ağlını robot düzəltməyə sərf edirsən. Səhər də bir az irəli gedib atom bombası düzəltməyə keçərsən , ABŞ da hirslənib bizi İranın gününə qoyar.


Başına dönüm, Yasin bala, robot-mobot boş şeydi, get düz-əməlli bir işlə məşğul ol. Güləşə get, futbola get, yüngül atletikaya get, gimnastikaya get, görmürsən bu saat idmançı çatışmadığına görə bir ətək pul verib hətta gedib Mozambikdən tapıb gətiririk. Odur ey, Mozambikdən uzununa hoppanan şokolad kimi bir atlet gətirmişik, familiyası da Babayev. Get idmanla məşğul ol, ad-san, şöhrət, ev,maşın, axşamlar da şəhərin barları, yoxsa gedib robot düzəldirsən.

Özü də bu yayın cırhacırında nə var o uzaq Meksikada? Dədəndən bir az pul al, özünü ver Nabrana, Qubaya, Qəbələyə, get, bir az başın açılsın, ruhun təzələnsin. Bu robot-mobot beynini də xarab eləməsin.

Ya da ərəbcə öyrən, odey şəhər doludu ərəb turistlərlə, onlara tərcüməçilik edib gül kimi pul qazanarsan, dədəngilə də bir xeyirin dəyər. Yoxsa robot?

Başına dönüm, ya da əlinə bir qaval götür, vsyo. Səsin yoxdusa da kompüterlə düzəldərlər. Odey televiziyalarda doludu səsi olmayan müğənnilər. Yoxsa robot? Canları çıxsın belə boş-boş, mənasız işlərlə qoy o qıyıq göz yaponlar məşğul olsun. Odur ey, qardaş Türkiyənin başı qarışdı robot düzəltməyə, indi Allahın kartofunu da Suriyadan alırlar.

Mirzə Ələkbər Sabirə qulaq asmayıb uşaqları eləyirlər dəngəsər, o da gedib robot düzəldir.

Sağ olsun Yasin balamıza yol pulu verməyən əlaqədar nazirliklər ki, uşağı vaxtında axmaq-axmaq işlərdən çəkindirə bildilər.

Və sonda. Ölkə adına ayıb olan bir iş.

P.S. Yasin bala, bu əminin bir zarafatıdı, sən yolundan dönmə. Kim bilir, bəlkə sabah göyə uçurdacağımız peykləri sən və sənin dostların yaradacaq! Tanrı səni və sənin kimi övladlarımızı qorusun!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-10-23
2018-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mamed:
- Qurtardı, arvadı boşayıram.
Qulam:
- Niyə?
- Təsəvvür edirsən, dünən səhər saat yeddiyə yaxın sakitcə yaxınlaşıram evimizin qapısına. Fikirləşirəm ki, ehmalca qapını açıb xəlvətcə sivişim otağa ki, heç kim bilməsin nə vaxt gəldiyimi. Elə bu zaman arvad da mənnən bir vaxtda qapıya yaxınlaşır, necədi səninçün?!
Soruşuram: "Hardan gəlirsən bu vaxt, aaaz?" Deyir ki, "ən yaxın rəfiqəm Tomagildən". Mən də dedim "qurtardı, boşanırıq!"
- Ay gədə, bəlkə elə doğrudan da Tomagildən gəlirmiş?
- Qələtdi dəə eləyir, Tomagildən mən gəlirdim...




digər lətifələr
ARXİV
FACEBOOK