hacklink Adalet.az | Rəssamların 70 yaşlı düşməni Adalet.az | Rəssamların 70 yaşlı düşməni Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Rəssamların 70 yaşlı düşməni

15265    |   2018-06-30 11:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev:
"Məni öldürmək üçün plan hazırlamışdılar. Son anda..."

"Bizim xalq tənqidi xoşlamır"

"Bu foto Səttar Bəhlulzadə ilə
görüşlərimizin birindən xoş xatirədir"

Yaradıcı insanlar tənqidə qarşı o qədər də tolerant olmurlar. Yalnız tərif, xoş söz eşitmək istəyən rəssamlarımızı da obyektiv tənqid etmək asan məsələ deyil. Tanınmış sənətşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dövlət Rəssamlıq Akademiyasının dosenti Ziyadxan Əliyevi bəzən "Rəssamların düşməni" adlandırırlar. Bu da təsadüfi deyil, həmişə obyektiv mövqeyi ilə seçilən Ziyadxan müəllim bütün çətinliklərə baxmayaraq prinsiplərini qorumağı bacarıb.
90-ci illərin əvvəllərində Milli İncəsənət Muzeyindən qiymətli eksponatlar oğurlanması faktı aşkar ediləndə etiraz səsini qaldıranlardan biri də məhz elə Ziyadxan Əliyev oldu. İstedadlı sənətşünasın göstərdiyi prinsipiallıq oğurluq hadisəsinin arxasında duranlara əməlli-başlı problem yaşatdı. Məsələni ictimailəşdirən Ziyadxan Əliyev o zaman bəziləri üçün arzuolunmaz şəxsə çevrilmişdi, özünün qeyd etdiyi kimi, hətta onun fiziki məhv edilməsi üçün plan cızanlar da var idi. Nə yaxşı ki, həmin adamların çirkin niyyəti həyat keçmədi və bu gün Ziyadxan Əliyev 70 yaşını bizimlə birgə qeyd edir.
- Ziyadxan müəllim, sizi yaxından tanıyanlardan biri kimi mən də bu 70 rəqəminə bir az şübhə ilə yanaşıram. Bəlkə rəqəmləri bir də dəqiqləşdirək?
- Dəqiqləşdirək. 1948-ci il iyulun 1-də anadan olmuşam. Çoxları elə bilir Şamaxıda doğulmuşam, amma mən Şəmkirin Çaparlı kəndində dünyaya gəlmişəm. Bunun də tarixçəsi ondan ibarətdir ki, atam Şəmkirdə hərbi xidmət keçdiyi dövrdə ailə qurub və biz 1955-ci ilə qədər orada yaşamışıq. Sonradan isə ailəmiz Şamaxıya köçüb.
- Sovet dövründə sənətşünaslar müəyyən olunmuş çərçivələr daxilində çalışmağa məcbur idilər. Sözün açığı, elə indi də asan deyil, çünki hamı sənətşünaslardan ancaq tərif gözləyir...
- Doğru deyirsən, bizim xalq tənqidi xoşlamır. Sovet zamanında, belə demək olarsa, sosialist tərifi prinsipi yaranmışdı. Sosialist realizmini təbliğ edən əsərlərin müəllifləri hər yerdə, mətbuatda, televiziyada təbliğ olunurdu, həmin rəssamların ünvanına təriflər deyilirdi. Bu tendensiya öz qələminə, imzasına hörmət edən, vicdanlı sənətşünasları narahat edə bilməzdi. Onlar sərgilərin müzakirələrində, sənətlə bağlı məhdud çərçivədə keçirilən yığıncaqlarda öz sözlərini deyirdilər. Amma həmin tənqidi fikirlər mətbuat səhifələrinə nadir hallarda yol tapırdı.
Rəssamın yaradıcılığını və ya onun konkret bir əsərini təhlil etmək, tənqidi fikirlərini bildirmək heç də sadə məsələ deyil. Təkcə siyasi qadağaları, yazılan və yazılmayan qaydaları dəf etməklə iş bitmir. Sənətşünas incəsənətin müxtəlif sahələrini, tarixi, fəlsəfəni, dini dərindən bilməlidir. Əks halda onun sözünün kəsəri, sanbalı olmaz. Məni bəzən "rəssamların düşməni" də adlandırırlar. Bunun özü də göstərir ki, yaşından, titulundan, tutduğu mövqedən asılı olmayaraq heç bir rəssamın qarşısına "yalın əllə" çıxmamışam. Səttar Bəhlulzadə, Mircavad, Ömər Eldarov, Altay Hacıyev, Tofiq Ağababayev kimi görkəmli rəssamlarla ünsiyyətdə olarkən onlardan sənətə obyektiv gözlə baxmağı öyrənmişəm. Bilmişəm ki, yaxşı nədir, pis nədir. Mən tələbələrimə də deyirəm ki, rəsm çəkməyi öyrənin, rəssamın əsər üzərində işləyərkən keçirdiyi hissləri siz də yaşayın və rəssamlığın necə çətin bir sənət olduğunu bilin. Təəssüf ki, bu gün sənətşünaslıqda təsvirçilik baş alıb gedir. Əsəri təhlil etmək, mahiyyətinə varmaq çoxlarının heç yadına da düşmür. Rəssamlar İttifaqında tənqid və sənətşünaslıq bölməsi var və mən həmin bölməyə rəhbərlik edirəm. Amma hamı bu bölmədən ancaq tərifli söz gözləyir. Rəssamlar İttifaqında hər kəs yaxşı bilir ki, heç kimi əsassız tənqid eləməmişəm. Rəssamın titulu, ictimai mövqeyi məni maraqlandırmayıb.
- Arada təriflədiyiniz rəssamlar da olur axı...
- Sənəti olan istedadlı dostlarımı tərifləyirəm. Rayonlarımızda yaşayıb yaradan istedadlı fırça ustalarımıza həmişə diqqətlə yanaşıram. Lənkəranda yaşayan Adil Əsədli, Qazaxın Çaylı kəndində yaşayan Nəcməddin Hüseynov, Naxçıvanda yaşayan Telman Abdinov haqqında məqalələr yazmışam, bu istedadlı və fədakar insanların təbliğ olunmasına çalışmışam.
Fikrimcə sənətşünaslıq amal olmalıdır, amma biz bu gün sənətşünaslıq üzrə fəlsəfə doktoru istehsal etməklə məşğuluq. Bir-iki məqalə yazıb elmi dərəcə almaqla iş bitmir axı. Hər ay "Mədəniyyət" və "Kaspi" qəzetlərində 4 məqaləm dərc olunur.
- Söhbətlərinizin birində qeyd etdiniz ki, Səttar Bəhlulzadə sizin sənətşünas olmaq istəyinizin əleyhinə çıxıb...
- Səttar Bəhlulzadə mənə birbaşa dərs deməsə də onu həmişə müəllimlərimdən biri hesab etmişəm. Onunla hər görüş özü elə bir dərs idi. Biz gənclər Səttarla ünsiyyətdən böyük stimul alırdıq. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin birinci kursunda artıq sənətşünas olmağı qarşıma məqsəd qoymuşdum. Fərqlənmə diplomumu alan kimi Səttar Bəhlulzadəyə dedim ki, Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun sənətşünaslıq fakültəsində təhsilimi davam etdirmək istəyirəm. Əvvəlcə narazılıq etdi, məni çox danladı. Dedi ki, sənin gözəl rəng duyumun var, yaxşı rəssam ola bilərsən. Amma ali təhsil almaq üçün Leninqrada gedəndə qucaqlayıb xeyir-dua verdi.
- 1993-cü ildə Milli İncəsənət Muzeyindən xeyli nadir sənəd əsərlərinin oğurlandığı məlum oldu. Yadımdadır, o zaman mətbuatda silsilə yazılarla çıxış edir, oğurluqda əli olanlarla demək olar ki, təkbaşına mübarizə aparırdınız. Səhv etmirəmsə, Natəvan Ələsgərova adlı azərbaycanlı bu işlə bağlı Amerikada həbsxanaya salındı. Həmin cinayət işinin axırı necə oldu?
- O zaman həmin oğurluğu sifariş verən və həyata keçirənlərlə açıq-açığına və təkbaşına savaşmaq sadə məsələ deyildi. Obrazlı desək, o vaxtlar kəfən geyinib gəzirdim. Rəhmətlik Şıxəli Qurbanovun qızı Gülnarə xanım həmin illərdə deputat idi və mənim müraciətimi Ali Sovetə yeni sədr seçilən Ümummilli Lider Heydər Əliyevə çatdırdı. Heydər Əliyevin bu məsələni nəzarətə götürməsi məni ölümdən qurtardı.
Amma təəssüf ki, muzeydəki oğurluq hadisəsi ilə bağlı cinayətdə bir neçə vəzifəli şəxsin adı hallandığından istintaq sona qədər aparılmadı. Həmin adamlar bu gün də azadlıqdadır. Natəvan Ələsgərova isə Milli İncəsənət Muzeyində oğurluq faktı ilə yox, oğurlanmış sənət əsərlərinin ABŞ ərazisində qeyri-qanuni satışına görə həbs olundu və 11 aydan sonra azadlığa çıxdı, səhv etmirəmsə indi də Amerikada yaşayır.
- Bildiyim qədər ilə oğurlanan əsərlərdən muzeyə qaytarılanlar da oldu...
- 275 əsər oğurlanmışdı. Yeri gəlmişkən, bir məsələni də deyim, mən oğurluq hadisəsini mətbuatda ictimailəşdirəndən sonra Rasim Əfəndiyev və Mürsəl Nəcəfov kimi tanınmış sənətşünaslarımız deyirdi ki, oğurlanan əsərlərin heç bir muzey əhəmiyyəti olmayıb. Ortaya maraqlı sual çıxır - muzey əhəmiyyəti olmayan işin muzeydə nə işi var?
Geri qaytarılan əsərlərə gəlincə, 69 əsərin satıldığı məlum oldu. 14 əsər isə Almaniyaya qaytarıldı, çünki onlar İkinci Dünya savaşında Almaniyadan qənimət kimi gətirilmişdi. 190 əsəri Milli İncəsənət Muzeyinə qaytarmaq mümkün oldu.
- Digər sənətşünas həmkarlarınızdan biz jurnalistlərə bir köynək yaxınsınız. Reportyor kimi sizinlə mətbuat konfranslarında, tədbirlərdə çiyin-çiyinə çalışmışıq...
- Sağ ol ki, həmin gərgin və maraqlı günləri yada saldın. İlk mətbu yazım 1961-ci ildə "Azərbaycan pioneri" qəzetində dərc olunub. Görürsən də, jurnalist kimi xeyli stajım var. Sonra müxtəlif qəzetlər və jurnallarla sıx əməkdaşlıq etmişəm. Sənin dediyin reportyorluğa gəlincə, yəqin "Avrasiya" qəzetində və İran Televiziya və Radiosunun Bakı nümayəndəliyində çalışdığım illəri nəzərdə tutursan. Türkiyənin tanınmış jurnalisti İrfan Sapmaz Bakıda "Avrasiya"nı nəşr edəndə maraqlı kollektiv formalaşdırmışdı. Bu qəzetdə istedadlı qələm sahibləri çalışırdı və oxucular "Avrasiya"nın hər sayını maraqla oxuyurdu. O dövrdə jurnalistikada tamam fərqli atmosfer var idi.
- Azərbaycan rəssamlarının həyatında baş vermiş məzəli hadisələrdən bəhs edən "Boyalı gülüşlər" kitabınız dörd il öncə nəşr olundu. 70 illik yubileyə əliboş gəlirsiniz?
- "Boyalı gülüşlər" kitabını hazırlamaqla həqiqətən də tarixi bir iş gördüm. Kitabı ərsəyə gətirmək üçün çox əziyyət çəkmişəm. İki il cibimdə diktofon rəssamların arxasınca düşmüşəm. Tutaq ki, filan bir əhvalatı filan rəssam eşidib və ya görüb, gedib həmin rəssamı tapırdım. O da deyirdi ki, bu gün vaxtım yoxdur, sabah gəl. Səhəri gün gedirdim, deyirdi ki, əhvalım yaxşı deyil, o biri gün gəl.
Yubileylə bağlı təzə kitabım olacaq. Özün də yaxşı bilirsən ki, sakitliyi sevən adam deyiləm. "Sənətşünas taleyim" adlı yeni kitabıma 70 məqalə daxil etməyi planlaşdırmışam. Sentyabr-oktyabr aylarında "Söz palitrasının qəhrəmanları" adlı bir sərgi açmağı da planlaşdırıram. Yaradıcılığını araşdırdığım rəssamların əsərlərindən seçmələri həmin sərgidə nümayiş etdirmək fikrindəyəm. Kitabın təqdimat mərasimi də sərginin açılışında olacaq.




YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-12
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK