ANA SƏHİFƏ / MÜSAHİBƏ

İstedadı olmayanlar qədər zəhlətökən adamlar yoxdu...

26850    |   2018-02-22 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim "söz” haqqında anlayışımıza yeni bir məna gətirir. "Söz adamı” layihəsinin növbəti qonağı Təranə Vahiddir.

̶ Xəlil Cibranın belə bir fikri var: "İçimizdə söz dalğası qalxanda da dərinliklərimiz sükut içində olur...” Söz adamının sükut içində söz dalğası necə görünür?

̶ Müsahibələrimin birində demişəm, "Dünya tanrıları”, "İnsanoğlu İsa”, "Asi ruhlar”, "Peyğəmbər” romanlarını yazan, üstəlik, aforizmləri ilə dünya ədəbiyyatını işıqlandıran Xəlil Cibranla sanki ruh qohumluğum var. Onun yaradıcılığını çox sevirəm. Adətən təbiətdə tufanlar, fırtınalar sükutdan sonra baş verir. Ancaq yaradıcı insanlarda bu fərqlidi. Söz adamının içindəki fırtınalar sükutdan əvvəl baş verir. Sükuta təslim olmaq yazmaqdı. Yazar üçün sükut həm də daxili çarpışma, daxili monoloqdu.

̶ Əzbərlənmiş, artıq yorucu olan ədəbi imzalar hər gün qarşımıza çıxır. Qəzetdə, saytda, televiziyada... Belə bir deyim də var: "İstedadlı adamlara dəstək olun, istedadsızlar onsuz da özlərinə bir yol tapacaqlar...” Buna münasibətiniz necədi?

̶ Əslində, ədəbiyyatın sərhədləri o qədər genişdir ki, heç kim heç kimə mane olmur. Kim nə istəyir yazsın, necə istəyir yazsın, əsas odur ki, çalışıb özünü ifadə eləsin. Mənim fikrimcə, ədəbiyyat ruhdan qopan hissəciklərdi, yaşantılardı. Ruhdan qopur, amma sən onu necə cilalayacaqsan, hansı formada təqdim edəcəksən, bax bu yaradıcılıqdı. Hər gün gözə görünən imzaları və ya gözə görünmək üçün dəridən-qabıqdan çıxan imzalara baxıb sadəcə gülümsəyirəm. Populyar olmaq istəyirlər, olsunlar. Mənim heç vaxt belə bir istəyim olmayıb. Populyarlıq bir anlıqdır, gəlir və gedir.

̶ Sanki bu bir növ reklamdı. Kimin ətrafında daha çox dostu varsa, onun "istedad”ından ağız dolusu danışır. Ədəbi qruplaşma demək olarmı buna?

̶ Ədəbiyyatda qruplaşmalar həmişə olub. Bu gün də belədi, sabah da elə olacaq. Sosial şəbəkələrdə kiminsə yazısının altından "möhtəşəm”, "dahiyanə” yazmaqla kimsə dahi olmur, qardaşım. Həvəs keçici hissdi. Ədəbiyyat tək karyeralı sənətdi, gec-tez hər kəsin içində eqosu baş qaldırır və qruplar dağılıb yerlə yeksan olur. Onu da deyim ki, özünü istedadlı hesab edən, amma istedadı olmayanlar qədər zəhlətökən adamlar yoxdu. Nə yazıq ki, belələrinin sayı çoxdu.

̶ Kitab təbliğatı necə qurulmalıdır ki, kitab satışından müəlliflər qazana bilsinlər? Hər hansı bir mexanizm mövcuddurmu?

̶ Bu sahənin mütəxəssisləri illərdi bu suala cavab axtarırlar. Mən də hansısa mexanizmdən danışa bilməyəcəm. Amma öz fikirlərimi deyə bilərəm. Əvvəlcə bütün cəmiyyətdə kitaba qayıdış olmalıdır. Qayıdış üçün kitaba sevgi yaranmalıdır. Televiziyalarda saatlarla vaxt alan qiybət verilişlərinin yerinə 2-3 dəqiqəlik reklam çarxları hazırlanmalıdır. Kitab bazarında sağlam rəqabət olmalıdı. Nəşriyyatlar kitab evləri və müəlliflərlə birgə işləməlidi. Bu yaxınlarda metroda "Metroda oxu” layihəsini gördüm. Xalq yazıçısı Anarın "Təhminə və Zaur” kitabı yüksək zövqlə təqdim olunub. Gün ərzində on minlərlə insanın gözü bu kitaba sataşır. Əla bir təbliğatdı. Belə layihələr davamlı olmalıdır. Kitab təbliğ olunmalıdır.

̶ Unutmaq, bağışlamaq, tərk etmək... Bu sözlər arasında bir ortaq məxrəcə gəlmək mümkündürmü?

̶ Mümkündü. Ən çətini unutmaq, ən mümkünü bağışlamaq, ən asanı tərk etməkdir. Bu sözlərin ortaq məxrəci sevməkdi.

̶ "Mən toz dənəsiyəm” hekayəsi IV Beynəlxalq Mahmud Kaşğari hekayə müsabiqəsinin ölkə (Azərbaycan) üzrə birinci, Türk dünyasında 4-cü yerə layiq görüldü. Bu hekayənin yazılma tarixi və səbəbi haqqında nə deyə bilərsiniz?

̶ Qəribə adətim var, ürəyim istəyən yazını yazanda belə heç vaxt çapına tələsmirəm. Yalan olmasın, bu hekayə bir müddət əlyazma şəklində hekayələrimin arasında dolaşdı. Oxuyurdum, baxırdım və bir kənara qoyurdum. Həqiqəti deyəcəm, əsərlərin qəbul müddətinin sonuncu günü hekayəmi müsabiqəyə apardım. Hava çox isti idi, üstəlik, həmin ünvanı da çox çətinliklə tapdım. Arada istədim ki, hekayəni vermədən geri dönüm. Yoluma nağıllardakı kimi nurani bir qoca çıxıb axtardığım ünvanı uzaqdan mənə göstərdi. Hansı səbəbdən yazdığımı deyə bilməyəcəm. Yazdıqlarımı heç vaxt əvvəldən planlaşdırmıram, süjet xətti cızmıram, hansı mövzuda yazacağım belə yazının əvvəlindən sonuna qədər sirri-xuda olur. Əksər hekayələrimi birnəfəsə yazmışam. Bu yaxşıdı, pisdi, deyə bilmərəm, amma mənim yazı üsulum belədi. Vladimir Nabokov yazı prosesi barədə belə deyirdi: "Romanlarımın ideyası gözlənilmədən doğulur. Bir dəqiqənin içində. Qələmi alıram əlimə, hər şey başlayır vərəqə axmağa...”. Özümü Nabokovla müqayisə eləmirəm ha, həddimizi bilirik... (gülür).Bu hekayə mənə uğur gətirdi. Avrasiya Yazarlar Birliyi 2016-cı ilin dekabrında məni Almatıya ̶ Kaşğari mükafatının təqdimatına dəvət eləsə də, təəssüf ki, gedə bilmədim. Ötən il 12-14 sentyabr tarixində Avrasiya Yazarlar Birliyi Qazaxıstanın Türküstan şəhərində "VIII Türk dünyası ədəbiyyat dərgiləri konqresi” keçirirdi. O konqresdə "Ulduz” jurnalını təmsil edirdim. Bu mükafatı təkrar o torpaqda ̶ Türk dünyasının hikmət xəzinəsi sayılan Xoca Əhməd Yəsəvinin vətənində ̶ Türküstanda mənə təqdim edəndə qəribə duyğular yaşadım.

̶ Müsahibələrinizin birində qeyd etmisiniz ki, ümidsiz anlarımda söz məni xilas edir. Sözün həyatınızda rolu bu qədərmi böyükdür?

̶ Mənim dünyam sözdən ibarətdi. Bu dünyada hər sözün öz rəngi, öz ətri, öz çəkisi, öz yeri var. "Avesta”ya görə "hər şeydə ruh var”. Sözün də ruhu var. Bir sözə sığınıb illərlə yaşamaq olar, bir sözə güvənib dünyanın o başına getmək olar, bir sözlə intiharı seçən adamı saxlamaq olar. Sözü sevmək, əslində, ədəbiyyatı sevməkdi.

̶ Həmişə oxumaq istədiyiniz və axtardığınız əbədi mövzular...

̶ Ədəbiyyatın üç əbədi mövzusu var: məhəbbət, ölüm və pul ̶ bu sözləri Qorki deyirdi. Bütün əsərlər bu mövzulardan qaynaqlanır. Hansı mövzu olursa-olsun, əsas odur ki, istedadla yazılsın, ruhu qidalandırsın, heyrətləndirsin, düşündürsün.

̶ Yazmaq istədiyiniz, amma hələ yaza bilmədikləriniz haqqında nə deyə bilərsiniz?

̶ Yazmaq istədiyim o qədər mövzular var ki… Hərdən düşünürəm ki, dünyada eynən bir-birini təkrar edən iki yarpaq yoxdusa, eynən bir-birini təkrarlayan yazı da yoxdu. Heç kim sənin yazmaq istədiyini yaza bilməyəcək, sən də eynən başqasının yazdığını onun istədiyi kimi tamamlaya bilməyəcəksən. Özümə və başqalarına tövsiyəm: yazmaq, həm də çox yazmaq lazımdı. Kimsə səni oxuyacaq, ya oxumayacaq, bunu düşünmədən ürəyinin səsinə qulaq asıb yazmalısan.

̶ Müasir dövr Azərbaycan ədəbiyyatında kimləri oxuyursunuz?

̶ Dədə Qorquddan bugünəcən ədəbiyyatımız adına nə yazılıbsa, hamısını oxumağa çalışıram. İstər klassika olsun, istərsə də müasir əsərlər. Öz ədəbiyyatımızı sevirəm. Çünki bu ədəbiyyat bizim ruhumuzun daşıyıcısıdır. Hər kəs ədəbiyyat dünyamızın bir kərpicini daşıyır, hər kəs bacardığını yazır. Oxuduğum kitablar çoxdu. Elə kitablar var ki, bu gün oxuyuram, sabah unuduram. Unuduramsa, demək, o kitablar yaddaşımda iz salmayıb, ruhuma toxunmayıb. Son illər ədəbiyyatımızda Xalq yazıçısı Anarın Nazim Hikmətin həyat və yaradıcılığından bəhs edən "Kərəm kimi…” romanı, Əli Əmirlinin "Ağdamda nəyim qaldı?” avtobioqrafik romanı, Nəriman Əbdürrəhmanlının "Qurban” roman-xronikası, Aydın Talıbzadənin "Əbuhübb” romanı mənə görə son illərin ən uğurlu əsərlərindəndir. Çox güman ki, başqa uğurlu əsərlər də var, ancaq mən oxuduğum əsərlərdən danışdım. Gənclərimiz arasında da istedadlı yazarlar var. Və düşünürəm ki, ədəbiyyatmız yeni bir mərhələdə, yeni bir ərəfədədir.

̶ Dünya ədəbiyyatından oxumağa vacib bildiyiniz əsərlər...

̶ Migel de Servantesin "Don Kixot”, Viktor Hüqonun "Büq-Jarqal”, Taqorun bütün yaradıcılığı, Lev Tolstoyun "Hacı Murad”, Dostoyevskinin "Karamazov qardaşları”,Çexovun hekayələri, Antuan de Sent-Ekzüperinin "Balaca Şahzadə”, Markesin və Folknerin əsərləri. Bu siyahını çox uzada bilərəm. Miniatür yapon ədəbiyyatını və təbii ki, Xəlil Cibranın əsərlərini yaddan çıxarmamaqla…

̶ "Üç balığın nağılı” hekayəsində belə bir məqam var: "Biri vardı, biri yoxdu. Gecə-gündüz heyvan haqlarından danışan bir ailədə üç talesiz balıq yaşayırdı... Nağılınızın sonunda yazırsınız: "Göydən üç tilov düşdü. Tilovların ucunda üç ümid çırpınırdı...” Formal olaraq hansısa haqlardan danışanlar çoxdu, deyəsən...

̶ Bir məsəl var, "Başını yarıb, ətəyinə qoz tökmək”. Dünyanın lider dövlətləri gecələr şəhərləri bombaladıb səhəri gün viran qoyduqları yerə humanitar yardım göndərirlər. Suriya, Əfqanıstan, Fələstin, İraq... İnsan haqlarından danışıb insan haqlarını pozanlar, heyvan haqlarından danışıb heyvanları ovlayanlar... "Üç balığın nağılı” belə yarandı. Nə yazıq ki, üç balıq balasının taleyi dəyişməyəcək, insan haqlarından danışanlar sonda balıqları qızardıb yeyəcək.

̶ Ədəbi mükafatlara münasibətiniz...

̶ Bütün axtarışlar, tapıntılar, cəhdlər gec-tez ya Allah, ya da bəndələr tərəfindən qiymətləndirilir. Mükafatın başqa adı stimuldu. Yaradıcı adamların buna ehtiyacı var. Haqqı çatanlara nəsib olsun.

̶ Son olaraq "söz” haqqında sözünüz...

̶ Sözümüz kəsərdən düşməsin, sözümüz utanmasın, sözümüz bitməsin...


Söhbətləşdi: Tural Cəfərli




İmza:

Azərbaycanda şair olmaq çox gülməlidir - MÜSAHİBƏ

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK