adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AQİL ABBAS: QİYAMƏT GECƏSİ - V (DAVAMI)

AQİL ABBAS
69428 | 2018-02-19 10:07

- Bir-birinizdən muğayat olun, axmaq zamanadı. Bu tərəflərə qəzet-zad gəlib çıxmır ha, dünyadan xəbərimiz yoxdu. Poçtu nə təhər söküblərsə yerində qamış bitib. İşıq da yoxdu barı televizora baxaq. Özünlə qəzet gətirməmisən?
- Maşında var, amma...
- Maşınla gəlmisən?
- Hə. Amma batıb qaldı şəhərin ayağında.
- Bu gün-sabah əlli yaşın olacaq, hələ ağıllanmamısan. Yüz dəfə demişəm ki, belə havada maşın sürmə. Özün də hamıya ağıl öyrədirsən.
Götür, götür çayını iç, soyutma. Bu da mənim ağıllım. Uşaqlar nə təhərdi?
- Böyüyürlər.
- Uşaqlarını qoru, şəhər yeridi, ona-buna qoşularlar. Çox ərköyün eləmisən.
Uşaqları ərköyün böyütdüyünə görə atası Onu həmişə danlayırdı.
Atasının Ona tez-tez dediyi bir söz vardı və Kişi mütləq indi o sözü deyəcəkdi, dedi də:
- Oğul, bilirsən də, indiki zamanada kişi kimdi?
- Bilirəm, ata, demisən.
- Yox, bilmirsən, bilsən belə havada maşınla yola çıxmazsan. Qulaq as. İndiki zamanada kişi o adamdır ki, axşam balalarının yanına salamat gəlir. Yaxşı kişi də bilirsən də kimdi?
- Bilirəm, ata, onu da demisən.
- Yoox, bilmirsən, yaxşı kişi də o kişidir ki, axşam evə gələndə balalarına çörək də alıb gətirə bilir.
- Ata, indi mən hansındanam?
- İçməsən, yaxşı kişilərdən. İçsən, olacaqsan qonşu Seryoj. Ə, onun da evini yandırıblar ey. O gün deyirəm ki, ə, şandığa, niyə çıxıb getmirsən Yerevana? Deyir mənim Yerevanda nə itim azıb,
Yerevandakılar yandırmayıb evimi? Ay oğul, bir söz soruşum, bu hökumət harda qalıb gəlib çıxmır. Camaat qalıb işıqsız, qazsız, telefonsuz. Hər yer darmadağındı. Şəhəri elə günə qoyublar ki, heç on ilə tikib qurtarmaq olmaz. Camaatın çoxu ya daxal düzəldib yaşayır, ya da alaçıq qurub girib altına. Odey, dayıngil də alaçıq qurublar.
- Anam dedi.
- Gələndə onlardan gəldim. Nə qədər elədim ki, durun gedək bizə, gəlmədilər.Camaatın gözü qalıb yolda. Bəlkə bu şəhərdən də, bizdən də hökumət bezib. Nə oturublar o Bakıda, niyə gəlib şəhərlərinə yiyə durmurlar, kimi gözləyirlər?
Son zamanlar çox dəbdə olan, hətta ən yüksək tribunalardan söylənilən bir söz yadına düşdü və Onu gülmək tutdu:
- Lazımı.
- Kimi?
- Lazımı.
- Lazım kimdi ə?
-Lazım? Sənin bir əmin oğlu var ey, kənddə müəllim işləyir, onu.
- A köpəyoğlu, mənlə məzələnirsən?
- Əşi, zarafat eləyirəm də. Gələcəklər, az qalıb, bu gün-sabah, görürsən mən gəlmişəm? Bu evi də təzədən tikəcəyik, hələ məktəbi də.
- Nəynən, a bala? Daş var? Sement var? Taxta var? Olsa elə özümüz tikərik də. Gələndən kəndin bütün camaatını tökmüşəm Qarqarın üstündəki körpünü düzəldək, düzəldə bilmirik. Anası yeməyi çəkib qoydu stolun üstünə:
- A kişi, nə vermisən uşağa ala bilmirsən? Qoy çörəyini yesin.
- Hökumətdi də, gəlir-gəlsin, gəlmir cəhənnəmə gəlməsin. Bu şəhəri hökumət tikmişdi ki?! Bu camaat özü tikmişdi, indi də tikəcək. Sən gələndə bu ev nə gündəydi?
- Məni ev-eşik yandırmır ey, bala, bunlar nemeslərdən də əclafıymışlar. Qəbiristanlıqları tankla şumlayıblar. Natəvan öz əliylə İmarətdə çinarlar əkmişdi ey, hamısını kökündən kəsiblər. Pənah xanın gorunu darmadağın eləyiblər. Ev nədir ki, tikəcəyik. Bəs o çinarlar, bəs Pənah xanın goru?
- A kişi, sənin ayrı dərdin yoxdu? Sən o baban Pənah xanın goru, qoy uşaq çörəyini yesin. Çörəyini ye, oğul, soyutma.
-Yeyirəm.
Bəlkə bu sözləri indiyədək atasından yüz dəfə eşitmişdi. Nə atası bu sözləri deməkdən yorulurdu, nə də O, atasının bu sözlərini dinləməkdən. Çox yaxşı bilirdi ki, atası bunları danışdıqca dərdlə dolu ürəyi boşalır. O da səbirlə atasına qulaq asırdı ki, kişi ürəyindəki dərdi boşalda bilsin. Ürəyinin dərdini boşalda bilməyən həmyerlilərinin az qala hər gün yaslarına getməkdən günü qəbiristanlıqlarda keçirdi.
Xanımı deyirdi:
- Bilmirəm, sən mollasan, nəsən? Bütün günü yaslardasan.
- Eldi, obadı getməsəm olmur.
Əslində bu dərdlərin bir gün atasının da ürəyini çatladacağından qorxmurdu, atası dünyanı tutub yaşayası deyildi ha. Onu qorxudan tamamilə başqa bir şey idi. Qorxurdu ki, ölüm atasının ürəyini çartladacaq o dərdlərin əlacından tez gəlsin və O da hamı kimi atasını öz əzizlərinin yanında deyil, əzizlərindən çox uzaqda, yad bir qəbiristanlıqda və atasının heç vaxt üzlərini görmədiyi yad adamların arasında dəfn eləsin. Atası da ölümdən sonrakı bütün həyatını yad adamların arasında keçirsin. Və bütün bunları fikirləşdikcə, atasının tabutunu çiynində yad adamların yatdığı yad bir qəbiristanlığa apardığını gözünün qabağına gətirdikcə ürəyi ağrıyırdı. Bunları və qeyri-bunları fikirləşə-fikirləşə və atası kimilərin dərdini də öz dərdi kimi çəkə-çəkə - bir dəfə zarafatla demişdi, camaat fabrik-zavod özəlləşdirir, mən də özgələrin dərdini, əslində isə bu dərdlər özgələrin deyildi, çünki onun özü də həmin özgələrdən biriydi, çöllərə səpələnmiş bütün qohum-əqrəbaları da bu dərdləri çəkmək zorundaydı - bir də ayıldı ki, day ürəyi bu dərdləri çəkə bilmir, əksinə, dərdlər bu ürəyi çəkib aparır.
Və günlərin birində svetoforda maşını saxlayarkən oğlanlarına oxşayan və elə oğlanları yaşda olan bir uşaq:
- Əmi, sən Seyid Lazım ağanın cəddi, mənə bir çörək pulu ver... -deyəndə, dili ilə sədəqə istəyən, gözləriyləsə onun yeddiarxadönəninə söyən bu Dilənçi Uşağın baxışlarından sarsıldı. Və xəstəxanada özünə gələndə hər gün dəfələrlə rastlaşdığı bu baxışın indi niyə onu ildırım kimi vurduğunu anlaya bilmədi. Bəlkə həmin gün onun doğulduğu şəhərin işğal günüydü ona görə. Bəlkə səhər-səhər qəbiristanlıqda Fred Asifin məzarı üstə Hacı Vidadiyə Quran oxudarkən hələ qız görməmiş düşmən gülləsindən şəhid olan on yeddi yaşlı oğlunun başdaşısını balasını qucaqlayıbmış kimi bağrına basıb, cismən bu dünyada, ruhən isə oğlunun yanında olan bir ananın ağı deyə-deyə tökdüyü göz yaşlarını öz anasının göz yaşları bilmişdi, ona görə. Bəlkə səhər-səhər redaksiyanın binasına girəndə müalicəsi üçün ondan yardım istəyən müharibə əlilinə onun yarasını sağalda biləcək qədər para verə bilmədiyinə görə...
Bütün həmyerlilərinin and yeri olan Seyid Lazım ağanın cəddinə and verən o Dilənçi Uşağın gözləri... O gözlər onu söyürdü. Bahalı kürkünü söyürdü, maşınını söyürdü, qalstukunu söyürdü. Özü də küçə söyüşləri ilə söyürdü. Və ən dəhşətlisi o Dilənçi Uşaq onun oğlanlarına oxşayırdı, oğlanları yaşdaydı. Və döyüşlərdə böyründə-başında dostlarına dəyən o güllələrdən biri də Ona dəyə bilərdi, Onun da uşaqları arxasız, yetim qala bilərdi və bu Dilənçi Uşağın yerində ola bilərdi və hansısa bir svetoforun altında dayanıb hansısa bir əmidən:
- Əmi, sən Seyid Lazım ağanın cəddi...
O soyuq səngərlərdə düşmən gülləsindən salamat qurtara bildiyi canını adi qaçqın, hər axşam dilənib gətirdiyi pula görə evin ən hörmətli kişisi sayılan bir Dilənçi Uşağın gözlərindən, nifrət dolu baxışlarından qoruya bilmədi. Və bütün ümidləri hətta Allahdan üzülmüş həmyerlilərinin Əzrayıldan əvvəl görüşdükləri - Əzrayılla həmyerliləri arasında dayanmaqdan yorulub öz ürəyi də xəstəlik tapan
- Mübariz həkimin daimi müştərilərindən birinə çevrildi.
Başını qaldırıb üzündəki qırışlara bir dünyanın dərdi-kədəri çökmüş atasına baxdı. İndi daha atasının tabutunu çiynində hansısa yad adamların yatdığı yad bir qəbiristanlığa aparmaqdan qorxmağa dəyməzdi. Kişi öz evində-eşiyində, öz əzizlərinin arasında, doğmalarının yatdığı Qarağacı qəbiristanlığının üç-beş addımlığında oturub şirin-şirin xanımından başqa heç kimin bişirə bilmədiyi çığırtmanı elə ləzzətlə yeyirdi, indi nə qədər istəyirsən ölmək olar.
Onun məclislərdə dediyi bir tostu əvvəl-əvvəl başa düşməsələr də, hətta buna görə ondan inciyənlər tapılsa da, sonralar nəinki bu tosta öyrəndilər, hətta həmyerliləri bunu ən gözəl bir sağlıq kimi məclislərdə söylədilər:
- Bu əziz gündə sənə nə arzulayım? Gün o gün olsun Ağdamda öləsən, səni Qarağacıda basdıraq!
Artıq bu insanlar üçün ölümdən də dəhşətli bir şey var idisə, o da Qarağacıda basdırıla bilməmək dəhşəti idi.
Tələbə olanda Çində uyğurları qırmağa başlamışdılar. Onda 70 yaşlı bir uyğurun "Azərbaycan gəncləri" redaksiyasında hönkür-hönkür ağladığını görmüşdü. Bu ağlayan qoca sağ qalmağına sevinmirdi, deyirdi ki, kaş sağ qalıb belə yaşamaqdansa ölüb Vətəndə qalaydım.
Təbii ki, onda həmin qocanı başa düşə bilməmişdi. Şahmar o qocaya bir şeir də yazmışdı:
Vətəndə səadət deyil,
Qəbir istəyir qoca.
Nə Şahmarın, nə Onun və hətta itin də ağlına gəlməzdi ki, bir gün özləri həmin uyğurun taleyindən də dəhşətli bir tale yaşayacaqlar.
Hə, indi atasının ölməyindən qorxmağa dəyməzdi, heç özünün də. Oturmuşdu öz evlərində, anasının açdığı süfrənin başında, anasından başqa heç kimin bişirə bilməyəcəyi çığırtmanı yeyirdi, özü də Qarağacı qəbiristanlığının beşcə addımlığında.
Atası:
- Ürəyin nə təhərdi?
- Ürəyimə nə olub ki?!
- O gün anan yuxuda görüb ki, bir dilənçi uşaq sənin ürəyini çıxarıb aparıb bazarda satır...
Çörək qaldı boğazında, necə çeçədisə boğuldu. Anası kürəyinə bir-iki yumruq vurdu, stəkana da bir az su töküb verdi ona:
- İç, iç! A kişi, niyə qoymursan uşaq adam kimi çörəyini yesin, bayaqdan neçə dəfə demişəm sənə?! Başlamısan çinar belə gəldi, Pənah xan belə getdi! Cəhənnəm olsun sənin hökumətin də, sənin çinarın da!
Su içib özünə gəldi, amma daha əlini dünyanın ən ləzzətli çığırtmasına uzatmadı, iştahı küsdü, əllərini dəsmalla sildi və üzünü tutdu anasına:
- Ana, o yuxunu necə görmüşdün?
- Yuxuydu də, görmüşdüm.
- Sən Sabir dayımın goru, danış görüm nə təhər görmüsən?
- Kimin goru? - deyə anası əlindəki su stəkanını stolun üstünə qoyub təəccüblə soruşdu.
- Sabir dayımın.
Atası da əlini yeməkdən çəkib təəccüblə Ona baxdı:
- Sabir dayın ölübkü?!
- Sabir dayım ölməyib ki?!
Anası əlini Onun alnına qoyub:
- Çörəyini ye qurtar, dur sənə bir banka salım, bərk soyuqlamısan.
- Əşi, dayanın görüm, banka nədi? Məni dolayırsınız? Sabir dayım düz iyirmi beş ildi ölüb.

(ardı gələn sayımızda)

TƏQVİM / ARXİV