ANA SƏHİFƏ / MÜSAHİBƏ

"SADİQ" HƏYATIMIN MƏNASINI İFADƏ EDİR

MƏN DÖVLƏTİMƏ, XALQIMA, ƏQİDƏMƏ SADİQƏM

40663    |   2018-02-01 15:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Budəfəki həmsöhbətimiz Azərbaycan ictimaiyyətinin kifayət qədər tanıdığı Tağı Əhmədovdur. Oxucular onu həm də sözə könül vermiş Tağı Sadiq kimi də tanıyır.

- Tağı müəllim, sizin yaradıcılığınızı mətbuat, o cümlədən "Ədalət" qəzeti də mütəmadi olaraq işıqlandırır. Bilmək istəyirik ki, mətbuat sizin üçün nəyi ifadə edir?

- Mətbuat mənim üçün həmişə doğmadır. Mən həmişə onlar üçün, onlar da mənim üçün açıq olub. İstənilən vaxt mətbuatda çıxışlarım olub və ümidvaram ki, mətbuatda necə varamsa, elə də görünmüşəm. İstər siyasətdə olmağıma, istər əvvəllər metro işçisi olmağıma baxmayaraq əqidəm, yolum bir olub, Azərbaycan xalqına, dövlətinə xidmət olub. Həyatımın ən böyük idealı Heydər Əliyevdir. Onunla birlikdə işləmək xoşbəxtliyindən onda da, indi də fəxr edirəm. Metropolitendə işlədiyim on beş ilin beş ili Heydər Əliyevin prezident olduğu dövrə, on il yeddi ayı isə cənab İlham Əliyevin prezident olduğu dövrə düşüb. Bu gün isə Yeni Azərbaycan Partiyasının Yasamal Rayon şöbəsinin sədriyəm.

- Tağı müəllim, biz sizi Sadiq imzası ilə tanıyırıq. İmzanız barədə nə deyə bilərsiniz?

- Hərə özünə bir təxəllüs götürür. Yadına gəlməz, "Əhməd haradadır?" filmində "Saqqal" Ramiz var idi. O "Saqqal"ı özünə təxəllüs götürmüşdü, mən də Sadiqi özümə təxəllüs götürmüşəm. Gənclik vaxtlarında şeirlərimin heç birinin altında öz adımı yazmırdım.

- Niyə?

- O vaxtlar kənddə belə şeyləri yaxşı baxmırdılar. Uşaqların mənə lağ eləməsindən qorxurdum. Sonralar bir xeyli yazdım, yazdım, gördüm ki, yazdıqlarımın sayı çoxalır, özümü əsaslandırıb "Sadiq"i təxəllüs kimi götürdüm. Nəvəmə də Sadiq adını vermişəm. Ümidvaram ki, o da gələcəkdə mənə oxşayıb şeirlər də yazacaq, Vətənə xidmətdə də çox fəal iştirak edəcək.

- Tağı müəllim, belə başa düşdüm ki, Sadiq imzası sadiqliklə bağlıdır.

- Bəli... Sevgiyə sadiq, Vətənə sadiq, dosta sadiq, əqidəyə sadiq... Bunu özümə güvənib təxəllüs seçmişəm. Cəmiyyət necə qəbul edəcək bu onun öz fikridir. Amma mən özlüyümdə sadiqliyi təsdiq etmişəm.

- Maraqlıdır, neçə yaşınızdan şeir yazırsınız?



- Lap kiçik yaşlarımdan, xüsusilə, Kənd Təsərrüfatı Texnikomunda oxuduğum illərdən. O vaxtlar, yenə sənin yadına gəlməz, 1963-cü ildə Xruşşov özünə söz vermişdi ki, hamını acından qıracaq. Evdən bürüncək götürüb səhər tezdən maqazinin qabağında növbədə dururduq ki, bir parça çörək alıb, qarnımızı doyurub dərsə gedək. Bir müəllimim var idi, Rauf Bektaşi. Çox insanpərvər, intellektual insan idi. Onun dərslərinin birində şeir yazmağa başlamışdım. Düşünürdüm ki, qoca kişidir də, dərs deyir, fikir verməz. Tənəffüsə çıxanda çağırdı yanına, dedi ki, bala, o bayaq yazdıqlarını cır tulla. Nəsilliklə sizi itirərlər, xəbərin olmaz. Adına da elə bir ləkə vurarlar ki, heç cür altından çıxa bilməzsən. O şeir hardasa 14-15 bənd idi, yadımdan çıxıb. Amma iki bəndini deyim:

Aldığımız qara çörək,
Hər gün vurur bizə külək,
Lap olmuşuq Hacıleylək,
Sağol səni kommunizm.

Biz dedik ki, addım ataq irəli,
Demədik ki, sən yüz ilə gələli
Gəlsin qoy başına Quran əlləri,
Gəlmə, istəmirik səni kommunizm.

Rauf müəllim müdrik adam idi. Mən onun məsləhətinə qulaq asdım, şeirləri cırıb tulladım. Bilirsən, ümumiyyətlə belə mövzular heç vaxt adama xeyir gətirmir. Amma o qədər həyati şeirlərim var ki. Hardasa bir incikliyim varsa ona şeir yazmışam. Bir də görürsən ki, hansısa kitabı oxuduğum zaman kitabı qırağa qoydum, bir bənd yazdım, sonra şeirin ardı gəldi. Yəni bu məndən asılı deyil. 13 yaşımdan başlasam da 16 yaşımda ilk şeirim qəzetlərin birində çap olunub. Bakını görmədən onun haqqında şeir yazmışdım. O vaxtlar televiziya o qədər də geniş yayılmamışdı, evimizdə indiki kimi böyük televizor da yox idi. Amma Bakıda olanların danışığından təsəvvürüm yaranmışdı. Ona bəstəkar Zamiq Əliyev də mahnı bəstələyib, Nuriyyə xanım oxuyub.

İndi gözəlləşib abad olmusan,
Bütün şəhərlərin gözüsən, Bakı.
Gözəl şəhərləri dalda qoymusan,
Şairlərin dildə sözüsən, Bakı.

Şeirin bir bəndi belədir, amma musiqi üçün bəzi düzəlişlər olunub. Bu şeiri 1965-ci ildə yazmışam, amma Bakının bugünü ilə səsləşir.

- Bütün şeirlərinizi belə əzbər bilirsiniz?

- Yox, təbii ki. Amma harada şeir oxunsa, bilirəm ki, mənim şeirimdir. Heç vaxt şeirlərimi kitab halına salmağı düşünmürdüm. Amma bir az danladılar, ərki çatanlar qınadı ki, şeirlərin itməsin deyə kitab halına sal, çap etdir. Ona görə də "Bir ömrün işığı" adlı 400 səhifəlik bu kitabı bu il çap etdirdim. Sonra "Gülüm gözlə sən məni" adlı bu kitabda ancaq mahnı bəstələnmiş şeirlərim yer alır. "Haqqın özü, elin sözü" adlı bu kitabsa mənim haqqımda yazılan yazıların toplusudur. Bu kitablara bütün şeirlərimi salmamışam. 80 yaşa da nəsə saxlamaq lazımdır. Heydər Əliyevin 95 illiyinə "Qürur verən ömür" adlı kitab hazırlamışam. O kitabda mənim mətbuatda bu vaxta kimi dərc olunan məqalələrim, Heydər Əliyevin nəqliyyatda gördüyü işlər, metropolitenə və ümumiyyətlə xalqımıza verdiyi tövhələrdən yazdığım yazılar yer alır.

- Biz daha çox sizi mahnılarınızdan tanıyırıq. Xalq artisti Mələkxanım Əyyubova da sizin sözlərinizə yazılmış "Mən necə bağban olaram" adlı mahnıya klip də çəkdirib... Sizi həmçinin, tez-tez muğam müsabiqələrində dinləyici qismində əyləşən görürük. Sizi muğama bağlayan nədir?

- Azərbaycanlı əgər muğamı dərk etmirsə, muğama bağlı deyilsə özünü Azərbaycanlı saymasın. Muğam min illiklərdən süzülə-süzülə gəlib çıxıb və bizim olub. Mən birinci vitse-prezidentimiz Mehriban xanıma çox minnətdaram ki, heç yerdə adı çəkilməyən muğamı və bizim bir çox tarixi atributlarımızı Yuneskoda səsləndirib. Yəni biz nə qədər muğamdan danışsaq da, desək də, bu Yuneskodan qeydiyyatdan keçməmişdisə, bu bizim deyildi. Muğamı çoxları öz adına çıxara bilərdi, amma Yuneskoda bizim adımızla təsdiqlənəndi.

Bu o demək deyil ki, mən estradanı sevmirəm. Sevirəm, amma muğama tam bağlıyam. Yəni bu mənada ki, o vaxt Elməddin də oxuyurdu, indi Almaxanım var, Ayşən Mehdiyeva var, bu cavanlara necə reaksiya verməyəsən axı. Mələkxanımsa artıq xalq artistidir. İlk mahnımız bəstəkar Zamiq Əliyev ərsəyə gətirdi. "İlham, ilhamını görüb ilham alıram". Bu mahnını 1998-ci ildə prezident seçkiləri ərəfəsində elə Mələkxanımla birlikdə hazırladılar. Hörmətli xalq artistimiz mənim on yediyədək, elə bir o qədər də müğənni Səyyad Əlizadə ifa edib. On beş mahnımın isə bəstəkarı Ramiz Mirişlidir. Mələkxanımın oxuduğu "Ceyranım" mahnısı hər yerdə sələnir, hər yerdə bəyənilir. Sözləri mənimdir, bəstəsi isə Rauf Məmmədovun. Mahnı o vaxt uğurlu alınır ki, söz, musiqi və ifa bir-birini tamamlayır. Yadıma düşmüşkən, deyim ki, bir dəfə adını çəkməyəcəyim şairlərdən biri demişdi ki, mən heç vaxt fikirləşmirəm nə yazacağımı, şeir özü gəlir. Amma mən heç vaxt düşünmürəm ki, nəsə mənə təsir etməsə oturub şeir yazam. Mən heç özümə şair də demirəm. O mənada ki, bir dəfə bəstəkar dostum Zamiq efirdə dedi ki, Mələkxanım Əyyubova mənim bəstəmdə mahnı oxuyub, hərçənd ki, özümü bəstəkar hesab etmirəm. Canlı yayıma qoşuldum, dedim ki, Zamiq özünü bəstəkar hesab etmirsə, mən də özümü şair hesab etmirəm. Mələkxanım çox sağ olsun ki, əsl sənətkar kimi bunu oxuyub, bizim ikimizin də üzümüzü ağ eləyib. Allaha şükür ki, bizim Məmməd Arazımız olub, bu gün Nəriman Həsənzadəmiz var, bunların yanında necə deyim ki, mən şairəm? Mən tərtəmiz nəqliyyatçıyam, metropolitençiyəm. Şeir mənim xobbimdir.

- Tağı müəllim, həyat yoldaşınız yazıçı, publisist Salatın Əhmədli də yaradıcı insandır. Bir evdə iki yaradıcı adamın olmağı necə hissdir?

- Onu qələmi nəsrə, mənimki isə nəzmə yönəlib. Rəhmətlik Mədinə Gülgün Hafiz Baxışa deyibmiş ki, ay Hafiz, şeirlərindən bir neçəsini borc ver, sonra mən sənə qaytararam. Bizdə isə Salatın xanımın yolu ilə mənim yolum ayrıdır. Salatın xanım diqqətçildir, müşahidə qabiliyyəti güclüdür. Ya Romaya, ya Kolizeyə istirahətə gedəndə həmişə nəvələrimə deyirəm, özünüzlə dəftər, qələm götürün ki, gördüklərinizi qələmə ala biləsiniz. Amma təəssüflər olsun ki, nəvələrimə bunu aşılaya bilməmişəm. Yəqin gələcəkdə olar. Amma Salatın xanımla hara gediriksə şəkillər çəkir, qələmə alır, bilmədiklərini öyrənir. Və gələndən sonra görürəm ki, yaxşı bir əsər qələmə alıb.

- Tağı müəllim, onda bu qənaətə gəlmək olarmı ki, siz bir-birinizin ilk oxucususunuz?

- Açıq deyim ki, yox. Mən özümə vurğunam, daha çox özümü oxuyuram. Onu isə kitabı çıxandan sonra oxuyuram. Açıq deyim ki, heç vaxt onun yaradıcılığına müdaxilə etməmişəm. Məndə bilirsiz necədi, məsələn, o günü getmişdim kafedraya, Memarlıq İnşaat Universitetində işləyirəm. Orada tələbələri müşahidə etdikcə ağlıma gəldi ki, nə vaxtsa yaş həddinə görə buradan ayrılacam. Onda ağlıma bir şeir gəldi və yazdım. Xanımımla bir-birimizə yaradıcılıqda mane olmuruq, mən adətən gec yatıram. Bu da bizim bir az uyğunsuzluğumuzdu. Mən gec yatıram Salatın xanım isə tez yatandı. O tez durur mən isə gec dururam. Bir az burda uyğunsuzluq var (gülür).

- İndiki ədəbi mühitlə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Müasirlərimizdən kimləri oxuyursunuz?

- Ədəbi mühitlə həmişə maraqlanmışam. Əsasən, köhnələrə üstünlük verirəm, amma müasirlərdən də kənar qalmıram. Məsələn, Yunus Oğuzun bütün kitablarını oxumuşam. Deyərdim ki, bu tarixi romanlar çox gözəl yazılır. Elxan Elatlının kitablarını oxuyuram. Onunla həm də şəxsi tanışlığım da var. Ona bir tövsiyəm də olub.Həmçinin, Çingiz Abdullayevin 100-dən artıq kitabı var. Demək olar ki, hamısını oxumuşam. Onu da deyim ki, orta məktəbdə kitabxanamızda nə qədər kitab var idisə hamısını oxumuşdum.

- Şairlərdən kimləri oxuyursuz?

- Ümumiyyətlə, qarşıma çıxan bütün şeirləri oxuyuram. Qəzetdə, jurnalda, sosial şəbəkədə və ilaxır. Məmməd Araz sözsüz ki, bir ideal olaraq qalır mənim üçün. Nəriman Həsənzadənin çox gözəl şeirləri var. Çox dərin məzmunlu pyesləri var. Məmməd Arazın kitablarının hansı səhifəsini açırsan aç, hərəsi bir fəlsəfədi. Mənim vurğunu olduğum Hüseyn Caviddir. Hüseyn Cavidin ötən il 135 illiyi idi. 120 illiyindən başlayaraq hər il 24 oktyabrda harada olmağımdan asılı olmayaraq onun doğum gününü həmişə qeyd eləmişəm. Hüseyn Cavid müzeyinə öz töhvələrimi vermişəm. Turan xanımla həmişə əlaqə saxlayırdım. Turan xanıma həmişə deyərdim ki, sən monolitsən, daş ürəklisən. Çünki Hüseyn Cavid haqqında danışılanda mən heç cür özümü saxlaya bilmirəm, kövrəlirəm. Bu xanım isə bu mövzuda çox sərbəst danışırdı. Yəni Hüseyn Cavidin bütün əsərləri ilə tanış olmaqla bərabər, həm də şeirlərinin çoxunu bilirəm. Eyni zamanda onu nəvəmə də aşılamışam. Artıq o 4-cü kursda oxuyur. Orta məktəbdən o, artıq Cavidin "Qız məktəbinə", "Tanrım gözəllikdir, sevgidir" şeirlərini, "İblis"də Arifin monoloqunu, sonra "Azər" poemasını bilirdi. Mən sizə bir söz deyim. Bir gün Cavidi araşdıran şəxsin birinə dedim ki, maraqlanın, görəcəksiniz ki, "İblis" əsərini yazmaqla Hüseyn Cavid məhz Lenini nəzərdə tutub. İblis rolu Leninin roludu. Yəni 1918-ci ildə "İblis" əsəri yazılıb. O vaxt hakimiyyətə gələndən sonra Lenin xeyli insan qırdırıb. Bu arxivlər açıldıqca artıq yavaş-yavaş bilinir. Lenin qədər insan qırdıran olmayıb.Mən Turan xanımın əlyazmalarını, Toğrul Cavid haqqında 501 səhifəlik qeydlərini, Tahir Rəsizadənin əlyazmalarını, Müşkünaz xanımın qeydlərini öz hesabıma çap elətdirib "Cavid" muzeyinə bağışlamışam.

- Zahirən sərt adama oxşayırsız, amma iç dünyanız tamam başqadır.

- Bunu mənə çox adam deyir. Bilirsiz, Hüseyn Cavid və Ulu öndərimiz Heydər Əliyev haqqında danışanda mən kövrəlmiyə bilmirəm. Bir gün mən Vasim Məmmədəliyevə sual verdim ki, peyğəmbərlər nə vaxt zühur edir? O bildirdi ki, bir insanlar qudurub cızığından çıxanda, bir də çıxılmaz bir vəziyyətə düşəndə. Dedim, yaxşı biz o vəziyyətə düşmüşdük deyə Heydər Əliyev peyğəmbərcəsinə gəldi (kövrəlir, ağlayır). Allahın bizə verdiyi ən böyük xoşbəxtlik onda oldu ki, Heydər Əliyev imperiyanın caynağından qurtuldu. Ən böyük xoşbəxtlik onda oldu ki, Heydər Əliyev ona verilmiş bir sutka vaxtdan istifadə edib Naxçıvana getdi, Naxçıvanda dəstəkləndi. Azərbaycana qayıtdıqdan sonra yaşadığı 1993-cü ildən 2003-cü ilə qədərki dövrdə ölkəmiz üçün 50 ilin işini gördü.

- Biz sizi şair Tağı Sadiq kimi də tanıyırıq.

- Yox, bayaq dedim axı, mən şair deyiləm, şair kimi tanımayın.

- Biz sizi metropoliten rəhbəri olmuş Tağı Əhmədov kimi də tanıyırıq.

- Hə, rəhbər kimi tanıyın (gülürük).

- Həm də siyasi xadim kimi tanıyırıq. Bəs, siz özünüzü hansı Tağı Əhmədov kimi rahat hiss edirsiniz?

- Əgər dövlətimizin daha da yüksəlməsi, xalqımızın maddi rifahının artması uğrunda görülən nə iç varsa, atılan nə addım varsa, bilin ki, orada mən varam. Mənim yeganə devizim, arzum Qarabağı alandan sonra oradakı kəndlərdən, rayonlardan birinin abadlaşdırılmasında öz əməyimi qoymaqdır. İndi sizinlə oturduğumuz bu binanı üç aya tikmişəm. Yəni bir inşaatçı kimi peşəkaram. Memarlıq və İnşaat Universitetində kafedra müdirinin müaviniyəm. Nəqliyyat sahəsində və Metropolitendə uzun illər inşaatçı kimi işləmişəm.

Emin AKİF
Nicat NOVRUZOĞLU




İmza:

O, BÖYÜK AZƏRBAYCANÇILIĞIN TƏMSİLÇİSİDİR

Azay Quliyev: “Girovlarla bağlı ATƏT PA-nın komitə sədrindən cavab gözləyirəm”

Səməd Seyidov: “Rusca rusların özündən də yaxşı danışıram” - MÜSAHİBƏ

Borca görə adam döyənlər saxlanıldı

Qismət : “Yazıçının avara olmasına əsəbləşmişəm” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

Cavanşir Paşazadə: “Həyata keçirilən işlərin kökündə Azərbaycan xalqı dayanır”

“Dövlət əhəmiyyətli torpaqlarda özlərinə villalar tikiblər” - Cavanşir Paşazadə

DGKA-nın tələbəsi: Məqsədim gömrükçü olmaqdır

Məşhur yazıçının oğlu: - “Atam çörək qarşılığında fəhləlik edirdi”

XİN-in yeni mətbuat katibi: “2 övladım var” - MÜSAHİBƏ

Azərbaycanlı yazar: “Oğlumun adını Roman qoyacam” - MÜSAHİBƏ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK