ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Azərbaycan dünyaya yeni model bəxş edib” - MÜSAHİBƏ

Sahibə Qafarova: “Ailə quran cütlüklərə ailənin dəyəri, onun sarsılmazlığının vacibliyi doğru izah olunmalıdır”

24330    |   2018-01-19 11:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın ADALET.AZ-a müsahibəsi

- Sahibə xanım Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artır. Bu reallıq olsa da Azərbaycanı istəməyən qüvvələr də var. Bu qüvvələrə qarşı hansı addımların atılması tarixi zərurətə çevrilib?

- Ümumiyyətlə, müasir beynəlxalq münasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdə çox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirir və son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafının konturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir. Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və din xadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyada tanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəm kəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlum olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə reallaşdırılan mühüm enerji və nəqliyyat layihələri Azərbaycanın dünyadakı yerini və mövqeyini, beynəlxalq proseslərdə iştirakını daha da gücləndirir. Təkcə 2017-ci ildə əldə olunmuş nailiyyətləri gözdən keçirsək, ölkəmizin nə qədər böyük inkişaf yolu keçməsi gerçəkliyini daha yaxşı dərk edərik.


Təəssüf ki, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın əldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzi hallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu və ya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özünün başlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləri isə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət və müstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan öz bildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil, xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir.

- Sahibə Qafarovanın seçiciləri ona asanlıqla çıxa bilirmi? Problemlərini diqqətə çatdıra bilirmi?

- Seçicilərimizlə görüşlərin keçirilməsi, onların sosial qayğılarının, problemlərinin həlli bizim millət vəkili olaraq fəaliyyətimizin mühüm hissəsini təşkil edir. Parlamentdə təmsil olunduğum illərdə də mən çalışmışam ki, insanları, seçiciləri narahat edən məsələlərə diqqət göstərim. Bu günə qədər Milli Məclisin iclaslarında təmsil etdiyim rayonun bu və ya digər problemlərinin həlli, çatışmazlıqların aradan qaldırılması ilə bağlı müxtəlif çıxışlarım, təkliflərim olub. Seçicilərlə görüşlərdə onların səsləndirdikləri problemləri müvafiq dövlət qurumları qarşısında qaldırmışam. Çalışıram ki, seçicilərlə tez-tez görüşüm. Seçicilər tərəfindən yönələn bütün məktublara cavab verilir. Mənim tərəfimdən dövlət qurumlarına yazılan məktublar cavablanır. Həmin qurumlar həm mənə cavab verirlər, həm də seçiciyə.

- Seçicilərinizin problemləri ilə əlaqədar əsas hansı qurumlara müraciət edirsiniz. Bilmək istədiyimiz odur ki, millət vəkilləri ilə dövlət qurumları arasında münasibət hansı səviyyədədir?

- Qeyd etmək istərdim ki, mənim millət vəkili seçildiyim Şəmkir rayonunda son illərdə çox işlər görülüb. Dövlət proqramlarının icrası nəticəsində müxtəlif problemlər artıq həllini tapıb. Hazırda Şəmkir rayonunun qazı, suyu, yolları, işığı var. Şəmkirə getsəniz, görərsiniz ki, rayon Bakının bəzi yerlərindən heç də geri qalmır. Rayonda sözün həqiqi mənasında böyük işlər görülüb və görülməkdədir. Amma sirr deyil ki, bəzi xırda məsələlər var ki, onlar da insanları qayğılandırır. Seçicilər bizə müraciətlərində bu qayğılarını dilə gətirirlər. Amma əmin olun ki, bunlar zamanla həllini tapan məsələlərdir.

Bilirsiniz, bəzən düzgün olmayan informasiya, doğru olmayan təbliğat cəmiyyətdə yanlış fikir formalaşdırır, insanların mövqeyinə mənfi təsir göstərir. Ona görə də bu məsələlərdə daha diqqətli olmaq lazımdır ki, vətəndaşla dövlət, vətəndaşla vətəndaş arasındakı münasibətlərdə problem, etimadsızlıq yaranmasın, insanlar doğru olmayan gözləntilər içərisində olmasın. Təbii ki, millət vəkili olaraq vətəndaşa xidmət etmək, onların problemlərini, qayğılarını həll etməyə çalışmaq bizim vəzifəmizdir. Bu hər şeydən də əvvəl bizim vətəndaş mövqeyimiz, münasibətimizdir. Əgər seçicilərimizin qaldırdıqları problemlərin həlli mümkündürsə, mütləq həll olunur. Hətta bu mümkün olmadıqda belə, insanları razı salan səbəblər göstərilməlidir.

Dövlət qurumlarına müraciətlərimizə gəldikdə isə, mən özüm hara müraciət etmişəmsə, oradan da cavab almışam. Bu, o demək deyil ki, qaldırdığımız bütün problemlər həllini tapır. Xeyr, bunu iddia etmək düzgün olmazdı. Bununla belə, dövlət qurumlarının da vəzifəsi vətəndaşa xidmət etmək, onların problemlərini, qayğılarını aradan qaldırmaqdır.

- Statistik göstəricilərə nəzər salanda bəlli olur ki, boşanmaların sayı artır. Bu statistika Dövlət Komitəsinin hazırladığı hesabatlarda da öz əksini tapıb. Maraqlıdır, indiki şəraitdə boşanmaların azalması üçün hansı vacib addımlar atılmalıdır? Ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində daha hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac duyulur?

- Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıca hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyata keçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrin praktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar real bərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də, müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onların bütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ən yüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçün yetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib. Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətin həyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm də dövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunan nailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı kimi, bu sahədə hələ görüləcək işlər var.

Sualınızın bir başa cavabına gəldikdə isə, əvvəla, boşanma hallarının artması faktı yalnız bizim cəmiyyətimizə xarakterik hal deyil. Əksinə, Azərbaycan xalqının mental dəyərləri, eyni zamanda ailə ilə bağlı üstün tutduğumuz dəyərlər ölkəmizdə bu sahədə vəziyyətin digər br çox dövlətlərlə müayisədə daha yaxşı olmasını şərtləndirib. Bununla belə, boşanmaların artması bir faktdır və bunu inkar etmək olmaz. Boşanmaların artmasının bir çox səbəbləri var. Burada maddi amillərdən tutmuş, zorakılıq hallarına qədər müxtəlif səbəbləri sadalaya bilərik. Hesab edirəm ki, bu kimi problemlərin həlli hansısa bürokratik tədbirlərlə deyil, daha çox maarifləndirmə işinin aparılması ilə mümkün ola bilər. Ailə quran cütlüklərə ailənin dəyəri, onun sarsılmazlığının vacibliyi doğru izah olunmalıdır.

- Siz AŞPA-da Azərbaycan həqiqətlərini dünya ictimayyətinə çatdırılmasında iştirak edirsiniz. Bu istiqamətdə, nümayəndə heyətimizin gördüyü işləri necə qiymətləndirmək olar?

- Mən Azərbaycanın Avropa Şurarı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü kimi hər bir sessiyada fəal iştirak etməyə çalışıram. Həm Azərbaycanla, həm də orada müzakirə edilən məsələlərlə bağlı münasibətimi də bildirirəm və Azərbaycanın mövqeyini orada təmsil edirəm. Eyni zamanda, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədrikimi fəaliyyətimdə də həm bu vəzifənin tələb etdiyi işlərin həyata keçirilməsində, həm də azərbaycan dövlətini layiqli şəkildə təmsil edərək, ölkəmizin gerçəklikləri, Dağlıq Qarabağ problemi, Ermənistan dövlətinin işğalçılıq siyasəti ilə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında bacardığım qədər fəal olmağa çalışıram.

Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildir ki, AŞPA-nın üzvü kimi qurumda kifayət qədər effektiv fəaliyyət göstərir. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş versin.

- AŞPA-da Azərbaycanla bağlı qətnamələr qəbul olunur. Əsası olmayan bu qətnamələrin beynəlxalq trinubalara ayaq açması hansı şəraitdə baş verir?

- Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil və qətiyyətli siyasəti bəzi Qərb dairələrində, islamofob mərkəzlərdə qısqanclıq yaradır, bir sıra hallarda ölkəmizə qarşı siyasi etikadan uzaq, münasibətlərin ruhuna uyğun gəlməyən qara-piar kampaniyasının şahidi oluruq. Görünür Azərbaycanın inkişafı, ildən-ilə daha da güclənməsi və böyük bir regionda gedən proseslərə təsiri və əsas söz sahibinə çevrilməsi, dünyadakı nüfuzunun artması həmin dairələri ciddi narahat edir.

Bəllidir ki, bəzi dairələr Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüququn normalarını, dövlətlərin ərazi bütövlüyününün toxunulmazlığı prinsipini bir kənara qoyaraq Ermənistanın işğalçılığına bəraət qazandırmaq yolunu tutublar. Xüsusilə, islamofob dairələrin, erməni diasporunun təsiri altında olan siyasətçilərin bu istiqamətdə fəaliyyətinin şahidi oluruq. Ümumiyyətlə, son illər Qərbdə islamofob meyllərin qalib gəldiyi, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrildiyini müşahidə etməkdəyik. Bu məsələ ilə bağlı narahatçılığımızı bütün tribunalardan dəfələrlə ifadə etmişik.

Əlbəttə, Azərbaycan müstəqil dövlətdir və özünün möhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur. Ona görə də, hansısa təşkilatın Azərbaycanla bağlı uydurma, qərəzli hesabatlar təqdim etməsi heç bir əhəmiyyətə malik deyil. Belə primitiv, qeyri-etik təzyiq üsulları ilə Azərbaycana təsir etmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heç bir nəticə verməyəcək.


Ədil Ədilzadə




İmza:

QƏLBİNDƏ PEŞMANÇILIQ HİSSİNİ ÖLDÜRMÜŞ ADAM

Araz Əlizadə : “Xalq yazıçısı məni tənqid edəndə ağladım” - MÜSAHİBƏ

“AtaSığorta”dan “Petrollu Kasko” həmləsi - MÜSAHİBƏ

“Dini fikirlərimə görə maşınıma bomba qoymuşdular” - Elşad Miridən ŞOK MÜSAHİBƏ

Elşad Miri : "Azərbaycan dilində namaz qılmaq olar, amma..." - Müsahibə ANONS

"Hər xalqın Xudu Məmmədovu, Azad Mirzəcanzadəsi olmur" - Filologiya elmləri doktoru

Roman yazmaq üçün universiteti atan yazıçı danışdı: “O, çox əclaf adamdır”

"BÜTÜN GÜNAHLARI YOL POLİSİNİN ÜSTÜNƏ ATMAQ ƏDALƏTSİZLİKDİ"

İnternatda əqli qüsurlu uşaqlarla birgə böyüyən "moyşik"lə söhbət

Məni 150 min adam tanıyır... - Aqşin Evrənlə MÜSAHİBƏ

"Elçibəyə ən böyük xəyanəti Əli Kərimli etdi" - Elman Türkoğlu ilə müsahibə

İntihar şansımı arvad-uşaq əlimdən aldı… - Kəramət Böyükçöllə MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2018-09-20
15:38 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Azərbaycanlı ilə erməni üzümlükdən üzüm oğurlayırlar.
Azərbaycanlı ermənidən soruşur:
- Üzümü neyləyəcəksən?
Erməni:
- Mən üzümü aparıb öz gözəl arvadıma verəcəyəm. O məni yaxşı yedizdirəcək, çaxır süzəcək, sonra mən onunla sevişəcəyəm. Səhər isə arvadım üzümdən çaxır çəkəcəkdir.
Bəs sən nə edəcəksən? - deyə erməni azərbaycanlıdan soruşur.
Azərbaycanlı deyir:
- Düzü bazara aparıb satmaq istəyirdim, indi fikrimi dəyişirəm. Mən də elə sənin arvadına aparacağam.




digər lətifələr
ARXİV
FACEBOOK