ANA SƏHİFƏ / YAZARLAR

Çöplü xalq təbabətimiz

Nicat Novruzoğlu

17596    |   2017-12-20 17:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Üzr istəyirəm. Özüm də bilmirəm niyə üzr istəyirəm. Amma belə görmüşəm. Övladdan danışanda üzr istəyərlər.

Üzr istəyirəm, övladımın hərarəti, yəni qızdırması yüksəlmişdi...

Hər övlad sözünü oxuyanda əvvəl üzr istədiyimi nəzərə alın zəhmət olmasa.

...Bu yüksəklik fasiləsiz davam etməsi ilə yanaşı həm də müddəti çoxalırdı. Artıq 4 gün idi ki, qızdırma ipə-sapa yatmırdı. Dərmanlara tabe olmurdu. Zəmanə elə gətirib ki, adi bir xəstəlik də bu gün dərmanlardan güclüdür. Onlar dərmanlara çox gec məğlub olur. Bəzən də heç məğlub olmur. Sadəcə itir, bir müddət sonra yenə peyda olur. Virusdu deyirlər.

Xülasə, bu qızdırma elə bir vəziyyət yaratdı ki, türkəçarə və bir də artıq hər birimizin adlarını əzbər bildiyimiz dəvalar kömək etmirdi. Axırı üz tutdum poliklinkaya. Adı rus dilində olduğundan bir az ümid yaradır poliklinika.

Övlada 3 dərmanı qatışdırıb "smes" vurdular. Müalicə metodu olmasa da qızdırmanı soyutmalı idi bu "smes". Tibbimizin bacısı gedin 15 dəqiqəyə qızdırma düşəcək desə də poliklinikada oturub gözləməyi qərar verdim. 30 dəqiqədən sonra yenə vəziyyət eyni idi. "Smesi" də qızdırmışdı qızdırma. Tibb bacısının baxışlarında bir acizlik hiss edilirdi. Çünki dərmandan o tərəfini görmürdü.

Təlaşımı hiss edən digər tibb bacısı uşağa diqqətlə baxıb sakitcənə pıçıldadı: "apar bunu çöpçüyə". Hər zaman tibbin müasir nümayəndələrindən çöpə gülünclə yanaşıldığını ekranlardan seyr etdiyimdən bir az şübhəli qaldım onun əlac olacağına. Amma yaşlı tibb bacısı uşağın üz cizgilərindən çöpü qaldığını bildirib bizi yolladı çöpçüyə.

Çöpçü tapmaq çətin olmadı. O çöpçünü əksəriyyət tanıyır. Məşhurdu paytaxtda. Deyilən ünvana çatanda acığı elə bildim ki, burda nəsə rəsmi tədbir var. Çöpçünün qapısı önündə "AA" seriyalı maşınlar olduğundan bu qənaətə gəldim. Amma yaxınlaşanda məlum oldu ki, yox bunlar da çöpçüyə gəlib. Həm sevindim, həm də sıxıldım. Sevindim ona gör ki, "AA" burdadırsa, deməli, bu çöpçü çöplə bacarır. Sıxıldım ona görə ki, "AA"-nın üz tutduğu yerdə mən çöp boyda cibimlə çöpçünün yanında pərt olmayacam ki...

Bu sıxıntını özümə təsəlli verə-verə bir az içimdə sıxışdırıb qalxdıq çöpçünün qəbuluna. Çöpçünün qəbulunda çöplü var idi.

Bir az keçməmiş çöplü qəbuldan çıxdı. Açığı, çıxanın bazburutlu və yekəqarın birisi olduğunu görüb elə zənn etdim ki, çöplü bu deyil. Yəqin nəvəsini gətirib, ürəyi dözməyib çıxıb çöldə gözləyir. Amma bu bazburutlu oranı tərk etdi. Və içəridən növbəti çöplünü səslədilər. Bu biz idik.

Çöpçü uşağın burnunu üfürdü. Ovcuna gilas tumu, bir də balaca kağız parçası düşdü.

Kağıza yox, gilasa yanıb töküldüm. 2 manatlıq gilas al, sonrada filan qədər ver çərdəyini boğazından çıxartdır.

Çöpçü işini bitirəndən sonra "indi qızdırması düşəcək" dedi. Narahatçılığımızı və çöpçüyə birinci səfər üz tutduğumuzu hiss etdiyindən bizə yer göstərdi.

Fürsət idi. Yekəqarınla maraqlanmaq lazım idi. Artıq nə qızdırma, nə gilas tumu, nə də kağız parçası məni maraqlandırmırdı. İndi beynimi didən ancaq o yekəqarının gəlişinin məqsədi idi.

"O kişinin də çöpü qalmışdı?" - deyə çöpçüyə tərəf gözlərimi döydüm. Çöpçü gülümsəyərək "hə" dedi.

- O yaşda adamda çöp qalar?

- Niyə qalmır ki, hər yaşda qalar. Bundan yaşlılarda da qalır.

-Nə çıxdı onun boğazından?

-Heç nə.

Çöpçünün bu cavabından təəccübləndim.

-Necə yəni heç nə? Çöpü yox idi?

-Var idi. Elə çöp idi ki, onu nə qədər üfürsəm də çıxası deyildi.

-Bəs neyniyəcək?

-Nə bilim. Yəqin vulkanizasiyaya gedəcək.

Açığı bu vulkanizasiyanı ciddi qəbul etmişdim ki, çöpçünün gülüşündən anladım ki, zarafat edir. Növbəti cümləsi isə, ümumiyyətlə, maraqlı oldu: "Bunların boğazında qalanı çıxartmaq bizlik deyil. Zopa şeydi".

Çöpçü uşağın boğazını bir də yoxladı. Uşağın gözünə işıq gəlmişdi. Qızdırma yox idi. Artıq alnında soyuq tər də vardı. Tibbimiz qəbul etmədiyi çöpçü, tibbimizin edə bilmədiyini 5 dəqiqəyə etdi.

Bayaqkı sıxıntım əbəs imiş. İndi ancaq sevinirdim. Nə yaxşı, elə yeyirik ki, boğazımızda qalanda da çıxartmaq üçün bir çöpçü kifayət edir.




İmza:

YAZARIN ARXİVİ

2018-04-20 : İT GÜNÜNDƏ
2018-03-29 : DAY-DAY
2018-02-12 : XANALIQ
2018-01-24 : Vayına oturum
2017-11-01 : QOL-un içi
2017-10-25 : Nətərsən?
2017-10-17 : FAL QƏLƏM
2017-10-06 : TRANSPLANTASIYA
2017-09-16 : İlk zəng
2017-09-14 : MƏN ÖLƏCƏM
2017-09-11 : MƏN ÖLƏCƏM
2017-08-23 : SAHİBSİZLƏR
SON XƏBƏRLƏR
2018-10-16
2018-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK