ANA SƏHİFƏ / GÜNDƏM

PULUN ESTETİKASI

5375    |   2017-11-14 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yer üzündə pulu çox istəməyən bir xalq və ya millət, tayfa və qəbilə tapmaq mümkünsüz bir işdir. Düzdür, çox-çox əvvəllər Məqribdən Məşriqə kimi hər yerdə dünya malında gözü olmayan ayrı-ayrı fərdlər xeyli çox olub. Dərvişlər, monaxlar, rahiblər… Daha onlar da yoxdur, hamısı elə həmin dünya malına təslim olub birdəfəlik yoxa çıxdı – kimisi tanrıya, kimisi nirvana qovuşdu.

Pulu çox istəyən, əsl pul hərisi olan qövmlərdən biri, bəlkə də birincisi elə biz özümüzük. Biz pulu sadəcə, çox istəmirik, biz pulu həm də sevirik. Onun məzmunu, yəni məbləği qalsın bir tərəfə, biz onun formasına da, yəni şaq-şaq şaqqıldamasına da aşiqik. Məsələn, hələ öz milli valyutamız olmayan dönəmlərdə pul bir az çırılanda onu xırıd eləmək üçün skoç, tam iki bölünəndəsə nömrəsi dadımıza çatırdı. İndi zəmanə dəyişib, dünyanın bərkgedən valyutalarıyla aşağı-yuxarı kəllələşən öz milli valyutamız peyda olub. Elə peyda olan kimi də bütün digər milli şey-şüylərimiz kimi o da müqəddəsləşib.Böyründə azca cırıq oldusa dükançılarımız, cibimizdə bir balaca əzildisə avtomatlarımız deyir ölərəm, götürmərəm.

Dükançıdan soruşursan niyə, deyir firmalar məndən götürmür, firmalardan soruşursan niyə, deyir banklar yaxın buraxmır. İşə bir bax, banklar ha?! Əsas vəzifələrindən biri cırıq əskinasları ləğv edib onların yerinə təzələrini dövriyyəyə buraxmaq olan milli bank(lar)ımız. Milli avtomatlarımız milli pulumuzu milli dükançılarımızdan da çox istəyir. Onlar nəinki cırıq, bir balaca əzik pullarımızı da hərləyib-fırlayıb necə üstümüzə tullayırsa, həyəcandan az qala bir an milli kimliyimizi unuduruq.

O gün paytaxtın böyük supermarketlərindən birində qoyulmuş üç-dörd avtomatın hamısı cibimdə olan beş on dənə manatlıq və beşliklərin hər birini bax, bu cür hirslə qaytarıb öz üstümə tulladı. Ancaq mən də təslim olmadım, üz tutdum supermarketin kassalarında oturan satıcı qızlara tərəf. Yalan olmasın, kassalarda nə qədər manatlıq, beşlik, onluq var idisə mübadilə eləyib soxdum avtomatın deşiyinə. Avtomat da təslim olmadı. Məlum oldu ki, sən demə, bu boyda supermarketin kassalarında avtomatın zövqünə uyğun bir dənə də əskinas yoxdur. Dadıma görünüşündən pensiyaçıyaçıya oxşayan bir milli ağsaqqalımız çatdı. Marketin qarşısındakı bankomatdan təzəcə pensiyasını alan adama oxşayırdı. Üzünün ifadəsindən hiss elədim. Həm də ağsaqqalın bəxtinə təzə pullar düşmüşdü, deyəsən. Mənim pullarımı şax-şax şaqqıldayan pullarla dəyişdi və avtomat həmin pulları susuzluqdan yanan adam kimi hortuldadaraq təşnəsini söndürdü.

Avtomat məmnun idi. Axşam "xozeyin” şax pulları görəndə onun üstünün tozunu siləcəkdi.

Mən də məmnun idim. Telefonum işləyəcək, axşam qaranlıqda qalmayacaqdım.

Ağsaqqalsa xeyirxahlıq etdiyindən məmnun idi.

Ancaq bir qism adamlar bir az sonra, şax əskinaslar banka daxil olandan sonra məmnun olacaqdılar. Həmin əskinaslara baxacaq və ağızları sulanacaq. Axı, pul bizim mentalitetimizdə təkcə tədavül vasitəsi yox, həm də estetik zövq mənbəyidir.

P.S. Milli valyutamıza belə aşırı münasibət hər birimizin qəlbini qürur hissilə doldurur. Amma bir az da milli xalqımızın qayğısına qalaq, onların belə əsəbi vəziyyətlə üzləşməməsi üçün kağız pullardan imtina edib, dəmir pullara qayıdaq. Dəmir pullar keçmişdir, keçmişsə mentalitet. Kağız da ona görə kağızdır ki, onun cırılmaq və əzilmək kimi bir keyfiyyəti var.


M.Məmmədov




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK