ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Şam kimi yanan ömür

50201    |   2020-04-16 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəşəriyyət yarandığı gündən çox şey dəyişdi. İnsanlar, təfəkkürlər, ictimai qurluşlar, tələbatlar, gözləntilər, texniki inkşaf... və hər bir dəyişkənliyin də özünün mütləq bir mənası, mahiyyəti, normal açıqlaması oldu. Eralar, əsrlər, qərinələrdir yol gələn möhtəşəm insan təkcə "Xoşbəxtlik nədir?" sualının qarşısında aciz qaldı. Həmin kəliməni ümumiləşdirərək ona uyğun bir məna, mahiyyət, normal açıqlama verə bilmədi. Çünki xoşbəxtlik də zövqlər kimi fərdi xarakter daşıyır...

Bu gün xoşbəxtliyi də, bədbəxtliyi də, həyatı da bizdən fərqli görməyi bacaran qəribə bir insanla həmsöhbətəm. O gözünü dünyaya açandan bu günə qədər başına gələn acılı-şirinli bütün hadisələrdən danışır. Danışdıqlarına biganə qala bilmirəm, o danışdıqca mən kövrəlirəm.

- Surə Salmanovayam. 1950-ci ildə Zəngilanın Alıbəyli kəndində doğulmuşam. Deyilənə görə, babalarım Ağdamın Alıbəyli kəndindən köçüb Zəngilana gəlib, burda yurd-yuva qurub, həmin kəndin adını da burda yaşadıblar. Biz 3 bacı idik. Sima, mən və həddi-buluğa çatmadan dünyasını dəyişən bacım. Hələ uşaq olarkən körpə qəlbimizlə ölümün nə olduğunu Sima ilə mən belə dərk elədik. Zaman keçdi. Böyüdük. Sima kəndimizdə ləyaqətli bir oğlanla ailə qurdu. Oğul-uşaq sahibi oldu. Mən isə oxumaq, təhsil almaq arzusuyla yaşadım. Kəndimizdəki xəstəxanada işləyə-işləyə Bakıda tibbi kursunu bitirdim. Tibb bacısı oldum.

Bir dəfə bacım Sima azyaşlı oğlu Vasiflə bizə gəlmişdi. Evə getmək məqamı gələndə Vasif ağladı, özünü yerlərə çırpdı ki, mən xalayla qalacam: "Mən nənəgildə yaşayacam". Beləcə aylar-illər keçdi, uşaq evlərinə dönmədi, həmişəlik bizimlə qaldı, məktəbə də elə bizim evdən getdi. O vaxt ömrümün ən gözəl çağlarıydı. Gəncliyin verdiyi enerji, kəndimizin təbii gözəlliyi, insanlarımızın qədirbilənliyi - hər şey məni xoşbəxt edirdi. Vasif də ömrümə bu xoşbəxtliklərin zirvəsindəki pik nöqtə kimi daxil oldu. Hərdən az qalırdım səsimi başıma atıb, ucadan, lap ucadan qışqırım ki, mən xoşbəxtəm! Dünya gözümdə rəngarəng bir biçimdəydi. Hərdən bu xoşbəxtliyimdən qorxurdum, həyəcanlanırdım. "Birdən bu rəngarəng dünyam dağılar, uçar" deyə.

Günlərin bir günü həyəcanlarımın boş olmadığını anladım. Atam ağır xəstələndi, az keçmədi anamda yatağa düşdü. Evdə məndən başqa heç kim olmadığına görə onların qayğısına qalmaq, onlara sağalıb ayaqüstə durmaq üçün xidmət göstərmək mənim borcum idi. Əlimdən gələni edirdim, elə bil ki, ata-anam mənim körpələrim idi. O dərəcədə onların nazı ilə oynayırdım. Bütün bunlara rəğmən bir gün atam dünyasını dəyişdi. İlk əzizimin itkisini körpə yaşımda yaşasam da, atamın ölümü də məni dərindən kədərləndirdi. Özümü bir müddət ələ almağı, səbirli olmağı bacarmadım. Dünyanın çalxalanması, insanların təşvişi, xalqların qarşı-qarşıya durması, atamın ölümündən bir neçə il sonra baş verdi. Nümayişlər, münaqişələr, erməni təcavüzkarlıqları, qan-xata-bəla getdikcə artmağa başladı. Bəli, dəhşətli müharibə başlamışdı. Qırğınlar, faciələr, işğallar el-obanın əlini qoynunda qoymuşdu. Daha heç kim əvvəl ki, şövqlə əkin əkmirdi-biçmirdi, mal-heyvan çoxaltmırdı. Elə belə günlərin birində Vasifə hərbi komissarlıqdan çağırış gəldi. Vasifi kiçik yaşından öz balam kimi böyütdüyüm, boya-başa çatdırdığım üçün onu Simanın, Nüsrətin yox, mənim balam kimi qəbul eləmişdilər. Ona görə də, birinci sinfə gedəndə də, orta məktəbi bitirəndə də hamı gözaydınlığını mənə verirdi. Bizim eldə bir adət vardı, əsgərliyə gedən gənclərlə elliklə hamı gəlib görüşər, onu birgə yola salardılar. "Çağırış" gələndə də hamı bizim evə gəldi. Vasifi burdan uğurladılar əsgərliyə... Anam və mən Vasifdən sonra lap tənha hiss etdik özümüzü. Arabir gələndə də üzünü doyunca görə bilmirdik. Gəlib görüşürdü, tez də qayıdırdı cəbhəyə. O, gələndə başına dolanardım, dadlı yemək hazırlayardım, xoşladığı mürəbbəni açardım, çayla içərdi, balaca vaxtı yeməyini necə özüm yedirirdimsə, evə gələndə də elə edirdim, az qalırdım onun ayaq qoyduğu yerləri öpəm. Hər dəfə deyirdim ki, oğlum, qal, dincəl, yorğunluğun çıxsın sonra gedərsən. Sözümə gülümsüyürdü, amma az sonra evdən çıxırdı. Gözdən itənə qədər arxasınca baxardım, boy-buxununu, yar-yaraşığını görüb qürrələnərdim. 1993-cü ilin 29 oktyabrında gözəl yurdum işğal olundu, qədirbilən camaatım yurdundan pərən-pərən düşdü. Düşmən əlinə keçməmək üçün Araz çayını keçib İrana pənah apardıq. İndi də o günləri xatırlayanda hansı hissləri keçirdiyimi ifadə edə bilmirəm. Anam mənə yük olmamaq üçün nə qədər təkid elədi ki, onu atım gedim, getmədim. Onsuz bir addımda atmadım. Beləcə, erməni əlindən qaçıb Bakıya gəldik.
Haşiyə: "Vasif Nüsrət oğlu Əhmədov 1974-cü ildə anadan olub. Döyüş yoluna 1992-ci ildə mayında doğma rayonunun müdafiəsi ilə başlayıb. 1 il 6 ay o ərazilərdə ki, yüksəkliklər uğrunda döyüşlərdə xüsusi igidliklər göstərib. Sonradan topçu kimi hərbi xidmətini davam etdirib. Erməni işğalı zamanı Zəngilan camaatının sağ-salamat İran ərazisinə keçirilməsində əlindən gələn köməyi əsirgəməyib. Demək olar ki, ermənilərlə sona qədər döyüşən, Arazı ən son adlayan döyüşçülərdən olub. Zəngilanın işğalından sonra batalyonları Füzüli rayonunun müdafiəsinə göndərilir. Burada da Vasifin əsl qəhrəmanlıq nümunəsi olmasını döyüş dostları və həmkəndliləri iftixarla xatırlayırlar. Vasif Əhmədov 1994-cü ilin dekabr ayında rayonun Seyidəhmədli kəndinin müdafiəsi zamanı şəhid olur. Hazırda məzarı Bakıda - Şəhidlər Xiyabanında yerləşir".

-Nə pulumuz yox idi, nə əynimizdəki paltardan başqa bir əşyamız. Bakıda da ağrılı-acılı günlər yaşadıq. Hələ Vasifimin şəhid olması belimi qırdı. Anam dözmədi, dünyasını dəyişdi. Əlimdəki əzizlərimi bir-bir itirəndən sonra tənha qaldım. Ailə qurmadığımın fərqinə həmin vaxt vardım. Heç bu haqda fikirləşməyə də dəyməzdi, çünki artıq zamanı keçmişdi.

Tez-tez Şəhidlər Xiyabanına gedirəm, Vasifimlə də görüşürəm-dərdləşirəm. Yadımdan çıxmamış onu da deyim ki, bir çətinliyim olanda Vasif yuxuma girir, mənə təsəlli verir, yardım edir. Bir dəfə işıqlarım sönmüşdü. Qaranlıqda qalmışdım. Ürəyimdə gileyləndim ki, Vasif burda olsaydı, indi gedib usta çağırmışdı, işığımı yandırmışdı. Gecə yuxuda gördüm ki, Vasif gəlib, deyir ki, niyə qaranlıqda oturmusan, dur işığı yandır, mən orda narahat oluram. Əlini uzadıb işığı yandırdı və səssizcə çıxıb getdi. Yuxum gerçəyə o qədər oxşayırdı ki, yerimin içindən atılıb "Vasif, Vasif" deyə onu çağırdım. Bir anlıq elə bil şəhid olduğunu unutmuşdum. Özümə gələndə durub elektrik düyməsini barmağımla basdım. Ev çıraqban oldu. Bütün Zəngilan, bütün Qarabağ məni Vasifin anası kimi tanıyır, Vasifə görə məni hörmətli tuturlar. Bu mənim bəsimdir.

Hökumətimizə Allah dayaq dursun, yaxşı yaşamaq üçün indi rahat evim var, pensiya alıram, yeməyə çörəyim var. Bircə dənə arzum var bu dünyada... Vasifimin adına bir küçə olsun. Ayrı bir arzum yoxdu.

Həmsöhbətim sözünü bitirib gözlərini bir nöqtəyə zillədi. Məni də unutdu, ətraf aləmi də yaddan çıxardı. Bayaq demişdi axı, tez-tez Vasifimlə söhbətləşirəm, dərdləşirəm. Surə xalanı öz dünyası ilə baş-başa qoyub, evdən çıxdım. Hə, buda xoşbəxtliyin növbəti mənası, mahiyyəti, normal açıqlaması...

2017-10-31


SON XƏBƏRLƏR
2020-05-28
2020-05-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK