hacklink Adalet.az | BMT PEÇENYESİ Adalet.az | BMT PEÇENYESİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BMT PEÇENYESİ

Mehman Cavadoğlu

16007    |   2017-09-19 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun axırlarında Myanmada alovlanan növbəti münaqişə ocağını bəziləri obrazlı şəkildə "Yeni Fələstin” adlandırsalar da, əslində hər iki münaqişə təxminən eyni vaxtda dünyaya göz açıb. Fərq yalnız ondan ibarətdir ki, bu Cənubi-Şərqi Asiya ölkəsində baş verən qanlı olaylar dünya ictimai fikrinin gündəmini Yaxın Şərqdəki hadisələr kimi daim yox, ara-sıra məşğul eləyir, növbəti gərginlik dalğası başlayanda əvvəlki artıq çoxdan unudulur. Sönmür, sadəcə unudulur. Problemlə yaxından maraqlanandasa baxıb görürsən ki, məsələ düşünüldüyü qədər sadə deyil, zahirən dünyanın vərdiş etdiyi milli, etnik, dini və s. bu kimi münaqişələri xatırlatsa da, bir unikal cəhətinə görə onların hər birindən fərqlənir. Hökumət qüvvələriylə Rakxayn mücahidləri arasında illərlə davam eləyən qanlı olaylar tərəflərdən birinin leksikonunda "separatizm”, terror”, digərinin dilindəsə "qətliam” adlandırılır. Bunlar siyasi qiymətləndirmədir, sözüm yox. Problemin hüquqi adı isə nədir bilmirəm, amma nədirsə bütün XXI əsrə parodiyadır.

Vaxtilə bir çox ölkələrdə qulların əsl müsibəti onlara azadlıq veriləndən sonra başlayırdı. Azadsan, amma minimum yaşayış imkanı – başını soxmağa bir daldanacaq, ağzına atmağa bir loxma zəqqu yoxdur, indi yaşa görüm, necə yaşayırsan, indi get görüm, hara gedirsən. Nəticədə ömrü boyu azadlığa qovuşmaq arzusuyla qovrulan həmin qulların böyük əksəriyyəti bu dəfə artıq könüllü şəkildə öz qul həyatını davam etdirərək, ağalarına sədaqətli xidmət yolunu seçirdilər. 1948-ci ildə Birmaya azadlıq verən ingilis ağaları da bir zamanlar Hindistanın Benqal vilayətindən ucuz işçi qüvvəsi kimi (oxu, qul kimi) bura köçürdüyü öz miskin təbəələrini başlı-başına, bir az da dəqiq desək, yeni ağalarla baş-başa buraxıb regionu tərk elədilər. Arakan müsəlmanlaranın qara günləri də elə bundan sonra başladı, özünün bu dünyada mövcudluğunu sübut eləmək üçün əl boyda kağız ala bilməyən bütöv bir xalq "sənəd yoxdursa, insan da yoxdur” məşhur deyimində nəzərdə tutulan situasiyanın subyektinə çevrildi.


Qısa tarixi arayış

Hindistanın cənubunda yaşayan müsəlman benqalların Myanmanın (1989-cu ilə kimi Birma) Arakan vilayətinə kütləvi miqrasiyası ingilislərin hökmranlığı dönəmində başlayıb. Onları çəltik plantasiyalarında ucuz işçi qüvvəsi kimi işlətmək üçün bura köçürüblər. Birma 1948-ci ildə müstəqilliyini qazanandan sonra hökumət Rakxayn müsəlmanlarına vətəndaşlıq verməkdən imtina edərək bu günə kimi davam edən silahlı qarşıdurmanın əsasını qoyub.

Həmin vaxt öz həmvətənləri olan benqallarla birlikdə Pakistanın tərkibinə qatılmaq istəyən roxincalılar arasında separatizm meylləri güclənir. Benqal müsəlmanları Pakistanla vahid dövlətdə birləşsə də hindlilərə qarşı Arakan müsəlmanlarından istifadə edən ingilislər onlara bu fürsəti tanımır. Arakan seperatizminin qarşısını almaq üçün Birma hökuməti regionda hərbi vəziyyət elan eləyir. Həmin vaxtdan başlayaraq ta bu günə kimi bir müddət sonra adı dəyişdirilərək Rakxayn qoyulacaq Arakanda müsəlman-buddist qardurması davam eləyir. Birmanın müstəqillik qazandığı 1948-ci il həm də Arakanlıarın müstəqillik uğrunda mübarizəyə qalxdığı, bu məqsədlə təşkilatlanmağa başladığı il oldu və "Arakan müsəmanlarının xilaskar ordusu” adlı təşkilat yaradıldı.

1971-ci ildə Şərqi Pakistan, yəni bu günkü Banqladeş Pakistandan ayrıllb ayrıca dövlət olduqdan sonra Arakanı öz tərkibinə qatmağa çalışır. Bu məqsədlə əsas bazası və təlim düşərgələri Banqladeşdə olan müxtəlif silahlı təşkilatlar yaradılır. 60-70-ci ilər ərzində çoxsaylı hərbi toqquşmalardan sonra Birma ordusu seperatizm cəhdlərinin qarşını almağa nail olur və nəticədə təkcə 1978-ci ildə 250 min nəfər roxincalı Banqladeşə qaçır. Ancaq münaqişə ocağı nəinki sönmür, ilbəil alovlanmaqda davam edir. Dəyişən yalnız qaçqınları artıq bir kimsənin, heç Banqladeş özünün də qəbul eləməməsi və bir də Al-Kaidə, İSİD kimi beynəlxalq islamçı radikal qurumların onları öz qanadları altına almasıdı.

Sonu hələ ki, üfüqlərdə də görünməyən, adı-soyadı heç düz-əməlli " beynəlxalq reestrə” də düşməyən (düşənlərin aqibəti kimə olmasa da bizə yaxşı məlumdur) bu münaqişənin bir özəlliyi də ondadır ki, artıq iki əsrə yaxındır Arakanda məskunlaşmış roxincalıların geriyə qayıdışı, sadəcə, mümkün deyil. Banqladeşdə öz din qardaşlarını nə gözləyən var, nə də onların dərdindən ölən. Yox, problem heç də banqladeşlilərin daşürəkli olmasında deyil, problem heç roxincalıların guya ayrı xalq olması barədəki ermənisayaq ("Dağlıq Qarabağ xalqı” avantürasını xatırlayın ) demoqoqiyalarda da deyil, problem daha çox Banqladeşin Asiyanın cırtan dövləti olan Maldivdən sonra əhali sıxlığından ən çox əziyyət çəkən ölkə olmasındadır.

İndi Rakxaynda nə qədər müsəlmanın yaşaması haqqında dəqiq məlumat yoxdur. Benəlxalq qurumlar 1milyon söyləyir, Myanmanın radikal ovqatlı bəzi mətbuat orqanları, görünür, əhalinin təşvişini artırmaq üçün 2,5 milyondan dəm vururlar. Ərazisi 36 min kvadrat kilometr olsa da müsəlmanlar vilayətin təxminən üçdə birində məskunlaşıblar. Əlbəttə, bu elə böyük rəqəm olmasa da darısqallıqdan havası çatmayan Banqladeş üçün geniş nəfəslik olardı. Ona görə də onlara roxincalılardan çox, Rakxayn lazımdır. Amma hər dəfə münaqişə alovlananda Banqladeş torpaq əvəzinə növbəti qaçqın dalğası ilə üzləşərək dar yerlərini bir az da daraldırlar. Təkcə son toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə onların sayı 200-400 min nəfərdir və hələ ki, hər gün də artmaqda davam edir.

Ötən əsrin ortalarından başlayan bu münaqişənin xarakterində yalnız bir köklü dəyişiklik olub: proses Banqladeşin patronajlığından çıxaraq beynəlmiləlləşib, daha doğrusu, Əl-Qaidə, İSİD kimi radikal islamçı təşkilatların və "Sudiyyə Ərəbistanındakı xüsusi şəxslərin” nəzarətinə keçib. Sonuncu ütülü ifadə uzun illər qeybə çəkiləndən sonra son illərdə fəallaşmağa başlayan "Arakan müsəmanlarının xilaskar ordusu”nun məsul şəxslərinə məxsusdur. Mətbuata açıqlamalarında elə-belə də deyiblər: "Bizi Səudiyyə Ərəbistanından və Pakistandan olan bəzi xüsusi şəxslər müdafiə edirlər”. Radikal müsəlman təşkilatlarının və "xüsusi şəxslərin” himayəsinə keçən roxinca döyüşçülərinin mübarizə taktikası da dəyişir. Əvvəllər daha çox cinayət əməli sayıla biləcək üsullardan (soyğunçuluq, zorlama, sui-qəsd) istifadə edən mücahidlər artıq hərbi postlara, xüsusi mühafizə dəstələrinə, bütöv yaşayış məntəqələrinə sistemli hücumlar təşkil etməyə başlayırlar.

Bütün münaqişələrdə olduğu kimu roxinca münaqişəsində də tərəflərin hər birinin öz həqiqəti var. Buddistlər müsəlmanları yerli əhali saymır, onların çəltik plantasiyalarında ucuz işçi qüvvəsi kimi istifadə eləmək üçün ingilislər tərəfindən kütləvi şəkildə bura köçürüldüyünü söyləyirlər. Deyirlər ki, ingilislər gedəndən sonra da banqladeşlilərin Rakxayna köçü səngimək bilmir, boş torpaqlar əldə eləmək ümidiylə qeyri-leqal yollarla daim Rakxayna axışır, yeni yaşayış məskənləri salır və nəticədə özlərinin bir qarış torpaqlarını da gəlmələrə güzəştə getmək istəməyən yerli əhaliylə ölüm-dirim savaşı səviyyəsinə çatan və sonu görünməyən bir konfilkt yaşayırlar. Nəhayət, onlar müsəlman benqallardır, özlərini bu yerlərin qədim sakini saymaq üçün ötən əsrin ortalarında adlarını dəyişərək ştatın adına uyğun olaraq roxinca adlandırıblar.

Müsəlmanlar isə əksinə, özlərini vilayətin qədim sakinləri sayır və hökuməti onların haqqlarını tanımamaqda ittiham edirlər. Yuxarıda da dediyimiz kimi, bir insanın belə vətəndaşlıq haqqının əlindən alınmasının böyük siyasi tozanaq qopartdığı XXI əsrdə artıq neçənci nəsli burda doğulan insanların, bütöv bir xalqın (həqiqətən də lap XIX əsrdə bura köçürülsələr belə) heç bir haqqını tanımamaq, onlara vətəndaşlıq verməmək, nəticə etibarıyla əmək, seçki, təhsil hüququndan, səhiyyə xidmətindən məhrum eləməyin adına nə deyəsən bilmirsən. Onlarda bu güc hardandır? Bəlkə başqa cür deyək? Görəsən, bu onların gücünün hökmüdür, yoxsa qarşı tərəfin gücsüzlüyünün?

1962 - ci ildən hərbi xuntanın idarə elədiyi Nyanmada 2011-ci ildə hökumət mülki şəxslərə veriləndən sonra onlar roxincalıların vətəndaşlıq problemini həll etmək istəsələr də buddist rahiblərin təzyiqləri qarşısında geri çəkilməyə məcbur oldular. 2015-ci ildə Rakxayn hadisələri ilə bağlı son günlərdə adı uzun illər hərbi xuntanın təzyiq və təqiblərinə məruz qaldığı, ev dustaqlığında yaşadığı dönəmlərdən də çox gündəmdə olan Nobel ödüllü Aun San Su Çjinin rəhbərlik etdiyi (indi o, baş nazir və xarici işlər naziri vəzifələrini daşıyır) Demokratiya Uğrunda Milli Liqa hakimiyyətə gələndən sonra da müəyyən addımlar atılmağa başladı. Aun Sun Su Çjinin təşəbbüsü ilə bir il əvvəl BMT-nin keçmiş baş katibi Kofi Annanın rəhbərliyi altında roxinca müsəlmanlarının problemləri ilə bağlı xüsusi komissiya yaradıldı.

Bəli, həmin komissiyanın bir illik fəaliyyəti ərzində topladığı materiallar üzrə hazırladığı və vəziyyətdən çıxış yollarını da göstərən məruzəsi 24 avqust 2017-ildə dərc edliir. Elə bunun səhərisi gün, avqustun 25-də növbəti gərginlik başlayır və region yenidən qan çanağına dönür. Səudiyyə Ərəbistanındakı "xüsusi şəxslərin” köməyinə sığınmış yuxarıda sözü gedən "Arakan müsəmanlarının xilaskar ordusu”nun mücahidləri polis postuları və dayaq məntəqələrinə silahlı basqın edərək xeyli adamı qətlə yetirir. Hökumət dərhal cavab tədbirləri görür və nəticədə hələ də davam edən növbəti qanlı olayların startı verilir.

Amma mücahidlərin silahlı basqınlarından bir müddət əvvəl, avqustun ortalarında Rakxaynın paytaxtı Situe şəhərində buddist rahiblərin təşkilatçılığı ilə müsəlmanlara qarşı kütləvi mitinq keçirilərək onların vilayətdən qovulması tələb edilir. Bu mitinqin keçirilməsinin səbəbi isə (əslində bəhanəsi) çox ilginc faktla bağlıdır. Sən demə, hökumət mücahidlərin bazasında axtarış apararkən BMT-nin Ümumdünya Ərzaq Proqramı çərçivəsində regiona göndərdiyi peçenye qırıqları tapıbmış. Ola bilsin ki, həmin bazada həqiqətən peçenye qırıqları tapılıbmış, amma bunun BMT tərəfindən məhz terrorçulara göndərildiyinə, yəqin ki, o şüarı səsləndirənlərin özləri də inanmırdılar. Amma ortada BMT təmsilçisinin nizamlanma təklifləri var idi və hökumət həmin bazadan mütləq BMT peçenyelərinin qırıqlarını tapmalı və bunu radikal buddist rahiblərinə göstərməliydi. Bunu necə tapmağın yollarını isə müsəlmanlar onlardan da yaxşı bilirlər. Yeri gəlmişkən, radikal buddist rahiblərin söz sahibi olduğu Myanmada hərbiçilər son seçkilərdən sonra da siyasi proseslərə öz təsir imkanlarını qoruyub saxlayırlar.

Belləliklə, daş qayaya rast gəlib, radikal müsəlmanlar Rakxaynda təmiz başqa situasiya ilə üzləşiblər. Burda onlar nə hər terror aktından sonra on beş nəfəri tutub, on dördünü buraxan Avropa hüquq sistemiylə, nə də "beynəlxalq inperializmin əlində oyuncağa çevrilmiş öz kafir” dindaşlarıyla üz-üzədirlər. Burda onların rəqibi cin başlarına vuranda BMT-ni, kefinin kök vaxtında Avropa demokratik institutlarını, heç yerə əlləri çatmayanda Asiya təsisatlarını, işləri çətinə düşəndə Sorosun özünü belə yamanlamağı, istəsən lap elə yağmalamağı bizdən də yaxşı bacarırlar. Rusiyada və Türkiyədə bəzi mətbuat orqanları və analitiklər artıq roxinca probleminin səbəb və səbəbkarlarınııda tapıblar: regionda aşkar edilən neft və qaz yataqları barədə Çinlə sövdələşmələr və bir də Soros! Sən demə, bu Soros təkcə Rusiya və postsovet, Türkiyə və postosmanlı qafasının hökm sürdüyü siyasi coğrafiyanı viran qoymaq üçün yox, həm də bütün canlı varlıqların əzablarına son qoymaq istəyən Bodxisatvanın niyyətlərini puç etməkdən ötrü bu dünyaya təşrif buyurmuş.


Zəngin təbii ehtiyatların və zəngin insanların dünya siyasətinə böyük təsiri daim olub və bundan sonra da olacaq. Ancaq niyə bunun aləti həmişə eyni bir qövm, müsəlmanlar olmalıdır?! Müsəlmanları sevmirlər? Müsəlmanları təhrik edirlər? Bəs, müsəlmanlar niyə özləri özlərini sevmirlər? Niyə bilə-bilə təhrik olunur, nəticəsinin necə olduğunu əvvəldən bildikləri avantüralara gedirlər? Oyun qaydalarını dəyişməyi bacarmırsansa, bunu bacarana kimi qəbul olunmuş qaydalarla oynamağa məcbursan.

Müasir dünyanın siyasi xəritəsi öz cırtdan əyalətlərinin əlində aciz qalan "fərsiz” dövlətlərlə doludur. Təkcə elə keçmiş SSRİ ərazisində onların sayı yeddidir – Ukraynada üçü, Gürcüstanda ikisi, Azərbaycan və Moldovanın hərəsində biri. Amma roxincalalılardan fərqli olaraq bu qurdbasanların hamısı arxalı köpəklərdir. Rakxayn isə Ermənistan kimi nə bütün dünya diktatorları və demokratlarının ərköyün balası, nə də Dnestryanı sakinləri kimi regionun "ali irqi”nə mənsubdurlar. Bölgədəki iki böyük güc mərkəzi – Hindistan və Çin Myanmaya rəğbətlərini heç diplomatik etika xətrinə də olsa gizlətmir, yeganə havadarları Banqladeş isə yuxarıda da dediyimiz kimi acından ölən qaçqın həmvətənlərini nəinki qəbul eləmək, heç onların qarnını doyurmaq heyində deyillər. Vəziyyət bu dərəcədə acınacaqlıdır. Ancaq bu cür humanitar faciə, qeyri-insani rəzalət "Səudiyyə Ərəbistanındakı xüsusi şəxslər”in vecinə də deyil. Nədən olsa da pul və torpaq baxımından heç bir korluq çəkməyən bu zəngin ölkə heç olmasa iki cüt bir tək qaçqın ailəsini qəbul eləməyi ağıllarına da gətirmir. Müqayisə üçün deyək ki, əhalisinin mütləq əksəriyyəti xristian, dövlətisə dünyəvi olan Qana hələ əvvəlki roxinca qətliamları vaxtı qaçqınları qəbul eləməyə hazır olduğunu bildirmişdi. "Səudiyyə Ərəbistanındakı xüsusi şəxslər”ə isə öz dindaşları əli avtomatlı, özü də nəticəsinin necə qurtaracağı heç kimə sirr olmayan dava meydanında lazımdır.

Rakxayn müsəlmanlarına gün ağlamaq istəyənlər onlara silah verib, sallaxanaya yollamamalıdırlar. Görəsən, bunun perspektivsizliyini anlamaq üçün yarım əsrdən çoxdur ki, dövrü olaraq təkrarlanan bu qətliamlar daha nə qədər, sonuncu roxincalı bölgəni tərk edənə qədərmi davam etməlidir? Qoy, "Səudiyyə Ərəbistanındakı xüsusi şəxslər” heç olmasa ömürlərində bir dəfə özlərindən qat-qat kasıb olan Sorosun yolunu getsinlər, bu variantı da dişlərinə vursunlar. Roxinca mücahidlərinə xərclədikləri pula bir-iki ictimai qurum yaradıb onları öz haqqları, çox yox, vətəndaşlıq haqqları uğrunda dinc mübarizəyə təhrik etsinlər (yeri gəlmişkən, bu yazını hazırlayarkən tanış olduğum mənbələrdə nə Rakxaynda, nə də onun sərhədlərindən kənarda roxinca müsəlmanlarının problemiylə məşğul olan bir dənə də olsun siyasi, ictimai təşkilatın adına rast gəlmədim). Mən indi-indi yüngül mehlərin əsdiyi, hərbi xuntanın hələ də güclü olduğu, bu cür əməllərinə görə iyirmi ildən çoxdur məruz qaldığı beynəlxalq sanksiyaların indiyədək qüvvədə saxlandığı, səudiyyəlilərdən beş çömçə də artıq dini mühafizəkarlığın hökm sürdüyü bir ölkədə dinc mübarizə yoluyla qısa müddətdə nəyəsə nail olmağın mümkünlüyünə ümid edəcək qədər sadəlövh deyiləm. Bu işi görənlərə qarşı repressiyaların olacağı da mütləqdir. Amma hər halda bu minlərin ölümü, yüz minlərin didərgin düşməsi deyil. Üstəlik, terror, silahlı mübarizə yoluyla seperatçılıq etmək, müstəqil olmaq və ya başqa bir ölkəyə birləşmək tələbi bir şeydir, sadəcə milli azlıq kimi tanınmaq uğrundakı dinc tələblər bir başqa şey. Bu elementar tələbi dünya gec də olsa eşitməyə, hətta ağır silahların səsindən də yaxşı eşitməyə və nəhayət, günlərin bir günü qəbul etməyə, ən azı bu səsi haqq səsi saymağa məcbur olacaq. Çünki XXI əsrdə bu cür haqqlara qarşı çıxmaq artıq siyasət yox, əxlaq məsələsidir. Ən əxlaqsız adamlar da əxlaqsız görünmək istəmirlər, bu sözdən xoflanırlar – bu ki aksiomdur.






İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK