ANA SƏHİFƏ / RUBRİKA

"O zalım oğlu hardan gəlib yuxuma girib..." - YUXU QAPISI

27444    |   2017-09-08 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı teleaparıcı, jurnalist Rahil Sayadoğludur. Adalet.az müsahibəni təqdim edir.

-Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Əslində yuxu ilə bağlı fikirlərim çox məhduddur. Sadəcə Froydun fikirləri ilə tanışlıqdan sonra mənə məlum olub ki, yuxu alt şüurda yığılıb qalmış fikir selidir. İnsan gün ərzində bir çox şeylər düşünür, bir çox faktların, hadisələrin şahidi olur. Amma onların çoxu haqda dərindən düşünmür. Həmin fikirlər üzdə qalır. Beyində "həll olunmur”. Obrazlı şəkildə desək, həmin fikirlər şəkər tozudur, beynimiz də çay. Şəkər tozu çaya əlavə edilib, amma qarışdırılmayıb. Biz yatanda isə həmin fikirlər "qaşıqla qarışdırılır” və biz o fikirlərin görüntülü təsviri ilə qarşılaşırıq. Amma bir məsələ var ki, yuxumuza girən fikirlər xaotik olur, heç bir nizama sahib deyil. Ona görə də 20 il əvvəlki hadisəylə 1 saat öncəki hadisə eyni anda yuxumuzda birləşə bilər.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Qətiyyən planlarımı yuxuya görə qurmuram. Ümumiyyətlə yuxuları ciddi qəbul etməməyə çalışıram. Özümə əlavə narahatlıq mənbəyi yaratmaq istəmirəm. Yuxuları da dərd eləsəm, beynim pozular. (gülür) Yuxular isə həyatıma ciddi formada heç bir təsir göstərməyib. Sadəcə olur ki, yuxuların təsirindən çıxa bilmirsən və gün ərzində həmin təsir ucbatından əhvalın yaxşı olmur. Bu da adətən keçici olur.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Yuxu yozumu uşaqlıqdan məni düşündürən məsələ olub. Əslində bu yozumlar düşünmürəm ki, tamamilə boş və mənasız bir şeydir. Çünki uzun illərin təcrübəsindən süzülüb gəlib. Amma həm də bu yozumlarda məntiq tapa bilmirəm. Yuxuda armud görürəm, amma aylarla armud yemirəm. Nə deməkdir ki, bu? Sadəcə nə vaxtsa armud haqda düşünmüşəm, ya kimsə armudla bağlı nəsə danışıb. Bunun nəyini yozasan axı?! (gülür)


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Yuxuların mistikası var məncə. Çünki olduqca sirli-sehirli mövzudur və hələ də tam olaraq elmi izahı olmayan bir sahədir. Məsələn, hardasa oxumuşdum ki, yuxuda gördüklərimiz əslində cəmi 4-5 dəqiqəlikdir. Yəni gecədən səhərə qədər az qala tam metrajlı film uzunluğunda yuxu görürük, amma səhv etmirəmsə gördüklərimizin xronometrajı əslində 4-5 dəqiqəni (bəlkə də daha az) keçmir.


-Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Gördüyüm yuxuların çin olub olmadığını xatırlamıram. Məncə olmayıb. Amma yaxın ətrafımda olan insanların yuxuları çin çıxır. Məsələn, bacım mənim qəbul imtahanımdan bir gün əvvəl 524 bal topladığımı görmüşdü. Yuxudan durub bunu mənə dedi. Dedim ki, ola bilməz. Çünki son sınaqda 587 bal toplamışdım. Qəbul imtahanından sonra yolda gələ-gələ hesabladım, balım 560-ı keçirdi. Sevinirdim. Sonra Space Tv-dən nəticələrlə tanış olduq və gözlənilməz səhvlərim ucbatından balım düşdü. Nəticə bizi şoka saldı: 524 ! Hamımız bacıma baxdıq. Bu necə ola bilər axı? Adam toplayacağım balı dəqiqliyi ilə yuxuda görüb. Gəl indi yuxuların mistikasına inanma... (gülür)


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Yuxularım zaman keçdikcə yaddaşımdan silinir. Çox dəxlsiz yuxular görürəm. Təsəvvür edin, yuxuda görürəm ki, Şkrtel adlı futbolçu ilə görüşüb söhbət edirik. Şkrtel "Liverpul”un keçmiş futbolçusudur və mən o insanı heç şəkildən tanıya bilmərəm. Heç maraq dairəmdə olan futbolçu da deyil. Nə vaxtsa onun haqda fikirləşməmişəm də. O zalım oğlu hardan gəlib yuxuma girib, necə olub ki, alt şüurumda yer alıb, anlaya bilmədim. Bir də yuxuda qəşəng məhəbbət görüşləri görürəm. Elə ləzzətli olur ki, heç ayılmaq istəmirsən. (gülür)


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Ammaalimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Yuxularımın rəngli olub olmadığına fikir verməmişəm. Bu müsahibədən sonrakı ilk yuxuma fikir verəcəyəm, görüm rəngli görürəm, yoxsa ağ-qara.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Daha çox atamı görürəm. Bu da onunla aramda olan mənəvi bağdan irəli gəlir. O, unikal fərddir mənə görə. Həm riyaziyyatı, fizikanı, həm şeiri, ədəbiyyatı, həm də tibbi mükəmmələ yaxın bilən möhtəşəm bir şəxsdir. Onun bildiklərindən faydalanmaq çox dəyərli kitablar oxumağa bərabərdir. Ona görə də yuxularıma tez-tez girir.


-Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Yuxular doğrudan da başqa dünyaya aparır adamı. Bu elə bir aləmdir ki, hər şey həm absurd görünür, həm də çox real. Ağlasığmaz insanlar, ağlasığmaz məkanlar amma buna rəğmən hər şey o qədər real baş verir ki, bunun yuxu olduğuna inana bilmirsən. Absurd texnologiya sahəsinə baş vursaydım, məmnuniyyətlə insan yuxularının görüntüsünü əldə edə bilən aparat icad edərdim. Yatan insanın yuxuda gördüklərinə real vaxt rejimində böyük ekranda baxmaq mümkün olardı. Möhtəşəm iş olardı. Bir xeyli adamın alt şüurunda toplanıb qalmış fikir selini canlı izləyərdik.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Yuxular bizi bəzən arzuladığımız həqiqətə çatdırır. Bəzən isə qorxduğumuzu başımıza gətirir. İstənilən halda yaxşı ki, yuxular var. Real həyatda əlimiz çatmayan uzaqlıqlara yuxularda çatırıq. Özü də maraqlıdır ki, yuxular sifariş qəbul etmir. Kimisə düşünərək yatarsan, amma başqasını görərsən. Ona görə də yuxu bizi əslində həqiqətə deyil, gözlənilməzliklərə çatdırır. Ağlımıza gəlməyənlər yuxumuza gəlir. Yuxusuz həyat çox maraqsız olardı. Yuxu görməyən insanları da hardasa şanssız hesab edirəm. 



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK